Müharibə, ha-ha-ha

Müharibə, ha-ha-ha
2 may 2016
# 12:26

Dörd düyümlük pulemyot gülləsi zavallı döyüşçünün sütül bədənini və gözüdönmüş anasının heysiyyatını parçalamışdı. O, səhərki izdihamın, acgöz torpaq fədailərinin, süni doluxsunmaların qatlarında yöndəmsiz hərəkətlərlə vurnuxurdu. Xəbəri eşitdiyi andan tanrını, komandirləri, özünü o qədər söyüb-danlamışdı ki, bağırıb etiraz etməyə yeni sözlər, dizlərini döyəcləməyə tutarlı zərbələr yağdıra bilmirdi. Bədbəxt qadın ölümün addımbaşı mümkünlüyünü anlasa da bunun sevimli oğlu üçün erkən və faciəli gəlişini nifrətlə anırdı. Avazımış bənizindəki saysız-hesabsız nahamar qırışlar döyüş səngərlərini, solğun-boz çillər gülləboran edilmiş haqq döyüşçülərini xatırladırdı.

İlıq yaz günəşi qəlblərdəki donub qalmış ağrını, sırsıra bağlamış nifrət hissini qızındırmaqda aciz idi. Nəm torpaqdakı yaşıl otlar qəhrəman döyüşçünün aramla irəliləyən portreti, ən əsası havalanmış ananın qəti baxışları qarşısında əyilərək həzin mehin təsirilə ləngər vururdu. Uzaqda, ağac oyuğunda səs-səsə verib civildəşən sərçə balaları analarını səsləyirdi. Qayğıkeş ana sərçə hansısa budaqdan inamla şığıyıb ac quşcığazlara baş çəkir, onlarla birgə civildəşir, saylarının və yuvalarının qaydasında olduğuna əmin olduqdan sonra sinəsini hünər nümayiş etdirirmiş kimi dartaşa tutub qıvraq qanadlarıyla havanı yarırdı. Bundan sonra da balalarını ac qoymayacağına söz vermişdi. Onca ağac aşağıdasa...

Qadın axır ki, yadırğadığı addımları bərpa edir, onu durdurmağa çalışan boz-yaşıl mundirli, dəyirmi beretli zabitlərə məhəl qoymayıb çiyinlərdə gedən qəhvəyi tabutdakı oğluna yetişmək üçün çırpınırdı. “Oğlumu...onu hara aparırsınız? İlahi, sən axı hara baxırsan?” – bu sözləri yalnız ürəyində səsləndirə bilirdi. Ətrafa yayılanlar isə inilti, qırıq-qırıq etiraz, zəif küləyin havaya sovurduğu çal sırğalıq tükləri idi. İndi onun donqar alnı daha da quruyub uzun müddət köpüklü suya həsrət qalmış ləpədöyənə bənzəyirdi. Bükülü əllərin sifətində buraxdığı izlər bir ağrını müvəqqəti unudub digərindən zarıyıb-ufuldamaq üçün yetərli deyildi. Üç, dörd, beş əli olsaydı... Bədənini bir parçası olan oğlunun, onlarla döyüşçü yoldaşlarının həyatları bahasına, məsum körpələrin bu gündən etibarən yetim statusu qazanmalarına rəğmən elan olunmuş qələbəyə sevinmək olardımı? Müharibəyə istehzayla, qalibiyyətə sevinclə, övlad itkisinə dəli sayaq gülümsəmək...Bunların hamısı əzvay bədənini çulğadıqda yaranan amansız hiss burulğanından, gülməkmi-ağlamamı tərəddüdündən yaxa qurtarmaq dəhşətli dərəcədə çətindir. İkili yön əlacsız epidemiyaya çevrilib səndən ölməyi, ən yaxşı halda ağlını itirməyi tələb edir.

Boğulmağın, onun nəticəsi olaraq hərəkət çətinliyinin çarəsi kimi baş örtüyünü çıxarıb yerə atdı. Dərindən ah çəkib addımlarını bir qədər də yeyinlədirdi. Burada onun qarşısını kəsib mane olmağa çalışan yox idi. Qara-boz izdihamın arasından həlim günəş şəfəqinin parıldatdığı tabutun hərəkətsiz halda qaldığını görüb oğlunun indicə torpağa gömüləcəyini anlayırdı. Son 20-25 addımı da sürətlə, bir vaxtlar oğlunun məzuniyyətə gəldiyi günlərin birində anasına süvinclə göstərdiyi “qaçaraq, marş!” tərzində irəliləmək lazım idi. Önünə çıxanların kimisini itələyir, digərlərinin arasında sivişib oğluna yetişiri. Sərt qutunun içində süst qalmış balasından savayı heç kim eyninə deyildi. Yenə sözləri tələffüz etməyə çətinlk çəkdiyinə görə ürəyində “hə, oğlum...zəhrimara qalmış qutunu parça-parça edib çıx orda. Sən bunu cəbhədə yüz dəfə eləmisən. Anana tərəf gəl, yalvarıram” deyərək böyüyüb ağırlaşan qırmızı kürələr kimi qanlı gözlərini ovsunçu məharətilə ətrafa yönəldirdi.

Ana sərçə tez-tez yuvasına uçur, iti dimdiyindəki xırda həşəratları didərək bala sərçəciklərin yaxşı həzm-rabedən keçirmələri üçün hissə-hissə ağızlarına doldururdu. Səslərini kəsməyib, yenicə tüklənmiş yumşaq qanadlarını elə hey pırıldadaraq vurnuxan balalarının hələ də doymadıqlarını anlayıb yem gətirmək üçün növbəti səfərə çıxmaqdan yorulmurdu. Səbirli sərçədəki yenilməzlik ab-havasına nəinki quşlar, insanlar da heyran qalardı.

Dərin çaladakı quru bədənin üzərinə atılan hər qarış torpaq hövllənmiş ananın nəfəs borusuna dolaraq onu boğur, başını gicəlləndirir, sümüklərini sızıldadırdı. O qədər əlləşib-vuruşub qüdrətli qolların arasından çıxa bilməyəcəyinə şübhəsi qalmadıqda bir anlıq meyit kimi donub şişkin gözlərini əli belli döyüşçülərin səpələdiyi torpaq layına zillədi. Yüzlərlə məzar yeri boyda qaytarılan ərazidən oğluna ikicə metrlik pay düşürdü.

O, altında çürümək üçün yox, azad, xürrəm addımlarla üzərində addımlayacağı torpaq naminə mübarizə aparmışdı. Nəticədən asılı olmayaraq haqq uğrunda döyüşmək də, ölmək də qürurlu və ağlabatandır. Ana titrək dodaqlarını ehmalca aralayıb öləziyən gözlərinə işıq verdi. Bunun gülümsəmək olduğunu ən ağıllı adamlar kəsdirə bilərdilər.

# 453 dəfə oxunub

Oxşar xəbərlər

# # #