Azərbaycan tamaşasında Quran oxuyan ingilis

Azərbaycan tamaşasında Quran oxuyan ingilis
25 dekabr 2015
# 11:30

Kulis Aliyənin Gəncə Dövlət Dram Teatrının “Dəli yığıncağı” tamaşası haqqında məqaləsini təqdim edir.

Belə getsə, Gəncə Dövlət Dram Teatrının “Dəli yığıncağı” tamaşası təəccübləndirməkdə davam edəcək. Bu tamaşa ilə əlaqədar “Kim dəli, kim ağıllı?” sualını neçənci dəfə özümə verirəm. Bəlkə rejissor İradə Gözəlova özü elə tamaşaçını bu dilemma içində qoymaq istəyib?

Əvvəla, əhvalatın uğurlu, gözlənilməz ekspozisiyasına görə yaxşı mənada heyrətləndim. Dekorasiya, aktyor oyunu, dinamik mizanlar, funksional rekvizitlər və ən əsası, bir-birilə qarşılıqlı təsirdə olan qütblər...

İkinci, tamaşaçıların reaksiyası məni əməlli təəccübləndirdi. Onlar pirə parça bağlayan, nəzir yığan, mərsiyə deyən səhnələri alqışlara tuturdular. Əvvəlcə, mənə elə gəldi ki, onlar rejissorun ironiyasına qoşulub onun işini alqışlayır, bununla mövhumata qarşı həmrəyliklərini nümayiş etdirirlər, tamaşanın sonuna yaxın öz təxminimə təəccübləndim, sən demə, adamlar o səhnələrdə özlərini tanıyıb sevincdən əl çalırmış.

Üçüncü, final 180 dərəcə dəyişməklə üçüncü dəfə təəccübləndirdi. İdeya necə deyərlər, devalyasiyaya uğrayıb, gözümüzün qabağında məhv oldu.

Dördüncü dəfə, teatrşünas Aydın Talıbzadənin resenziyasında tamaşanı şərh etməsinə təəccübləndim. O, həmin bu tamaşada tamam başqa final görmüşdü, məncə, görmək istəmişdi.

Halbuki eyni tamaşaya baxmışdıq. Gəncə Dövlət Dram Teatrı yenicə hazırlanmış “Dəli yığıncağı” (Cəlil Məmmədquluzadə) tamaşası ilə Bakıya qastrola gəlmişdi.

Rejissor Mirzə Cəlilin “Dəli yığıncağı” kimi hadisəlilik olmayan və rejissordan həm də dramaturji həll tələb edən pyesinə əla səhnə ekspozisiyası ilə başlayıb. Səhnənin ortasında yuxarıdan iri bir gözmuncuğu asılıb. Pir ağacı yan tərəfdədir. Mafəyə oxşar bir xərək də bir yanda qoyulub. Komediya atmosferi var-amma bu o komediyadan deyil. Rejissor bu girişlə anladır ki, bizimki faciədən keçib, bu mafə də deyir ki, ölünü qoyub dirini ağlayacağıq.

Tamaşa Lalbyuzun gəlişi ilə başlayır: Lalbyuz zala daxil olur-lap tamaşaçıların qarşısında dayanıb ingilis dilində özünün kim olduğunu və niyə gəldiyini ərz edir. Tərcüməçi də onu tərcümə edir. Və ilk gəlişdən Lallbyuz bir başqası kimi məclisimizə daxil olur. Əladır. Tamaşaçıya bir başqasının gözü ilə bu səhnələrə baxmaq təklif olunur. “Kimdir dəli?” sualını aktuallaşdırmaq üçün.

Şəhərin ruhi xəstələri pirin ətrafında dolanır və qəfildən doktor Lalbyuzun üstünə tökülürlər. İradə onları müasir geyimdə, hətta bir az da etirazçı pankların görkəminə yaxın bir görünüşdə təqdim edir. Qəbul olunası yozumdur - “Dəlidən doğru xəbər” fikrini izah edir. Dəqiq desək, doğrunu deyənə dəli kimi baxmaq müdrikliyini izah edir. Əgər bir iclasda, ya məclisdə açıq-aşkar qatığa qara deyirlərsə və hamı susursa, burada bir hikmət vardır, hamı susur, sən danışırsansa o demək deyil ki, sən ağıllısan, o deməkdir ki sən dəlisən, axmaqsan. Məsələn, kimsə durub soruşa bilər ki, niyə tolerantlıq nümayiş etdirmək üçün qonşu ölkədəki kilsələrə pulsuz qaz verilir, maarif və mədəniyyət xatirinə bölgə teatrlarına istilik verilmir.

Yəni, Pırpız Sona, Farmasyon Rüstəm, Cinni Mustafa kimilər belə “dəliliklər”lə damğalanmış ola bilərlər. Odur ki, etirazçı pank geyimi məna qazanır.

Tamaşa ironiya-məsxərə temporitmində irəliləyir. Vird ritmlərilə rəqs edən personajlara – Fazil Küleyniyə, o biri hacılara Lalbyuz da qoşulur. Mizanlar da, musiqi də, dekor da bir səslə bu müsəlmançılığın tamaşa-oyun olduğunu deyir. “Tumanbağına qurban olum, ya seyidüş-şühəda” yeri bu müsəlmançılıq oyununun kulminasiyasıdır. Tamaşanın kulminasiyası isə başqa yerdədir- camaatın Mehdi sahibəz-zəmanı gözlədiyi yerdə doktor Lalbyuzun xilaskar imam kimi təqdim olunması. Əvvəlcə düşünürsən ki gözlənilən Mehdi-sahib-əz-zəmanın yerinə elmli bir insanın səhnəyə gəlməsi “Zamanın sahibi elmli insandır” mesajını ötürür. Amma sonra fikrində yanıldığını görürsən.

Lalbyuz dözməyib qəfil çıldırır, kimin dəli olduğunu şaşırır, sayıqlayıb rəqs edir (yeri gəlmişkən aktyor İlham Hüseynov Lalbyuzun daxili vəziyyətini olduqca dəqiq plastik pozalarla göstərə bilir). Sonra qəlbində “Xamuşluq” əmələ gəlir, nicat axtarır və Quranı oxuyub rahatlıq, cavab tapır. Və başlayır... Və başlayır moizə oxuyub möcüzə göstərməyə... Bu yerdə tamaşaçılar alqışlayır, sən bilmirsən tamaşaçılara, yoxsa rejissora təəccüblənəsən.

İradənin tamaşasının finalında Lalbyuz gəlib xalqa əsl islamı anladır: Qurandan sitatlar oxuyur. İmam axtaran camaat bu dəfə Lalbyuzun ətəyindən öpür, onun arxasınca səf-səf düzülüb namaz qılır, onun möcüzələrini görüb elmi yox, müqəddəs sandıqları kitabı oxumağı da yox, yenidən mövhumatı seçir. Lalbyuz-Hacı Mehdi onların kor-koranə inancını idarə edir. Amma iş orasındadır ki, İradə bunu mövhumat kimi göstərmir. İradə Doktor Lalbyuzu psixolojisi pozulmuş xəstə və yeni bir mövhumat banisi kimi də yox, əsl islamın nümayəndəsi biçimində təyin edir. Hacı Mehdi Lalbyuz guya Qurani-Kərimi oxuyub insanlara düzgün yolu tanıtmaq istəyir, amma onun etdikləri praktik olaraq pir mücövürlərinin etdiyindən fərqlənmir: şikəstə əl çəkir, (yaraya tüpürə və ya xəstəyə dəstəmaz suyunu içirə də bilərdi). ..

Aydın Talıbzadə isə yazısında az qala finalı dəyişir, yəqin ki, o finalı sadəcə olaraq dəyişmək istəyir, tamaşaya heyfi gəlir. Bu final İradənin yox, Talıbzadənin finalıdır. Özü də əla finaldır: Lalbyuz psixolojisi pozulmuş şarlatandır, Hacı Mehdi obrazıyla yeni mövhumatların əsasını qoyur. Və İradə də tamaşanı başladığı yerə gətirib qoyur. Nə gözəl. Amma heyf ki, bu tamaşada belə şey yoxdur. Bu final olsa-olsa milli teatrın ən perspektivli sandığı rejissoruna münasibətdə özünü inandırmaq cəhdidir.

Əgər İradə finalda vəziyyəti başladığı yerə gətirmək istəyirdisə, mömin Lalbyuzun səhnələrində heç olmasa bir musiqi ilə eyham edə bilərdi. Və ya möcüzə göstərmək yerinə zəkaları elə işıqlandırardı ki, kor-koranə inancdan yox, sağlam seçimdən danışmaq mümkün olsun. İradənin təqdim etdiyi finalsa tam olaraq konformizmə yuvarlanmaqdır. Əlbəttə, bunu istədiyinə inanmıram, amma tamaşa-final istənilən mesajı vermir; İlahi musiqilər bir-birinə calanır.

Rejissor sanki uçan ələmdən qorxub əsərin və bura qədərki tamaşanın ideya həllini dəyişir. Sabirin şeirləri salınmış karikaturasayağı səhnələr “din xofu”na uduzur.

Tamaşa özünə qarşı çevrilir. Əvvəldə mövhumata gülən tamaşa sonda mövhumata əyilir. Onda divara qənd yapışdıranlara gülmək nəyə lazım idi? Maarifçilərin şeirlərini deklamasiya etmək nəyə lazım idi? Hər şeyi indi də Hacı Mehdinin tumanbağına bağlayacaqdıqsa, ümumiyyətlə, Mirzə Cəlilə müraciət etmək nəyə lazım idi?

Heç, “bilənlə bilməyən (alimlə cahil) bir olarmı?”

# 1526 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #