news-inner
clock12:38 calendar-gray 22 Sentyabr 2016 view-gray91 dəfə oxunub
view-gray91 dəfə oxunub

Prokrustun yatağında uzananlar

Kulis.Az tənqidçi Mehman Qaraxanoğlunun “Prokrustun yatağında könüllü uzananlar” məqaləsini təqdim edir.

“Mən öz kosmosumu yaratdım. Allah kimi mən də insanları nəinki məkanda, hətta zamanda da o tərəf-bu tərəfə apara bilirəm”

Tutaq ki, bu mətnin kimə aid olduğunu bilmirik. Lakin təxminən bu cür bir ədəbi proqnoz vermək olar: Yalnız mövcud dünyaların (Və ya üslubların!) fövqündə dayanıb özünü – öz ədəbi kosmosunu yaradan və bunu car çəkib deməyə mənəvi haqqı olan seçkin bir müəllif belə yaza bilər.

Metaforik yanaşsaq, hər bir gözəl mətni çəkib aparan iki qoşqu atı vardır: Məkan və zaman! Onların cilovu əlində olsa, hara istəsən gedə bilərsən. Qoy heç kəs sənin yerini bilməsin. İşdir, bilsələr, sən başqa məkanda “görünəcəksən” O “başqa” məkanın da yerini bilsələr, əlinin altında olan minlərlə “başqa”larını dövriyyəyə buraxarsan ...

Məkanlar “başqa”laşanda zamanlar da dəyişir. Məsələ burasındadır ki, dayanıqsız məkan və zaman mövcud adların da şərtiliyini simvollaşdırır.

Yuxarıdakı fikirlərin K.Abdullaya aid olmasını söyləməkdə tərəddüd edirəm. Belə olmaya da bilər. Amma çox istərdim ki, onun olsun bu fikirlər. Çünki ədəbi cameəmizdə bunu tam doluluqla demək səlahiyyətinə yalnız o layiqdir. Yalnız onun qəhrəmanları (adlı və ya adsız, fərqi yoxdur!) məkan və zaman tanımır, əski folklor təhkiyəsi ilə desək, burdan vurub ordan çıxırlar. Və yalan illüziyası yaranır; sanki məkan və zaman təhkiyəçinin barmaqları arasındadır, tənbəki eşir...

Və nəhayət, yuxarıdakı fəxriyyə ruhlu fikirləri isə K.Abdulla deyil, Folkner söyləyib. Düşünürəm: Dahilər özləri haqda “eyforik” söyləntilərində belə, həm də tamam başqa məkan və zamanlarda doğulan həmfikirlərinin xəyali obrazlarının konturlarını cızmış olurlar. Necə ki, dahi amerikalının bu söyləntisindən K.Abdulla obrazı görünür.

Geriyə - zamansızlığa doğru...

Bilərəkdən “irəliyə” yazmadım. Çünki “irəli” olmaya da bilər. (Məhz mənim üçün!) Geridəki zaman isə “dayanıb”, onun üzərində xatircəmliklə “cərrahiyyə əməliyyatı” aparmaq olar. Cərrahiyyə stolu isə məkanı simvolizə edəcək. Məkan dörd ayaq üstə dayanıb. Bu, ona işarə edir ki, onun yerini istənilən vaxt dəyişmək olar.

Stol üstündəki zaman sanki klinik ölüm keçirib. Canından çıxan ruh onu seyr edir! Ruh (Zaman!) öz yerini tez-tez dəyişir. Göründüyü kimi, zaman məkana nisbətən daha azad və sərbəstdir. Bu da zamansızlıq effekti yaradır. Zamansızlıq məkana da sirayət edərək onu kompensasiya edə bilir. Böyük yazıçılar ədəbi ortamın orbitindən çıxıb zamansızlığa – “klinik ölümə” düşə bilirlər. Folkner kimi. Qalır insanları (Personajları!) zaman və məkana “dağıtmaq”, bu da onların qələmində çox rahat əmələ gələn bir nəsnədir, necə deyərlər, su içmək kimi bir şeydir.

K.Abdullanın yaradıcılığı bütünlüklə bu bədii-fəlsəfi pradiqma üzərində qurulub. O, öz zamanını yaradıb, lazım gəlsə ona ad verə bilir, fərqi yoxdur, bu, “Dolğun zaman”dır, yoxsa dolğun olmayan zaman, əsas odur ki, bu, onun zamanıdır, ona məxsusdur. O məhz buradadır. Onunla “görüşmək” üçün məhz bu zamana düşməlisən. İşdir, “başqa” fikrə düşsən, səni də “Sehrbazlar dərəsi”ndəki o tacirin aqibəti gözləyir...

Bu kiçik araşdırmamızda yazıçının yaradıcılığındakı zaman və məkan limitinin (Və ya limitsizliyinin!) sonsuzluğuna vara bilmərik. Heç buna canatımımız da yoxdur. Əgər olsaydı, absurd cəhd olardı! Niyyətimiz “Mənə uçmağı öyrət” və “Səsimdən yapış” hekayələrinin təhlili fonunda dediklərimizi “maddiləşdirmək”dir.

Təhlilə cəlb olunan hər iki hekayənin adı ezoterik dil qatını özünə haqq edən bir ədəbiyyat dərvişinin arxetipik varlığını işarətləyir: “Mənə uçmağı öyrət”, “Səsimdən yapış”... İkinci şəxsin təki. Tanış intonasiyadır! Belə intonasiyalarda nə zaman, nə də məkan olur...

“Mənə uçmağı öyrət” şeir kimi yazılıb. Uşaqlıq xatirələrinə oxunan nostalji bir şeir... Bu şeir ömrümüzün ən uzaq küncündə düşüb qalıb. Yox, biz onu düşürtməmişik, o küncü də biz ona nişan verməmişik. O, özü düşüb və o küncü də özü seçib.

Ömrümüzdən nə düşür nağıllaşır: “Üstünü mamır basmış elə bu daşın üstündəcə nənəsi Sərvinaz arvad gen, allı-güllü tumanını dörd bir yanına yayaraq rahat-rahat oturmuşdu. Arvad – qoca arvad, tuman – cavan gəlin tumanı. Qoca nənəsi bu rəngli tumanın içində cavanlığın içindəki gələcək qocalıq kimi itib batmışdı”

Nağılllaşan şeir deyilmi?!

Qalır onu bu günə dartıb gətirmək. Bunu isə nağılçılar edir. K.Abdulla bu işi elə ustalıqla görür ki, sanki xatirələrimizin o məchul künclərə düşməsində özü də qəddar bir yardımçı olub.

Hekayədə konkret zaman yoxdur. Bu, hamımızın zamanıdır. Hekayə struktur baxımından da zamanın adlar üzərində transferini doğrulayır. Miras hekayənin indisidir, indiki zamanıdır – barəsində təhkiyəçi danışır. Xəyalı onu yaxın keçmişə - (Aldanışımıza baxın, keçmişin nə yaxını, nə uzağı?!) nənəsi Sərvinazın yanına uçurdur. Sərvinaz da nəvəsini daha uzaq keçmişə - babası Kəlbəlinin zamanına dartıb aparır. Məlum olur ki, sözügedən cin, Kəlbəli kişiyə babasından yadigar qalıb. Kəlbəlinin babası çox əski zamanları simvolizə edir. Lakin zaman burada da qapanmır. Kəlbəli kişiyə cini qonşu kənddə müəllim işləyən Mirzə Səbzəli gətirib. Bəs Kəlbəlinin babasına cin necə tuş gəlib?

Keçmişə belə “qarışıq” səyahət düz xətt boyunca baş vermir. Müəllif süjet boyunca zamanı çərtib ora daha “kiçik” zaman hissəciklərini daxil edir. Tutaq ki, Kəlbəlinin cavanlığını, Sərvinaz nənə nağıl danışarkən nəvəsi Mirasın qırx beş il “bəri”də və “sonra”da görsənişlərini və s. Yazıçı hadisələri elə soyuqqanlılıqla təsvir edir ki, sanki belə də olmalıymış. Oxucu da məllifin arxasınca hipnoz olmuş adam kimi düşüb gedir. Yarıyuxulu, yarıoyaq bilmək istəyir ki, hadisələrin axırı hara gedib çıxacaq?! Bu, çox dramatik bir gözləntidir. Təhkiyəçi məharətlə hekayənin ideyasını bu dramatizmdən çox-çox uzaqda tutub saxlayır. İmkan vermir ki, baş verən olaylarda o da “görünsün” Belə bir təəssürat yaranır ki, onun missiyası elə bu imiş – oxucuya heç bir süni nəfəs vermədən ayaqda saxlamaq.

Amma sən saydığını say... Məlum olur ki, hekayədəki ideya lüt-üryan olub çılpaq bədəninin inikasını işıqlı dünyaya göndərən o qızla ilişkili imiş. Məhz Həmidə əsərin ideya istiqamətini müəyyənləşdirir. Cin özünü nəzərdə tutub Həmidəyə deyir: “O məxluq özü sənə uçmağı öyrədəcək” Həmidənin cavabını isə mətnin “anarxik” strukturundan ierarxik strukturuna möhtəşəm keçid kimi də qiymətləndirmək olar: “Mən ki, nə zamandı səmada pərvaz eləməyin həsrətindəyəm. Mənə uçmağı öyrət…”

Sanki mətnə dağılmış zamanlara qəfil bir “farağat!” komandası verilir. Onlar “eyni” bir xətt boyu düzülürlər. Bu, həm də “hər şey bitdi” anlamına gəlir. K.Abdulla deyil, başqa bir müəllif olsaydı, hekayəni məhz buradan başlayacaqdı. Məhz bu yer ideyanın şüalandığı yerdir. Burada zaman oxu həm də geriyə işləyir. Və ideya da mətnə dağılır...

Uçmaq! Uçmaq! Uçmaq!!!

K.Abdullanın əksər mətnlərində uçmaq təkcə istək, arzu, həsrət deyildir. Bu, həm də qarşısıalınmaz bir təşnəlikdir, bizə məlum olmayan zamanlarla baş-başa qalmaqdır. Lap intihar olsun, fəqət uçuş olsun! “Sehrbazlar dərəsi”ndə belə möhtəşəm uçuşun şahidi olmuşduq. Ağ Dərvişin durna qatarını xatırladan iyirmi üç şəyirdi bəmbəyaz paltarlarda özlərini sıldırımlı qayalıqlardan dərəyə atırlar... Öz uçuşları ilə kinə, küdurətə, qəzəbə, “yox!!!” deyən bu iyirmi üç gənc dünyadan və baçlıcası, intiqamdan bu cür “intiqam” alır.

Bəs Həmidə nə istəyir? Cinin vəd etdiyi uzun ömürmü? Yox! Əsl həqiqət, təkrar-təkrar yazılmaq səlahiyyətini qazanmış bu cümlədədir: “Mən ki, nə zamandı səmada pərvaz eləməyin həsrətindəyəm. Mənə uçmağı öyrət…”

Mətn bizə sirli ismarıclar yollayır: Qadın uçmağa təşnədir. O baxıb eləməz bu cindi, ya insandır, qoşulub ona uçub gedəcək. Sevdiklərinizə uçmağı vəd edin. Cin məhz bu yolla kəndin ən gözəl qızının ürəyini oğurlayır.

Görəsən, Həmidə yəhudi əsilli dahi rus rəssamı Mark Şaqalın uçan mələklərindən xəbəri var idimi? Axı, o rəsmlərdə cinə qoşulub uçan qadın yoxdur!

K.Abdulla hər dəfə təəccübləndirir. O, öz mətnlərini daima kontrolda saxlayır. Təhlilçinin mətndənkənar sayıqlamalarına şans vermir. Sanki deyir: Sən azadsan, amma mətnimin fəzasında. Bu, ədəbi diktatorluq kimi də yozula bilər. Amma xeyri ziyanından müqayisəolunmayan dərəcədə çoxdur. Birincisi, ədəbi əllaməçiliyə, ordan-burdan əzbərlədiklərini allı-güllü terminlərlə “bəzəyib” qrafomanlar kimi üyüdüb tökməyinə yol verilmir. Elə müəlliflər vardır ki, belə şeylərin təşnəsidirlər. Təki onun mətnində olmayanları de, təki onu bir “izm”ə cala! İkincisi, sən də özünü kontrolda saxlamağa məcbur olursan. Həm də mətnin öz cazibəsi səni başqa hava məkanını pozmağa qoymur. Üçüncüsü, yazıçının hər bir mətni kiçikliyi və böyüklüyündən asılı olmayaraq sənə bənzərsiz ideyalar ötürür və sonsuz azadlığına təminat verir. Sən öz siqaretini bu ideyalar alovunda alışdırb çıx yola! Məhz bu nöqteyi-nəzərdən onu Azərbaycan nəsrində ideyalar dahisi Ə.Haqverdiyevlə müqayisə etmək olar. Hər bir müqayisə qüsurlu olsa belə! Yox, öngörənlik eləmirəm: O, çağdaş Azərbaycan nəsri və elmində ideyalar dahisidir. Bu fikirləri Ruzveltə aid edirlər, qoy belə də olsun: “Dahi ağıllar ideyaları, orta ağıllar hadisələri, alçaq səviyyəli ağıllar isə insanları müzakirə edir” Zənnimizcə, şərhə ehtiyac yoxdur.

“Səsimdən yapış” hekayəsində zaman səs şəklində zühur edir. Köhnə səs – keçmiş, indiki səs indiki zamandır. Köhnə səsimiz daha etibarlıdır. Çünki o səs ikinci şəxsin təkində əmr edə bilir: Yapış məndən! İndiki səsimiz isə əvvəlki deyil. Çünki korlanıb. Sonrası məlumdu – kirlənə-kirlənə gedirik. Hara? Cavab: Daha kirli məkanlara! Və ya gələcək zamanlara! Onlar isə uzaqda deyil, lap yaxınlığımızdadır. Zatən yas yeri də ola bilər. Yazıçı bilərəkdən bu məkanı seçir. Onun yerinə çayxana da ola bilərdi. Yas yerində insan heç olmasa bir saniyə özü ilə təkbətək qala bilir, ölümə dalır. Məhz yas yerində gözləri görməyən dostunun qarşısında o, iki yerə parçalanıb: O vaxtkı və indiki “sən”ə.

“– Bax, indi sən özün, biləsən, o vaxtkı sən deyilsən. O vaxtkı sən nooldun, bunu mən bilmirəm. Sənə elə gəlir, sən osan. Sən isə o deyilsən. Bu gün mən səni görüb tanımayanda sən artıq o deyildin. Yasdan sonra sən bir başqasısan. Bəlkə də yasdan daha əvvəl başqası idin, amma bunu bilmirdin?! İndi bildin?! Ağlın artdımı?!”

Yeri gəlmişkən, K.Abdullanın bu adda bir tamaşasının premyerası 2014-cü il, noyabrın 22-də Yuğ Dövlət Teatrının səhnəsində olub. Burada da müəllif insan içinin gizlinlərini - ölüm-olum düyünlərinin psixoloji çözümünü verməyə çalışıb.

İkiləşən insanın özü deyil, həm də səsi ikiləşir, amma o, bunun fərqinə varmır. Anlamır ki, belə məqamlarda zamanlar da yerini dəyişir, keçmiş zaman indikini vurub yerinə keçir və “bayaq danışılan dil də yavaş-yavaş unudulur” Və beləcə insan havadan – zamansızlıqdan asılı qalır.

Standart və zorən eyniləşdirilmiş mətnləri görəndə az qala Yunan mifologiyasının qəhrəmanı Prokrusta bəraət qazandırmaq istəyirsən. Fərq orasındadır ki, quldur Prokrust öz alçaq niyyətini birbaşa insanlar, müəlliflər isə acımadan mətnlər üzərində həyata keçirirlər. Dərindən baxanda bu, fərq deyil, bir qədər bənzəyişə oxşayır. Çünki mətn də elə insan deməkdir.

Bəzi müəlliflərin özləri özlərini Tantal əzablarına düçar etmələri təəssüf doğurur: Öz fəzan, kosmosun yoxdursa, nə vaxtacan başqalarının hava məkanlarına daxil olub ədəbi kriteriyaları pozacaqsan? Nə vaxtacan öz sözün olmaya-olmaya söz deyəcəksən?

Mif üçün zaman yoxdur.

Prokrust öz işini çox “səliqəli” görür, müəlliflər isə...

“Əsas mətndir, yerdə qalanlar isə təfərrüatdır...”

K.Abdulla elmi və bədii yaradıcılığında tamamilə fərqli yol seçərək Tesey kimi Prokrustun özündən intiqam alır - özünəqədərki mövcud qəliblənmiş mətnlərin yatağını alt-üst edərək hər dəfə yenisini ortaya qoyur...

news-inner-user
Mehman Qaraxanoğlu

19 məqalə

Paylaş

Oxşar xəbərlər