Özgə şkafında qurdalanmaq – Rüfətin yeni şeirləri

Özgə şkafında qurdalanmaq – Rüfətin yeni şeirləri
18 aprel 2016
# 17:02

Kulis Rüfət Əhmədzadənin yeni şeirlərini təqdim edir.

Aysel üçün interqalaktik məktub

Cavablanmayan məktublarımın əzabını çəkirəm…
Sən bilərsən,
Məktublaşmayan cavabların əzabı yüngülmü?
Bəlkə ləzzəti var, onu mən hiss edə bilmədim…
Bəlkə, qüdrəti var, onu əldə edə bilmədim.

Necə oldu, görə bilmədim oyunun sonunu,
tanış mənzərə olsa da mənim üçün məğlubluq…
Qələbələr müxtəlif ola bilər…
Amma bütün məğlubiyyətlər eyni cür görünür…
Məsələn, dördgünlük müharibədə ümidlərini
dəfn edən 10 milyonluq xalq kimi
Mənim də itkilərim çox böyükmüş.

Oyundurmu, savaşdırmı,
Sevgi deyil…
Sadəcə, taleyə xox gəlmək üçün…
Cavablanmayan məktub
Məktublaşmayan cavabla gücünü sınayırmış.

Mənə danışma onun-bunun xoşbəxtliyindən…
Özgələrinin bədbəxtliyi də
nankorluğumdan saxlaya bilməz.
Qaytara bilməz heç nə itən 30 ilimi…
3 yaşına qədəm basan körpənin gələcəyi
Bəlkə saxlaya bilər…
Məsələn, bir məhbusu qandal saxlayan kimi.
Ya da ki, bir külfəti hambal saxlayan kimi…

Məndən soruşma – arzularımdan hansına çata bildim…
Puç olanlarını da çoxdan yadımdan çıxarmışam.
Hərdən pıçılda mənə o biri dünyadan:
Yolun sonunda hansı döngədən burulum sənə.

Bilirsənmi,
Bəzən insanlar son ümidlərini
Nifrətdə görər, əfv etmək istəməz.
Bilmirəmmi?
Ölülər çoxdandır şeir oxumur.
Səbəbin bilmədən yaşayan insan…
Belə şeyləri dərk etmək istəməz.

Aprel, 2016

Unutqanlıq

Sənin yoxluğunda nələr etmədim…

Allah bilir, necə keçdi bu illər.

Ən maraqlısı, mənim yoxluğumdur.

Bəzən bütün varlıqlar göz qabağından deyil,

Ayaqların arasından keçirlər.

Belə pis çıxmasın ey,

Sadəcə kiçilirlər….

Xatirələr unutqanlıq yaradır!

Sənin yoxluğundan nələr yazmadım…

Allah bilir, kimi üzdü şeirlər.

Ən maraqlısı, bir gün

Öz üzüntümün yoxa çıxmasıydı…

Bir səhər ayıldım ki,

məndən ancaq qəm-kədər gözləyirlər.

Pessimist çıxmasın ey,

Sadəcə sevinirlər…

Faciələr nikbinliyə calanır.

O səhərin səadəti sənin yoxluğundaydı,

Bunu anlamaq lazımdı, anladım.

Bu gecənin bədbəxtliyi sənin varlığındaymış.

Hey lazım olmadığın vaxtlarda xatırladım.

Məsələn, romantik görünmək üçün,

Nişanlımın qapısına əlimdə gül dəstəsiylə gedəndə…

Ya da xoşbəxtliyimi sübut eləmək üçün,

Həyat yoldaşıma ilk şeirimi həsr edəndə.

Özgələrin şkafında qurdalanmaq kimidir,

Sənin xatirələrlə

Evimə soxulmağın.

Sənin unutqanlığın,

Mənim unutqanlığım…

O, sənli şeirləri tərifləməyi də heç unutmur ki…

Unutsaydı, daha çox yox olardım.

Ürəyindən keçənləri desəydi,

daha çox uzaqlaşardım mən ondan…

Bəzən ağ yalan bizi həqiqətə qaytarır.

Sənə nə var,

Tanımazlar, bilməzlər…

Mənə nə var,

Evdə heç nə deməzlər,

Desələr də özümü eşitməzliyə qoyub keçəcəyəm.

Sırtılmışlıqdan deyil…

Sadəcə bilirəm ki,

Özünü tanımaq nadanlıq deyil.

Qapanmalar bəzən daha çox açır həyatın qapısını!

Düyün

Lax çıxmısan taleyin bütün sınaqlarından,

İndi verdiyin dərslərin

hamısından “iki”n var.

Xatirədən danışma, acizliyin görünər…

Xəyallarından söz aç,

barı buna gücün var?

Gücün varmı geridə yanan bir liman qoyub

Sadəcə arzuların qoynuna atılmağa?

Unutmusan bir sözə yanına gələnləri…

Bəs bir söz dinləmədən gedəni unutmağa?

Məsələn, bir xatirə yaman incidir səni…

Deməyə də utanır adam, nə gülməlidir…

Sadəcə yola salıb uğurlaya bilərdi,

“Daha ayrılaq” deyib oğurlamağı seçdi.

Rahatlığını aldı, yollarını doladı…

Hara getdinsə onun saçlarına ilişdin.

Bütün yollar necə də calanıb bir-birinə,

Bütün illər necə də oxşayır bircə günə…

O bir sözü yüz dəfə deyə bilərdin, amma,

Yol o yoldur, o mənzil həminki deyil axı…

O mənzildə gözləyən yoxdu səni, bilirsən…

Hələ dilənçi kimi qapısını döyürsən.

İçəridən səs gəlir, həmin o şən qəhqəhə…

Amma sənin səsinə səs verən olmayacaq.

Nə itin azıb axı, sənin bu xarabada?

Yarı yolda yorulub yıxılsaydın, a kişi!…

Yoxsa ki…

Yoxsa ki, özgəsinin xoşbəxtliyini hər gün

Bir açar deşiyindən izləməkdi xatirə?

Bəlkə də, “özgəsiylə bədbəxtliyini görüm”

Arzusunu yaşadıb bəsləməkdi xatirə!

Lax çıxmısan taleyin bütün sınaqlarından…

Yazdığın şeirlərin hamısında düyün var.

# 816 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #