Zəmanəmizin qəhrəmanı

Zəmanəmizin qəhrəmanı
30 sentyabr 2016
# 16:55

Tale heç vaxt ona qarşı duran sakit qəhrəmanlıqdan daha güclü ola bilməz.

E.M. Remark

Bütün dövrlər üçün aktual mövzu: zəmanəmizin qəhrəman tipi necədi və əslində necə olmalıdı? Sualın birinci hissəsinə ilk ağla gələn cavab: zəmanə necədisə, qəhrəman da elədi.

Onda bəs zəmanə necədi?

O-o-o, səninlə işimiz var, qardaşım!

... Əlbəttə, Peçorin dövrü deyil artıq. İnsanlardan Don Kixot kimi cəngavər yaraq-əsləhəsinə qurşanıb “yel dəyirmanları” ilə vuruşmaq da tələb olunmur çox şükür. Əsasən daha məhdud, düzünü desək, daha cılız problemlərlə məşğul olmağa alışmışıq. Yəqin ki, alışdırıblar... amma hələ oralara girməyək, yoxsa işin içindən çıxa bilmərik... Bəziləri deyə bilər ki, bunun nəyi pisdir? “Məhdud, cılız problemlər”lə məşğul oluruqsa, deməli böyük, ciddi problemlərimiz yoxdur. Doğru, amma... həmişə belə olmur təəssüf. Bəzən ciddi problemlər də yaranır və bu vaxta qədər öz cılızlığı ilə əlləşən insan onların içində çaşır, əsir-yesir qalır.

Dahası da var. Cılız işlər içində dolaşanların ağlı, əxlaqı, çox vaxt hətta xarici görünüşü də cılızlaşır. Məsələn, indi əksəriyyət özü, vətəni, milləti üçün böyük, ciddi işləri necə görmək lazım olduğunu o qədər də yaxşı təsəvvür etmir. Sevmək yox, sevişmək istəyir, işlə yox, işbazlıqla məşğuldu, müharibədə savaşmaq yox, savaş haqqında bər-bəzəkli cümlələrlə, pafosla danışmaq daha önəmli olub. Elə buna görədir ki, dil qəhrəmanları yağışdan sonra göbələk kimi hər yeri, xüsusilə də KİV-i bürüyüb. Hətta mətbuatda bu cür “qəhrəmanlar”ın öndəgedənlərinə “generallar” da deyirlər.

General və dil pəhləvanı... insanın ardınca məfhumun özü də cılızlaşmaqda. Nədənsə bu yaxınlarda həmin media “generallar”ından birinin özü və kollektivi üçün “nökərik” deməsinə heç təəccüblənmədim. Sadəcə, bir zamanlar istər döyüş meydanlarında, istərsə də mülki həyatımızda həqiqətən bir çox qəhrəmanlıqlar göstərmiş, neçə-neçə “ilk”lərə imza atmış insanların belə acınacaqlı vəziyyətə düşmələrinə acıdım. Acıdım, həm də öz-özümə sordum: görəsən niyə belə oldu? Axı son 15-20 ildə onlar elə əsl zəmanə qəhrəmanları idilər: külək hardan əsdi ora çevrilirdilər, gül deyəndə gülürdülər, ağla deyəndə hönkür-hönkür ağlayırdılar və s. Yalnız digər media orqanlarından heç olmasa görüntüdə olsa da fərqlənmək, üzdə olsa da “dəqiq, qərəzsiz və vicdanlı” olmaq, “döyüş alnımıza yazılıb” kimi gözəl sözlər demək istəyirdilər. Yəni bunudamı onlara çox gördülər?

Demək, dövrümüzdə qəhrəmanın cılız problemlərlə məşğul olması zəruriliyi bir kənara qalsın, onun bu çərçivədən azacıq kənara çıxmaq imkanı belə yox və buna görə acımasız cəzalanması labüd. Zəmanə qəhrəmanının önündə yekə tikan-məftilli divar ki, ona qədər qəhrəmanlıqlarına icazə verilir, divarın o tayına keçdinsə səni alçaqlıq, rəzalət, səfalət gözləyir. Belə şəraitdə özünü qəhrəman kimi göstərə bilirsənsə, buyur gəl. Bu meydan, bu da...e-e-e... o buynuzlu, uzun quyruqlu birisi vardı, yaradanın üzünə də ağ olmuşdu, adı nəydi onun?

Nə isə... bilmirəm yeridi, ya yox, amma Molla Nəsrəddinin başına gələn bir hadisə yadıma düşdü. Bir gün Molla arvadı ilə quldurların əlinə keçir. Quldurlar görürlər Molla qoca kişidi, üst-başında da soyulası heç nə yoxdu. Onu arvadından ayırıb, ətrafında bir dairə çəkirlər və tapşırırlar ki, əgər bu dairədən kənara çıxsa, özünü ölmüş bilsin. Sonra başlayırlar arvadının üst-başındakı qızılları rahatca soymağa. İşlərini görüb gedəndən sonra arvadı qəzəblə deyir: “A kişi, niyə quldurlara heç nə etmədin? Gözünün qabağında soyub soğana çevirdilər məni, cınqırını da çıxarmadın!” Molla qürur hissi ilə: “Arvad, xəbərin yoxdu necə atalarını yandırmışam?! Məni dairənin içinə salmışdılar ki, ordan kənara çıxmayım, amma əziz canına and olsun, səni soyan vaxt düz 3 dəfə ayağımı kənara qoydum” dedi. Lətifəsi bizdən uzaq...

Görünən odur ki, bugünkü qəhrəmanlar Molla kimi dairənin içində qəhrəmanlıq edənlərdi, ən yaxşı halda baş qarışıq olanda bir-neçə dəfə ayaqlarını kənara qoya bilirlər, o qədər. Əlbəttə, bu ümumi qaydadan həmişə istisnalar olur. Məsələn, cəbhədə düşmənlə üz-üzə duran əsgərlərimiz bəzən rəsmi “atəşkəs”ə baxmayıb həqiqi qəhrəmanlıq örnəkləri göstərirlər. Amma onların qarşısı təəssüf ki operativ şəkildə alınır, kütləviləşmək dərəcəsinə çatmağa imkan verilmir. Biz burda əsasən tipik haldan danışmağa çalışırıq. Tipik hallar isə heç ürəkaçan deyil. Hətta bəzən ürəkbulandırıcıdı. Nümunə?

Büdcədən maliyyələşən elmi müəssisələrdən birinin binasında hər mərtəbədə su dispenserləri qoyulub ki, əməkdaşlar istədikləri vaxt susuzluqlarını yatıra bilsinlər. Əslində lazımlı, xeyirxah işdi... Di gəl ki, boşalan su bidonları vaxtında dəyişdirilmir, insanlar bəzən günlərlə susuz qalır. Kimsə şikayət edib etirazını açıq bildirmədən də vəziyyət düzəlmir. Hər dəfə də bu etirazını bildirən adam yeni su bidonu qoyulandan sonra bir görəsiz özünü kollektiv içində necə qəhrəman kimi aparır? Sanki Kiçik Qafqaz sıra dağlarını indicə o kəşf edib... gündəlik məişətimizdən götürülmüş adi hadisədir, razıyam, amma tipikdirmi?

Zavallı, cırtdan qəhrəmanlarımız... Cırtdan üçün 1 metrdən hündür olan hər kəs Divdir!

Vəziyyət demək olar bütün sahələrdə eynidir. Bir də görürsən ədəbi prosesdə bir yeni əsər peyda oldu və biriləri başladı mümkün olan, olmayan hər yerdə onu müəllifi ilə birlikdə ağız dolusu tərifləməyə. Sən də müəllifi tanımasan da, tərifləyən insanların sözlərinə inanıb əsəri oxuyursan və... növbəti xəyal qırıqlığı. Ha illah edirsən, əsərin niyə belə diqqət çəkdiyini heç cür anlamırsan. Düşünməyə bilmirsən ki, əcəba, əhəmiyyətinə görə onuncu-on beşinci dərəcəli mövzu haqqında bədii keyfiyyətləri baxımından da olduqca primitiv olan yazını görəsən bu “öndəgedənlər”imiz niyə belə canfəşanlıqla tərifləsinlər? Tək açıqlaması var; cəmiyyətə yeni qəhrəman tipi aşılanır, birilərinə “sərfıli” yeni meyarlar yaradılır. Əvvəlki meyarlar, ədəbiyyatın obyektiv təhlili, dünya ədəbiyyatından, ədəbi-tənqidindən örnəklər yaramır, onlar bizimçün deyil, bizim öz məxsusi yolumuz, nəzəriyyəmiz var, falan-filan...Nəticədə, çürük məhsul gözəl bağlamaya bürünüb “bazara” çıxarılır və “yüksək qiymətdən” alıcılara sırı... e-e-e... satılır.

Müxtəsər, ayının min oyunu bir armudun başındadı deyiblər.

Armud da, canım sizə desin, ibarətdi dünya malından. Müasir qəhrəman həmin bu maddi sərvəti əldə etmək yarışına girib və bu yarışda hər cür alçaqlığı göz önünə almağa hazırdı. Həmçinin, alçaqlığı qəhrəmanlıq kimi qələmə verən yeni oyun qaydalarını yaratmağı da. Yeni qəhrəmanımız hiyləgərdir, amma ağıllı deyil, güclüdür, amma cəsarətli deyil, yaxşı işbazdı, amma yaxşı iş görən deyil. O əla görüntü yarada bilir: ağıl, güc, cəsarət, işgüzarlıq, istedad olmayan yerdə görüntüsü var və yağlı dilini işə salıb bu məfhumları uğurla əvəzləmək mümkündü. Nəticə nədi? Nəticə odur ki, həqiqətən ağıllı, cəsarətli, istedadlı olanlar gündəlik yaşamaq dərdini çəkdiyi halda, bizim yeni qəhrəmanımız bəzi yerlərin haqqını ödəyəndən sonra rahat ofisində oturub katibənin gətirdiyi limonlu çaydan bəh-bəhlə içə-içə yay aylarında istirahətə İspaniyaya, yoxsa Fransaya gedəcəyini düşünür. Bu vəziyyəti görəndən sonra kim ona qəhrəman deməz ki? Qəhrəmansan, qardaş! Cırtdan, qorxaq, hiyləgər, dilli-dilavər, işbaz, tanış-bilişli, pullu-paralı qəhrəman! İndi nə edək? Olanımız budu. Buna da şükür. Amma “yox, xoşumuza gəlmir, dəyişmək istəyirik” deyən varsa, hər kəs zəhmət çəkib özündən başlasın.

# 1808 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #