Balaca hekayələrin böyük müəllifi

Balaca hekayələrin böyük müəllifi
6 aprel 2016
# 12:54

O.Henrinin hekayələri məndə başqa heç bir mətndən hiss eləmədiyim qəribə duyğular yaradır.

Təkcə mətnin yığcamlığı, qısalığı deyil məsələ.

Yazı tərzi də qəribədir. Sanki nağıla, əhvalata qulaq asırsan. Səninlə qəribə bir ərklə söhbət edir müəllif. Sadə, qısa cümlələrlə, uğurlu bənzətmələr, aydın təhkiyə oxucuya ehtiram nümunəsinə çevrilir.

Məncə, oxucuyla O.Henri qədər ərklə ünsiyyətə girən çox az yazıçı tapmaq olar. Buna görə balaca hekayələr onda çox uğurlu alınır.

Bu yerdə Cəfər Cabbarlının məşhur sözünü xatırladım: “Vaxtım az olduğundan məktub uzun alındı”.

Doğrudan da mətləbi qısa eləmək üçün vaxt, çeviklik, az sözlə hədəfə ulaşmaq məharəti lazımdır.

O.Henrinin qəribə bir özəlliyi də var. Hekayələrinin çoxunu balaca və maraqlı əhvalat kimi danışmaq olar.

Misal üçün, qadın saçlarını kəsdirib sataraq İsanın doğum günündə ərinə cib saatı üçün gümüş bağ hədiyyə alır. O saat kişiyə babasından qalıb və çox qiymətlidir, ancaq adi qayışa keçirilib, ona görə hər yerdə çıxarmağa utanır.

Qadın hədiyyəni təqdim edəndə məlum olur ki, kişi də cib saatını satıb qadına uzun saçlarını daramaq üçün onun sevdiyi, ancaq heç cür ala bilmədiyi bahalı daraqları alıb.

Daraq saçsız qalıb, gümüş qayış saatsız...

Qəribədir ki, müəllif gözlənilən heç bir mesajı vermir.

Qəhrəmanların da təəssüfü uzun çəkmir.

Çünki əsas olan, tapılan və itirilənlər deyil, sevgidir.

Başqa bir hekayədə pəncərəsindən görünən sarmaşığın son yarpağı düşəcəyi gün öləcəyinə inanan qızı təsvir edir. Rəssam qonşusu sonuncu yarpağın şəklini gecə divara çəkir, yarpağın “düşməsinə imkan vermir”, beləliklə qız sağalır, əvəzində onun həyatını xilas edən rəssam özü soyuqlayıb ölür.

Bu hekayələr iki-üç cümləyə sığacaq miniatür əhvalatlardır.

Ancaq üstündən 150 il keçsə də təravətini itirmir.

Hisslər nə qədər doğma, zərif istehza nə qədər canlı və həyatidir.

Yazı dili və bənzətmələri gözlənilməz ab-hava yaradır. Misal üçün, diksinən qadını üstünə qaynar su atılmış pişiyə bənzədir.

Balaca əhvalatdan, pritçalardan əsər yazmaq olarmı?

Bu suala Paolo Koelyodan neçə on il əvvəl O.Henri ustacasına “Hə” cavabı verib.

İstedadlı qələm sahibinin əlində bütün mətləblər muma bənzəyir: ondan nə istəsə düzəldə bilir!

# 837 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #