news-inner
clock11:42 calendar-gray 11 Fevral 2016 view-gray193 dəfə oxunub
view-gray193 dəfə oxunub

İntihar edən filosof qızının son zəngi

Saranın yuxusu

- Qızım...

- Ata...

- Dalınca gəlmişəm, balaca quzum, hazırlaş gedirik.

- Hara?

- Əlimdən tut biləcəksən.

Qoca qadın nimdaş yorğan-döşəkdən qalxıb, əlini yatağının yanına qoyulmuş əlil taxtasına uzatdı. Ona söykənib qabağa doğru bir addım atdı. Dayandı. Sonra ayağını sürüyə-sürüyə mətbəxə getdi. Dəfələrlə çay, su, şirə içilmiş çirkli fincana su tökdü, bir qurtum udub pəncərəyə yaxınlaşdı.

Hamam otağına sarı yaxınlaşdı. Gördü ki, qapısı kilidlə bağlanıb. Yenidən pəncərəyə doğru addımladı. Zülmət küçəni, qar isə qaranlığı ram etmişdi. Yatağına dönmək istəsə də lopa-lopa yağan qardan doya bilmirdi.

Tanışlıq ...

Əlyazmalar İnstitutunda işlədiyim vaxtlar idi. Hərə öz “əlyazmasının” arxasında əyləşib işiylə məşğuluydu. Təkcə mən bu “əntiq aləmdə” müasir dünyanın “oyuncağının” qabağında oturub əlyazmaları canlı hərflərə köçürdürdüm. Otağımızın qapısı açıldı. Başında beret olan yaşlı qadın salam verib, telefondan istifadə etmək üçün icazə istədi. Otaqda yaşca hamıdan kiçik olduğumdan iş yoldaşlarımın üzünə baxdım. Bəzisi başını aşağı-yuxarı, bəzisi isə sağa-sola buladı. Telefona ən yaxın olduğumdan dəstəyi ona uzatdım. Qadın nimdaş çantasından sarı ləkəli qeyd dəftərçəsini çıxartdıb nömrə axtarmağa başladı. Nəhayət, tapıb zəng etdi. Beləcə, bir saat danışdı. İşim mexaniki olduğundan söhbətinə diqqət yetirdim. Şikayəti, narahatı, xatirələri bir-birinə qarışmışdı. Qadın söhbətini bitirib, təşəkkür edib otaqdan çıxdı. İş yoldaşlarım bizə “telefon qonaqlığı” verən qadına görə hirslənmişdilər. Onun bura tez-tez gəldiyinə, telefonu saatlarla məşğul etdiyinə görə icazə vermək istəmədiklərini dedilər. Və sonda əlavə etdilər: “O, Ədəbiyyat Muzeyində işləyir. Orda təmir getdiyindən bura gəlir. Gələn dəfə biz otaqda olmasaq icazə vermə.” Ürəyimdə onlarla razılaşmasam da könülsüz “hə” dedim. Amma heç vaxt xanımın telefon söhbətlərinə mane olmadım.

Bir neçə görüşdən sonra özünü mənə təqdim etdi: Sara Hüseynova. Atasının məşhur filosof Heydər Hüseynov olduğunu fəxrlə dedi. Telefonla danışmağa ona icazə verdiyim üçün o qədər “çox sağ ol” deyirdi, özümü az qala “Ana Tereza” kimi hiss edirdim. Beləcə, dostluğumuz başladı. Əlbəttə, yaş fərqimiz çox idi. Mənim o zaman 22, Sara xanımın isə üçün 73 yaşı vardı. Amma kim deyib ki, dostluğun yaş meyarı mövcuddur?

İşlədiyim müddətdə Sara xanımla münasibətlərimiz istiləşdi, hətta onun bəzi məqalələrini kompüterdə yığmağa kömək etdim. Muzeydə təmir bitəndən sonra isə onun otağımıza ziyarətləri dayandı. Tez bir vaxtda da işimi dəyişdiyimdən xanımı daha görmədim.

Növbəti görüş

Birdən–birə özümü küçənin ortasında gördüm. Əlimdə içi ərzaqla dolu torbalar vardı. Zülmət qaranlıq idi. Dayandığım məkanın sol hissəsi birdən işıqlandı. Bu yer mənə tanış gəlirdi. Yanılmamışdım. Səadət sarayının qabağındaydım. Ona bitişik binana daxil olub, pillələrlə 3-cü mərtəbəyə qalxdım. Köhnə kilidli, hündür qapını açıb yarıqaranlıq mənzilə keçdim. Boş otaqlardan birinə yaxınlaşanda sol küncdə çarpayıda uzanmış yaşlı qadını gördüm...

Burda yuxu lentim kəsildi. Bu cür aydın cizgilərlə gördüyüm yuxu olmamışdı. Yuxunun təsirindən qurtula bilmirdim. Həmin o yaşlı qadının kimliyi məni narahat edirdi. Amma bir müddətdən sonra yuxumda həmin səhnəni yenidən gördüm. Bu dəfə fərq o idi ki, pillələri daha tez-tez qalxıb, o mübhəm otağa daxil olur, yaşlı qadına daha yaxından nəzər yetirirəm. Lakin yenə də üzünü tanımıram. Beləcə, bu yuxu üç ya dörd dəfə təkrarlandı. Nəhayət, sonuncu dəfə çarpayıya yaxınlaşanda qadını tanıdım. Bu, Sara xanım idi. O dəqiqə ayıldım. Nə illah etdim yatıb yuxunun ardını görə bilmədim. Əksinə, xeyli fikrə getdim. Bu nə deməkdi? 3-4 il bundan öncə tanış olduğum qadının yuxumdan əl çəkməməsinin səbəbi nə idi? İçimdə bir səs bunun boş yerə olmadığını dedi.

Beləcə, bu fikirlə günlərlə dolaşdım. Nəhayət, işdən bir gün çıxıb, Sara xanımın çalışdığı Ədəbiyyat Muzeyinə getdim. Sadəcə hal-əhval tutmaq istədim. Əlbəttə, ona yuxumu söyləyə bilməzdim. Ədəbiyyat Muzeyinin mühafizinə onun yanına gedəcəyimi dedim. O, adəti üzrə şöbələrdən birinə zəng edib məlumat verdi. Heç iki dəqiqə keçmədi ki, bir qadın bizə yaxınlaşdı. Sara xanımı axtardığımı biləndə söylədi ki, onu maşın vurub. “O, indi yataq xəstəsidi, əgər istəsəniz, ünvanını sizə verə bilərəm”,-deyəndə elə bildim yenidən yuxu görürəm. Heç nə demədən başımı razılıqla tərpətdim. Xanım otağına qayıdıb, ünvanı kağız parçasına yazıb gətirdi. Ünvana baxdım: Murtuza Muxtarov küçəsi, Səadət Sarayının yerləşdiyi bina, 3-cü mərtəbə. Heyrətdən gözlərim bərəldi...

Yuxumdakı kimi ərzaq dolu torbalarla onlara getdim. Amma yuxumdan bir fərq vardı ki, qapı açıq deyildi. Qapını üzündən zəhrimar tökülən bir qadın açıb, hara getdiyimi soruşdu. Mən Sara xanım deyəndə otağı işarə verdi. İçəri daxil oldum. Sara xanım çirkli yatağında yarıuzanıqlı halda qəzet oxuyurdu. Məni görən kimi gözləri doldu. Dedi ki, ”Ya molila Gospoda, chtob on napravil tebya ko mne, ya po tebe tak soskucilas”. Düzü, mən də kövrəlib onu qucaqladım.

Söhbətlər

Sara xanıma tez-tez baş çəkirdim. Getmədiyim vaxtlar isə telefonla danışırdım. O qədər maraqlı məsələlərdən söhbət edirdik ki. Düzü, onların xronologiyasının qeydini aparmadığım üçün indi çox təəssüflənirəm. O, telefon danışığımıza qəfildən başlamağı sevərdi. Məni gah rus dilində salamlayar, gah birdən–birə ingilis dilinə keçər, daha sonra fars dilində sağollaşardıq. Bir dəfə çox uzun, amma olduqca maraqlı şeir söylədi. Müəllifi atası idi. Şeir İrəvan şəhərindən keçib Araza tökülən Zəngi çayı haqqındaydı. Deyim ki, atası haqqında saatlarla elə ürəkdən danışardı.

Onun həyatda bəxti gətirməmişdi. Vətən xaini elan olunan adamın qızı olaraq, heç kimlə ailə həyatı qura bilməmişdi. Özünün ən xoşbəxt vaxtı atasıyla vağzala gedən gün idi. Söyləyirdi ki, bahar fəsliydi. Atası alman filosofu Otto Şmidti yola salmağa aparanda qızını da özüylə götürür. Hətta xatirə şəkli də çəkdirirlər. Sara xanımın o zaman 7 yaşı vardı. O unudulmaz görüşdən az sonra atası öz bağ evində intihar edir.

Deyim ki, Sara xanım atasının vəfatından danışmağı sevmirdi. Heydər Hüseynov ata kimi onun xatirində, 42 yaşındakı kimi həmişə canlı idi. Onun yetərincə tanınmaması, oxunmaması qızını çox narahat edirdi. Min cür əziyyətlə yazdığı məqalələri mənə yenidən üzünü köçürmək üçün verirdi. O, yorğun, xəstə, köməksiz olsa da yeganə dərdi atasının xatirəsini yaşatmaq idi. Anası ilə bağlı heç danışmazdı. Lakin bir dəfə anasının gənc vaxtı öz lal bacısını (Sara xanımın xalasını) döydüyünü dedi. Daha dəhşətli məqamlar da anlatdı...

Ayrılıq

Ana olduğuma görə Sara xanımla əlaqə saxlaya bilmirdim. Bir gün bacısı zəng edib, onun 2012-ci il fevral ayının 11-i vəfat etdiyini söylədi. Hadisənin necə baş verdiyini soruşdum. Laqeydliklə cavab verdi: “Gördüm bütün günü ortaqlıqda görsənmir. Qapısını açdım ki, telefon dəstəyi əlində yerə yıxılıb”. Kimə zəng edibmiş, İlahi?

Sara xanımın dünyadan vidasız, sakitcə köçməyi mənə musiqinin ən kədərli notunu xatırlatdı. Soyuq qış gecəsində onu öz otağında əlində telefon dəstəyi, ölmüş təsəvvür etmək istəmirəm. Bəlkə mənə zəng edərək, vidalaşmaq istəyib, kim bilir?! Özümə təsəlli verirəm. Elə bilirəm, onu sıxıntıdan, xəstəlikdən, tənhalıqdan əcəl yox, elə atası xilas edib.

news-inner-user

16783 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycan beynəlxalq musiqi festivalında təmsil olunacaq
18:41 22 Oktyabr 2020
Məşhur muzeylərin eksponatlarını dağıtdılar
18:04 22 Oktyabr 2020
Kuklada uşaqlar üçün tamaşa
17:23 22 Oktyabr 2020
Arvadına kölə kimi baxan varlı ər – Hekayə
16:44 22 Oktyabr 2020
Britaniyalı rəssamın əsəri 9.8 milyon dollara satıldı
16:01 22 Oktyabr 2020
Ərtoğrul məktubunda Üzeyir bəydən nə xahiş etmişdi? - Hüseyn Cavidin 24 yaşında ölən yeganə oğlu
15:22 22 Oktyabr 2020
İti qovmasan, özünü qurd zənn ediər – Təzə atalar sözləri
14:38 22 Oktyabr 2020
Zəngilanlı müğənni: "Torpağını üzümə sürtəcəm"
13:56 22 Oktyabr 2020
Hamımız vətənə oxşayırıq - Xanım İsmayılqızından qələbə şeirləri
13:18 22 Oktyabr 2020
Kəndi azad edilən şairə: “Xəbəri eşidəndə nitqim tutuldu” – Müsahibə
12:30 22 Oktyabr 2020
Qremmi mükafatının təqdimat tarixi bəlli oldu
11:56 22 Oktyabr 2020
Əlif Şəfəqi utandıran foto
11:16 22 Oktyabr 2020
Füzulidə yallı gedən ruhlar - Günel Mehri yazır...
10:36 22 Oktyabr 2020
Azərbaycanlı rejissora ağır itki
10:07 22 Oktyabr 2020
Qarabağa səyahət edən gürcü yazar erməniləri necə ifşa etdi?
09:00 22 Oktyabr 2020
Azərbaycanda yeni müsabiqə elan olundu - Şərtlər
18:36 21 Oktyabr 2020
Atamın Zəngilandakı məzarını tapa biləcəyəmmi? - Gülşən yazır...
18:15 21 Oktyabr 2020
Tamaşaçılar şarın içinə girdi - Qeyri-adi konsert
17:57 21 Oktyabr 2020
O gün uzaqda deyil - Gənc yazarın əsgərə məktubu
17:12 21 Oktyabr 2020
Torpağın dadı - Aydın Talıbzadə yazır...
16:30 21 Oktyabr 2020