Dədə Qorqudun nağara çaldığı tamaşa

Dədə Qorqudun nağara çaldığı tamaşa
16 noyabr 2015
# 13:25

Çoxdan getməmişdim Pantomima teatrına, çoxdan deyəndə ki, iki il olar. Bu teatr və bununla yaxın dövrlərdə yaradılan “Gənclər”, “Kamera”, “Yuğ” teatrları gözlərim qarşısında yaranıb, işləyib-yaradıb, püxtələşib və elə gözlərim qarşısında da bəziləri dağıdılıb.

“Yuğ”u Vaqif İbrahimoğlu yaratdı, istedadlı gəncləri başına yığıb onlara teatr həm də belə, fərqli estetikada işləyə və tamaşaçı toplaya bilər-dedi. “Gənclər” teatrını Hüseynağa Atakişiyev qurdu, o, Vaqif İbrahimoğlundan fərqli olaraq tələbələri toplayıb onları eyni estetika ilə “qidalandırmadı”, əksinə artıq səhnədə olan aktyorları ətrafına topladı, təbii ki, onların arasında səhnəyə ilk qədəmlərini atanlar da vardı, klassik teatrla məşğul oldu, amma ürəklə, sevgi ilə yaratdı və onlara bunu aşılaya bildi.

Cənnət Səlimovanın da “Kamera”da atdığı özül tələbələrlə oldu. O vaxt yeni yaranmış teatrın kiçik zalı sənət eşqi ilə dolu böyük ürəklilərin məskəninə çevrilmişdi.

Pantomimanın yaradıcısı Bəxtiyar Xanızadə də təzə, hələ böyük, saf arzularla dolu qəlbləri olan istedadlı tələbələri ilə qoydu teatrın bünövrəsini.

1994-cü ildə, əvvəlcə ilk baxışdan üslubuna yaraşan bir adla “Dəli yığıncağı” Pantomima studiyası kimi fəaliyyətə başladılar. 2000-ci ildə isə Dövlət Pantomima Teatrı oldu.

Hayıf ki, adlarını çəkdiyim, gənc, istedadlı və sənət yanğısı dolu tələbələrdən ibarət o vaxtkı gənc teatrların bəziləri indi fəaliyyət göstərmir, dağıdılıb, bəziləri isə sanki boğazına dirənmiş ayağın altında inildəyir, amma təslim olmur, müqavimət göstərir. “Gözəl günlər görəcəyik, cocuqlar”-deyib ümidə sığınır.

Bu gün Pantomima teatrının “Kitabi-Dədə Qorqud”un “Dəli Domrul” boyu əsasında hazırladığı eyniadlı tamaşaya baxanda bütün bunlar kino lenti kimi gözlərim qarşısından keçdi. Və düşündüm ki, o vaxt bu teatrlar o, gözəl sənətkarların sayəsində yaradılmasaydı, bugünkü səhnəmizdə belə püxtələşmiş, artıq ətrafında gəncləri toplaya bilən qüvvələr olardımı? Əsla, çünki yetişdirməsən bəhrəsini görməzsən, bəzən yetişdirdiyinin bəhrəsini sən yox, başqaları görür, amma elə bu bacarıq da ona görə seçilmiş insanlara verilir, bunu gözə alıb yetişdirə bilən insanlara. Yetər ki, sən yetişdir, bəhrəsini görən səni mütləq xatırlayacaq. Bu gün mən xatırladığım kimi. Nə yaxşı ki, Vaqif İbrahimoğlu, Hüseynağa Atakişiyev vardı, nə yaxşı ki, Tanrının onlara verdiyi missiyanı layiqincə yerinə yetirdilər, indi hətta şou dünyasında olsalar belə məktəbləri və istedadları ilə seçilən Rafaellə, Coşqun, Azər Şabanov (axşam) o insanların əllərindən su içiblər.

Pantomimanın, Bəxtiyar Xanızadənin yetirmələri, bir vaxtlar Pantomima teatrının sacayaqlarından olan Qurban Məsimov Kukla Teatrının baş rejissorudur, Pərviz Məmmədrzayev baş teatrda çalışır, Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, Elman Rəfiyev indi Pantomima teatrının aparıcı qüvvəsidir. “Yuğ” teatrının, Vaqif İbrahimoğlunun məktəbindən keçənlər ölkənin dörd bir yanına-teatrlara, xarici ölkə teatrlarına yayılıblar, ustadlarının davamçılarıdır. Cənnət xanımın tələbələri indi özləri tələbə yetişdirir, həm də kinoda, teatrda çalışırlar. Bir sözlə, çəkilən əmək bəhrə verir, ustadları yanlarında olan da, olmayan da.

“Dəli Domrul” boyunu belə istedadla, tam fərqli prizmadan yalnız məktəb görən aktyor oynaya bilərdi. Bir saata yaxın çəkən tamaşa mənə bir göz qırpımı kimi gəldi, bitməyinə təəssüfləndim, Banunu (qızımı) tamaşaya aparmadığım üçün heyfsiləndim. Nəvədən tutmuş babaya qədər bütün nəsillərin rahat baxıb anlayacağı və zövq alacağı bir tamaşadır. Və klassikaya zərrə qədər xələl gəlmədən modern üslub-Dədə Qorqud qopuz yerinə bu dəfə nağara çalsa belə. Tam səmimiyyətimlə deyirəm, bütün borclarımı (!), həyatın gərginliyini unudub uşaq kimi güldüm, əyləndim və düşündüm bu tamaşada.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi, teatrın baş rejissoru Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı isə Elman Rəfiyevdir.

Rolları teatrın aktyorları Elnur İsmayılov, Əli Əlizadə, Səbirə Həsənova, Solmaz Bədəlova, Rafiz Mehdizadə və Nurlan Rüstəmov ifa edirlər, ifa etmirlər, vallah, can qoyurlar. Gedin, baxın, əylənin və düşünün. Hə, bunu da deyim, gedirəm, mədəniyyətimizə, teatrlarımıza rəhbərlik edənlər, səlahiyyət, söz sahibləri, bir siz də düşünün, lütfən, həyat fanidir axı, davamçılar gəlməlidir, yıxıb dağıtmaqdansa, qalmaqal, şou yaradıb kənardan baxıb gülməkdənsə, qurub-yaradın, yox, lütfən, qurub yara bilənlərə imkan verin yetişdirsinlər. Yeni teatrlar yaransın, ustadlar səhnəyə istedadlar gətirsinlər, sabah uşaqlarımızın getməyə mədəniyyətli bir yerləri olsun, Pantomima teatrı kimi yer!

# 1847 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #