news-inner
clock15:44 calendar-gray 30 Mart 2016 view-gray139 dəfə oxunub
view-gray139 dəfə oxunub

O aktrisa indi hardadır?

““Yeşilcam”ın ən romantik filmi hansıdır?” sualını versək yəqin ki, ilk üçlüyə, baş rollarını Kamal Sunal və Ece Altonun paylaşdığı “Qərib” filmi də düşər.

O dövrün ən yaxşı uşaq aktyorlarından biri olmağı bacaran Fatoş, yəni Ece Alton kamera ilə tanış olanda cəmi 6 yaşı var idi. Həmin filmdə onun səsləndirdiyi sözləri hamını qəhərləndirir: “Bizi qovuşdurmazlar, ata, səni o biri dünyada cənnətdə gözləyəcəm...”

Filmin üzərində illər keçib. Ece Alton reklam filmlərinə çəkilib. Sonradan isə çəkilişlərdən tamam uzaqlaşaraq özünə yeni bir dünya qurub. 1980-ci ildə dünyaya gələn Ece Alton Türkiyə mətbuatına həyatı ilə bağlı açıqlamalar verib.

Evə gələn qonaq həyatını dəyişdirdi

Ece Alton, aktrisa olmaq üçün doğulub. O, uşaq vaxtı hər səhər ailəsinin qarşısında yeni rolla çıxırmış: “Valideynlərimin dediyinə görə, günə bir rolla başlayırmışam və səhər yeməyində həmin rola uyğun paltar geyinirmişəm. Bir yerə gedəndən orada bütün vaxtımı yanımdakılarla söhbət edərək keçirirmişəm.”

Altonun həyatını evlərinə gələn bir qonaq dəyişdirdi desək səhv olmaz: “Orta məktəbə getməyə az qalmış evimizə anamın bir şagirdi qonaq gəlmişdi. Mənə baxanda dedi ki, bu uşaq evdə yorular, bunu bəlkə film çəkilişlərinə aparaq. Əgər istedadı varsa, içində qalmasın.”

Kaş ki, mikrofonu Məmduh Una uzada bilsəydik...

Ece Altonun çəkiliş macərasına reklam filmlərində çəkilməklə başlayıb, sonra isə “Qərib” filminə gəlib: “Reklam filmlərinin çəkilişləri davam edərkən işlədiyimiz agentlik film layihəsi gətirdi. Kaş ki, mikrofonu Fatma Girik və Məmduh Una uzada bilmə şansımız olsaydı... Seçimləri az-çox xatırlayıram. ”Onuncu mərtəbədən tullanacaq, şüşə qıracaq” deyirdi rəhmətlik Məmduh Un. Bütün uşaqlar qorxurdu. Hətta anasını qucaqlayıb ağlayanlar var idi. Bir də mən var idim. 100-cü mərtəbədən tullanaram. Bu nədir ki? Orda tullana bilməyənlər indi mühəndis olublar”.

Alton sonralar “Gecənin digər üzü” və “Birincilər uşaq klubu” seriallarında, “Ağ motosiklet”, “Kaşanlı Əli Dastanı” filmlərində, “Əməl Sayın ilə 23 aprel klipləri” və “Xalid Kıvançla TRT uşaq şənliyi” kimi bir çox layihələrdə yer alıb: “Ən gözəl təhsil və əyləncə “Gecənin digər üzündə” idi. Yaradıcı heyət məktəb kimi idi, Firuzan, Gülsüm Qaramustafaoğlu, Zuhul Olcay, Haluk Bilginər, Müşfiq Kenter və çox tez dünyasını dəyişən rəhmətlik Okay Uysuler...”

Ece Altonun kameralardan uzaqlaşma səbəbi uşaqlara aid ssenarilərin olmaması idi: “Uşaq ulduzlu ssenarilərdə vuruşma, fahişəlik, yalan, qan, şiddət yer alırdı. İndikindən heç fərqi yox idi. Uşaq təbiətinə uyğun ssenarilər isə maliyyə sıxıntısı ilə üzləşirdi və çəkiliş gerçəkləşmirdi. Biz uşaq ssenariləri istəyirdik, amma onlar bunu istəmirdi. Biz “arabesk” istəmirdik. Ona “yox”, buna “yox” deyə-deyə kameralardan uzaqlaşdıq”.

Buz konkisində medal almağa başladım

Sonra Ecel Alton idman macərasına başlayır: “Buz konkisiylə məşğul olmağa başladım. O vaxtlar bu idmanla məşğul olan 30 nəfərdən biri idim. İstanbul və Türkiyədə medal aldım. Sonra baletlə və at sürməklə məşğul oldum”.

Mühəndis ola bilmədim...

Ece Alton gərgin işlər arasında məktəbə çox vaxt ayıra bilməyib: “Məktəbə çox gedə bilmədim. Bu səbəbdən mühəndis ola bilmədim. İstanbul Universitetinin italyan dili və ədəbiyyatında oxudum. Məktəbə gedib-gələndə bir səyahət agentliyi ilə tanış oldum. Agentlik, otel, konfranslara gedə-gedə pulumu çıxarırdım. Magistraturanı başa vurub doktoranturaya başlayanda, bir yandan da Turizm-otelçilikdə oxudum. Bir müddət də İstanbulda işlədim”.

Çamadanı yığıb düşdüm yollara

Ece Alton ailəsinin “Assos”da olan evlərinin satılması qərarını verəndən sonra çantasını toplayıb yola çıxıb... Həmin müddətdə oteli yaz hazırlığında olan Ece, vaxtının çoxunu alaq etməklə, tualet təmizləmək, paltar ütüləmək, peraşki bişirməklə və s. keçirir. Özünü turizmə həsr Alton, indi sahibi olduğu 5 otaqlı otelin idarəçiliyini edir:

“Son 6 ildir Assos, Behramkalədəyəm. “Assos Alarga” adını verdiyim oteldə həm yaşayıram, həm də işləyirəm. Otel dünyası da bir səhnədir. Hər gün tamaşaçınız dəyişir və siz hər gün bir ssenari ilə günü bitirirsiz. Qonaqlar olduğu müddətdə kameralar işləyir. Onları xoşbəxt eləməlisiniz, hədəf budur. Otellərdə uzun saatlar və şəxsi həyat olmadan bir həyat var. Onlar əylənəndə, bayram edəndə siz onların xoşbəxtliyi üçün çalışırsınız”.

Qeyd edək ki, “Qərib” filmi 1986-cı il istehsalıdır. Filmi “Yeşilçam”ın ən məşhur rejissorlarından olan Memduh Ün çəkib.

Filmdə məşhur türk aktyoru Kamal Sunal dolanmaq üçün nə iş olsa edən, futbol həvəskarı, “Beşiktaş” futbol klubuna aşiq olan biri və “Qara Qartal”ın papağını başından əskik etməyən gəncdir. Çörəyini “daşdan çıxaran” gənc, ağ-qara rəngə boyadığı qayığın içində, qundaqda körpə tapır. O, körpəni sevgilə böyüdür və heç kimə vermir. Uşağın bezini dəyişən zaman, uşaq ağlayan zaman “Sən “Qalatasaray”lısan, onlar da çox ağlayır“ deyir. Uşaq böyüyəndə dəcəl və şirin qız olur. Atasının əksinə olaraq o, həqiqətən də “Qalatasaray”lı olur. Ata-qız tez-tez futbol matçlarına gedir. Qatı “Beşiktaş” həvəskarı olan rejissor Memduh Ün filmdə də bunu hiss etdirir, tez-tez futbol matçlarından görüntülər yerləşdirir. Bir müddət keçdikdən sonra uşağın əsl ailəsi ortaya çıxır və işlər daha da qarışır. Dram və komediya janrında olan filmin baş rollarını Kamal Sunal, Reha Yurdakul və Renan Fosforoğlu ifa edir.

Oxşar xəbərlər