“Lüt Kral haqqında yeni nağıl” – Vladimir Voynoviçin hekayəsi

“Lüt Kral haqqında yeni nağıl” – Vladimir Voynoviçin hekayəsi
29 fevral 2016
# 13:18

Kulis Kazım Səlimovun tərcüməsində Vladimir Voynoviçin “Lüt Kral haqqında yeni nağıl” hekayəsini təqdim edir.

Biri vardı, biri yoxdu, bir məmləkətdə, daha doğrusu bir monarxiyada bir Kral vardı. Həmən o, məndən qabaq Hans Xristian Andersenin yazdığı Kral, – o lüt gəzən. Çoxdan belə gəzirdi. Onun haqqında yazan Andersen də dünyadan köçmüşdü, amma o hələ eləcə idi, lüm-lüt.

Uzun illər idi ki, Kral lüt gəzirdi, əshabələri isə arxasınca düşərək onun necə də təzə və hamıdan gözəl paltarı olduğunu israr edirdilər. Dünyada heç bir kralın buna çatan paltarı olmadığını deyirdilər. Deyirdilər ki, başqa krallar lütdürlər, ən yaxşı halda əyinlərindən tökülən cır-cındır geyinirlər. Amma bizim Kral elə geyinir ki, iki göz də istəyirsən tamaşasına durmağa.

Krallığın bütün əhalisi bunu bilirdi və imkan düşdükcə can-başla təsdiq edirdi. Müəyyən günlərdə (elə adi günlərdə də) əlahəzrətin təbəələri mitinq və yığıncaqlara toplaşıb, nümayişlərə çıxırdılar, hamı bir nəfər kimi sevimli monarxlarının libasından heyrətləndiklərini ifadə edirdi. Həmin libas bütün təriflərin fövqündə olsa da, krallığın təbəələri tezliklə Krala ondan da gözəl libas tikəcəklərinə söz verdiklərini deyirdilər.

Əlbəttə, meşə çaqqalsız olmaz, ona görə də elə adamlar tapılırdı ki, Kralın libasının elə də yaxşı olmadığını, bundan daha yaxşısını da geyinə biləcəyini deyirdilər. Krallığın keşikçiləri və gizli xəfiyyələri belə böhtançılara qarşı vaxtaşırı müəyyən tərbiyəvi tədbirlər görməyə məcbur olurdular. Kimisə qandallayır, kimisə şallaqlayır, kiməsə paya keçirir, necə deyərlər hər bir hala fərdi yanaşırdılar.

Belə sərt tədbirlərə baxmayaraq, bu növ cinayətləri tamamilə aradan qaldırmaq mümkün olmurdu. Bir də görürdün hər yerdə sakitlik və əmin-amanlıqdır, qəfildən hardansa bir axmaq oğlan uşağı çıxdı və var səsilə bağırdı: “Kral lütdür!”

Uşaq götürüb Anderseni oxuyur və xəyalında ona elə gəlirdi ki, o, bunu bağıran kimi, əhali hər şeyi qanacaq və görəcək ki, Kral həqiqətən də lüt-üryandır. Hamı deyəcək: “Ay sağ ol, bala, sağ ol bizim əzizimiz, ağıllımız, özümüz görə bilmirdik, sən bizə göstərdin”. Hardansa bir Andersen də çıxıb hələ bir o uşaq haqqında nağıl da yazacaq. Uşaq bilmirdi ki, krallıqda yaşayış Andersen babanın nağıllarına yox, başqa bir babanın nağıllarına köklənib. Bu nağıllarda isə Kralın tumançaq olduğu haqda axmaq-axmaq bağırmaq... necə deyərlər... terrorçuluq sayılırdı.

Oğlan bunu bağıran kimi, krallığın keşikçiləri haradansa çıxıb onu tutur, sürüyə-sürüyə aparırdılar. Ora yığışan adamlar da dağılışaraq burunlarının altında deyinirdilər: “Təqsir özündədir, ağzını qoyub Allah yoluna. Guya heç kim bilmirdi ki, Kral lütdür. Buna bir bax! Guya Amerika kəşf edib: Kral lütdür! Bilirik də lütdür, daha bağırmaq nəyə lazım?”

Onu da demək lazımdır ki, sərt tədbirlər müsbət nəticə verirdi, zaman keçdikcə belə axmaq uşaqların sayı, demək olar ki, azalırdı. Bəzilərini valideynləri hər ehtimala qarşı əvvəlcədən döyərək qandırırdılar, bəziləri isə elə döyülməmiş özləri başa düşüb ağıllanırdılar. Ağıllanandan sonra da bilirdilər ki, adam öz fikrini müxtəlif cür deyə bilər. Elə deyərsən ki, təhlükəli olar, amma elə də deyərsən ki, təhlükə-filan olmaz. Məsələn, Kralın çılpaqlığını nəzərdə tutub: “Kral lütdür,” – deyə qışqırmaq da olar, amma eyni fikri nəzərdə tutub onun heyrətamiz gözəllikdə libas geyindiyini də hayqırmaq mümkündür.

Nəticədə həmən krallıqda sözü tərsinə anlamaq qabiliyyəti çox yüksək sənət səviyyəsinə ucalmışdı. Bəzən bu, yumora da çevrilirdi. Məsələn krallığın bir sakini o birilə rastlaşanda deyirdi:

“Bu gün Kralın libasının necə gözəl olduğunu gördünüzmü?”

O biri də qarnını tutaraq gülməkdən uğunurdu ki: “Həə, əlbəttə gördüm və fikir verdim ki, onun bugünkü libası, dünənkindən də gözəl idi” – bundan sonra ikisi də qəhqəhə çəkirdilər, çünki bununla hər ikisi Kralın lütüş olduğunu nəzərdə tuturdular.

Bir də, qeyd edək ki, krallıqda ədəbiyyat da qeyri-adi şəkildə inkişaf etmişdi. Orada sağ qulağı tərəfdən yazan yazıçılar vardı. Onlara sağqulaqlı yazıçılar deyirdilər. Onların yazdığı məsələn belə olurdu: “Bizim krallıqda, onun sərhədlərindən çox-çox uzaqlarda, bütün yer kürəsində hamı bilir ki, dünyada ən gözəl paltar geyinən bizim sevimli Kralımızdır”. Oxucular bunu oxuyub daxilən çox hiddətlənir və ürəklərində deyirdilər: “Necə də ağ yalandır!” – və elə o saatca həmən kitabları zibilliyə atırdılar – yəni, xəyallarında atırdılar, əsasən.

Solqulaqlı yazıçılar da eyni şeyi yazırdılar, bəzən sözbəsöz, nöqtə-vergülə qədər eyni. Amma ürəklərində, yazdıqlarının tamamilə əksini tuturdular. Adamlar isə eyni sözləri oxuduqlarına baxmayaraq, gülməkdən uğunurdular. Sonra oxuduqlarını bir-birilərinə verirdilər, üzünü köçürürdülər, hətta əzbərləyirdilər. Zaman keçdikcə sağqulaqlı yazıçılarla solqulaqlı yazıçılar arasındakı fərq, demək olar ki, silinib getdi. Fərq o qədər azaldı ki, indiki dövrün mütəxəssisləri o kitabları oxuyanda sağqulaqlıların solqulaqlılardan nə ilə fərqləndiklərini heç cür anlaya bilmirlər. Xüsusilə onu da unutmaq olmaz ki, o vaxt sağqulaqlılar bəzən taktiki mülahizələrə görə özlərini solqulaqlı kimi qələmə verirdilər, solqulaqlılar isə özlərini elə aparırdılar ki, guya sağqulaqlıdırlar.

Əcnəbilər bu ölkəyə gələndə çox təəccüblənirdilər və öz ölkələrinə qayıdanda qəzetlərində, sözü tərsinə anlamağın bu ölkənin hər bir sakininin şüurunda necə dərinə işlədiyi haqqında yazılar dərc edirdilər. Hər şey də Kralın libasından başlamışdı. O vaxtdan belə sayılmağa başladı ki, Kralın libasını tərifləyənlər həqiqəti deyir, libasın olmadığını deyənlər isə yalan danışırlar. Sonra da belə oldu ki, ağa – qara, acıya – şirin, quruya – yaş, pisə – yaxşı, sağa – sol deməyə başladılar. Hər şey dəhşətli dərəcədə qarışdı. Adama deyəndə ki, hava çox istidir, adam əyninə kürk geyinirdi. Deyəndə ki, hava çox soyuqdur, adam paltarını soyunub, az qala Kralın görkəminə düşürdü. Deyəndə ki, filan xörək çox dadlıdır, adam ürəyi bulanmasın deyə o yeməyə toxunmurdu.

Zaman keçirdi, krallıqda isə heç nə dəyişmirdi, Kral da əvvəl küçələrdə necə gəzirdisə, elə də gəzməyində davam edirdi və yavaş-yavaş qocalırdı. Və ya, yerli dillə desək, sürətlə cavanlaşırdı. Qocaldıqca da – yəni cavanlaşdıqca da geyiminin olmaması Kralın səhhətində özünü göstərirdi. Səhhəti daim pisləşirdi, yəni oranın dili ilə – yaxşılaşırdı. Belə yaxşılaşırdı ki, gah zökəm tuturdu, gah qrip, gah da sətəlcəm olurdu. Bir də görürdün qəddi əyildi, yəni əksinə – qaməti düzəldi.

İş o yerə çatdı ki, krallığın nazirləri qapalı şura iclasına yığışıb nə etmək haqqında fikirləşməyə başladılar. Baş nazir dedi:

“Əlbəttə ki, bizim Kralın çox gözəl libası var, çox qəşəngdir, amma yaşının getdikcə cavanlaşması və havaların müvəqqəti olaraq soyuması, yəni istiləşməsi ilə əlaqədar, Krala, bu libasının üstündən geyinmək üçün yeni paltar tikməyi təklif edirəm. Yeni paltar əvvəlki-təzə kimi qəşəng olmasa da, qoy onu geyinəndə Krala soyuq, yəni isti olsun".

İdeologiya naziri dedi: “Yox, elə olmaz, Krala yeni paltar tiksək, əhali bunu görüb fikirləşəcək ki, əvvəlki təzə geyimi heç geyim deyilmiş, yəni Kral eləcə tumançaq-lüt imiş. Ona görə heç bir yeni paltar tikməməyi təklif edirəm.”

Pambıq və kağız sənayesi naziri dedi: “Xüsusilə onu da nəzərə almaq lazımdır ki, krallığımızda pambıq və kağız boldur, yəni başqa sözlə, heç birindən yoxdur.”

Gizli xəfiyyə naziri isə heç nə demədi, başını aşağı salıb yazırdı, onun kağızı vardı.

Çox fikirləşəndən sonra, sonda belə qərara gəldilər ki, krallığın belə yüksək səviyyəyə, yəni acınacaqlı vəziyyətə gəlib çıxmasının səbəbi, həqiqəti həddən artıq çox deməkləri, yəni – ifrat yalan danışmaqları olmuşdur. “Gəlin əzəli anlayışlara qayıdaq – deyirdilər – əvvəl-əvvəl qaraya qara deməsək də, heç olmasa göy deyək, sonra boz deyərik. Həqiqətə də - həqiqət, ya da ona yaxın olan bir söz tapıb deyək. Məsələn, “əhəmiyyətli dərəcədə həqiqət payı olan” – demək olar. Yalan haqda isə deyə bilərik ki, o, heç də həmişə gördüyünü gördüyü kimi demir, bəzən heç doğru demir, bəzən isə tamamilə doğrunun əksini deyir.

Nazirlər elə bu qərarı da qəbul etdilər və bunu əhaliyə bildirdilər.

Krallıqda canlanma yarandı. Əhali həqiqəti – yəni əksini deməkdən elə yorulmuşdu ki, icazə verilən kimi hamı çırmalanıb həqiqəti, yəni həqiqət olan həqiqəti demək üçün atıldı. Atılmağına atıldılar, amma bacarmırdılar. Hamısı ağızlarını açırdılar, amma dilləri işləmirdi – gah üst damaqlarına yapışırdı, gah da alt damaqlarına. Hamı tərsinə deməyə vərdiş etmişdi deyə, düzünü deməyə heç cür öyrəşə bilmirdilər. Amma yavaş-yavaş öyrənməyə başladılar, dillərini məşq etdirirdilər ki, həqiqəti deyə bilsinlər. Budur – natiqlər nitq söyləyir, qəzetçilər yazır ki, son iyirmi ildəki müəyyən neqativ hallar nəticəsində bizim Kralın geyimi o qədər də yaxşı deyil. Əvvəllər biz deyirdik, yazırdıq ki, bizim Kral hamıdan yaxşı geyinir, amma əslində belə deyil.

Aydın məsələdir ki, bir qədər keçdikdən sonra nala-mıxa döymək prosesi başlandı. Bəzi adamlar deyirdi ki, niyə belə danışırsınız, bizim Kral əvvəllər də çox gözəl geyinirdi, elə indi də pis geyinmir. Ola bilər ki, onun libasında nəsə bir kiçik səliqəsizlik əlaməti olsun, amma bu hamıda ola bilər. Lap, böyük bir səliqəsizlik olsa da belə, bunu vurğulayıb, Kralımızın şəninə kölgə salmaq lazımdırmı?!

Başqaları, əlbəttə, daha tənqidi mövqe tuturdular. “Yox, – deyirdilər, – biz həqiqəti deməliyik, tam həqiqəti. Kral kifayət qədər geyinməyib, hətta, demək olar ki, heç geyinməyib”. Maraqlı orasıdır ki, adamlar bütün bunları tamamilə sərbəst deyirdilər, heç bir keşikçi onları tutmurdu, bəzi məxfi agentləri saymasaq, keşikçilər heç gözə də görünmürdülər. Məxfi agentlər ortalıqda idilər, amma onları da tanımaq çətin idi, çünki, özlərini elə aparırdılar ki, guya başqaları kimi adi adamlardırlar.

Krallığın təbəələri Kralın libasının nöqsanlarını, libasın parçasının qüsurlarını müzakirə etməkdə idilər. Kral isə onların arasında gəzib, bacardığı sayaq onları lənətləyirdi. Artıq qocalmışdı, üşüyürdü, soyuqdan əsirdi, zökəm, qrip və sətəlcəm – üçünü də eyni vaxtda tutmuşdu. İstəyirdi ki, adamlardan kimsə onun tamamilə lüt olduğunu görsün, heç olmasa bir axmaq uşaq da olsa çıxsın və bunu desin. Amma, artıq çoxdan idi ki, axmaq uşaq qalmamışdı, hamısı ağıllanmışdı və ən yaxşı halda Kralın libasının əyər-əksiyini müzakirə edə bilərdilər, daha Kralın lütlüyünü yox.

Birdən Kral özünü saxlaya bilməyib hayqıraraq bütün Saray meydanına səs saldı: “Kral lütdür! Lütdür! Lütdür!”

Bu hayqırtıdan sonra adamların arasına bir qarışıqlıq düşdü. Bəziləri çox qorxdu. Bəziləri xəta-bəladan uzaq olmaq üçün aşağıya baxa-baxa Saray meydanından tələsik uzaqlaşdılar ki, onları şahid kimi harasa çağırmasınlar. Məxfi agentlər və hardansa qəfil peyda olmuş keşikçilər bunu deyənin yenə bir axmaq uşaq olduğunu düşünüb, üsyançını tutmağa cumdular. Amma görəndə ki, bu, axmaq uşaq yox, Kralın özüdür, bilmədilər nə etsinlər.

Birdən böyürdən axmaq uşaq özü çıxdı.

“Kral lütdür!, – deyib bağırdı,– Lütdür! Lütdür!”

Tezliklə çoxlu – on, iyirmi, yüz nəfər axmaq uşaq ora yığıldı və hamısı birdən: “Kral lütdür!” – deyib, çığırışmağa başladılar. Keşikçilər də axmaq uşaqların bu qədər çox olduğunu görüb, onları tutmaqdan çəkindilər. Həm də axı Kral özü lüt olduğunu camaatın içində hayqıraraq etiraf etmişdi.

O vaxtdan bəri həmən krallıqda nə istəsən danışmaq olur. Hətta, Kralın tumançaq, lüt olduğunu da. Heç kim belə şeyə fikir vermir. Bu danışığın nəticəsində də heç nə baş vermir. Kral da nə təhər lüt gəzirdisə, elə də gəzməyində davam edir. Çünki, təzə paltarı ona heç cür tikə bilmirlər. Gah uyğun parça tapılmır (kralların paltarını nədən gəldi tikmək olmaz axı), gah qabiliyyəti çatan dərzi olmur (belə işi bacaran dərzi kənardan çağırılmaz), ona görə də eləcə, lüt-anadangəlmə gəzir. Bu barədə nə qədər istəsəniz danışmaq olar deyə adamlar da elə bir müddət bununla məşğul olurdular. Küçələrdə yürüş edib Kralın lüt olduğunu bağırırdılar. Nümayişlərdə onun lüt şəkillərini gəzdirirdilər. Konsertlərdə onun tumançaqlığı haqqında ədəbsiz mahnı-meyxanalar oxuyurdular.

Amma nəhayət, bu, hamını bezdirdi. Krallıqda sürən həyat da çox darıxdırıcı oldu. Əvvəllər adamlar gedib çılpaq Krala baxmaqdan zövq alırdılar. Həm də Kralın libasının çox gözəl olduğunu qışqıraraq, əslində onun heç bir libası olmadığını anlamaqları onlara böyük zövq verirdi. Kralın gözəl libası haqqındakı təəssüratlarını bir-birilərinə söyləyə-söyləyə çox gülüşürdülər. Sağqulaqlı yazıçıların müstəqim mənada Kralın gözəl geyinməsi haqqındakı yazılarından hiddətlənirdilər. Solqulaqlı yazıçıların isə tamamilə əks mənada Kralın gözəl geyinməsi haqqındakı yazılarını oxuyaraq uğunub gedirdilər.

Və ümumiyyətlə, o vaxt həyat indikindən gözəl idi.

# 2964 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #