“Anam, bacım olsun” - DEYİMLƏRİMİZİN PƏRDƏ ARXASI

“Anam, bacım olsun” - <span style="color:red;">DEYİMLƏRİMİZİN PƏRDƏ ARXASI
29 aprel 2016
# 13:13

Bütün yaşlı xalqlar kimi bizdə də qəribə arxetiplər var. Köhnəlmiş, zamanını keçirmiş şeylər həm adət-ənənəmizdə, həm də danışığımızda özünə yer eləyib.

Hamımız şahid olmuşuq ki, bəzən insanlar çox bayağı, heç bir məna ifadə etməyən, fikri həmsöhbətə çatdırmağa mane olan ifadələr işlədirlər.

Bəzən isə bu cür ifadələr insanın canını sıxır, kefini pozur, psixoloji əhvalına mənfi təsir edir.

Nə yazıq ki, bu cür ifadələri işlədən insanlar çox vaxt bu məqamın fərqinə varmırlar.

Bu cür ifadələrin bəzisini izah və şərhlə birlikdə diqqətinizə çatdırır və leksikonunuzda varsa, tezliklə çıxarmağınızı arzu edirik.

Əlimi xeyirliyə uzadıram – adətən sən tərəfdə olan istiqaməti göstərəndə belə deyirlər. Barmaq işarəsiylə adam göstərmək həm mənfi, həm müsbət anlam daşıyır. Misal üçün, “Barmaqla göstərilən” bənzərsiz, əvəzsiz adam deməkdir. Eyni zamanda küçədə kimisə, xüsusən qızı-qadını barmaqla göstərmək ədəbsizlik sayılır. Başqa bir inanc da var: qəbir daşını barmaqla göstərməzlər. Guya bu, qəbir daşını göstərdiyin adamın ölümünə səbəb ola bilər. Bəzi yerlərdə, bilmədən uzatmısansa barmağını üç dəfə dişləyib, tapdamalısan.

Səndən yaxşı olmasın – etiraf edək ki, hamımızın əti tökülür bu ifadəyə görə. Heç hənanın yeridir? Niyə məndən yaxşı olmasın? Tanımadığım bir adamla nə üçün yaxşılıq yarışını girməliyəm? Qəribəsi burasındadır ki, sənə bunu deyən adamın səmimi olmadığına tam əminsən. O adam özü də belə ifadələrin səmimi olmadığını bilir, amma yenə işlədir. Başqa ifadə yoxmuş kimi... Əslində isə bu sözün alt mənası budur: sən o qədər səfeh adamsan ki, haqqında danışdığım şəxsi səndən çox istədiyimi düşünüb başımı xarab eləyərsən, narahat olma ee... olma, sən ondan yaxşısan.

Üzüm ayağınızın altına, bizim uşaq... – nə dəxli var? Uşağa görə insan niyə xəcalət çəkməlidir? Yoxsa uşağı yaparkən elədiyi işi qəsd edir ki, bu “pozğun” hərəkətə görə onu bağışlayasan. Görəsən, həmin gecə başqa hansı hoqqalardan çıxıb bu? Adamın ağlına yüz fikir gəlir, hamısı da axmaq fikirlər.

Üzr istəyirəm, bizim arvad... – eyni məntiqsizlik və eyni düşüklük. Əgər üzr istəməli idinsə, bu arvadı niyə almısan? Axı dalınca üzr istəməli bir söz demirsən. Məsələn, desən ki, üzr istəyirəm, dünən axşam arvadla yatdım, anlaşılandır. Amma sən sadə bir şey deyirsən və üzrün sadəcə arvadı yada saldığın üçündür. Niyə? Üzr istəməklə arvadla münasibətinin ən axmaq tərəflərini yada salmırsanmı? Məzən olsun.

Üzdən iraq, bir eşşəyimiz vardı... – niyə üzdən iraq? Demək istəyirsən ki, qardaş, yanında eşşəkdən danışmaqla səni ona oxşatmıram haaa, narahat olma, eşşək hara, sən hara? Sən əməlli-başlı adamsan və eşşəkdən ciddi şəkildə fərqlənirsən. Hətta o qədər ki, yanında eşşəkdən danışanda “Üzündən iraq” deyirəm.

İndi olmasın, məni yaman çox istəyirdi – ölülər haqqında deyirlər. Etiraf edək ki, bu ifadə əziz bir rəhmətlik haqqında işlənirsə, ölü yiyəsinin heç də xoşuna gəlmir. Bu ifadənin, “Yaxşı ki, ölüb-getdi, yoxsa lap ağ eləyərdi” - çaları da var.

İraq süfrədən... – iraqsa niyə danışırsan? İraq deyilsə, niyə bu ifadəni işlədib süfrədəkilərin ürəyini bulandırırsan? Əgər süfrəyə layiq olmayan bir ifadəni bilmədən işlədirsənsə və “İraq süfrədən” deyib bir növ səhvini anladığına işarə vurursansa, başa düşüləndir. Amma sən bu ifadəni dediyin sözdən əvvəl işlədirsən axı. Zəhmət olmasa, get, özünü doktora göstər.

Anam, bacım olsun! – yəqin siz də qımışdınız. Bu ifadənin altında düşüklükdən ziyadə freydist əclaflıqlar gizli-saxlıdır. Birmənalı şəkildə tərgitməli ifadədir.

Allah bağışlasın! - əslində pis ifadə deyil. Amma, “Bağışladım”la yanaşı hardasa belə bir çaları da var: “Mən bağışlamıram, Allah özü bilər.” Bəlkə, belə demək daha rahat olar: “Problem deyil, üzrə gərək görmürəm”

Türkün məsəli... - ən axmaq ifadələrdəndir. Ayının yadına daş salır. Təsəvvür edin, sizdən qələm istəyən adam əlini uzadıb deyir: “Türkün məsəli, ver.” Təhqirdir. Bəzən isə adamlar adi sözlər işlədəndə də bu ifadədən istifadə edirlər. Sən də qalırsan düşünə-düşünə ki, burda biədəb ifadə hardadır? Məncə, farsların türklərin mədəniyyətini aşağıladığı illərdən qalan şovinist bir arxetipdir və zamanını çoxdan keçirib.

Belə demək birtəhər çıxmasın! – Necə çıxmasın? Niyə çıxır ki? Ağlın başında deyil? Ağzını bu zay ifadə ilə niyə yorursan?

Oğlumdu, nökəriniz olsun! – adam bu qədər müti olmaz. Niyə axı nökərim olmalıdır sənin oğlun? Dostum olsa olmaz? Əlini öpməyə adam axtarırsız eee... Özü də ailəlikcə.

Onu səndən başqa deyən qələt eləyir. – day kişi kimi de ki, qələtini elə, yerində otur!

Qapında itin olum. – Olma qardaşım! Olma! Mən iti sevmirəm. Saxlamıram. Yanımda adam ol, yetər!

Bir ton çörək kəsmişik! – məncə, bir ton düzəlməz. Doqquz yüzdən bir az keçib (burda gülüş var). Çörəyin müqəddəsliyi də zamanını keçirən arxetiplərdəndir və aclıq illərindən qalma ənənədir. İndi dünyada çörək yeyən var ki? Bir də, misal üçün buğdanın qarğıdalıdan, arpadan, bulğurdan, düyüdən nəyi artıqdır ki? İnanın, tanrı yaradanda fərq qoymayıb. Hamısı taxılkimilər fəsiləsindəndir.

Ürəyim Allahnandır – hamı belə deyir. Ən çox da Allahın yolundan çıxanlar. Misal üçün, saat altıdan sonra Səməd Vurğun bağı ilə üzbəüz kafelərdə oturub araq içən yüzlərlə adamın hamısına yaxınlaşıb maraqlansanız, bir nəfər də “ürəyi allahla olmayan” adam tapa bilməzsiniz.

Süfrənin üstündən durmazlar! – niyə? Bəlkə təcili tualetə getməliyəm? Bəlkə, yanğın var? Durarlar, əzizim, durarlar. Yemək yeməkdən vacib bir hadisə baş versə, durarlar və bunun üçün bircə kəlmə “Bağışlayın” kifayət edər.

Allahın bacısı oğlusan? - çox qəribə deyimdir. Səmavi kitablarda allahın atası, övladı yoxdur. Demək, qardaşı, bacısı da yoxdur. Ancaq heç bir kitab və heç bir peyğəmbər Allahın bacısı oğlu haqda düşünməyib. Ona görə söhbətə burdan girmək mümkündür. Allahın bacısı oğlu eee! Bunu ilk işlədən adamı təsəvvür edirsiniz? Məncə, heykəli qoyulmalıdır.

Siz uşaqsız, bilməzsiniz! - əfəndim, kitab deyə bir şey var. Nəinki sizin, hətta Homerin də uşaqlığını, gəncliyini bilmək mümkündür. O qədər geri zəkalı ağsaqqal var ki! Əgər bilmək yaşla ölçülsəydi, Şirəli kişini BMT-nin baş katibi qoyardılar.

Mən sən düşündüyün qızlardan deyiləm! - bəlkə mən səni yaxşı qız hesab edirəm, özünü niyə təhqir edirsən? Özü də mənim yerimə danışaraq. Adam özünü rüsvay eləmək üçün niyə bu qədər əziyyət çəkməlidir ki?

Onun səviyyəsinə enmərəm! – hə, adətən cavab verə bilməyəndə işlənən sözdür. Hamı da bilir. Adamı doğrudan da səviyyəsiz hesab edirsənsə, reaksiya verməməlisən. Səviyyə söhbəti edirsənsə, aşağı-yuxarı yaxınlıqdasan.

# 1265 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #