Neftçiləri unutmaq

Neftçiləri unutmaq
9 dekabr 2015
# 11:21

Son vaxtlar ölüm haqqında düşünə bilmirəm. Xüsusən faciəli ölümlərə qarşı immunitetim lap tükənib. Üstəlik faciəli və kütləvi ölümlərə qarşı. Bədbəxtlikdən bu cür xəbərlər də gündəmi bürüyüb, sanki inadla özünü adiləşdirmək istəyir. Terrorlar, qəzalar...

Xoşbəxt olmaq arzusuyla çırpınan insan(lar)ın bu qədər ucuz və təsadüfi səbəblə, bu qədər asanlıqla həyat səhnəsindən uzaqlaşmasına sadəcə seyrçi olmaq zülümdü.

Neçə gündü, arada kabus kimi dolaşan dəniz faciəsiylə bağlı məhz bu səbəbdən feysdə bir status yazmayacaq qədər susdum. Amma bu da kömək eləmir. Görüntülərdən, xəbərlərdən, şəkillərdən nə qədər qaçmaq olar ki...

Bilmirəm, bəlkə hər şeyə dözərdim, yazmazdım, amma çarəsiz insanların dəniz sahillərinə gül düzməsi səhnəsi dözülməz idi. İnsan acizdi, bir-birinə həyat vermək onun işi deyil. Onlar bir-birinin bədbəxtliyini sadəcə izləyə bilir. Bir-birinin ölümünə şahid olmağa məhkumdur.

Yadıma 20 Yanvar faciəsində gəmilərin dənizdə vahiməli səslə fit verməsi - “qışqırması” düşdü.

Bəli, insanlar bir-birinə dəstək olurlar, suda, quruda, göydə. Quruda yaşayanlar suda ölənlərin ölümünü izləyir, sudakılar qurudakıların. Dənizdəkilərin sahilə əli çatmır, sahildəkilərin dənizə.

Sadəcə dəniz kənarına gedib sahilə qərənfil düzməklə təsəlli tapırlar. Orda - dənizin ortasında insanlarımız ölüb. Müxtəlif yaşda, müxtəlif xasiyyətdə, ürəyində müxtəlif arzuları olan adamlar.

Elə zümrələr var ki, özlərini ölümləri ilə yada salırlar, varlıqları yox olanda fərq edilir. Şaxtaçılar haqqında şaxtada qəza olanda düşünürük, dənizçilər haqqında dənizdə bədbəxtlik baş verəndə, pilotlar haqqında göydə təyyarə partlayanda.

Başqa vaxtlar yerin altındakılar, dənizin ortasındakılar, göyün yeddinci qatındakılar yadımıza düşmür. Yalnız gündəmə gələndə xatırlayırıq, üç-beş gün sonra yenə unuduruq. Bu dəfə də unudacağıq, onların başqalarını unutduğu kimi biz də onları unudacağıq. Gün gələcək, bizim onları unutduğumuz kimi başqaları da bizi unudacaq.

# 831 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #