Yuxuyla yuxu arasında

Yuxuyla yuxu arasında
28 yanvar 2016
# 13:40

Kulis Cavanşir Yusiflinin “Yuxuyla… yuxu arasında” yazısını təqdim edir

Səlim Babullaoğlunun “Ədəbi yuxular” kitabını uzun müddət oxuya bilmədim, yalnız müəyyən müddət keçəndən sonra, - bəlkə müəyyən, həm də bəlli hadisələr baş verdikdən sonra, - birdən necə oldusa bu kitab gözümə sataşdı və mən onu oxudum. Birnəfəsə. Həcmi az idi deyə yox, orda nəyisə axtardığıma görə. Bu yuxular müəllifin əslində şeir yazmaq yolundakı axtarışlarını, daha dəqiqi iztirablarını çox dürüst əks etdirir və burda yuxuluq bir şey yoxdu, zənnimcə, nə yatdın nə yuxu görəsən, orda həmin əzab və iztirabla bağlı cızılan sətirlər (necə ki, bıçaqla şüşəni, ya taxta parçasını cızırsan…) kadr arxasındakı səsin batıb-çıxdığını, içinə çəkildiyini, orda yuxu içində qərq olub, bir də min il sonra ayıldığının belə şahidi olursan. Bu kitabın mərkəzində belə demək olarsa, şairin həyat, gerçəklik, yaradıcılıq və sair konularda özünə verdiyi və zənnimcə indi də axtardığı sualları durur. Suallar yuxudan gəlmir, duman içindən sıyrılmır, şairin öz ədəbi taleyindən yaranır, özünə ünvanlanır və cavabsız qalır. Olsun ki, bu iztirab doğuran sualların cavabları yuxuda işarələnir, amma aşkara çıxınca o işarələr sönür, ya bəlkə şairin hansı şeirindəsə əyaniləşir, şüuraltından süzülüb onu qeyri-adi intonasiyasını, bir az da yaxşı mənada diksindirici intonasiyasını bəlləyir.

Amma şair bunu bilmir. Onun Vislava Şimborska ilə bağlı yuxusu əslində sirri bəlli olsa da konturları aydın sezilməyən bir metaforadır. “Boş otaqdı. Şimborska ilə yerdə, xalçanın üstündə diz-dizə oturmuşduq. Başqa adamlar da vardı. Səs-küy çoxdu. Uzun-uzadı danışdıq. O, gülümsünür, cavab verir və arada günəbaxan dənələri də çırtladırdı. Mən həmin anda onun dişlərinə, dişlərinin arasındakı qaralara baxır və fikirləşirdim ki, deyəsən, yaman çox siqaret çəkir… Birdən ətrafdakı adamlardan birini tanıdım: Qismətdi, şair Qismət. Xahiş elədim ki, şəklimizi çəksin. İki dəfə çəkdi. Və hər ikisində də şəkil düşmədi. Ayıldım. Gec idi. Bir siqaret yandırıb xeyli fikirləşdim. Sonra da internetə girdim. Həmin gün Şimborska dünyasını dəyişmişdi… Demək, qismət deyilmiş..”

Kim olsa deyər ki, işarələr aydındır. Tum dənələri, qismət və sair... Amma məsələ budurmu? Məncə, bu yuxudan onun şeirinə, yaxud hər iki şairin şeirinə, bu şeirlərdəki metaforlara qayıtmalıyıq. O metaforaların içində gizlənən əbədi ritmi tanımasaq, nə o yuxunun sirri açılacaq, nə şeiri anlayacağıq. Yuxunun sirri isə açılmasa yaxşıdır.

…O, tini burulur, az qalıb, bax, bax, itəcək gözdən,

Sonrası dalandır. Dalandır üfüqü gizlədən köndələn göydələn,

Şaquli dalandır. Yalandır desələr səhər var, tələsmə;

əksinə, tələs sən, qaç, onun ardınca, səslən, səslən!

Şimborskaya isə “Nobel mühazirəsində” deyirdi:

“…Şairlərə gəlincə məsələ bir az qəlizləşir. Onların işi ümidsizcəsinə fotogenik deyildir (….!). İnsan stol arxasına keçir, yaxud divanda əyləşir, hərəkətsiz halda gözünü divara, yaxud tavana zilləyir, haçansa yeddicə sətir qaralayır, sonra bəzi misraların üstündən xətt çəkir, sonra saatlar keçsə də heç nə baş vermir. Hansı tamaşaçı buna baxar, yaxud dözər?

Mən bu arada “ilham” sözünü xatırladım. “Bu nədir?” sualına, - əgər o doğrudan da mövcuddursa, - şairlər yayğın cavablar verirlər. Ona görə yox ki, bu daxili impulsun bərəkətini canlarında hiss etməyiblər. Səbəb başqadır. Özünə aydın olmayan şeyi başqasına izah etmək çətindir, mümkünsüzdür.

...Nə olursa-olsun, ilham deyilən şey şairin həmişə özünə verdiyi “bilmirəm” cavabından qaynaqlanır”.

Səlimin illər boyu bu müşkül sualların məngənəsində sıxılması və birdən fontan vurubmuş kimi günlərlə, saatlara yazması... sonra yenə süst düşüb amansız sualalrın əlində qalmsı bu ayrıntılar kontekstində yaxşı izah olunur.

Kitabda bu mənada, yəni “nə üçün?”, “niyə belə oldu?” və sair suallarına paralel bir neçə yuxu işarəsi mövcuddur. Günəbaxan tumu, dənələri... Təbəssüm (müəllifdə gülümsəmə), bir də dünyanı başına götürən sükut... Yəni, özünə verdiyin suallar əbədi yol yoldaşındır, onların cavabını tapmaq məsələ deyil, əsas odur, ömrün boyu onlarla yaşayasan, unutmayasan...

Şimborskanın lap ilk şeirlərinin birində (“Qəlb haqqında bəzi şeylər” - 1952) belə sətirlər var ki, sən güzgüyə, saatın kəfkirinə fikir verməsən də, gözünün ucuyla nələrəsə baxmasan da o, yəni qəlbin bunların dərinliyini görür, nə görürsə susur və bir ömür boyu bu sükut yerin ən dərin qatlarına işləyir, bunun hansı mistik mənası var ki... şeir sualla başlayır, sualla da bitir. Sonra: onun üçün sevincin və kədərin bir elə fərqi yoxdur, yalnız bunların çulğaşmasından oyanır, özünü göstərir, sonra yenə susur, onun işi susmaq və dinləməkdir...

Nazim Hikmətin yuxusu. Yəni, Naizmlə bağlı yuxu... Onun o dövr və ədəbi, lap elə siyasi taleyi üçün çox önəmli olan mətnindən sitat: “Evet, vatan hainiyim, siz vatanperversiniz, siz yutrseversiniz, ben yurt hainiyim, ben vatan hainiyim.... ”

“... Bir xeyli sükut edəndən sonra hüznlü səslə dilləndi Nazim:

- O şeiri mən yazmışam?

Bu mənim heç görmədiyim və unutmayacağım bir cavab idi...”

Bu zəruri sükutdur. Qışqırıq həmişə qorxuludur, xaosdur, başqasına qarşı ən azı terrordur, sükut özünü anlamağın yeganə yoludur... Bəzən bu yol qayçılanır.

Unutmayın, bütün nəticələr və hesablar

Bir (1) qədər doğru deyil.

Bir dediyin indi mənəm,

Sabah isə başqa bir hesabdır:

Siz, biz, onlar və sairə...

# 1921 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #