news-inner
clock12:07 calendar-gray 11 Aprel 2016 view-gray349 dəfə oxunub
view-gray349 dəfə oxunub

Köhnə xəbər var – YENİ İMZA

Kulis gənc şair, BSU Yaradıcılıq Fakültəsinin tələbəsi Emin Akifin şeirlərini təqdim edir.

***

Bir gün fıstıq qabında siqaretlər yurd salar,

Bir gün əlüzyuyana su axar gözlərimdən.

Daha günəşdən qabaq üzümə dəyməz əlin,

Saçlarının ətrini alaram dizlərimdən.

Divar asılqanında zaman cəllada dönər

Hər gün o zəhrimər şey beynimi qamçılayar.

Yoxluğunu səsiylə,

əqrəblərin iyirmi dörd saat hədəsiylə

salar yadıma hər gün.

İstisini itirmiş yastıq da sən dillənər,

Toz basmış güldandakı solmuş çiçəklər də sən.

Hər gün çirkli qab-qacaq,

sərxoş olub sındırdığım çərçivəli şəkillər,

boğazımda ilişən dadsız yeməklər də sən.

Bu yol inadkar külək

səni axtaran zaman boşa çıxır əllərim,

Təklik üzümə qayıdır sırtıq tüpürcək kimi.

Bu boza dönmüş həyat

tor bağlayıb gözlərimin ucunda

arsız hörümçək kimi.

Ağlımı itirmişəm.

Gah qayıdanda evə bir dəstə gül alıram,

Gah da ki, eşidirəm mətbəxdən gülüşünü.

Gah da hərdən telefonda yığıramsa nömrəni

- Bu insan mövcud deyil! İtirdin Günəşini!

Hə, yadıma düşdü axı, nəsə bir söz demişdin,

Demişdin ki, bilmək olmur avandımı, tərsimi.

İşdir, bir gün mən olmaram darıxar qulaqların

Eşidirsən?

Lazım olar...

Yaxşı-yaxşı qulağında sırğa elə səsimi.

0 dərəcə isti

Ruhumuzun hərarəti

sıfır dərəcə isti

Bu gecə inadını

tulla kənara bəsdi.

Darıxdınsa zəng elə

danış bir az yenə də.

Yenə gülüşlərindən

bir dodaq ver mənə də.

Darıxdınsa zəng elə

evdə hamı yatıbsa

Balaca qardaşının

xəyalında saydığı

quzu yüzə çatıbsa.

Bir az da qulağıma

qısqanıram pıçılda.

Bir az da yoxluğunla

odlanıram pıçılda.

Çıxart sırğalarını

as qulağından məni...

Bir gözündə mən olum

as dodağından məni

Bir gözündə yatanlar

qaç otağından mənim

otağıma tələs, gəl

Saçlarını yağışlar

yusun, təngənəfəs gəl.

Unut ikiküçəlik

məsafəni unut sən

Çarpayımın ağında

saçlarını qurut sən

Bu gecə səni sözsüz

yazım darıxma, darıxma

Bu gecə bədənində

azım darıxma, darıxma.

İçək, sevişək belə

üzü səhərə sarı.

Külək gətirsin ağ qar

üzü şəhərə sarı.

Tələs pəncərəmizin

ağaranda şüşəsi

Son öpüş payını ver

qaç darıxmağa doğru

Tələs gələndə qəfil

sübh azanının səsi

Son öpüş payını ver

qaç darıxmağa doğru.

Bu gecə göylər yenə

yağışı qarla kəsdi.

yenə soyuduq yenə

Ruhumuzun hərarəti

sıfır dərəcə isti.

Xəyal qurmağın məşqlərindən kaskad

Gözlərimin yaşında

boğular yanaqlarım,

Darıxmağın yükünü

ürəyim atar belə.

Sənə toxunmaq üçün

göynəyər barmaqlarım,

Gəzər yanaqlarımda

başını qatar belə.

Səmanın ortasında

saralmış aya bənzər,

Otağın parıldayar

evinizin başında.

Gözlərim öz bəndini

dağıdan çaya bənzər,

Səni bulandıraram

gözlərimin yaşında.

Nə vaxt ki, pəncərənin

şüşəsi işıqlanar

Gecə eyvanımızdan

asılar ayaqlarım.

O işıq haqqı, Günəş,

içim odlanar, yanar

Öpüş yoxluğundaca

boğular yanaqlarım.

Səni qarğısa dilim

qurdun, köpəyin olum

Hey lənətləyirəm bu

sevişməyin təkini.

İmkan ver bircə saat

sənin ürəyin olum

Çəkə bilirsən görüm

darıxmağın yükünü?!

Söndürmə də işığı

bağlama da pərdəni

Yoxsa ruhumun ayı

günəşi batar belə.

İnan bir az xəyalən

solumda görsəm səni

Darıxmağın yükündən

ürəyim atar belə.

Bir az şeir tökərəm

vərəqlərin üzünə.

Darıxaram yenə də,

yenə oxunmaq üçün.

Əslində darıxaram

qalsa sözün düzünə.

Sən şeir oxuyanda

sənə toxunmaq üçün.

Bilirdin ki, vərdişim

olmağındı yanımda.

Daha yanımda yoxsan

var xəyal qurmaqlarım.

Tənhalığın bayrağı

sallanar eyvanımda

Çatmaz əllərim sənə

göynəyər barmaqlarım.

Qəfil eyvanım mənim

otağına çevrilər.

Sehrli baxışların

üzər yanaqlarımda.

Tənhalıq öz sıxıcı

kürsüsündən devrilər

İncə-incə dodağın

gəzər yanaqlarımda.

Xəyallardan diksinib

tək görərəm özümü

Ələ salar xəyallar

məni aldadar belə.

Heç nə dəyişməz, Günəş,

pəncərəniz gözümün

Düşünmək ürəyimin

başını qatar belə.

Köhnə xəbər var yenə...

Saat cəhənnəmin tən yarısında,

əqrəblər bir-birini qucaqlayır, qoruyur

evlərin astarını dəli yağışlar yuyur

İşıq dirəkləri günəşin xəbərçiləri,

navalçalarsa yağışların.

baxışları gizlədir pəncərələrdə uzun ah,

köhnə xəbər var yenə açılır sabah.

Buludların qeybətindən sonra yer

fal üçün çevrilmiş kofe stəkanı

bax, bəxtində uşaq var

daş atır gölməçəyə,

daş atır pişiklərə

bura gəl deyə-deyə.

Daxmalarda yağışa uduzur hər fəsil dam,

gah yanır hisli çıraq, gah da tez-tez sönür şam

Bir ləyən, bir də soba, bir də ki, saat

hamı bir ağızdan köhnə xəbər var

qudurdu axşam, qudurdu axşam!

Əslində qaranlıqlar birləşdirirdi bizi

ləyənə hücum çəkən damcıların

sobanın üstündə çaydanın səsi

90-cı illərin gitarında atamın

yoxsulluğu ələ salan nəğməsi:

Darıxma, darıxma gün görəcəyik

yağışın səmadan sızdığı yerdən.

Darıxma, bəxtimiz gətirər hər şey,

yoluna qayıdar azdığı yerdən.

Dedim axı

Dedim axı,

bir nəfərlik nəqliyyatam

mən bu ömür yolunda

Ürəyimdə yer vermişəm

qeyd elə zəfərini.

Dedim axı,

bu yol bizi sala bilər

əyri-üyrü yollara.

Yaxşı-yaxşı bağla, həyat,

solumda kəmərini.

Dedim axı,

sənin məndə

günəş boyda yerin var.

Sənli isti tropikdir

hər il iqlim qurşağı.

Sən gedəli min il ötüb

eramızdan sonradır

İndi mənə özgə deyil

min cür intim qurşağı.

Min ildir ki, hamı deyir

sonu çatıb dünyanın

Yox olmadım, dağılmadım,

yaralandım, qızcığaz.

Buza döndü sinəmdəki

silsilələr, dənizlər

O zaman ki, qucağından

aralandım, qızcığaz.

Bundan artıq nə olsun ki,

nə olmalıdır daha,

Şirin pişik balasıyla

fərqimiz itdi, itdi.

Bir sığallıq ömrü varmış

sevgimizin sən demə,

Qucağının istisini

məndə unutdun, getdin.

Dedim axı,

Qucağının istisin

məndə unutdun, getdin.

news-inner-user

18039 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Xocalı soyqırımına həsr olunmuş sərgi keçirildi
17:46 26 Fevral 2021
Bu filmlərə ağlamadan baxmaq olmur - Siyahı
17:01 26 Fevral 2021
58 illik türmə muzeyə çevrildi - Foto
16:21 26 Fevral 2021
Qadın obrazı olmayan əsər
15:40 26 Fevral 2021
Sevgilisi damarlarını doğradı, xanımı ona görə intihar etdi – Azərbaycanlı yazıçının film kimi həyatı
15:00 26 Fevral 2021
Xocalıdan olan yazıçının faciə ilə bağlı hekayəsi - Mətn
14:10 26 Fevral 2021
Okan Bayülgen həbs olunur
13:25 26 Fevral 2021
"Xocalı fəryadı" kompozisiyası təqdim olunacaq
12:37 26 Fevral 2021
Baş qərargah rəisi Xocalıdan yazan jurnalisti niyə güllələmək istədi? – Faciənin gizlinləri
12:10 26 Fevral 2021
Məşhur rus filminin qəhrəmanı vəfat etdi
11:35 26 Fevral 2021
Seymur Baycandan Ağalar Quta cavab: “Onunku tərtəmiz riyakarlıqdır”
11:10 26 Fevral 2021
"Vinni-Pux"un yaradıcısı öldü
10:28 26 Fevral 2021
Bir oba – bir məzarlıq – Günün şeiri
10:01 26 Fevral 2021
Cibinə saxta pul atılaraq şərlənən, başına 1 milyon dollar qoyulan, meyiti 5 gün böyürtkən kolluğunda qalan Milli Qəhrəman
09:01 26 Fevral 2021
Tanınmış müğənni Qarabağ şəhidlərinə klip həsr etdi - Video
18:50 25 Fevral 2021
Devid Finçerdən yeni film
18:06 25 Fevral 2021
Üç oğlu müharibədən qayıtmayan kişi - Ramiz Rövşənin hekayəsi
17:19 25 Fevral 2021
“Xocalı-Tarixi Ədalət” adlı sərgi açılıb
16:34 25 Fevral 2021
Əməkdar artistdən Xocalı kompozisiyası - Fotolar
15:50 25 Fevral 2021
Yaxşı-yaman İlhamə Quliyeva
15:01 25 Fevral 2021