Falçılıq lazımdır!

Falçılıq lazımdır!
6 noyabr 2015
# 13:20

Çoxdandır bu barədə yazmaq istəsəm də, çəkinmişəm. Səhv anlaşılmaqdan qorxmuşam. Elə indi də bu sətirləri qorxa-qorxa yazıram.

Yaxşı ki, Dini Komitənin falçılığın ləğvi ilə bağlı qərarı bu yazıya vəsilə oldu.

Mirzə Cəlilin, Haqverdiyevin yaratdığı nəsrimiz bu yüz ildən bir qədər artıq dövr ərzində onların başlatdıqları, əsərlərində qoyduqları ideyalardan, demək olar ki, sapmayıb. Onların fikirləri hələ də dominantdır. Məsələn, Haqverdiyevin “Pir” hekayəsindəki mövqeyi hələ də dominantdır və bizim yazıçılar hələ də bu hekayədə qoyulan mövqedən bir addım da kənara çıxmayıblar.

Tutalım, Mirzə Cəlil Qoqol ənənələrindən, Belinski düşüncəsindən bəhrələnib. Amma ədəbiyyat tarixi Qoqolun mistizmə meylləndiyini də danmır.

Ümumiyyətlə, XIX əsrdən başlayaraq dünyada, falçılığa, öncəgörməyə, okkultizmə, spiritizmə münasibət də dəyişməyə başladı. İntellektuallar özlərini bu sahəyə həsr etdilər. Müxtəlif cəmiyyətlər quruldu. Avropada yüz-yüz əlli il əvvəl falçılar, okkultistlər, cadugərlər təqib olunurdusa, XIX əsrin ortalarından artıq legitimlik qazanmağa başladılar. Təbii ki, Qərb cəmiyyətlərində baş verən bu proses ədəbiyyatda da əks olunmağa başladı.

Məsələ təkcə nəyəsə inanıb-inanmamaqda deyil, ədəbiyyat adamları falçıları, öncəgörənləri, spiritləri də ədəbiyyata gətirdilər, onları da əsərlərinin qəhrəmanlarına çevirdilər. Onlara da söz haqqı tanıdılar.

Həqiqətən də bir az savadlı insanlar falçılığa, mistizmə neqativ münasibət bəsləsə belə bu həyat reallığını danmaq olmaz. Bu ölkədə “Pir” hekayəsini oxumayan adam yoxdur. Bununla belə ətrafımızda nə qədər adam pirlərə inanır. Nə qədər insan falçı yanına gedir. Baxıcılara pul verib işini aşırır. Küçədə qabağına əl falına baxan qaraçı çıxan kimi dizləri əsir, tez əlini süfrə kimi onun qabağına sərmək istəyir.

Deməli reallıq bizim zənn etdiyimizdən fərqlidir.

Bunu qoyub digər mətləbə keçirəm. Ötən əsrin ortalarında magik realizmin təşəkkülü bu kimi mövzuları ədəbiyyata daha çox gətirdi. Elə təkcə Markesin Melkiadesini yada salmaq kifayətdir. O təkcə sehrbaz deyildi, fövqəl-bəşəri qüvvəyə malik idi, gələcəkdən xəbər verə bilirdi. Belə mövzular əksər Latın Amerikan yazıçılarının əsərlərində əks olunmağa başladı. Yəqin bu həm də Latın Amerikası xalqlarının məişətində bu kimi elementlərin özünə daha çox yer eləməsi ilə bağlı idi.

Olmasın Latın Amerikası, olsun Hindistan. Pis çıxmasın, Hindistanda kimə daş atırsan, falçıya, öncəgörənə, ruh çağırana dəyir. Elə XIX əsrdə Qərbdə mistizmin, okkultizimin, spiritzmin yayılması da Avropanın Hindistanla əlaqələrinin qurulması, Avropa elm adamlarının Tibet-hind mənbələrinə ulaşa bilməsi ilə başladı. İndi bir hind yazıçısı bu reallığı əsərlərində əks etdirməlidirmi? Yoxsa ələ salıb məsxərəyə qoymalıdır, tənqid hədəfinə çevrilməlidir - bizdə olduğu kimi. Axı Hindistanda falçıya, öncəgörənə inanan milyonlarla adam var. Özü də bunlar təkcə yoxsul siniflərdən deyil, bəzən görürsən elə bir adam çıxıb falçıya, öncəgörənə inandığını deyir ki, əlin üzündə qalır. Bu baxımdan magik realizmin başqa bir nümayəndəsi olan Salman Rüşdü Markesdən fərqli yol seçib. “Kloun Şalimar” əsərində terroristlərin kəndə qayıdacağını falçı qadın əvvəlcədən deyir. Amma Rüşdi bunu o qadının qeyri-adi bir qüvvəyə sahib olması ilə deyil, terroristlər arasında olan sevgilisi ilə hər gecə ürəyində söhbət eləməsi ilə bağlayır. Sadəcə qadının dedikləri düz çıxır. “Gecəyarı uşaqları” əsərində isə Rüşdi Səlim Sina kimi qeyri-adi bacarığa malik uşaqları əsərin qəhrəmanları edir. Və müəllifin onlara qarşı heç bir ironiyası, qınağı da yoxdur.

Bax, mənə elə gəlir, bizim yazarlar da Mirzə Cəlil, Haqverdiyev ənənələrindən çıxmalıdırlar. Çünki artıq nəsr onların dövründəki kimi deyil. Lap açıq deyək ki, Mirzə Cəlil də, Haqverdiyev də öz dövrlərində dünyada baş verən çağdaş ədəbi proseslərlə deyil, özlərindən hardasa 50 il əvvəl başqa vermiş ədəbi ənənələri davam etdirirdilər. Onlardan sonra da dünya nəsrində müxtəlif istiqamətlər yarandı. İndi, XXI əsrin başlanğıcında bir Azərbaycan yazıçısının Mirzə Cəlil, Haqverdiyev kimi düşünməyi, onların ideyalarından çıxış etməyi nə qədər doğrudur? Hətta Mirzə Cəlildən, Haqverdiyevdən də geriyə getmək sayılmazmı? Onlar heç olmaya özlərindən 50 il əvvəlki ədəbiyyat ənənələrini davam etdirirdilər, biz isə daha geriyə yüz il əvvələ qayıdırıq.

Düzdür ədəbiyyatımızda bu cür “mistik” nümunələr var, hər halda bir neçə əsərin adını çəkmək olar. Həmid Herisçinin “Solaxay” romanı, Şərif Ağayarın “İşğaldan bir gün əvvəl” hekayəsi buna nümunə sayıla bilər. Amma təəssüf ki, Həmid Herisçi öz yaratdığı bu mistik, qeyri-adi aləmin badına gedir deyə, o, yuxarıda adını çəkdiyim insan tiplərini (falçıları, okkultistləri, spoirotları, öncəgörənləri) ədəbi materiala çevirə bilmir, sanki özü onların “oyun”larına gəlir, yaratdığı öncəgörənə inanmağa başlayır.

Əgər ədəbiyyatın məqsədi dövrünü əks etdirməkdirsə, o zaman yazarlarımız da bundan qaçmamalı, əsərlərində falçı, öncəgörən obrazları yaratmalıdırlar. Özü də bu zaman falçılara, cadugərlərə, öncəgörənlərə ironiya ilə, tənqidlə yanaşmaqla yox, onlara da necə deyərlər “söz haqqı” verməklə...

# 1401 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #