Əliağa Vahid içki düşkünü olmasaydı...

Əliağa Vahid içki düşkünü olmasaydı...
19 fevral 2016
# 12:06

Dünən Əliağa Vahidin anadan olmasının 121 illiyi idi. Hər dövrdə qəzəl janrına öz möhürünü vurmuş bir şair var. Əgər XIV əsrdə bu Nəsimi, XVI əsrdə Füzuli, XIX əsrdə Seyid Əzim idisə, XX əsrdə də qəzəl janrında yazan, qəzəlləri muğam ustalarının dilindən düşməyən şair də Əliağa Vahiddir.

Onu şeirlərini oxuyub-oxumamağından asılı olmayaraq hər kəsin beynində Əliağa Vahidin özünəməxsus obrazı var; bir kafe küncündə qəmgin-qəmgin oturub içki içən, içməkdən başı ayılmayan, öz aləmində yaşayan, hərdən də gözəllərə qəzəl qoşan yoxsul şair. Ya zəlzələdən, ya vəlvələdən heç kəs Əliağa Vahidi içkidən uzaq bir şair kimi təsəvvür etmir.

Əlbəttə hamıya məlumdur ki, şair-yazıçı tayfasının içkiylə münasibəti hər zaman “sıcak” olub. Çox az qələm adamı tapılar ki, içki aludəçisi olmasın.

Sözüm onda yox.

Dünən təsadüfən radioların birində Əliağa Vahidə həsr olunmuş verilişə qulaq asdım. Verilişin qonağı olan Əlibaba Məmmədov da, aparıcı da ciddi-cəhdlə sübut etməyə çalışırdılar ki, Əliağa Vahid qətiyyən içki düşkünü olmayıb, hətta içkiyə nifrət edib. Repressiya maşınının işlədiyi o amansız dövrdə özü qəsdən bu obrazı yaradırmış ki, desinlər əyyaşdır, sorğu-suala çəkməsinlər. Əliağa Vahid bir növ özünə içki düşkünü damğasını vurmaqla repressiyadan xilas olmaq istəyirmiş.

Səd əfsus.

Bizdə ölüb getmiş sənətkarlar haqqında yalançı bioqrafiya yaratmaq, həqiqətləri gizlətmək azarı var. Guya Əliağa Vahidin içki düşkünü olmasında qəbahət varmış?

Niyə?

Hansı səbəbə Əliağa Vahidin içki düşkünü olmasını gizlədək? Bu bizə nə verəcək? Olmazmı həqiqətləri olduğu kimi saxlayaq, təhrif etməyək? Əliağa Vahiddən molla obrazı yaratmaqla şeirlərinin bədii gücümü artacaq, yoxsa içki düşkünü olduğunu desək ta heç kəs onun qəzəllərini oxumayacaq?

Axı bu saxtakarlıq kimə lazımdır?

Edqar Po içki düşkünü idi, hətta bir dəfə o qədər içibmiş ki, özündən gedib çirkab su arxına yıxılıb. Onu tapıb xəstəxanaya çatdıranda artıq gec imiş. Folknerin viski aludəçiliyi təkcə Cənub ştatlarında yox, dünyada məşhurdur, içməmiş yazı masası arxasına keçməzmiş. Heminquey hər gün səhər tezdən günortaya qədər işləyər, günortadan sonra da gecə yarıya qədər içərmiş. Ondan soruşanda da deyərmiş ki, yazdıqlarımın ağrısını unutmaq üçün içməkdən başqa əlimdən heç nə gəlmir. Hətta bir dəfə Rusiyadan Kubaya gələn nümayəndə heyəti ona bir butulka “Stoliçnaya” arağı gətirib. Heminquey arağı görən kimi nümayəndənin əlindən alıb başına çəkərək, butulkanı yarılayıb.

İndi amerikalılar Heminquey haqqında həqiqətləri gizlətsinlər ki, yox olmaz, yazıçımızın xəncərinin qaşı düşər, bundan sonra heç kim “Qoca və dəniz”i oxumaz?

Bu hal təkcə yazıçı-şairlərimizə qarşı deyil, ümumilikdə sənət adamlarımıza qarşı münasibətdə də təkrarlanır. Vaqif Mustafazadənin narkotikdən istifadə etməsini gizlətmək bizə nə verəcək, yaxud Yaşar Nurinin içməmiş səhnəyə çıxmadığını ört-basdır elə, bundan nə əldə olunacaq?

Şair-yazıçılar, sənət adamlarını biz içki içib-içmədiyinə görə yox, əxlaqlı olub-olmadığına görə yox, sənətkarlığına görə sevirik. Və gerçək bir oxucu, sənət aşiqi üçün bu adamların bioqrafiyalarındakı hansısa xüsusiyyət heç kəsə gərək deyil. Özümüzdən kiməsə bioqrafiya uydurmayaq. Nə qədər gizlədirsən-gizlət həqiqət köz kimidir, bircə dəfə külünü üfürmək bəs edir ki, üzə çıxsın.

P.S. Səhər də Nəsimidən veriliş verirlər, proqramın sonunda aparıcı birdən qayıdasan ki, Nəsimini asanda kəlmeyi-şəhadət demişdi. Heyrətimdən ayağımı tormoza necə basdımsa, maşın asfalta necə mıxlandısa az qaldım qabaq şüşədən uçam. Yaxşı qurtarmışam, yoxsa indi bu yazını oxumayacaqdınız.

# 2601 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #