Sovet hökumətini devirən səfil

Sovet hökumətini devirən səfil
21 iyul 2016
# 13:37

O, köhnə inqilabçılardan idi. Sovet hökumətini yıxmaq planını işləyib hazırladığını deyirdilər. Həm də 60-cı illərin kəsakəs vaxtlarında! O, Sovet hökumətini devirəcəyinə həqiqətən inanırdı. Ətrafında özü kimi ideologiyalarına böyük ümid bəsləyən gənclər vardı. Başlı tələbələr idilər, mütaliələri vardı, dünya ədəbiyyatından az-çox başları çıxırdı.

Adı Tanrıqulu idi. Qısaca Tanqo deyirdilər. Ucaboy, cantaraq oğlandı. Nitqi o qədər də aydın deyildi. Amma ətrafındakılar onu sözsüz də başa düşürdülər. Kirayədə qaldığı evdə yığışırdılar. İdeyalardan danışır, azad ola biləcəklərindən bəhs edirdilər. Böyük ideyanın qabağında böyük imperiyaların duruş gətirə bilməyəcəyinə inanırdılar. Tanqoya ən çox Muxtar inanırdı. İnanırdı da sözdü, pərəstiş edirdi! Balacaboy, gövdəli oğlandı. İstedadlı olduğunu deyirdilər. Çox şeyləri isə Tanrıquludan öyrənmişdi.

Mən onu 90-cı illərin axırında görəndə yaşlı, yalqız bir adamdı. Ucaboy, cantaraq. Qəribə yerişi vardı. Elə bil ayaqlarını sürüyüb dalınca aparırdı. Nitqi aydın deyildi. Heç kim nə dediyini anlamırdı, heç anlamağa da çalışmırdılar. Ümumiyyətlə, nə qədər ağrılı da olsa, bu adam heç kimə lazım deyildi. Ailəsi də yox idi, evlənməmişdi. ideyalara başı qarışıb, deyirdilər. Hansı ideyalara? Bunu doğru-dürüst bilən və anlayan yox idi.

Evsiz idi. Bəzən redaksiyada gecələyirdi. Bunu səhər erkəndən xidmətçi qadının deyinə-deyinə redaksiyanı silib-süpürməyindən anlayırdım. Bir-iki dəfə “o adam burda qalır, evi-eşiyi yoxdur bəyəm?” soruşmuşdu. Heç kimdən cavab ala bilməmişdi. O, elə bil həyatın başqa tərəfindəydi. Hamı belə qəbul edirdi. Heç alman dilini mükəmməl bilməyinin də ona xeyri yox idi. Elə bil hər şey, hətta bildikləri də onun zərərinə işləyirdi.

Yaxşı şahmat oynayırdı. Amma həyatın qaydalarını heç bilmirdi.

Bir dəfə “evləndirək səni” dedilər. “Sonra kiçik bir ev-eşik də düzəldərik”. Onda “o qızı alın” dedi və qızardı. “Hansı qızı?” Məlum oldu ki, o biri redaksiyada işləyən Cəmilə adlı qızı deyir. Cəmilə gənc, gözəl bir qız idi. Tanqo onu ancaq yuxusunda görə bilərdi.

Hələ bir dəfə elçilik işini də düzüb-qoşmuşdular. Tanqonu da götürüb qızın otağına getmişdilər. Özü də təntənəli surətdə. Əslində hamı bilirdi ki, bu iş alınan deyil. Özlərini və Tanqonu təsəlli edirdilər. O isə ancaq o qızdan və ideologiyadan danışanda gözləri parlayırdı. Yəni, hələ də müqəddəs hissləri var idi. Yaşı 60-ı haqlasa da uşaq idi hardasa. Sovet imperiyasına qarşı çıxmağı gözə alan o gənc heç yerə qeyb olmamışdı. Yaşayırdı yaşaya bildiyi kimi. Evsiz-eşiksiz, oğulsuz-uşaqsız.

Kömək edə bildiyi qədər edirdilər. İşlə təmin etmişdilər. İşlə təmin edən də başqası deyildi. Bir vaxtlar ona ən çox inanan, pərəstiş edən, yanında olmağı şərəf bilən dostu Muxtar idi. Muxtar indi özünü ancaq inanan kimi göstərirdi. Çox sular axmışdı o vaxtlardan. Çox sular durulmuş, çox sular çirkaba qərq olmuşdu.

Muxtar universiteti bitirdikdən sonra hansısa qəzetə baş redaktor təyin olunmuşdu, sonra isə böyük bir idarəyə rəhbər. Tanqonu da aparmışdı yanına. Muxtar vəzifə adamı idi, maşını, evi-eşiyi, bağı. Tanqo isə elə Tanqo idi.

Bu həmin Tanqo idi ki, Sovet hökumətini yıxa bilməsə də, ideyalarıyla çox iş görmüşdü. Çoxlarının dünyagörüşünü dəyişmişdi. İstiqamət vermişdi. Özü isə heç nəsiz qalmışdı. Bir həsir, bir Məmmədnəsir. Amma bu Tanqo idi. Belə də yaşamalıydı. Yoxsa olardı milyonlardan biri.

Öz həyatının zərrə qədər önəmi yox idi onun üçün. Deyirdilər ki, ağciyərləri xəstədir. Bu şəraitdə, daha doğrusu, şəraitsizlikdə başqa cür də ola bilməzdi.

Payız ayları saralmış yarpaqlar gətirdi Tanqonun onsuz da büzüşmüş həyatına. Xəstəxanaya düşdü. O ərəfədə dostlarından biri yaxşı xəbər verdi. Dostlardan kimsə Tanqoya onun bağında qalmağına razılıq vermişdi. Yolu uzaq da olsa qalmağa yeri vardı.

Həm ziyarət etmək, həm də şad xəbəri çatdırmaq üçün iş yoldaşlarımızla ayın-oyun alıb xəstəxanaya getdik. Palatada dedilər ki, daha burda deyil, çıxıb gedib. Necə yəni çıxıb gedib? Ciddi müalicəyə ehtiyacı vardı. O isə başını götürüb doğma kəndinə getmişdi... Boş çarpayısına baxa-baxa qaldıq. Bəlkə də pulsuz-parasız imiş, kim bilir. Dərdi içində gəzərdi, bölüşməzdi ki. Bu dünyada heç nəyi olmayan adam bu çarpayını da özünə çox görmüşdü, başını alıb getmişdi...

Bir aydan sonra ölüm xəbərini aldıq. Elə kənddə, evindəcə keçinmişdi. Bəlkə də onun üçün belə yaxşı idi. Axı ölümdən başqa heç nəyə ümidi yox idi...

# 1403 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #