Arvadını döyən əri necə döyməli? - RASİM OCAQOV FİLMİ

Arvadını döyən əri necə döyməli? - <span style="color:red;">RASİM OCAQOV FİLMİ
10 dekabr 2016
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Rasim Ocaqovun 1981-ci ildə çəkdiyi “Bağlı qapı” filmini təqdim edir.

Süjet: Əhvalat Bakının köhnə məhəllələrindən birndə baş verir. Məhəllədə dörd-beş ailə yaşayır. Ayaqqabı təmirçisi Nuru (Dadaş Kazımov) oğlu Fəridi (Viktor Dəmirtaş) evləndirməyə hazırlaşır. Fəridin nişanlısı imkanlı, nüfuzlu ailənin qızı Rənadır (Alagöz Salahova). Onun digər oğlu, axşam məktəbində montyor işləyən Əliyə (Hacı ismayılov) hamı uğursuz kimi baxır. Böyük oğul Saleh (Məmməd Məmmədov) avtobus sürücüsüdür. Onun həyat yoldaşı Şərqiyyə (Larisa Xələfova) ev qadınıdır və körpə oğulları var. Evin kiçik qızı isə lal kardır.

Yuxarı mərtəbədə yaşayan qonşu, uzun illər vəzifədə işləmiş Daşdəmirov (Aleksandr Kalyagin) səhlənkarlığına görə işdən uzaqlaşdırılıb. Yeganə oğlu, ixtisasca mühəndis olan Murad (Rodion Naxapetov) həbsdədir.

Gənc alim Ənvər (Vaqif İbrahimoğlu) tək yaşayır.

Həyətdə başqa bir ailədə yaşayır: laqeyd, hissiz, duyğusuz, klassik musiqi dinləyən ər (Kənan Məmmədov) və onun şən arvadı Roza (Nailə Mahmudova).

Əhvalat boyu görünməyən digər ailə isə məhəllyə təzə köçüb. Onların yaşadığı mənzildən yalnız əri tərəfindən döyülən qadının (Xalidə Quliyeva) fəryad səsləri eşidilir.

Qonşular sahə müvəkkilinə şikayət eləsələr də o, tədbir görmür. Çünki qadının şikayət eləməsi şərtdir.

Günlərin birində Murad həbsxanadan qayıdır. O, vaxtından əvvəl azadlığa buraxılır. Amma yenidən edəcəyi kiçik bir səhv onu həbsxanaya qaytara bilər.

Qonşular onun gəlişinə sevinir, təkcə atasından başqa. Çünki atasının işi məhkəmədə olduğu üçün oğlunun həbsdən qayıtması onun nüfuzunun əleyhinə işləyə bilər.

Murad həyətdən qadın fəryadını eşidir. Qonşuların buna laqeyd yanaşmasından sarsılır və qapını sındıraraq əri döyür. Onun işi yenidən milisə düşür...

Çəkilməsindən 35 il vaxt keçməsinə baxmayaraq, “Bağlı qapı” daha çox bu günün filmidir. Məhəllədəki müxtəlif ailələr isə cəmiyyətin, toplumun təsviridir.

Əhvalatın qəhrəmanı Murad xeyirxah, ədalətli, dürüst insandır. O, eləmədiyi cinayətə görə həbsdə yatıb. Uşaqlıq dostu Fəridin təsadüfən elədiyi cinayəti boynuna götürür. Amma buna görə, o, dostunu ittiham eləmir, əksinə, ona anlayışla yanaşır. Fərid isə buna görə əzab çəkir.

Atası öz karyerasına görə oğluna soyuq yanaşır, o, ömrü boyu işini ailəsindən üstün tutub. Amma buna baxmayaraq, Murad atasını sevir və ondan heç nə ummur. Hətta atasına sevdiyi qızla Gülya ilə (Svetlana Məmmədova) evlənmək istədiyini deyəndə atanın tükü belə tərpənmir.

Qonşu qadın ərinin bütün işgəncələrinə dözür. Qonşular isə yaxınlıqlarında hər gün baş verən işgəncələrə laqeyddilər, çünki heç kəs münaqişəyə girmək istəmir. Hamının ümumi düşüncəsi budur ki, qadın istəsə milisə şikayət edər. Etmirsə, deməli, ərinin onu döyməsindən məmnundur.

Qadının fəryadı eşidiləndə biri qapı-pəncərəni bağlayır, digəri musiqinin səsini qaldırır, başqaları isə sanki onu eşitmirmiş kimi özünü göstərir.

Kobud xarakterə malik Saleh fağır qardaşı Əlini içki aludəçisi olduğuna görə qonaq yanında aşağılayır. Anası (Nəsibə Zeynalova) isə oğlu Fəridin nüfuzlu ailənin qızı ilə evlənəcəyinə görə öyünür, sevincindən dil boğaza qoymur.

Filmdə personajların gerçək xarakterindən yaranan bu cür pərt, gərgin vəziyyətlər tamaşaçını da narahat edir. “Bağlı qapı” bu mənada bizi özümüzə göstərən diskomfort filmdir.

Ssenari müəllifinin Rüstəm İbrahimbəyovun olduğu film müxtəlif xarakterlərin toplusunu yaradır.

“Bağlı qapı” ekran əsərinin adı bir neçə məna ilə yüklənir. Sakinlərin hər birinin özünün “bağlı qapı” arxasında saxladıqları gizlinləri var. Məsələn, ərli qadın Roza Əlidən xoşlanır. O, hər səhər evində bəslədiyi qazı qəsdən həyətə buraxır və Əlini onu tutmaq üçün köməyə çağırır. Məhəllənin hər səhəri Roza ilə Əlinin qazı tutmasıyla başlayır.

Şərqiyyə isə vaxtilə Ənvərlə sevgili olub. Əri isə bundan xəbərsizdir. Ənvər Moskvada oxuyanda o, orta təhsilli, sərt xarakterli Salehə ərə gedir. Bir epizodla klassik qadın təbiəti incələnir. Ali təhsilli Şərqiyyənin Salehi məhz cəsarətli, dəliqanlı, güclü xarakterə malik olduğu üçün seçdiyi məlum olur. Çünki cəsarətsiz Ənvərdən fərqli olaraq Saleh onu çətin vəziyyətlərdə qoruya bilir.

Muradın günahsız olduğunu isə yalnız Fərid bilir. Beləcə, hərə öz gizlinləri ilə yaşayır.

R.İbrahimbəyovun bütün ssenarilərində olduğu kimi burda heç kəs qatı mənfi və ya müsbət göstərilmir. Hər kəsin çatmayan tərəfi və üstünlükləri var.

Qadının ərinin döydüyünə görə milisə çağırılanda həyət sakinlərinin hamısı Muradı müdafiə etməyi qərara alır...

Finalda əhvalat boyu görünməyən qadının bağlı qapısı nəhayət ki, açılır, o, gün işığına çıxır...

Fleşbəklər üzərində qurulan film R.İbrahimbəyovun “Yaşıl Qapı Arxasında Qadın” pyesinin əsasında çəkilib.

Rəna rolunun ifaçısı Alagöz Salahova rəssam Tahir Salahovun qızıdır.

Baş rolun ifaçısı Rodion Nahapetov hazırda Amerikada yaşayır.

# 4437 dəfə oxunub

Oxşar xəbərlər

AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlandı

AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlandı

11:46 4 iyul 2026
"Moana 3" gəlir: Dueyn Conson milyonların gözlədiyi xəbəri açıqladı

"Moana 3" gəlir: Dueyn Conson milyonların gözlədiyi xəbəri açıqladı

11:00 4 iyul 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:10 4 iyul 2026
Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
Süni intellekt Hollivudu ələ keçirir? - Cudi Fosterdən "F1" filminə sərt tənqid

Süni intellekt Hollivudu ələ keçirir? - Cudi Fosterdən "F1" filminə sərt tənqid

14:45 3 iyul 2026
"YouTube"un qorxu fenomeni böyük ekranda

"YouTube"un qorxu fenomeni böyük ekranda

13:52 3 iyul 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər