news-inner
clock10:00 calendar-gray 22 Mart 2016 view-gray316 dəfə oxunub
view-gray316 dəfə oxunub

Gənc skripkaçı: “Elə əsərlər var, onları ifa etmək üçün azərbaycanlı olmalısan”

Bu, yəqin ki, mənim üçün unudulmaz 8 Mart oldu. Gənc skripkaçı Zərrin Əliyeva Çaykovskinin “Qu quşu” baletindən “Antre və Adagio”nu, pianoda Ray Charlesin "Hit the road jack" kompozisiyasını ifa elədi, sonra isə məşhur “Besame mucho” mahnısını oxudu.

Müsahibim Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində skripka ixtisası üzrə 8-ci sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Zərrin Əliyevadır.

- 11 yaşım olanda Roman Fedçuk (məşhur çex skripka ifaçısı- S.S.) ifamı bəyənmişdi, Çexiyaya dəvət elədi, master-klassa. Praqada 14 gün qaldıq, master-klassından xeyli şey öyrəndim.

- Belçikada da qalib olmuşdun deyəsən...

- Orda “Bravo” müsabiqəsi keçirilir. 2012-ci ildə Azərbaycandan müsabiqədə iştirak eləmək üçün 3 nəfər getdi. Dörd əsər səslənməliydi, hər turda iki əsər. Qruplara bölmüşdülər. Və hər qrupda qayda qoymuşdular ki, məsələn hamı Baxdan filan əsəri çalmalıdır. Kim yaxşı ifa edirdisə, növbəti mərhələyə keçirdi. Bizim qrupda hamı Anri Vetanın “Bülbül” əsərini ifa elədi. Bir də etüd çaldım. Birinci turu keçəndən sonra ikinci turda Pablo de Sarasatenin “Çapateado” və Fikrət Əmirovun “Muğam poema”sını çaldım. “Muğam poema”sını çox bəyəndilər, dua edirdim ki, yer tutum. Konsertmeysterim Arzu Səfərova məni müşayiət edəndə daha rahat olurdum. Festivaldan mükafatla qayıtdım.

- Keçən il də Kreml Sarayında Prezident orkestrinin müşayiəti ilə çıxış eləmisən. Bu haqda danışmanı istərdim.

- “Nəsillərin melodiyası” adlı festivala qatılmışdım. Məktəbdən proqram göndərdilər, kimin proqramı bəyənilsə o seçiləcəkdi. Mənim proqramım bəyənildi. P.Sarasatenin “Qaraçı təranələri” və F.Mendolsunun məşhur “Konsert”ini yollamışdım. Məni P.Sarasatenin ifası üçün dəvət elədilər. Bu, dünyada çox sevilən əsərlərdən biridir. Kreml konsertində əksəriyyət barokko (barokko üslubunda musiqi əsərləri nəzərdə tutulur-S.S.) çalırdı, məndə isə fərqli idi. Konsert Kremlin Georgiyevsk zalında oldu. Bu zala daxil olanda adam istər-istəməz həyəcanlanır. 800 nəfərlik salon və Rusiya prezidentinin orkestri. Dirijor Anton Orlov idi. Birinci məşqə çıxanda bütün həyəcanım getdi sanki. Sonra fikirləşdim ki, görəsən niyə həyəcanlanmadım. Çünki dirijorun bizlərlə münasibəti o qədər isti idi ki... O, bizi ruhlandırdı. Amma konsert zamanı təbii ki, həyəcan olur, məsuliyyət hiss edirsən. Sonda Mixail Şvidkoy bizə diplom və hədiyyə verdi.

- Hansı bəstəkarı ifa eləməkdən zövq alırsan?

- Sarasatenin əsərlərinin demək olar ki, hamısını ifa etmişəm. Onun çılğın ispan rəqslərini sevirəm, 10 yaşında “Əndəlus romansı”nı bir həftəyə hazırlamışdım, Samarada master-klassda isə “Qaraçı təranələri”ni ifa eləmişəm, hətta Antverpen konservatoriyasının professoru Tatyana Samuil, ifadan sonra mənə çoxlu təşəkkür elədi. Kamilo Sen-Sansın əsərlərini də bəyənirəm. Bizim bəstəkarlardan Fikrət Əmirovu daha çox sevirəm. Belçikada onun “Muğan poeması”nı ifa edəndə portuqallar yaxınlaşıb təbrik elədilər, dedilər ki, gözəl əsərdir. Hətta Roman Fedçukun o qədər xoşuna gəmişdi ki, özü də ifa etmək istəyirdi, amma sonra nəsə ona çətin gəldi, tərəddüd elədi. Məncə, elə əsərlər var ki, onları ifa etməküçün azərbaycanlı olmalısan, milliliyi hiss edəsən gərək. Tolyattidəki konsert də dərin təəssürat yaratdı. Orda konsertdən sonra, bir məmur müəlliməmə dedi ki, sən Azərbaycanın xalq artisti, tələbən isə gələcəyin xalq artisti adını almalıdır. Hətta dedilər ki, biz sizin üçün rəy yazacağıq öz istəyimizlə. Sevdiyim əsərlərdən biri Ağa Əliyevin “Adagio”sudur. Bu əsəri bir neçə nəfər çalıb. Amma müəllif dedi ki, ən çox sənin ifanı bəyəndim.

- Uşaqların səviyyəsi necədir?

- İstedadlı uşaqlar çoxdur, amma yaxşı pedaqoq çətin ələ düşür. Dirijorlarımıza söz ola bilməz: Rauf Abdullayev, Fəxrəddin Kərimov, Teymur Göyçayev savadlıdırlar. Mən professor Hökumə Əliyevanın tələbəsiyəm. Hökumə xanım işinə ürəyini qoyur. Bizim müəllim-tələbə münasibətindən çox dost münasibətimiz var. 2011-ci ildən professor Zəhra Quliyevanın rəhbərlik etdiyi “İstedadlar mərkəzi”-nin üzvüyəm. Bu mərkəzin bizə çox köməyi dəyir.

- Adətən bizdə musiqiçilər fikirlərini yaxşı ifadə eləməyə çətinlik çəkirlər. Sən daha rahat ifadə edirsən. Bu, mütaliə ilə bağlıdır?

- Mən də düşünürəm ki, kitabların nitqimin inkişafında, sözləri tələffüz eləməkdə rolu böyük olub. Uşaqlıqdan da məktəbdə qiraəti mənə tapşırardılar. Çantamda mütləq kitab olur. Bir az da əhval-ruhiyyəmdən asılıdır. İndi Li Monronun “Qaranlıq qəlb” kitabını oxuyuram. Fantastika və drama janrlarını sevirəm. İndi Nodar Dumbadzenin “Mən, nənəm, İliko və İlarion “ əsərini oxuyuram. Kitabları oxuyanda qələmlə qeydlərimi edirəm, xoşuma gələn yerləri. Ömer Seyfəddinin hekayələrini, Ernest Heminqueyin “Qoca və dənizi”ni oxumuşam. Amma mənə elə gəlir ki, onun filmi daha maraqlı olardı. Çünki orda qocanın iztirabları, axırda əziyyətinin sonu kinoya daha çox gəlir. Amma “Kapitan Qrantın uşaqları”nda roman daha çox cəlb edir. Anton Çexovun əksər hekayələrini oxumuşam. Onun “Kontrabasda sevgi məcarası” hekayəsini isə xüsusən bəyənirəm.

- Planda hansı əsərləri oxumaq var?

- Dostoyevski, Bukovski, Kafka və Cek London.

- Sənin yaşıdların Elxan Qaraqanı çox oxuyur amma...

- Hə, bilirəm. Nəsə mənə maraqlı gəlmədi.

- Film izləyirsənmi?

-“Harri Potter”, “Karib dənizinin quldurları”, “Pianist”, “Oliver Tvist” və Sofi Lorenin iştirak elədiyi “Günəbaxanlar”, “Üzən ev” filmlərinə baxmışam. “Qaranlıqda rəqs edənlər” filmi...

- Amma “Qaranlıqda rəqs edənlər” ağır filmdir, sənin yaşına görə deyil

- Atam dedi ki, psixoloji filmdir. Ona görə baxdım. Qəhrəmanın keçirdiklərini mənə təsir etdi. Filmin bitməsinə az qalmış, artıq onu edam etməyə başlayırlar. Hönkürtüylə ağlmağa başlayanda atam kanalı dəyişdi. Dedi ki, narahat olma, öldürmürlər, dedim, sən uşaq başı aldatmırsan, bilirəm ki, edam edəcəklər, hər şey ona doğru gedirdi. Bu film psixologiyanı pozur. O qadın musiqini sevir və axırda istəyinə çata bilməməsi pis təsir edir. Eyni şeyləri Motsrart haqda filmə baxanda da keçirmişdim.

- “Amadey”?

- Aha. Musiqidə Motsartı ürək adlandırırlar. Belə fikir var ki, sən əgər Motsartı çala bilirsənsə, deməli ürəyini qoya bilirsən o əsərə. O cür dahi bəstəkarı, kimsəsiz kimi, qəbrə tullamaqları təsir elədi. Əla filmdi.

- Musiqidə son hədəfin nədir?

- Təhsilimi başa vurum. Kosnervatoriyanın 4 illik təhsil proqramını bitirdikdən sonra magistraturanı Parisdə oxumaq istəyirəm. Müəllim olmaq istəmirəm. Uşaqlarla işləmək çətindir. Orkestrant və solist olmaq istəyirəm.

- Musiqinin mərkəzi Vyanadır, sən niyə Parisi istəyirsən?

- Elədir. Motsart, Haydn, Bethoven orda yaşayıb-yaradıblar. Vyanada bildiyimə görə bu bəstəkarların musiqisi hər yerdədir, onlara daha çox üstünlük verirlər. Praqada da hər yerdə musiqidir, saksofon, skripka çalırlar. Bir dəfə küçədə musiqiçiyə yaxınlaşdım ki, olar mən də skripka çalım. Dedilər olmaz. Sonra məlum oldu ki, onlar həmin yeri prokata götürürlər. Başqası çalsa cərimə oluna bilərlər. Heyf ki, o ənənə bizdə yoxdu. Türkiyədə Taksimdə də var.

- Sən küçədə çalardın?

- Bəlkə də. Ciddi yox, maraq üçün edərdim. Bir də ingilis dilimi inkişaf elətdirirəm. Çexiyada olanda başqa ölkələrdən yaxınlaşıb əlaqə saxlayırdılar. İtaliyadan Danilo adlı bir pianoçu vardı. Konsertdən sonra yaxınlaşdı, danışdı, üzündən hiss elədim təriflədi, amma tam anlamadım. Bu, məndə pərtlik yaratdı. İndi ingiliscəm yaxşıdır.

- Tamaşaçı qarşısına çıxmaq necə hissidir?

- Həyəcanlıdır. Səhnə elə yerdir ki, soyuqqanlı olmaq lazımdır, ifa edəndə qabağa qaçmamalısan, diqqətin yayınmamalıdır. Bişməmiş musiqiçi birinci balaca səhnələrə çıxmalıdır. İlk çıxdığım böyük səhnə Belçikada olub. Səhnə soyuq idi. Soyuq səhnədə ifa musiqiçi üçün böyük faciədir. Kremldə dona-dona çalırdıq. Əzələlərim soyuqdan qurumuşdu. İfa edəndə səslər təmiz olmalıdır, falş olmaz.

- Amma musiqi həm də hiss məsələsidir.

- Bir hadisəni danışım. İki il əvvəl Moskvadan “Yeni adlar” fondu gəlmişdi bura, böyük fonddur. İstedadlar axtarırdılar. On gün içində hazırlaşdıq. 25 məktəb üzrə uşaqlar arasından 5 nəfər seçdilər. O beşliyə düşdüm. Bizim məktəbdən mən və violonçel ifaçısı Orxan Hüseynov. Sonra dedilər ki, beş nəfərdən ikisi seçilib, Rusiya səfirliyində konsertə gedəcək. İki nəfərdən biri oldum. Səhəri gün canlı efirə çağırdılar. Orda ifa elədim. Fondun nümayəndəsi, Moskva Konservatoriyasının professoru Aleksey Koşvaneç dedi ki, bu qız 13 yaşında yox, 60 yaşında musiqiçi kimi ifa edir. Sonra Gürcüstanda “Harmoni” festivalı keçirildi. Cüzeppe Tartininin bir əsəri var, çətindir, “İblis sonatası” adlanır, beş gün ərzində onu hazırladım. Tartini bu əsəri yazanda yuxusunda görüb ki, bir bədheybət bu musiqini çalır və xahiş edir ki, o, bunu yazsın. O əsərin axırında dünyanın dağılması ifadə olunur. “Harmoni” festivalının laureatı oldum. Bu yaxınlarda isə Bəstəkarlar İttifaqında Sərdar Fərəcovun “Sentimental vals” əsərini ifa elədim, bəyənildi. Keçən il isə Rauf Abdullayevlə konsertimiz olub. Mendelsonun “Konsert”-ini ifa etdim. Onun kimi dirijorun məni bəyənməsi böyük qürurdur.

- Pul qazanmaq üçün restoranda ifa etmək istəyərsən?

- Yox, istəmirəm. Bizim restoran ifaçılarının yolu başqadır, onlar mahnılar ifa edir. Biz klassika, caz musiqisi... Onların musiqiyə baxışıyla bizim baxışımız fərqlidir.

- Səni musiqiyə kim həvəsləndirdi?

- Uşaq olanda atam balaca skripka almışdı. Musiqiyə həvəs yarandı. Sonra atam dedi ki, violaya keç. Dedim ki, skripka istəyirəm, əgər ona keçsəm musiqiylə məşğul olmayacam. Sonra musiqi müəllimləri dedilər ki, bu uşaq skripkada parlayacaq. Atamı fikrindən daşındırdılar. Bir də zərb alətlərini öyrənmək istəyirəm, litavra, kiçik baraban. Hazırda Teymur Göyçayevin orkestrində çalıram. Uşaq Kamera Orkestrində solist olmuşam. Yaxınlarda böyük tədbir gözlənilir, yarım saatıq konsert proqramına hazırlaşırıq.

- Yorulanda nə ifa edirsən?

- Yorğun vaxtlarımda pianoda caz ifa edirəm. Ray Charlesın “Hit the road jack” və ayrı əsərləri köməyimə gəlir. Klassik əsərlərdən yorğunluğu çıxarmaq üçün skripkada da ya caz əsərləri, ya tanqo çalıram.

Oxşar xəbərlər

Xəbər lenti

Bred Pitt yeni filmə çəkilir
16:48 07 İyul 2020
Filmdəki "Kəndimiz" mahnısının ifaçısı dünyasını dəyişdi
16:06 07 İyul 2020
Seymur Baycanın yazısı məşhur türk saytında yayımlandı
15:24 07 İyul 2020
"İmkanlı adamların milli qeyrəti olmalıdır" - Yazıçılar ermənilərin festivala gedən filmindən danışdı
14:45 07 İyul 2020
Tbilisidə Azərbaycan muzeyləri açıldı
14:02 07 İyul 2020
“Qəhrəmanım sənsən” - Natiq Məmmədlinin yeni kitabı çap olundu
13:19 07 İyul 2020
Bakıya yayılan üfunət nəyin mesajıdır?
12:28 07 İyul 2020
Atasını vuranı bağışladı, ölümünə dostu bais oldu, öləcəyini internetdən öyrəndi - Ələkbər əminin kədərli həyatı
11:42 07 İyul 2020
Kür çayını kim xilas edəcək? - Ayxan Ayvaz yazır
11:06 07 İyul 2020
Dindarlar bu şeirə görə gənc şairi hədələyirlər
10:30 07 İyul 2020
Amerikalı aktyor koronavirusdan öldü
10:04 07 İyul 2020
Müslüm Maqomayev adına müsabiqə gələn ilə qaldı
09:51 07 İyul 2020
Pararlel dünyaya səyahət edən xərçəng ata – Etqar Keretdən yeni hekayə
08:58 07 İyul 2020
Tanrının İtaliyaya bəxş etdiyi böyük sərvət: Ennio Morrikone
21:01 06 İyul 2020
Xalq artisti oğlundan yazanları hədələdi
20:40 06 İyul 2020
Kukla Teatrında uşaqlar üçün onlayn tamaşa
18:39 06 İyul 2020
Cənubi Koreya musiqi qrupu dünya rekordu qırdı
18:00 06 İyul 2020
Azərbaycanda pandemiyadan film çəkildi – Video
17:15 06 İyul 2020
Yaşından otuz il qoca görünən, qurultayda bircə səs qazanan, AYB-nin qarşısında dünyasını dəyişən məşhur şairimiz – Maraqlı faktlar
16:33 06 İyul 2020
Luvr muzeyi açıldı
15:49 06 İyul 2020