writer1

Kərim Kərimli

Məqalə sayı

1
clock12:20 calendar-gray 13 Aprel 2016 view-gray273 dəfə oxunub
view-gray273 dəfə oxunub

Qəribə adam

Seyran Səxavətin 70 illiyinə

...Biz bir-birimizi doğulmamışdan tanımışıq. Torpağımızı tanıdığımıza görə, eyni bulaqlardan su içdiyimizə görə, eyni səmanın altında eyni havanı udduğumuza görə, eyni çəmənliyin ətrindən bihuş olduğumuza görə, eyni çayda (göldə) çimib, eyni günəşin şüaları altında isindiyimizə görə, eyni nəğmədən öyüd, eyni papaq qoyan kişilərdən tərbiyə aldığımıza görə...

O, bir dəfə mənə dedi:

- Mən səni bələkdən tanıyıram, çünki sən anadan olanda, mən artıq 17-18 il idi ki, sənin atanın qardaşı oğlu idim...

Amma buna baxmayaraq mən az qala doğulandan, ən geci onun adını ilk dəfə eşidəndən başlayaraq ən müxtəlif situasiyalarda və ən müxtəlif şəkildə onunla tanış olmağa, onu daha yaxından tanımağa başlamışam, çalışmışam.

...Bu yaxınlarda onun 70 yaşı tamam oldu. Bu, məşhur yazıçı üçün əlamətdar yubileydir. Son 50 ildə Azərbaycan ədəbiyyatında, özünün ifadəsi ilə desək, Azərbaycan ədəbiyyatının “ərazisində” özünə yer eləmiş və illər keçdikcə o yeri möhkəmləndirmiş, indi isə tamamilə özəlləşdirmiş yazıçının bayramı münasibətilə əksər saytlar, qəzetlər, ümumiyyətlə, ölkə mətbuatı yazılar verdi, onun müsahibələrini, haqqında dostlarının, həmkarlarının, ailə üzvlərinin müsahibə, ürək sözləri və rəylərini dərc etdi. Bütün bunlar, əlbəttə, yaxşıdır. Əladır. Ancaq, mənim fikrimcə Seyran Səxavət haqqında bir neçə söz də biz deməliyik. Biz – yəni, yağlıvəndlilər. Onun kəndçiləri…

***

Bir yağlıvəndli olaraq onun “sahib çıxmağa” iddia etdiyi Yağlıvənd “var-dövləti”nə biz də şərikik, bizim də iddiamız var. Əsas fərq, əsas məsələ odur ki, Seyran müəllim, tutaq ki, Əsgərxan bulağından məndən qabaq su içib, amma o da var ki, ondan qabaq da o bulaqdan su içən olub, ondan sonra da və inanıram ki, gələcəkdə də olacaq. Ancaq, təbii ki, Seyran Səxavət YAĞLIVƏNDİN DÜNYA ƏDƏBİYYATINA BƏXŞ ELƏDİYİ ƏN BÖYÜK YAZIÇIDIR! Əlbəttə, yağlıvəndli olmayan adamlar dərhal deyə bilər ki, o boyda yazıçını bir kənd səviyyəsinə endirmək nəyə lazımdır?.. Hətta bunu nadanlıq hesab edə bilərlər. Amma Yağlıvənd adlı bir dünyaya bələd olan hər kəs hesab edir ki, Seyran Səxavətin bugünkü səviyyədə yazıçı olmasının ən birinci və ən əsas səbəbi məhz YAĞLIVƏNDLİ olmasıdır. ...Və özünün də etiraf etdiyi kimi, bütün ömrü boyu yazdıqları da məhz Yağlıvənd haqqındadır. Düzdür, o, özü bunu “ömrüm boyu özümü yazıram” şəklində ifadə edir. Lakin, biz bunu “ömrüm boyu Yağlıvəndi yazıram” kimi başa düşürük. Bizim və ümmuiyyətlə, heç kimin qarışa bilməyəcəyi yeganə məsələ isə Əsgərxan bulağından su içməsinə də, Qara Quzeyin təpəsindən dünyaya baxmasına da, hələ “bir qarış” vaxtlarından Bakıdan “yekə-yekə” məktublar almasına da onun və başqalarının haradan və necə baxmasıdır. Və bu baxışı müəyyən edən də məhz Tanrının ona bəxş elədiyi təbii istedaddır. Hamının gözünün qabağında olan, hamının baxdığı, lakin heç də hamının görə bilmədiyini görə bilmək bacarığını ona verən İSTEDAD!


Yəqin məhz buna görə də o, demək olar ki, bütün əsərlərinin girişində qeyd edir ki, “Mənim yazdıqlarımın hamısı Dünyanın Mən baxan tərəfdən görünən hissəsidir.

Əziz oxucu, gəl bir az da mən baxan tərəfdən bax Dünyaya, nə vaxt darıxsan, çıxıb gedərsən...”

Amma, onun baxmadığı, baxa bilmədiyi, baxmağa imkan, vaxt, fürsət, bucaq tapmadığı səmti də var Dünyanın. İndi biz də buradan birlikdə onun baxdığı Dünyaya onun qəhrəmanlarının, qohumlarının, dostlarının və ...onun əsərlərinin qəhrəmanlarının - personajlarının qohumlarının-doğmalarının baxdığı tərəfdən baxacağıq. Qoy Seyran Səxavət də bir az biz baxan tərəfdən baxsın bu Dünyaya. 70 illik yubileyində.

***

...O, qəribə adam təsiri bağışlayır. 70 illiyi münasibətilə verdiyi müsahibələrdən birində: “...Hər insanın içində bir proqram var. Mənim içimdə Seyran Səxavət ssenarisi var. 70 ildi Allahın mənə yazdığı Seyran Səxavət ssenarisini oxuyuram. Hələ bitməyib. Mən orda baş roldayam. Bu ssenari oxunub qurtaranda artıq mən olmayacam…” deyir. Qeyd etdiyi, baş rolda və 70 il oxumaqda olduğu Seyran Səxavət ssenarisi məhz bizim kənndən başlayıb. Ondan söz düşən bütün məclislərdə, qohumu olan da, olmayan da, şəxsən tanıyan da, tanımayan da fəxrlə “bizim kənddəndir”, “mənim qohumumdur” deyə bilər. Xüsusilə də mən. Çünki, biz həm həmkəndliyik, həm həmkarıq, həm qohumuq, həm də dostuq! Üstəgəl mən onun daimi oxucularından, pərəstişkarlarından və təbliğatçılarından biriyəm. Digər tərəfdən onun işıq üzü görmüş, hamısını oxuduğum, bir çoxunu əzbər bildiyim əksər əsərlərinin əsas qəhrəmanları da onun özü kimi mənim də yaxın qohumlarımdır.


Onun daim çiçəkləməkdə olan və müntəzəm və yaxşı bar verən ədəbi-bədii ağacının ilk becərəni, ilk su verəni mənim mamam (bizlərdə atanın bacısına mama deyirlər), dolayısı ilə elə onun da maması, Qarabağda ali təhsil almış ilk qadınlardan biri, kəndimizdə isə birincisi olan Sona Əsədova olub. Bəli, mənim də ilk Azərbaycan dili və ədəbiyyat müəllimim və mamam olan Sona müəllim məndən əvvəl Seyranın həm atasının yaxın qohumu - maması, həm də ilk Azərbaycan dili və ədəbiyyat müəllimi, ən sevimli müəllimlərindən biri olub. Elə Seyran Xanlarov da mamamın ən sevimli şagirdlərindən biri imiş.

***

...Əsas məsələ odur ki, o, bizim kənddə doğulub. Biz isə hərəmiz bir vaxtda ondan müəyyən müddət sonra dünyaya gəlmişik və onu tanımışıq, sevmişik, əsərlərini bir vaxtlar qoynumuzda-qoltuğumuzda gəzdirmişik. Onun özü ilə şəxsi tanışlıqdan əvvəl adı ilə, səs-sorağı ilə tanış idik. Bu tanışlıq “salnaməsinə” o zmanlar kənd yerlərində dəbdə olan dava-dalaş tarixçələri də daxildir. Məsələn, biz uşaq olan vaxtlarda danışırdılar ki, Yağlıvəndin köhnə klubunda kinoya toplaşdıqları zaman cavanlardan biri ilə orta məktəbin orta siniflərində oxuyan gələcəyin böyük yazıçısının sözü çəp gəlir. Seyran özündən 5-6 yaş böyük olan oğlanın üstünə atılır. Düzdür, ona gücü çatmır, hələ iki yağlı şillə də alır. Amma ətrafdakı adamların hamısının rəğbətini qazanır. Qorxmadığına, cəsarətinə və təəssübkeşliyinə görə.
Başqa bir “rəvayətdə” isə qəhrəman birmənalı olaraq Seyrandır. Orta məktəbi bitirib Bakıda, başqa yerlərdə ali məktəbə daxil olan cavanlar kəndə gələndə hökmən kənd arasına çıxıb “özlərini göstərərmişlər, qıza-zada baxarmışlar”. Və Azərbaycan Dövlət Universitetində oxuyan şıq geyimli bir tələbə məktəbin darvazası ağzında dayanıb, “özünü göstərir, qıza-zada baxır”mış. Dərsdən çıxan Seyran yenə də özündən 6-7 yaş böyük cavanın üstünə atılır. O, indi artıq 10-cu sinifdə oxuyur, özü də köhnə klubun yanındakı zəif uşaq deyil. Bu dəfə o, qonağı iki şilləyə qonaq edir...

***

...1950-ci illərin sonlarında Yağlıvənd kənd məktəbi onillik təhsil verən yeganə orta məktəb idi. Yaxın ətrafda olan bütün kəndlərin – Qacar, Dilağarda, Divanallar, Veysəlli, Qaraməmmədli, Dövlətyarlı, Qərbənd, Zərgər, Gecəgözlü, kimi kəndlərin, hətta bəzən Araz Yağlıvəndinin də şagirdləri yuxarı sinifləri oxumaq üçün Yağlıvəndə gəlirmişlər. Hətta kənd orta məktəbinin başqa kəndlərdən gələnlər üçün öz yataqxanası da olub. Həmin dövrdə gənc Ulduz müəllimə bizim kəndə gəlir və onu orta məktəbdə pioner baş dəstə rəhbəri təyin edirlər. Məhz həmin Ulduz müəllimin təklifi ilə xüsusi musiqi istedadı olan Seyran məktəbin pioner dəstəsinin şeypurçalanı olur. Və o, bu işdə pioner yaşı başa çatıb komsomol sıralarına keçənədək davam edir. Komsomola keçdikdən sonra isə öz şeypurunu və şeypurçalan vəzifəsini mənim qardaşım Arzumana təhvil verir.

***

...Sonrakı ədəbi-bədii yaradıcılığında xüsusi yer tutacaq qəhrəmanlardan, obrazlardan biri olan Qaçay müəllimlə də həyatının paralel getməsinin maraqlı tarixçəsi var. Həmin Ulduz müəllimin rəhbərliyi ilə o dövrün ən məşhur səhnə əsəri olan Səməd Vurğunun “Vaqif” əsərini Yağlıvənd kənd orta məktəbində tamaşaya qoyurlar. Təxminən 1959-1960-cı illərdə. Əsərin əsas obrazlarından olan Şah Qacar rolunu Seyran Xanlarovdan 2-3 yaş böyük olan, mənim böyük qardaşım Əhliman oynayır. Seyran və onun sinif yoldaşı, sonralar ayrıca “Qaçay müəllim” adlı hekayə həsr etdiyi, “Qaçaqaç” romanında isə “Qaçay” kimi təsvir olunan Ağayar Alıyev (onun rəsmi sənədlərdə adı Ağayar olsa da hamı Qaçay kimi tanıyır) qılınclaşan gürcülərin rolunu oynayırlar. Mənə elə gəlir ki, bunun əsas səbəbi Seyranın da, Qaçayın da zahirən göyçək, ağbəniz və sarışın olmaları olub. Hə, axı Seyrana orta məktəbi qurtarıb kənddən gedənədək camaat elə həm də Sarı deyirmiş. Elə o qılınclaşan – bu qılınclaşan, 70-ə çatdılar… Yeri gəlmişkən, Qaçay müəllim obrazı da məni Seyran Səxavətin qonorarına şərik edir, çünki Ağayar – Qaçay müəllim anamın doğmaca əmisi oğludur. Söhbət anamın qohumlarından düşmüşkən dərhal onu da qeyd edim ki, yazıçının avtobioqrafik romanı olan “Qaçaqaç”dakı II Dünya müharibəsinin qəhrəmanı poçtalyon Balaca da anamın doğmaca əmisidir.

***

...Bizim ilk şəxsi, canlı, üzbəüz tanışlığımız onun öz toy gününə təsadüf edib. 1970, ya da 1971-ci il idi. Əsgər müəllimin oğlu Seyranın toyuna atamı da ailəlikcə dəvət etmişdilər. Füzuli şəhərinin əvvəllər Proletar, sonralar isə Rüstəm Əliyev adlandırılan küçəsindəki həyətin iri darvazası açıq idi. Bizi qarşılayan adamlar - bəyin anası anamla, atası isə atamla qucaqlaşıb, qarşılıqlı “mübarək-xoşgəldin” mübadiləsindən sonra qadınlar anamı evə apardı, kişilər isə atamla məni körpə gözlərimdə ucu-bucağı görünməyən mağara...

Çox qısa müddətdən sonra mən mağardan doydum və çölə çıxmaq istədim. Atam darvazadan küçəyə çıxmamağımı tapşırıb uşaqlarla oynamağa buraxdı. Bax, təzə bəyi də məhz bu “azadlığa çıxanda” gördüm. Tay-tuşlarının arasında. Uca boylu, şıq geyinmiş, sarışın telli cavan hələ də yadımdadır.

***

...Sonralar onunla Ukraynada da “tanış oldum”. Ali təhsil aldığım 5 il ərzində orada mətbuatla, ədəbiyyatla, mədəniyyət və incəsənətlə ciddi maraqlanırdım. Oxuduğum jurnallardan biri də “Kolos” idi. ...Və günlərin bir günündə aldığım jurnalı vərəqləyərkən “...Azərbaycanın cavan, istedadlı və tanınmış yazıçılarından biri Seyran Səxavətin” “Baxram Koratan” hekayəsinə rast gəldim! Bunun sevincini 30 il keçəndən sonra necə ifadə etmək olar görəsən?! Hər halda gec də olsa təxminən 2700 kilometrlik bir məsafədə əmioğlunu o səviyyədə sevindirə bilən 40 yaşlı yazıçıya çatmalı olan və o zamandan indiyədək gələn minnətdarlığı indi bildirməyi də özümə borc bilirəm. Deyəsən indiyədək onun mənə olan şərikli qonorar borcunun hamısını bircə bu sevincə dəyişmək olar. Və onu da qeyd edim ki, Seyran Səxavətin Ukraynada ukrain dilində hekayəsi çap olunmuş jurnalı da ilk dəfə Azərbaycana, ən azı Füzuliyə və Yağlıvəndə gətirmək və doğmalara çatdırmaq sevincini də mən yaşadım.


İşin yaxşı, potensial münaqişəni aradan qaldıran tərəfi odur ki, iddia etdiyim adamların çoxu həm də onun öz qohumlarıdır. Hətta bəziləri ona daha yaxındır. “Yüz ilin kişisi” kimi bir hekayə həsr etdiyi, başqa əsərlərində, xüsusilə də “Qaçaqaç” romanında dəfələrlə xatırladığı “Bəylər Dədə” isə özcənə babasıdır.

***

...Bizim bir tanışlığımız da məşhur rəssam Maral Rəhmanzadənin “vasitəsi” ilə olub. Anam və onun həm qohumunun həyat yoldaşı, həm qonşumuz və ən əsası isə yaxın rəfiqəsi olan Maral xalam Füzuliyə getmişdilər. Onlar yanaşı yeriyəndə kənardan çox maraqlı görünürdülər. Anam uca boylu, nəcim, Maral xalam isə dərhal nəzərə çarpacaq dərəcədə gödək və kök qadın idi. Hər ikisi 12 taxta tuman, yaxası düyməli, qolu büzməli, boyunluğu köbəli qofta geyinir, başlarına şal örtür, alınlarına qəşbeh bağlayırdılar. Rəssam Maral Rəhmanzadə ilə təsadüfən rastlaşmaqla onun diqqətini cəlb edirlər. Rəssam onlara yaxınlaşır, şəkillərini çəkmək üçün icazə istəyir. Anamgil əvvəl razı olmurlar. Maral xanım: “mən Bakıdan gəlmişəm, rəssam Maral Rəhmanzadəyəm, burada Seyran Səxavətin atasıgildə, Xanlargildə (yazıçının böyük qardaşı) qonağam. Sizin geyiminiz mənim çox xoşuma gəlir, bir rəssam kimi mənim üçüm çox maraqlıdır. Xahiş edirəm ki, imtina etməyəsiniz.” – deyir. Anam, “Elə bilin ki, o ev mənim qaynım evidir, Seyran mənə öz balam kimi əzizdir. Bir şəkil çəkmək nədir ki, istədiyin qədər çəkə bilərsən” – deyə cavab verir. Maral Rəhmanzadə biri arıq-uzun, digəri kök-gödək olmaqla tumanlı- qoftalı-şallı-şamaxılı-qəşbehli kənd qadınlarının bir neçə şəklini çəkir. Ayrılanda da deyir ki, şəkli Xanlargildən götürə bilərsiniz.
Bu xəbəri eşidən Maral xalamın həyat yoldaşı, bir az əsəbi olan, Alverdi kişi ağacını götürüb arvadını cəzalandırmaq istəyəndə Maral xalam canını qurtarmaq üçün günahın anamda olduğunu söyləmişdi. O da aradakı yolu keçib bizə gəlmişdi. Anam atasının doğmaca xalası oğlu olan Alverdiyə izah etdi ki, şəklimizi çəkən qadın Əsgər müəllimin qonağıdı. Bununla da məsələyə xitam verildi.
Sonralar həmin fotolar əsasında Maral Rəhmanzadə bir neçə “Qarabağ qadınları” portreti yaratmışdı...

***

...Atamın avtomobil qəzasında həlak olmasından cəmi bir il sonra Əsgər əmi də vəfat etdi. Bütün Yağlıvənd Füzuliyə axışdı. Seyran Səxavətin də, mənim də yaxın qohumumuz olan Əlisəfa (hazırda məcburi köçkün kimi Hacıqabul rayonunda yaşayır) təklif etdi ki, Əsgər əminin yasına biz də gedək. Getdik, amma bir az gec, camaat dağılandan sonra. Seyran müəllim və Bakıdan gəlmiş bir neçə tanınmış yazıçı və şair bağda qoyulmuş iri masa ətrafında çay içirdilər. Görüşdükdən, başsağlığı “dil-ağız”ımızı dinlədikdən sonra bizi Bakıdan gələn hörmətli qonaqlara təqdim etdi. Açığı biz də çox sevindik ki, belə adamlarla bir süfrədə əyləşib çay içirik. Sonra Seyran müəllim bizdən hal-əhval tutmağa başladı. Biləndə ki, mən universiteti bitirib təyinatla Şuşaya getmişəm və bir az da yazı-pozu ilə məşğul oluram, çox sevindi. Dedi:


- Şuşada Əli Mahmud var, tanıyırsan onu?
- Bəli (Əli müəllim o zaman “Şuşa” qəzetinin redaktor müavini idi).
- Qayıdanda gedərsən onun yanına, deyərsən ki, mən Seyranın əmisi oğluyam. Sonrası ilə işin yoxdu, nə lazımdı o özü edəcək. Yaxşımı?
Susduğumu görüb, bir də soruşdu:
- Yaxşımı, əmi oğlu?
- Yox! – kobud cavab verdim.
O, təəccüblə əvvəl mənim, sonra da qonaqların üzünə baxdı, üzünü mənə çevirdi:
- O nə deməkdi, niyə?
- Əli Mahmudun bir işi olanda məndən xahiş eləyir! – mən əlbəttə, zarafat edirdim.
Qonaqlar da, Seyran da əslində yas yerində olduğumuzu unudub qəhqəhə çəkdilər.
- Gördünüz? - Seyran müəllim üzünü Bakıdan gələnlərə tutdu, - bax bu, Yağlıvənd deməkdi. Özü də hələ bu Yağlıvəndin ən sakit cavanlarıdı. Hələ yolunuz kəndimizə düşsə nələr görərsiniz...

***

“...-Yazanda özümə xidmət etmişəm ki, yüngülləşim. …Oxucu da kitabımı oxuyubsa özünə xidmət edib...” - Seyran Səxavət bu sözləri təzəlikcə deyib.. Bunu oxuyandan sonra qardaşım Arzumana müraciət etdim:
- Aranızda cəmi 3 yaş fərq var. Seyran Səxavətin bütün həyatı, yaradıcılığı gözünün önünə keçib. Səncə doğrudanmı, o bir yazıçı kimi xalqa qulluq etməyib?

Cavab belə oldu:

- Əgər yazıçı ədəbiyyata, indiki halda Azərbaycan ədəbiyyatına xidmət edirsə, deməli həm də Azərbaycan ədəbiyyatının məxsus olduğu Azərbaycan xalqına xidmət edir. Konkret Seyrandan bir şair kimi danışsaq, onun şairliyindən indiki nəsillərin xəbəri olmasa da, bizim vaxtımızda, yəni Seyranın şair vaxtlarında cavan qızlar, oğlanlar onun şeirlərini kəsib özləri ilə gəzdirirdilər... Əzbər bilirdilər...

***

Tanışlığımız davam etdi. Seyran Səxavətin işıq üzü görən bütün şeirlərini oxudum. 1962-ci ildə, onun 16 yaşı olanda çap edilmiş ilk şeirindən tutmuş məşhur şeirlərinədək... Bəzilərini hətta əzbərlədim də...
Sonra “Hamı elə bilirdi”dən başlayaraq hekayələrini, romanlarını oxudum. Onun müstəqilliyimizin bərpa olunmasından əvvəl yazdığı, yəni Azərbaycan Sovet ədəbiyyatına məxsus olan sonuncu hekayəsi, 1987-ci ildə qələmə aldığı “Qaçay müəllim” hekayəsidir. Bu əsərin də əsas qəhrəmanları mənim qohumlarımdır. Qaçay müəllim yuxarıda qeyd etdiyim kimi, dayım (anamın doğmaca əmisi oğlu), onun “işpionluğundan” şübhələnən Qoruqçu Şükür isə anamın (həm də Qaçay müəllimin) əmisidi (atasının doğmaca əmisi oğludur). Qoruqçu Şükürə bir az dəli-dolu xasiyyəti olduğuna görə həm də Dəli Şükür deyirmişlər. Həmin hekayə çap olunub yayıldıqdan sonra tək-tük narazı qalan da var idi. İnciyənlərdən biri də Dəli Şükürün - Qoruqçu Şükürün qızı, indi artıq rəhmətlik Bayaz xalam olur. Atasının bu şəkildə qələmə verilməsi onun bərk xətrinə dəymişdi. Amma artıq iş-işdən keçmişdi, kitab da çıxmış, camaat da oxumuşdu.
Qaçay müəllimin böyük qardaşı Vətən Əliyev “Ukrayna” sovxozunun baş mühasibi idi. Bir gün Bayaz xalam baş mühasibin sovxozun idarəsindəki kabinetinin pəncərəsini tıqqıldadır. Başını qaldıran əmisi oğluna işarə edir ki, çölə çıx. Baş mühasib onu içəri dəvət edir ki, əmi qızı, gəl içəri, sözünü de. Əmiqızı içəri girmir, təkid edir ki, əmioğlu çıxsın. Əmioğlu onun xətrinə dəymək istəmir. Durub çıxır çölə. Bayaz xalam onun qoluna girib idarədən xeyli aralayıb, bağdakı ağacların birinin altına çəkir. Ağzını Vətən müəllimin qulağına yaxınlaşdırıb deyir:


- Əmi oğlu, qağamın adı yazılan varağı cırdım!
Baş mühasib söhbətin nədən getdiyini göydə tutur:
- Lap yaxşı eləmisən, əlinin də içindən gəlib. Heç kim sənə heç nə eləyə bilməz. Durmuşam arxanda dağ kimi, gəl bəri.
Bəli, Bayaz xalam Seyran Səxavətin kitabındakı “Qaçay müəllim” hekayəsində adı çəkilən Qoruqçu Şükürə aid vərəqləri cırıb atmış, bununla da yazıçıdan acığını çıxmışdı.

***

Bir gün kəndə - Yağlıvəndə gəlirmiş. Öz məhəllələrinə - Kavxalıya az qalmış uzaqdan görür ki, uzun müddət “Ukrayna” sovxozunun direktoru olmuş ağsaqqal Tapdıq əminin arvadı, Seyranın maması (atası Əsgər müəllimin doğmaca əmisi qızı, yazıçının bir çox əsərində sevə-sevə “Bəylər Dədə” kimi oxucuya təqdim etdiyi İsmayıloğlu Bəylərin qızı), Seyran da daxil olmaqla yaxın qohumlarının əzizləyərək “Xeti mama” dediyi Xeyransa xanım öz əmisi oğlu Eyvazxan kişi ilə baş-baçşa verib nə isə danışır (üç qardaşdan birinin nəvəsi yazıçının atası Əsgər müəllim, birinin nəvəsi Xeyransa xanım, birininki də Eyvazxan kişidir). Seyran Səxavət “Volqa”da onunla birlikdə gələn yazıçı qonaqlarına deyir:

- Bax, o arvad mənim mamamdı, o da əmimdi.

Maşından düşür və uzaqdan uzuağa çağırır:
- Aya-ya-ya, Xeti mama, Xeti mama!
- Nədi qadaalım?! – Xeyransa xanım Yağlıvənd ləhcəsi ilə cavab verir.
- A, o kişi kimdi heylə, bu axşamın toranında baş-başa verib danışırsan orda?
- Kişi dəyil ha, qadaalım, Eyvazxan əmindi!..
...Xeyransa mama baş-başa verib danışdığı kişinin yad adam olmadığını demək istəyirdi...

***

...Şuşanın işğalından sonra Bakıya gəlməyə məcbur oldum. Burada “Qarabağ” və “Şimali Azərbaycan” qəzetlərində işlədiyim vaxtlarda Seyran Səxavət tez-tez “Azərbaycan” nəşriyyatının 2-ci mərtəbəsində “Bərəkət” qəzetinin redaksiyasında olurdu. Bir gün onun yanına getdim, müsahibə almaq istədiyimi bildirdim. Mənim başa düşmədiyim bir cavab verdi:

- Sizin ən qəliz suallarınıza cavab verməyə hazıram! – dedi.
Mən onu başa düşmədim, çünki heç bir halda Seyran Səxavət mənimlə “Siz” deyə danışmamalı idi. Yox, əgər belə danışırdısa, deməli, sadəcə olaraq məni tanımayıb. Hər iki halda mənim xətrimə dəyirdi. Ona görə də iraq böyüklüyündən “hərcayı” sözə yağlıvəndli kimi “mərcayı” cavab vermək qərarına gəldim. Onun “Sanatoriya” povestindəki Mərdan yadıma düşdü. Və eynən Mərdan kimi ətrafıma baxıb, soruşdum:
- Kimin?
- Ən qəliz suallara cavab verə bilərəm! – düzəliş elədi.
- Bəs deyirsən “Sizin”?
İkimiz də güldük. Onun o zaman məni tanıyıb-tanımadığına hələ də əmin deyiləm. Amma müsahibədən vaz keçdim.
...Və indiyədək də baş tutmayıb...

***

Haqqında danışdığımız Qaçay müəllimlə yanaşı o sinifdə həmin Qoruqçu Şükürün prototipi olan Şükür kişinin qızı Ana, sonralar kimya müəllimi olan, xalam oğlu Bəylər, mühəndis olan Eyvaz, rus dili müəllimi olan Eyzangül, mühasib olan Əzizgül və başqaları da oxumuşdu. Mən ailə qurandan bir müddət sonra Bakıdakı görüşlərimizin birində yazıçı soruşdu:
- Əmoğlu, yoldaşın haralıdı?
- Öz kəndimizdən.
- Kimlərdəndi?
- Qədirlilərdən, Vətənin qızıdı.
- Bıy, əmoğlu, mənim bacım qızın almısan ki!
- Necə yəni?
- Sənin qaynanan Əzizgül mənim sinif yoldaşım olub, 10 il bir partada oturmuşuq, bacı-qardaş olmuşuq.
Bu tanışlığımızın davamı idi...

***

1996-cı ildə onun 50 illik yubileyi keçirilirdi. Mətin Mirzə adlı bir gənc tribunaya qalxdı. Dedi ki, hər kəsin bir atası olur. Mənim isə iki atam var. Onlardan birincisi mənim bioloji atam, hamınızın tanıdığınız Mikayıl Mirzədir. İkinci və mənəvi atam isə Seyran Səxavətdir. O, hələ heç kimin tanımadığı cavan bir uşağın altı hekayəsini birdən “Ulduz” jurnalında çap etmişdi. Bu ilk hekayəsi çap olunan gəncə tarixdə misli görünməyən bir etimad idi. Bax, o gənc mənəm və ona görə də Seyran Səxavəti özümün mənəvi atam hesab edirəm.
Həmin məclisdə mərhum şair Mərkəz Qcaraın “Kərim Kərimli də çıxış etsin!” təklifinə etiraz etmişdm. Tanışlığımız hələ davam edirdi...

***

2000-ci illərin əvvəli idi. O zaman Hökumət evinin yaxınlığındakı Beynəlxalq Mətbuat Mərkəzində tez-tez keçirilən tədbirlərin birindən çıxıb aşağı - həyətə düşəndə gördüm ki, məşhur yazıçı Seyran Səxavət siqaretin kötüyünü çeynəyə-çeynəyə var-gəl edir. Yaxınlaşdım, görüşdük. Gördüm ki, bulud kimi dolub, himə bənddi. İstədim fikrini dağıdam. Torpağı sanı yaşasın, rəhmətlik Xanəhməd oğlu Famil əmisi kimi ağzımı açmağa qoymadı:

- Kərim, Mədinə mamam öldü!

Mədinə mama Seyran Səxavətin atası Əsgər müəllimin əmisi qızıdı. Böyük bəyin gəlinidi. Mədinə xanımın həyat yoldaşı rəhmətlik Əvəz kişinin atası Böyük bəy isə Qarabağ xanlığının banisi Pənah xanın nəslindən olan Behbud bəyin oğlu, Qarabağda məşhur adamlardan Şıxalı bəyin, Zənsgəzur qəzasının pristavı Həsənalı bəyin qardaşı oğludur.

Mədinə xanımın vəfat etməsini mən təxminən 10 gün əvvəl eşitmişdim. Ailə üzvlərimizdən onun yasına gedən də olmuşdu. (Qarabağlılar bütün ölkəyə səpələndiyindən qohum-əqrabanın xeyir-şərinin hamısında iştirak etmək mümkün olmur. Bəzən məcbur olub, qardaşlar arasında kimin hara getməsi barədə məsləhətləşməli olursan.) Ona görə də təəccüb etdim, necə ola bilər ki, Mədinə mamanın vəfat etməsini Seyran müəllim indi eşitsin! Cavab verdim:

- Allah rəhmət eləsin, ay Seyran müəllim, mən bunu neçə gündü...
- Hə, rayondaydım, yeddisini verib gəlmişəm!..
- Seyran müəllim, indi elə çətin zəmanədi ki, ölüm adiləşib, xüsusilə də bədbəxt hadisələr çoxalıb, cavan-cavan adamlar dünyasını dəyişir, nə qədər gəncimiz Qarabağda şəhid oldu... Mədinə mama, torpağı nurla dolsun, doxsanı haqlamışdı, dünyanı görmüşdü, qəriblikdə dəfn olunmaqdan başqa bir dərdi də yox idi...
- Ə, yox e, Mədinə mamam...
Tamam kövrəlib. Ona necə təsəlli vermək barədə düşünməyə macal tapmamış, birdən qolumdan tutdu:
- Kərim, Hilizəni gördüm!
- Hilizə hara, sən hara? – zarafat eləyib könlünü açmaq istədim. İşarəni yazıçının 1986-cı ildə yazdığı “Madonnanın əri Fərəməz kişi” hekayəsinə vurmaq istəyirəm. Seyran Səxavətin həmin hekayəsinin personajı Fərəməz kişinin prototipi Hilizənin əri, anamın anasının əmisi oğlu olan rəhmətlik Fərəməz kişidir.
- Ojağın külü, sinif yoldaşımdı dana! – gülümsəyərək sırf yağlıvəndli kimi cavab verdi.
- Yəqin yas yerində görüşdünüz.
- Hə, bir də görürəm bir qadın mənə yaxınlaşıb, başaa dönüm, ay Seyran, nətərisən, deyir. Üzünə baxıram, elə bil dünyanın xəritəsidi. İynənin ucu boyda qırışsız yer yoxdu. Heyrətlənirəm. Gülə-gülə qayıdasan ki, tanımadın məni? Deyirəm yox. Deyir, Hilizəyəm dana, ojağın külü!..

***

...Seyran Səxavət haqqında bir əhvalatı da mənə Azərbaycan ədəbiyyatının “ərazisində” özünə təzə “yer götürmüş” yağlıvəndli gənc və istedadlı şair Elşad Ərşadoğlu hələ 5 il əvvəl danışıb. Deyir, bir dəfə Seyran Səxavət, Ağa Laçınlı və İsa İsmayılzadə qatarda harasa gedirmişlər. Kupedə bekarçılıqdan Azərbaycanın yazıçı və şairlərinin siyahısını tutmağa başlayırlar. Yada düşən hamının adını yazıb qurtarandan sonra bir-bir “istedadsızların” adlarını pozmağa başlayırlar. Axrda siyahıda cəmi 3 nəfərin adı qalır: Seyran Səxavət, Ağa Laçınlı və İsa İsmayılzadə. Arada İsa İsmayılzadə nəyə görəsə kupedən çıxır. O çıxan kimi rəhmətlik Ağa müəllim deyir ki, Seyran, bunun adını poz, bundan şair olmaz. İsa İsmayılzadə qayıdandan bir müddət sonra Ağa Laçınlı da çıxası olur. Dərhal İsa İsmayılzadə deyir ki, Seyran, bunun adını da poz, bunun harası, nəyi istedadlıdı, bu şair deyil. Seyran qələmi götürüb onun da adının üstündən xətt çəkir. Ağa müəllim də qayıdır və xeyli müddət heç biri yerindən tərpənmir. Bir müddətdən sonra Seyrandan soruşurlar ki, niyə heç durub çölə çıxmırsan, siqaret çəkməyə, su başına... Seyran özünəməxsus yumorla cavab verir:

- Qağa, mən Azərbaycan ədəbiyyatını başsız-sahibsiz qoyub heç hara gedə bilmərəm!..

***

Bizi Yağlıvənd adlı bir kənd gözləyir. İndi başsız-sahibsiz qalmış bir kənd. O kənddə vaxtilə dahidən dəliyə qədər ancaq yaxşı adamlar yaşayıb. O kəndin sakinləri Fərhadlılar, Qədirlilər, Muradxanlılar, Dadşlılar, Kalbayı Həsənxanlılar, Aşırlılar, Külədərlilər… kimi tayfaları can deyib, can eşidərək ürək ürəyə yaşayırdılar. Və o kənddə 1946-cı il mart ayının 23-də Kavxalı obasının Muradxanlı tayfasında Allah bəndəsi Seyran adlı bir oğul doğulub. O oğul ki, Azərbaycanda həm filologiya üzrə və həm də texnika üzrə elmlər doktor olan yeganə şəxs, şair, professor Elçin İskəndərzadə dahi adlandırır və “Seyran Səxavətin təkcə “İt intervüsü” hekayəsi belə Nobel mükafatına layiqdir” deyir. Elçin müəllim haqlıdır. Mən də Seyran Səxavətə Nobel mükafatını arzu edirəm (hələ Azərbaycanın Xalq Yazıçısı olmasa da), lakin, Böyük Yazıçıya ən böyük arzum məhz Yağlıvənd Mükafatıdır. O Mükafat bizi gözləyir. Qeyd etdiyimiz O KƏNDİN DÜNYA ƏDƏBİYYATINA BƏXŞ ETDİYİ ƏN BÖYÜK YAZIÇIYA və hamımıza qismət olsun!!!
54 ildən bəri ədəbiyyatı “öz ərazisinə çevirməklə məşğul olduğu, çevirə bildiyi” kimi Yağlıvəndi də ÖZ ƏRAZİSİNƏ, ÖZ KƏNDİNƏ çevirə bilsin!

Məhz Yağlıvənddə Yağlıvəndin ƏN QƏRİBƏ ADAMI ola bilsin!

Qərib yox, məhz Qəribə adamı!

YAĞLIVƏND ADAMI...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Mikayıl Müşfiq qadına görə öldürülüb - İddia
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır - Qorxmaz Quliyev yazır...
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020