Çinarə Ömray: “Yazmağı atama məktub yazmaqla öyrəndim”

Çinarə Ömray: “Yazmağı atama məktub yazmaqla öyrəndim”
30 yanvar 2017
# 08:30

Kulis.Az Ayxan Ayvazla gənc yazar Çinarə Ömrayın söhbətini təqdim edir.

- Çinarə, yeni imzalar arasında seçilənlərdənsən. Bir az özün haqqında məlumat verərdin…

- Beynəlxalq Universitetin tarix fakültəsini bitirmişəm. Sonra həyatımda müəyyən problemlər yarandı. Təhsilimi Yaradıcılıq fakültəsində davam etdirdim. O deyirlər e, uşaq vaxtından yazmağa başlamışam. Məndə elə olmayıb.

- Onda yazmağının tarixçəsi uzun deyil...

- Mən atamla heç vaxt üzbəüz söhbət etməmişəm. Bizim qəribə münasibətlərimiz olub. Mən ona həmişə məktub yazmışam. Yazmağımı ilk dəfə orda kəşf etmişəm. Atama yazdığım məktublarda... Amma atam heç vaxt o məktubları oxumayıb. (gülür.) Sonra bilmişəm ki, o latın qrafikasında oxumağı bilmirmiş... Yəni anlayacağın, ilk mətinlərim oxucusuz qalıb.

- Maraqlıdır...

- Atamla anam Qazaxıstanda yaşayıblar. Məni nənəmlə babam saxlayıb. Onlar gələndən sonra heç cür uyğunlaşa bilmirdim, ata-anamla ünsiyyət saxlaya bilmirdim. Bu otaqdan o otağa məktub yazırdım.

- Atana məktublarla ədəbiyyata gəldin.

- Hə, elə demək olar. (gülür.) Məktubları özümü ifadə etmək üçün yazırdım. Mənim ünsiyyət problemim var.

- Ünsiyyət problemim var deyirsən, amma Yaradıcılıq fakültəsində ən aktiv gənclərdən idin...

- (gülür.) Ondan əvvəl Facebookda yazırdım. Məndə dəhşət utancaqlıq var...

- Hiss edirəm...

- Ona görə də heç vaxt heç kimə deyə bilmirdim ki, bu yazıları götür, çap elə. Həmişə hekayələrimi status kimi yazırdım. Ordan götürüb çap edirdilər...

- Saytlara?

- Aha... Qəzetdə ilk dəfə çap olunmağım... Savalan Talıblı var. O çap eləmişdi. Məni həvəsləndirmişdi ki, səndə alınır. Sonra Nəcibə İlkin qəzetində yer ayırırdı. Eləcə gəzə-gəzə gəldim üzü bəri.

- Atana məktublar, sonra Facebook... Belə-belə gəldin ədəbiyyata...

- Hə... (gülür.) Əslində mənim yazıçı olmaq iddiam filan yoxdur. Sadəcə içimdəki sıxıntını kiminləsə bölüşən biri deyiləm. Dostuma, tanışa heç vaxt bu barədə kəlmə kəsmirəm. Yazanda rahatlayıram...

- Yazı ilə dərdini danışırsan...

- Elədir. Onda daha rahat oluram...

- Qadınlar danışmağa da meylli olurlar...

- (gülür.) Məndə danışmaq problemi var amma. Çətinlik çəkirəm bu barədə. Ancaq qəşəng dinləmək qabiliyyətim var...

- Çinarə, danışmaqla aran yoxdur. Amma ruhi xəstəxanaya gedib xəstələrlə ünsiyyət qurmusan. Hətta bu haqda yazmısan da...

- Fotoqraf Orxan Əzimlə belə bir layihəmiz vardı. Layihə də demək olmaz... Sadəcə belə bir iş gördük. Maştağaya getmişdik. Orxan ordan film çəkmək istəyirdi. Biz ora getdik. Ruhi xəstəxanadan dedilər ki, burda olan burda qalmalıdır, başqa yerə çıxmamalıdır. Ancaq iş görə bilərsiniz. Ya film, ya da kitab... Orxanın fikri film çəkmək idi. Mən də onları müşahidə edib yazmaq istəyirdim. Bizə dedilər ki, bu mümkün olmayacaq, onlar sizi heç vaxt yaxına buraxmayacaqlar. Orxan da təklif etdi ki, onlara təmənnasız dərs deyək. Bu həm də ünsiyyət qurmağımıza kömək edəcəkdi. Orxan Əzim orda ruhi xəstələrə fotoqrafiyadan dərs keçdi. Üç ay biz ora gedib gəldik. Orxan dərs keçirdi, mən də onlara kağızda suallar yazırdım...

- Necə suallar?

- Məsələn, soruşurdum ki, Allah hardadır. Biri yazırdı ki, Allah intihar eləyib. O biri yazırdı, Allahı şeytan öldürüb. Belə... Çox qeyri-adi cavablar vardı. Onların düşüncələrini öyrənmək istəyirdim. İndi mənim əlimdə əlyazmaları var. Hədsiz maraqlı düşüncələrdir. Bir kitablıq düşüncələr...

- Aha... Maraqlıdır... Çap edəcəksən?

- Orxan Əzim yəqin ki, bir film ortaya qoyacaq. Mənim də ruhi xəstəxanadan qazancım kitab oldu. Onlar haqqında iki hekayə yazdım. Biri kitabda çıxıb, o birini çap üçün heç yerə verməmişəm.

- Ruhi xəstələrin düşüncələrini ayrıca kitab kimi düşünmürsən?

- Düşünürəm ki, nəsə eləyəcəm. Amma hələ tapmamışam. Əlyazmalar, fotolar məndədir. Görək... Belə çox maraqlı oldu mənim üçün. Mən ruhi xəstələrlə söhbət edəndən sonra bir müddət sosial şəbəkələrdən uzaqlaşmışdım, heç kimlə ünsiyyət qurmurdum. Çünki onlarla söhbət o qədər səmimi alınmışdı ki, ətrafımdakılar saxta görünməyə başlamışdı. Hamı maskalanmış, süni gəlirdi mənə. Onlar isə çox səmimi idilər... Öyrəşmişdik bir-birimizə...

- Ünsiyyətə çətinlik çəkən Çinarə üçün onlarla ünsiyyət saxlamaq necə başa gəlirdi?

- Yox, əslində çətin olmurdu. Onlara normal insanlar kimi davrananda ünsiyyət qurmaq da asan başa gəlirdi. Sadəcə onlar fərqlidirlər. Cəmiyyət onları özlərindən kənara atır...

- “6 nömrəli palata” kimi...

- Eynən... Ümumiyyətlə, insan hansısa fikrə əks yanaşanda kənardan dəli kimi görünür.

- İnkubator kimi eyni olmayanda dəli zənn edirlər...

- Hə... Məsələn, sənin xarakterin belədir, mən onun əksinə getsəm, sən istər-istəməz buna mənfi reaksiya verəcəksən.

- Çinarə, ruhi xəstəxanada ən çox yadında qalan detal nə olmuşdu?

- İki hekayəmdə bu detalları işləmişəm. Orda biri vardı, lambirin üzərinə fotolar çəkirdi. Özü də çox möhtəşəm çəkirdi. O fotolar da bizdə var. Yəqin ki, ortaya çıxardacağıq o fotoları. Lambirinin üzərinə foto çəkirdi, boş qalan ağ yerə sözlər yazırdı. Mən ona bunun səbəbini soruşanda dedi ki, hövsələm çatmır, ya da ayaqyoluna getməyim gəlir. Tamamlaya bilmədiyini sözlə yazıb. Mənə ən maraqlı gələn ruhi xəstə idi. Ümumiyyətlə, ordakıların düşüncələri, hadisələrə münasibətləri çox fərqli, qəribə olurdu. Bir də bütün ruhi xəstələr özləri haqqında üçüncü şəxs kimi danışırdılar. Mən çalışmışam o detalları hekayələrimdə göstərim. “Məcnunxana” kitabımdakı eyniadlı hekayədə o detallardan istifadə etmişəm. Bir də “Məcnunxana – 2” hekayəm var. O isə kitabda yoxdu. Hekayənin ikinci hissəsidir.

- Çinarə, bu kitabdakı hekayələrin çoxu avtobioqrafikdir. Fiksiya yoxdur. Yanılmıram?

- Yox, doğrudur... Bu kitabda bir povest, hekayələr və bir esse var. Bayaq dediyim kimi, mən ünsiyyətə meylli deyiləm, içimdəkiləri başqaları ilə bölüşə bilmirəm. Ona görə də yazıram. Yazmaqla rahatlayıram. Doğru dedin. Bu kitabdakıların əksəriyyəti avtobioqrafikdir. İçimdəki sıxıntını çıxarmaq üçün bu kitab mənə kömək elədi.

- “Məcnunxana” ilk kitabındır?

- Kitabımın redaktoru Pərviz Cəbrayıldı. Kitabı demək olar onun sayəsində çıxartdım. Məndən yazılarımı istəmişdi oxumaq üçün. Göndərdim bir müddət sonra redaktə edib geri qaytardı və bunları kitab elə dedi. Heç gözləmirdim çox sevinmişdim. Mənə qalsa bu utancaqlıqla kiməsə verə bilmiyəcəkdim. (gülür. Pərviz bəyə borcluyam.

Hə, ilk kitab demək olar... Ancaq orta məktəbdə kitababənzər bir şey çıxmışdı. (gülür.) Onu saymasaq ilkdir.

- Necə yəni kitababənzər?

- 70-80 vərəq idi. Adını “Vətəndə yaşayan vətənsizlər” qoymuşdum. Nənəmin babamın danışdıqlarından təsirlənib yazmışdım.

- Kitab hekayələr idi, şeirlər, yoxsa esse?

- Hekayələr idi... Biz qaçqınıq. Qubadlıdan köçüb gəlmişik. 6 yaşım var idi onda, amma dərk edə bilirdim. Bir tərəfdən yaşadığın yerdən köçürdün, digər tərəfdən valideynləri qoyub gedirsən. İki tərəfdən itirirsən yəni.

- Dəhşətdir...

- Uşaqlığım qaçqınlıq dövrünə təsadüf edir. Ancaq sizə bir şey deyim ki, o qədər yoxluğun içində mən öz uşaqlığımı bədbəxt hesab etmirdim. Xoşbəxt bir uşaqlığım olmuşdu. Yəni sevgidən məhrum olmadım. İnsanlar ümidlərini, evlərini itirirdilər, ancaq sevgilərini itirmirdilər. Ancaq indi mən o sevgini görə bilmirəm.

- Ancaq sənin bir üstünlüyün də var: yumor hissin. Və yaşadığın dəhşətli hadisələrdən də mənə elə gəlir, səni xilas edən bu yumor hissidir...

- Mənim şəxsi həyatımda da çox problemlər olub. Eyni zamanda da uşaqlıq... Düşünürəm ki, acının üst təbəqəsi var, ora çatanda artıq hadisələrə ironik yanaşa bilirsən...

- Dərdə gülmək mərhələsi...

- Artıq acıya yüklənməkdən yorulursan. Ağlamaqdan, göz yaşından bezəndə onlara gülməyə başlayırsan.

- Ömray təxəllüsü necə yarandı?

- Mənim iki oğlum var, Ömər, Raman. Onların baş hərflərindən belə bir təxəllüs yaratdıq: “Öm, Ra”. “Y” hərfi də soyadım Yusifovdan götürülüb.

- AYB üzvü oldun bu yaxınlarda...

- Mən Yaradıcılıq fakültəsini oxuya-oxuya Gənc Ədiblər Məktəbini bitirmişdim. AYB-yə sənədləri təqdim etmək üçün zəmanət istəyirlər. Mən də utancağın biri, kiməsə zəmanət yazmağını deyə bilmirdim. Ona görə də heç vaxt sənəd verməklə maraqlanmamışdım. Sırf o zəmanətə görə. Sonra Rəşad Məcid dedi, sənin xasiyyətini bilirik, zəmanətə ehtiyac yoxdur. Zəmanətdən qurtulandan sonra sənədlərimi vermişdim. (gülür.)

- Çoxları düşünür ki, üzv olmaq yaradıcı olduğunu təsdiq etmək deyil...

- Əlbəttə. AYB istedad vermir, istedadı da almır əlindən.

- Bəziləri deyir, AYB gəncliyin etiraz ruhunu boğur...

- Mən bu söhbətlərin içində olmadığım üçün bilmirəm açığı... Elə bir şey görməmişəm. Ancaq AYB-yə üzv olmağın üstünlük olduğunu düşünənlər var. Qubadlıdan bir yazar tanışım var, yaşlı adamdır. Bir dəfə mənə dedi ki, Yazıçılar Birliyinə mütləq üzv olmalısan. Mən də dedim, çoxdan üzvəm. Bu qədər rahat dediyimə təəccübləndi. Həyəcanla soruşdu ki, kitabında yazılıb. Sonra açıb baxdı, elə bir məlumatı tapa bilmədi. Əsəbləşib dedi ki, sən apar bu kitabları dəyiş, arxasına “AYB üzvü” yazdır. (gülüşmə)

- Bir yazında oxumuşdum. Sevmək hissini itirmişəm yazmışdın...

- Bir o yoxdu məndə, qalan hər şey yerindədir. (gülür.) Doğrudan mən o hissi heç vaxt yaşamamışam.

- Heç kimi sevməmisən?

- Yox... Orta məktəbdə repetitor yanına getdim, hazırlaşdım universitetə. Qəbul olan kimi məni verdilər ərə. (gülür.) Yəni mən özümü dərk edə bilmədiyim bir vaxtda. Sevməyə heç vaxtım olmadı. Sonra da o hiss məndə yoxa çıxdı... Ancaq insanları sevirəm, onlara inanıram. Bilirəm ki, yalan danışır. Ancaq inanıram. İnanmaq mənə stimul verir.

- Sənə sevgi arzulayıram...

- Çox sağ ol.

# 2973 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #