İmam Hüseyndə səhv axtarmaq

İmam Hüseyndə səhv axtarmaq
16 dekabr 2015
# 14:54

Əli Nağıyevin müsahibəsi məni xeyli təəccübləndirdi. İlin-günün bu vaxtı, bir adam axı niyə ölkədə baş verən bu qədər hadisəni görməzdən gəlib 1500 il əvvələ gedib çıxmalı idi. Əli Nağıyev bu məsələdə heç Zahid Oruc da ola bilmədi. Zahir Oruc yenə Eldar Mahmudovu tənqid edirdi, Əli Nağıyevi isə atı çox uzaqlara səyirdib, gedib 1500 il əvvələ çıxıb, İmam Hüseyndə səhv axtarır.

Gəlin əvvəlcə görək İmam Hüseyn kimdir? Və o məşum Kərbəla faciəsindən bu qədər vaxt keçməsinə baxmayaraq niyə hələ də insanların ona olan sevgisi azalmır? Mən hər il yas saxlayanları demirəm. İnandırım sizi o mərasimdəkilərin çoxu İmam Hüseynin əslində kim olduğunu dərk etməyib. Onların əksəriyyəti sadəcə kütləyə qoşulub min illik bir ənənəni davam etdirənlərdir. Və elə o əza məclislərindən çıxan kimi də öz bədxah əməllərinə davam etdirirlər.

Yadıma gəlir. Mən uşaq olanda bizim rayon pirində Aşura günü bir adam o qədər ürəkdən mərsiyə deyib sinəsinə döydü, camaatı ağlatdı ki, axırda ürəyi getdi. O mənzərəni görənlər uzun müddət bu haqda danışdılar. Həmin adamın adı Zeyd idi. Sonralar həmin adam rayonun Su idarəsinin müdiri oldu və xalqı o qədər susuz qoydu ki, hamı ona Yezid deməyə başladı. Halbuki o, bir zama İmam Hüseynə mərsiyə deyib ürəyi gedən adam idi.

Məsələdən yayınmayaq. İmam Hüseyn artıq çoxdan tarixi şəxsiyyət olmaqdan çıxıb. O, insanların yaddaşında öz əqidəsi ilə, bütün məhrumiyyətlərə, bütün vədlərə baxmayaraq öz yolundan dönməməsi ilə yadda qalıb. Ona görə hələ də insanları heyrətləndirməyə davam edir. Əqidəsindən, dinindən, milliyyətindən asılı olmayaraq, öz yolundan dönməyən, Şər nə qədər böyük olursa-olsun, onun qarşısında bir addım belə geri çəkilməyən, öz əqidəsi üçün ölümü, ailəsinin ölümünü belə gözə alan insanlar tarix boyu hörmətlə anılıblar. Gəlin xatırlayaq: Çe Gevara, Janna Dark, Dəniz Gezmiş və neçə-neçə adını unutduğum qəhrəmanlar.

Bu insanları birləşdirən məhz ŞƏR bildikləri o qüvvənin qarşısında qəhrəmanca duruş gətirmələri, ölmələri, öz yollarından sapmamaları olub. Çe Gevara Boliviyanın ona məzar olacağını bildiyi halda əqidəsindən dönməmişdi, Deniz Gəzmiş onu sonda dar ağacının gözlədiyini bildiyi halda mübarizəsinə davam etdirmişdi. Bax, məhz bu kimi fəzilətlərinə görə onlar unudulmur, əfsanələşirlər. Sən artıq düşmənin də olsa belə qəhrəmanlıq qarşısında rəğbətini gizlədə bilmirsən. “Hərb və Sülh”də oxşar səhnəni Tolstoy çox gözəl təsvir edib. Bayrağı əlində möhkəm saxlayaraq ölmüş Balkonskini görən Napoleon ona heyranlığını gizlətmir. Onun ölümünü qəhrəmancasına ölüm adlandırır.

İmam Hüseyn də tarix boyu öz şücaəti, mübarizəsi, dönməzliyi ilə onun əqidəsində olan və olmayanların qəlbində rəğbət hissi oyadıb. Elə məhz bu şücaət onun Şərq poeziyasında özünəməxsus yer tutmasına, min ilə yaxındır haqqında əsərlər yaradılmasına səbəb olub. Bəli, İmam Hüseyn artıq tarixi şəxsiyyət olmaqdan çıxıb, əfsanəvi, ədəbi qəhrəmana çevrilib. Şiəlik olmasa, gələcək nəsillər Aşura mərasimi keçirməsə belə o vicdan, şücaət simvolu olaraq qalacaq.

İndi gələk keçmiş nazir Əli müəllimə. On il müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olan bu adam sosial sahədə bir dənə yönlü islahatı ilə yadda qalmadı. Halbuki sosialist idarəetməsindən çıxmış ölkəyə Skandinaviya ölkələrindən birinin modelini götürüb şıppıltıyla tətbiq eləmək olardı. Amma o, islahat yerinə müsahibələrinin birində demişdi ki, bizim xalq avropalılardan fərqli olaraq həmişə valideynlərinə qayğı ilə yanaşırlar, ona görə də bizdə yaşlıların pensiyalarını artırmağa gərək yoxdur.

Bu cür absurd bir çıxışla yadda qalan nazir indi gəlib İmam Hüseyndə nöqsan axtarır, amma bilmir ki, onun heç burjua hesab etdiyi hər kəsi qeyd-şərtsiz güllələyən Çe Gevaraya belə söz deməyə haqqı yoxdur. Yenə Çe Gevara Əli Nağıyevdən fərqli olaraq özündə təpər tapıb nazir vəzifəsindən istefa vermiş, Konqoya özünü mübarizəyə həsr etməyə getmişdi.

Xalqların yaddaşına özünə əbədi yer eləmiş qəhrəmanlar almaz kimidirlər. Almaz isə ancaq ona toxunanı doğrayır, özü doğranmır.

# 2077 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #