news-inner
clock08:00 calendar-gray 28 Aprel 2016 view-gray112 dəfə oxunub
view-gray112 dəfə oxunub

"Teatr olmasaydı mən də olmazdım..."

O, tamaşaçıların yaddaşında daha çox “Kurtlar Vadisi”ndə və “Aşkı-Memnu” serialındakı obrazları ilə qalıb. Aslan amca və Adnan bəy... Son illər isə tamaşaçı qarşısına daha çox “Kim milyonçu olmaq istəyir?” verilişi ilə çıxır.

Kulis.Az Türkiyənin məşhur aktyoru, rejissoru və aparıcısı Səlcuq Yöntəmlə bağlı yazını təqdim edir.

Uşaqlığı

Səlcuq Yöntəm 1953-cü il 13 iyulda İstanbulun Eyüp bölgəsində dünyaya göz açıb. Atası Adapazarlı, anası Ərzurumludur. 1975-1976-cı illərdə Ankara Dövlət Konservatoriyasının məzunu olub. Uşaqlığı, ailəsi haqqında danışan Səlcuk Yöntəm deyir:

“Əslində mənim İqdırda doğulduğumu düşünürlər, amma ora ilə heç bir əlaqəm yoxdur. İstanbulluyam, Eyüp bölgəsində doğulmuşam. Burada da böyümüşəm. Atam zabit olduğu üçün onun təyinatı ilə əlaqədar bir neçə şəhərdə yaşamalı olmuşuq. İbtidai sinfə Malatyada getmişəm, sonra Ankara, Afyon, İstanbul... Daha sonra Şişli Terraki Liseyində oxumuşam, ən son isə konservatoriyada. Anamın 87 yaşı var, ailədə 5 uşağıq, ən böyüyümüz qız, qalanları oğlan. Mən evin 4-cü uşağıyam. Çox şən və böyük ailəyik. Anamın evi bizim əsas ocağımızdır. Hamıda o evin açarları var. Hər gün mütləq gedirik. Atamın çox güclü xarakteri var idi. Məni ilk dəfə teatra, baletə, operaya atam aparıb. Bethoveni ilk dəfə mənə o qulaq asdırıb. Konservatoriyaya girəndə çox sevindi. Atam Ankarada olan evini mənə bağışlayıb. O böyük evdə neçə il tək yaşamışam. Bu, çox gözəl idi”.

Məktəb həyatını xatırlayan Yöntəm deyir ki, birinci il məktəbdən qovulub:

“Fevral imtahanında 7 nəfəri məktəbdən çıxartdılar. Sonra şuranın qərarı ilə yenidən qayıtdıq. Müəllimlərim mənimlə bağlı ümidli deyildi. İndi o günləri xatırlayanda gülürük. Həm siyasətçi biri idim, həm də müəllimlərin mənə antipatiyası var idi. Əslində, siyasət heç vaxt həyatımda aparıcı yol oynamayıb. O zamanlar mənə qəribə baxırdılar. Müəyyən edilən bir düşüncəm var idi, hələ də o xətlə gedirəm”.

Karyerası

1977-ci ildən Ankara Dövlət Teatrında işləmə başlayan Yöntəm, 1994-cü ildə İrfan Yalçının “Aşağıdakılar” adlı tamaşasında, 1995-ci ildə Savaş Dinçəlin “Patırlı bir hikayə” tamaşasını səhnələşdirib. Bu tamaşalarla “Tərifə dəyər rejissor” mükafatını alıb.

1986-1987-ci illərdə teatr mövsümündə Haldun Tanerin “Ay İşığında Şamata” adlı tamaşasını səhnəyə qoyub.

1986-1987-ci illərdə “Dörd mövsüm” adlı tamaşa ilə yenidən “Tərifə dəyər kişi rejissor”, 1988-1989-cu illərdəki teatr mövsümündə “Pendirli Yumurta” adlı tamaşasıyla “Ən yaxşı kişi aktyor” mükafatını, 1990-1991-ci illərdə teatr mövsümündə “Dəli Domrul” rolu ilə “Ülvi Araz ən yaxşı kişi aktyor” mükafatlarına layiq görülüb.

Televiziya və film çəkilişlərinə başlayan “C Blok” adlı filmə görə “Ən yaxşı ikinci dərəcəli kişi aktyor” mükafatını alan Yöntəm, “Dəli Ürək” adlı serial və filmdə Bozo rolundan sonra, 2003-cü ildə “Kurtlar Vadisi” serialında Aslan Akbey rolunu canlandırıb. Ona ən əsas məşhurluq gətirən obrazlarından biri də 2008-ci ildə “Kanal D”-də yayımlanan “Aşk-ı Məmnu” serialında baş rolda oynadığı Adnan Ziyagil olub.

“Kim Milyonçu Olmaq İstəyir?” yarış proqramının məşhur aparıcısı Kənan İşıkdan sonra verilişin aparıcılığı Səlcuq Yöntemə tapşırılıb.

Şərab içən, siqar çəkən, Bethoveni dinləyən elit zövqlü adam...

“Əslində bütün bunlar sonradan başladı. İlk zamanlar həyata qarşı marağım yox idi. Sənətə başlayandan sonra həyata başqa cür baxmağa başladım. Siqarı 10 ildir çəkirəm. Ümumiyyətlə, çox şeyi sonradan öyrəndim”.

Səlcuq Yöntəm deyir ki, əgər teatr həyatımdan çıxsa, geriyə heç nə qalmaz: “Teatr həyatımda olmasaydı, məndən bir şey olmazdı”.

Məşhur aktyor deyir ki, ev mənim üçün çox önəmlidir:

Səhər yuxudan duran kimi 4-5 qəzet oxuyuram. Qəzetlərlə birlikdə səhər yeməyi yeyirəm. Hər səhər birinci ritmik, sonra caz, sonda isə klassik musiqi dinləyirəm. Son illərdə işlərin çoxluğu ilə bağlı başqa heç nə ilə məşğul olmuram. Çəkilişlərdən sonra dostlarla yemək yeyirik. Vaxtım olanda gəzirəm. Berlin və Kipri sevirəm. Axşam evdə olanda isə filmlərə baxıram, desəm ki, kitab oxuyuram yalan olar. Evim, binamız çox sakitdir”.

Onun özündə sevmədiyi xüsusiyyəti də var:

“Çox həssasam. Bəzi şeyləri böyüdürəm. Bir də heç kimi üzməməyə çalışıram və bu xasiyyətim məni narahat edir. Hamını özüm kimi zənn edirəm, sonra peşman oluram. Səbr edirəm sonra isə birdəfəlik küsürəm. Küsməyin kədəri daha çox olur. Bəzən qəddar da oluram. Bir dəfə aldığım evi ailəmə kirayələdiyim ev kimi təqdim elədim, çox bəyəndilər, sonra aldığımı dedim. Mənəvi dünyama gəldikdə isə həyatın böyük bir təşkilatçının sistemi olduğunu düşünürəm və bu dünyadan ibarət olmadığına inanıram. Tanrı ilə böyük miqyasda əlaqəm isə sadəcə məni maraqlandırır. Müqəddəs kitabların təməlində, düzgünlük, dürüstlük, çalışqanlıq və sevgi var. Bunlara önəm versək, dünyadakı problemlər həll olunar. Amma insanların ehtirası və eqosu buna imkan vermir. Mən isə özümü eqolu hesab etmirəm. Paylaşmağa önəm verirəm, rastlaşdığım sıxıntıların səbəbi də budur”.

Səlcuq Yöntəm şəkil çəkməyi, xizək sürməyi, tennis oynamağı istəsə də vaxtı olmadığına görə yarımçıq saxlamalı olub. Ən sevdiyi yemək anasının kotleti, plov və kartof qızartmasıdır.

Ən sevdiyi rejissorlar türklərdən Onur Ünlü və Ləvənt Semerci, xaricilərdən isə Koppola, İnarritu ve Terrens Malikdir.

Şəxsi həyatı

Məşhur aktyor deyir ki, qadın həmişə qadındır. Birlikdə olmaq yaşa, gözəlliyə deyil, ruha bağlıdır. Onun ilk evliliyi məşhur türk müğənni və aktrisa Zuhal Olcayla olub.

1976-cı ildə qurulan ailə 3 il sonra dağılıb:

“Bu evlilikdən çox gözəl xatirələr qaldı. Zuhal sinif yoldaşım idi. Evlənəndə o, 19 yaşında idi, mənim isə 23 yaşım var idi. Hələ də yaxşı dostuq. İmkan olanda görüşürük. Yaşamalı olduğum bir təcrübə idi. Çox məcaralı günlərimiz olub. 1 il Londonda yaşamışıq”.

Onun ikinci evliliyi isə balerina Cihan Yöntəmlə olub. Cütlüyün 1983-cü il martın 29-da İraz adlı qızları dünyaya gəlib:

“İraz da aktrisa oldu. Gözəl bir həyat yaşadıq. “Uşağımla dost kimiyəm” deyənlərə əsəbiləşirəm. Mən dost olsam bəs atası kim olacaq? Lazım olanda qızıma qarşı sərt oluram. Ona ziyan gələcək bir şey olsa mütləq qarşısına hədd qoyuram. Əgər qızım ona layiq olmayan birini sevsə, buna mane olaram”.

Ölümdən qorxmuram

63 yaşlı aktyor deyir ki, gənclərə qibtə edirsən, amma daha da irəli getməyin vacib olduğunu düşünəndə xoşbəxt olursan:

“Cen Lenonun dediyi kimi: “Biz gələcək üçün xəyal qurarkən, həyat başımızdan keçənlərdir”. Amma gənc olanda bu məlumata sahib olmaq istəməzdim. İllər məndən hüceyrələrimin qocalması xaricində heç nəyi aparmayıb. Əksinə, mən illərdən daha çox şey götürdüm. Ölümdən qorxmuram. Ölüm fərqli bir dünyaya, yeni gözəlliyə keçməkdir. Bu qədər mükəmməl bir orqanizm torpağa girib, yox ola bilməz. Həyat bu qədər zarafat ola bilməz...”

news-inner-user
Günay Məryəm

96 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti