Nə sənin atan var, nə mənim atam

Nə sənin atan var, nə mənim atam
24 fevral 2016
# 10:31

Kulis Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Anar Məcidzadənin yeni şeirlərini təqdim edir.

Novruz gəlir

Yurdumuza Novruz gəlir, yaz gəlir,

Tərifinə kaman gəlir, saz gəlir.

Sevincimiz tonqal olub alışır,

Tonqal üstə küsənlər də barışır.

Şamlar yanır xonçalarda al-əlvan,

Ulduzlardan açıq səma çıraqban.

Yumurtalar çeşid-çeşid boyanır,

Yatan torpaq yuxusundan oyanır.

Bu növrağı salamlayır çiçəklər,

Öz dilində nəğmə deyir böcəklər.

Şeir yazdım Novruzumun xətrinə,

Bənövşədən ətir qatdım sətrinə.

Yurdumuza Novruz gəlir, yaz gəlir,

Tərifinə kaman gəlir, saz gəlir.

Novruz üçün bir xonçadır kəndimiz,

Bu xonçanı tamaşa gəlin siz.

İnsan var ki...

İnanma hər insana,

Yaxşısı var, pisi var.

Ağıllısı, dəlisi,

Şeytanı, iblisi var.

Arxanca yüz söz deyib,

Çoxdur üzə gülənlər.

Yalanlara baş əyib,

Haqqa, düzə gülənlər.

İnsan var ki ürəyi,

Doğulandan daş olur.

İnsan da var iblisə,

Şeytana yoldaş olur.

İnsan var ki dürüstdür,

İncilərdən incidir.

İnsan da var hər sözü,

Ürəkləri incidir.

Səni sevən mən varam

Özünü tənha sanma,

Səni sevən mən varam.

Nə qədər ki, həyat var,

Mən səni unutmaram.

Sənin məhəbbətindir,

Mənə qol-qanad verən.

Məni ümidləndirən,

Şirin bir həyat verən.

Sən canım, cananımsan,

Adın canla qoşadır.

Məni qoca dünyada,

Sənin sevgin yaşadır.

Əmimə

(Nə sənin atan var, nə mənim atam)

İkimiz də yetim qaldıq dünyada,
Nə sənin atan var, nə mənim atam.
Dərdə düşsək, çatan olmaz imdada,
Nə sənin atan var, nə mənim atam.

Uşaq ikən itirmisən atanı,
Cavan ikən itirmişəm atamı.
Dəli bir ağlamaq tutur adamı,
Nə sənin atan var, nə mənim atam.

Boğulsaq sularda, düşsək dənizə,
Əl uzatmaz kimsə biz kimsəsizə.
Bu fani dünya da qəm verdi bizə,
Nə sənin atan var, nə mənim atam.

Anaram, yazıram gələndə dəmi,
Unuda bilmirəm bu dərdi, qəmi.
İkimiz də yetim qaldıq, ay əmi,
Nə sənin atan var, nə mənim atam.

Bəsimdir

Əcəl çatıb, mən öləndə, gözümü,

Yaxın kəsim bağlayarsa, bəsimdir.

Qəbrimin üstündə ağılar deyib,

İki cüt göz ağlayarsa, bəsimdir.

Ürəyimdə kin olmadı heç kimə,

Yad olmadım bu dünyada eşqimə.

Dostlar məni - sadiq qalıb əhdinə,

Ürəklərdə saxlayarsa, bəsimdir.

Zövq almaram nə dövlətdən, nə vardan,

Əl üzmərəm nə namusdan, nə ardan.

Millətini sevən şair Anardan,

Öz elinə söz qalarsa, bəsimdir.

# 422 dəfə oxunub

Oxşar xəbərlər

# # #