Azərbaycanlıya saz hədiyyə edən erməni

Azərbaycanlıya saz hədiyyə edən erməni
15 dekabr 2015
# 16:17

Borçalıya (Marneuli) sənəd dalınca getmişdim. Dostum Mamed məni Borçalı ədəb-ərkanı ilə qonaq elədi və işlərimizi bitirəndən sonra mənə dedi ki, gedək yeyib-içib kef edək.

Dedim:

- Sən bilirsən ki, mən içmirəm və kef etmək deyəndə də qadınları nəzərdə tutursansa bunu da bilirsən ki, mənim elə şeylərlə aram yoxdu. Ondansa halal ətdən bişirilən xəngəl verilən bir yer varsa ora gedək.

And-aman elədi ki, nə içki olacaq, nə də sənin fikirləşdiyin qadınlar. Sadəcə qəşəng kabab yeyib gürcü limonadı içərik. Gerisi də sürpriz.

O qədər and içdi ki, bununla getməyə razı oldum, amma mən bunu tanıyıram axı. Bilirəm sürpriz dediyi adi şey ola bilməz. Uzun sözün qısası, gəlib şəhərdən kənarda meşəlik yerdə bir restorana çatdıq. İçəri girəndə gördüm erməni mahnısı çalır “muzikantlar”. Mamed qabaqdan girdi. Bunu görən kimi musiqiçilər mahnını dayandırdı və “obyekt” sahibi qabağımıza qaçdı.

- Ara, Mamed can, dobrı pojalovat. Çoxdandı niyə gəlmirsən?

Köpəy oğlunun ermənisi bizim dili bizdən yaxşı danışırdı desəm mübaliğə etmiş olmaram. Mamed özündən razı şəkildə dedi:

- Bütün müştəriləri boşalt. Restoranı bağlatdırıram. Azərbaycandan qonağım gəlib.

Azərbaycan deyəndə bir az yüksək səslə dedi və yeyib-içənlərin hamısı bizə baxdı.

- Ara, Mamed qardaş, mən necə qovum axı klientləri? Sizə kabineti verim.

Mamed ayağını yerə dirədi ki, ya bu dəqiqə buranı boşalt, ya da mən boşaldacam. Gördülər ki, yox e Mamed Nuh deyir, Peyğəmbər demir. Yaxındakı masadakı cavanlar özləri durub getdi. O biri masadakıları da “obyekt” sahibi birtəhər razı salıb yola saldı. Mamedin istəyi ilə restoranın tam ortasına uzun bir masa düzəldib əllərinə nə keçdisə düzdülər ortalığa.

Mamed dedi ki, bir dənə də boş masa gətirib qoyun yanımıza. Mən baş verənləri təəccüblə izləməklə yanaşı eyni zamanda nə baş verdiyini anlamağa çalışırdım.

Mamedin istəyi ilə adam göndərdilər “Qəssab Əli”dən kabab üçün ət alıb gətirsinlər. Bir saata yaxın vaxt keçməsinə rəğmən biz ayaqda durub dəm-dəsgahın hazır olmasını gözləyirdik.

Nəhayət buyur etdilər və Mamed keçib upuzun masanın başındakı skamyanı çəkərək mənə “əyləş” dedi. Özü də keçib masanın o biri başında oturdu. Aramızda hardasa 5 metr məsafə var idi və bu məsafə “quş südü-can dərmanı” ilə dolu idi. Mamed mənə dedi:

- Cibində xırda Azərbaycan manatı var?

Mən də ciblərimi qurdalayıb bir ədəd 5 manatlıq və 3 ədəd bir manatlıq tapdım. Əllilik və yüzlükləri Mamed cibimə geri qoymağımı istədiyinə görə 8 manatı ona verdim.

Manatın “xod gedən” vaxtları idi. Mamed “muzikant”lardan birini çağırıb 1 manat verdi və “Bakılı balasıyam” mahnısını “zakaz” elədi. Eyni zamanda çağırdığı adamın qulağına pıçıltı ilə nəsə dedi. Məsafə çox uzaq olduğu üçün bunu eşidə bilmədim.

Mahnı başlar başlamaz iki qız yaxınlaşıb çıxdılar yanımızdakı boş masanın üstünə və başladılar “Bakılı balası”na oynamağa.

Yüksək səslə Mamedə səsləndim:

- Mən sənə dedim axı qadın-qız olmasın...

Mamed gülümsəyərək nəsə desə də yenə eşitmədim. Kabablar gəlməyə başladı.

Mahnılarımız ard-arda “muzikant”ların ifasında bərbad günə qoyulduqca qızların oynaması məndə qəribə hisslər yaradırdı. Birdən gözüm çalğıçıların arxasındakı saza sataşdı. Dalıb getdim uzaqlara. Heç vaxt görmədiyim Kəlbəcəri, Şuşanı-Qarabağı dolaşdım xəyalımda. Əsir düşən qadınlarımızı düşündüm. Ermənilərin masasında məcburən rəqs etdirildikləri gəldi gözümün qabağına və özümdən asılı olmayaraq gözlərimdən yaş axmağa başladı.

Özümə gələndə onu gördüm ki, erməni qızının biri mənə salfet uzadır.

Əlimi masaya vurub mahnının dayandırılmasını tələb etdim və durub Mamedin “cinahına” keçdim.

Əlimi boynuna salıb dedim:

- Mamed, mənim gözəl qardaşım, niyə belə edirsən axı?

Dedi :

- Ayə, ermənidilər, pulumu verib məzələnerəm dana.

Dedim:

- Qardaş, erməni də olsalar qadındılar. Biz onlar kimi deyilik axı. İndi sən pulunu verib onlarla əylənirsən. Bəs onların bizim əsirlərlə hansı tərzdə “əyləndiyini” düşünürsən heç?

Mamed susub doluxsundu, amma yenə dedi:

-Ayə, bizim başımıza nə gəler ürəyi yumşaqlığımızdan gəler dana. Buların hamısının var yoxunu...

Bu sözləri yüksək səslə dedi, amma restoranda olan bir başı papaqlı dinib nəsə demədi.

Ayağa durub sazı götürdüm. Bərbad halda olan tellərini birtəhər kökləyib sinəmə basdım. “Ruhani” sədası altında ağzımı mikrofona yaxın tutaraq dedim:

- Mamed, biz bunlar kimi deyilik. Biz türkük, biz müsəlmanıq. Təbii ki, düşmənimizdilər. Versələr qanlarını içərəm, amma qadınların yox. Erməni də olsa qadındı. Əks təqdirdə bizim onlardan nə fərqimiz olar ki.

“Ruhani”ylə qoşalaşaraq yenə xəyalımla uçmağa başladım. Qılınc çaldım, at çapdım, cəng elədim. Düşmənləri bir-bir qanına qəltan elədim. Hayıfımı çıxdım, amma qadınlara toxunmadım.

Bir onda özümə gəldim ki, mizrabı pas tutmuş simlərə elə vururammış ki, cəmi ikicə teli qalıb. Qırılan tellər əlimi dəlik-deşik edib. Və gözlərimi açanda onu gördüm ki, “muzikantlar”, qızlar, restoran sahibi hönkür-hönkür ağlayır. Mamed isə donub qalıb. Bıçaq vursan qanı çıxmaz.

O boyda naz-nemətdən bir tikə belə keçmədi boğazımızdan və “gedək” dedim.

Mamed restoran sahibini çağırıb “şotu” istədi. Restoran sahibi olan erməni məni qucaqlayaraq hönkür-hönkür ağlayaraq dedi:

- Bağışla bizi...

Nə qədər etdiksə “şotu” almadılar və çıxanda o sazı mənə hədiyyə etdilər...

# 467 dəfə oxunub

Oxşar xəbərlər

# # #