Tanınmış rejissor: “Artıq "Azdrama"da heç kim heç nə deyə bilməz”

Tanınmış rejissor:  <span style="color:red;">“Artıq "Azdrama"da heç kim heç nə deyə bilməz”
8 oktyabr 2015
# 11:05

Akademik Milli Dram Teatrının rejissoru, xalq artisti Mərahim Fərzəlibəyovun APA-ya müsahibəsi

- Mərahim müəllim, on günə yaxındır deyirsiniz, başınızmöhkəm qarışıqdır. Gəlin, ondan başlayaq ki, sizi məşğul edən o iş nədir?

- Klassik dram əsərlərini oxuyuram ki, hansını səhnəyə hazırlaya bilərəm, hansı mənə daha yaxın ola bilər. Bu məsələlər haqda ciddi düşünürdüm. Bizim tanınmış aktyorumuz İlham Əsgərov vəfat edəndən sonra “Qürbətdən gələn məktublar”ı xalq artisti Ramiz Məlikovla hazırlayırıq. İstəyirəm, o tamaşa ayaq üstə olsun, oynanılsın. Ümumiyyətlə, tamaşa hazırladım, hazırlamadım, yaradıcılıq məsələləri həmişə mənimlədir. Özümə yaxın olan əsəri hər zaman axtarıram, araşdırıram. Hələlik axtarışdayam. Mənə elə gəlir, yaxın vaxtlarda məlum olacaq ki, hansı Azərbaycan klassikinin əsərini milli teatrda səhnəyə qoyacağam.

- Sizə yaxın olan əsər hansı prinsiplərə və estetikaya söykənməlidir?

- Dramaturgiya elə bir janrdır ki, gərək onun ustadı olasan. Dramaturgiya hər yazıçının işi deyil. Yəni roman, povest yazan məşhur yazıçı pyes yaza bilməz. Məsələn, Heminquey dünya şöhrətli romanların müəllifidir, amma bir-iki pyes yazıb. Dünyanın ən böyük dramaturqların olan Çexova sual verirdilər ki, dramaturgiya nədir, deyirdi, dar ağacı. Hər pyesi yazanda elə bil onu dar ağacına aparırdılar.

"İlyas müəllim nə əsər yazdısa, hamısını mənə həvalə elədi. Hətta bir neçə əsəri var idi ki, bizim aramızda fikir ayrılığı oldu və əsərlər başqa rejissorlara verildi"

Əlbəttə, bunlar hamısı məcazdır, amma dramaturgiya ədəbiyyatın böyük qoludur və mənə elə gəlir, bu işlə məşğul olan adam məsuliyyəti dərk edib işə ciddi yanaşmalıdır. Taleyim belə gətirdi ki, Azərbaycanın böyük yazıçısı və dramaturqu İlyas Əfəndiyevlə 25 il dost olduq. Bu dostluğun nəticəsində İlyas müəllim nə əsər yazdısa, hamısını mənə həvalə elədi. Hətta bir neçə əsəri var idi ki, bizim aramızda fikir ayrılığı oldu və əsərlər başqa rejissorlara verildi. Amma mən dramaturgiyanın ləzzətini, dadını İlyas Əfəndiyevdən aldım. Çünki rus ədəbiyyatında, dünya dramaturgiyasında seçim çoxdur. Azərbaycanın həm klassik, həm də müasir dramaturgiyası müəyyən qədər məhduddur. İstəyirəm, dram əsəri yazan müasir yazıçılarımız bilsinlər ki, dialoq hərəkət deməkdir. Aktyor dialoqla daxili aləmini tamaşaçıya nümayiş etdirir. Dramaturgiyanın dialoqları hərəkətdir. Müəllif hərəkət edən dialoqu tapa bilirsə, rejissor və aktyorlar ondan çox məharətlə istifadə edə bilir. Şəxsən mən belə dramaturgiyanın istəyindəyəm. Çox təəssüf ki, İlyas Əfəndiyevdən sonra bu cür dramaturgiyaya rast gələ bilmədim. Müəyyən yaxşı səhnələr, dialoqlar, yaxşı mövzular olub, amma tam şəkildə belə dramaturq yoxdur ki, hər şeyi qaydasında olsun. Elçinin, Anarın əsərləri mənə yaxındır, dramaturgiyanın qaydalarına cavab verirlər.

- Elçin Əfəndiyev, Kamal Abdulla, Afaq Məsud dram əsərləri yazırlar və onlar səhnəyə qoyulur...

- Kamal Abdullanın özünəməxsus üslubu var. Simvolik dramaturgiyanın olmağı, yaşamağı vacibdir. Afaq Məsudda mistika var, o da vacibdir. Amma mən real rejissor olduğuma görə real əsərləri xoşlayıram. Məsələn, Ostrovskinin, İlyas Əfəndiyevin, Mirzə İbrahimovun, İmran Qasımovun, Məmməd Səid Ordubadinin əsərləri. Onlar çalışıblar həyatı əks etdirsinlər. Yəni adını çəkdiyim dramaturqlar real dramaturqlardır.

- Siz hesab edirsiniz ki, 2015-ci ildə İmran Qasımov və Mirzə İbrahimov Afaq Məsuddan daha aktualdır? Yəni məsələyə bu tərəfdən yanaşmaq mümkündür?

- Bilirsiniz, Afaq Məsud bu günün yazıçısıdır, İmran Qasımov isə 60-cı illərin. Bunları müqayisə etmək mümkün deyil. İmran Qasımov o illərə görə yazırdı, SSRİ miqyasında oynanılırdı.

"Azərbaycan məkanında mənim üçün ən böyük dramaturq İlyas Əfəndiyevdir"

Yaxud Rüstəm İbrahimbəyovun, Maqsud İbrahimbəyovun əsərləri oynanılırdı. Amma bu gün görürsünüz, nə SSRİ məkanında, nə də Azərbaycanda İmran Qasımovun, Rüstəm və Maqsud İbrahimbəyovların əsərləri səhnəyə qoyulmur. Çünki bu əsərlər zamanı ilə ölçülürdü və zaman keçdikcə o əsələr unuduldu. Azərbaycan məkanında mənim üçün ən böyük dramaturq İlyas Əfəndiyevdir. Xüsusilə onun tarixi əsərləri. Mən çox xoşbəxtəm ki, “Mahnı dağlarda qaldı” əsərini çıxmaq şərti İlyas Əfəndiyevin bütün tarixi əsərlərinə quruluş vermişəm. O əsərlər heç vaxt öz təravətini itirməyəcək.

- Aktyorlarla necə işləyirsiniz? Bəzən belə fikirlər səslənir ki, bizim aktyorlar çağdaş estetik meyarlara cavab verməyən oyun tərzini, pafosu hələ də davam etdirirlər...

- Bilirsiniz, mən 80-ci ildən burda işləyirəm. Həsənağa Turabov, Amaliya Pənahova, Şəfiqə Məmmədova, Ağasadıq Gəraybəyli, Hamlet Xanızadə, Əlabbas Qədirovla işləmişəm və bir-birimizi başa düşmüşük. Rejissor və aktyor həmrəyliyi lazımdır. Düzdür, böyük aktyorlarla işləmək asan deyil. O ki qaldı pafosa, o əsərdən asılıdır. Elə romantik-lirik əsər olar ki, orda pafosa yer vermək olar.

- Məsələn, Cəfər Cabbarlının əsərlərində...

- Bəli. Cəfər Cabbarlı xüsusi pafosu olan dramaturqdur. Cəfər Cabbarlının əsərləri bu gün də aktualdır. Sadəcə, Cabbarlıya çarşab atmaq kimi, Almazın müəllim kimi kəndə getməyi kimi yox, başqa rakursdan yanaşmaq lazımdır. O əsərlərdə çox böyük obrazlar var. Biz xoşbəxt xalqıq ki, Cəfər Cabbarlı kimi dramaturqumuz var. Bu o demək deyil ki, Azərbaycanda müasir dramaturgiya yoxdur. İstəyərdim, ya Yazıçılar Birliyində, ya Akademik Milli Dram Teatrının nəzdində bir laboratoriya yaradılsın, orda müasir dram əsərlərini müzakirə etsinlər, fikir mübadiləsi aparsınlar ki, niyə görə filan əsər yaxşı alınıb, amma sənin əsərin zəifdir, tələblərə cavab vermir. Onun səbəblərini açıqlamaq lazımdır.

- Yəni siz master-klass keçməyə hazırsınız...

- Əlbəttə, cavan dramaturqları yönəldə bilərəm. Amma bizdə elə yazıçılar var ki, onlar həqiqi mənada yaxşı dram əsərləri yazırlar. Məsələn, Elçin Əfəndiyev yaradıcılığında dramaturgiya böyük yer verib. Elçin elə bir yazıçının ailəsində böyüyüb ki, onun pyeslərində dramaturji konfliktlər özünə yer tapa bilir. Anarın çox gözəl dram əsərləri var və mənə elə gəlir o əsərlərə də müraciət etmək lazımdır.

- Anar indi pyes yazmır...

- Çox təəssüf ki, yazmır. Mənə elə gəlir Anar müəllim pyes yazsa, çox yaxşı alınar. Vaqif Səmədoğlu dramaturgiyanı yaxşı bilirdi. Vaqif müəllim vaxtilə özünü şeirə yox, dramaturgiyaya həsr etsəydi, onda yaxşı pyeslər alına bilərdi.

- Gənc dramaturqlardan kimi tanıyırsınız?

- Gənclərə təəssüf ki, rast gəlməmişəm. Heç özləri də əsərlərini təqdim etməyiblər. Mən 30-35 yaşında olan dramaturq tanımıram. Nə mənə müraciət ediblər, nə də mən onların əsərlərini oxumuşam.

Amma Firuz Mustafa, Əli Əmirli, Elçin Hüseynbəylini tanıyıram. Onların əsərlərinin içindən nə isə tapmaq olur, onlarla yaradıcı iş aparmaq olar. Ümumiyyətlə, müasir dramaturqun əsəri teatrda yazılır. Cəfər Cabbarlı vaxtilə milli teatrda ədəbi hissə müdiri idi, əsərlərini burda yazırdı. Yaxud İlyas Əfəndiyev əsəri yazıb verirdi rejissora, mən məşqə başlayırdım. Aktyorlar təkliflər verirdilər, fikirlər bəzən üst-üstə düşmürdü və s. İlyas müəllim aktyorların fikrini bəyənəndə, bir günə əsərə əlavə edib, gətirirdi. Bilirsiniz, “Mən pyesi yazdım, teatr səhnəyə qoysun”, belə söhbət yoxdur, dramaturgiya belə olmur. Mən çox istərdim ki, Azərbaycanda müasir dramaturgiya inkişaf eləsin. İstəyirəm, gənclər yazsın. Məncə, Mədəniyyət və Turizm Nazirliyi, yaxud milli teatr müsabiqələr elan etməlidir ki, filan mövzuda pyes yazın.

- Nazirlik belə bir müsabiqəni elan etmişdi, amma eşitdiyimə görə, təqdim olunan əsərlərin keyfiyyəti qənaətbəxş olmayıb...

- Bu müsabiqəni hər il keçirsələr yaxşı olar. Elə istedadlı adamlar var, deyir, filan əsəri yazım, qonorar alım, teatr səhnəyə qoysun. Bir də görürsən, gözlənilmədən teatr yaxşı bir əsər qazandı. Yəni bu müsabiqəni hər il keçirməlidir. Üç ildən bir, beş ildən bir olmasa, daha yaxşı olar. Belə olarsa, müasir dramaturqlar yetişə bilər. Müasir dramaturgiya olmayanda, rejissorlar, teatr çalışır, nəsrə müraciət etsinlər.

Məsələ ondadır ki, roman, povest, hekayə dramaturgiyaya çətin gəlir. Mənə elə gəlir, nəsr əsərləri dramaturgiyaya gələndə həm özünü zəiflədir, həm də dram əsəri kimi də çox vaxt əmələ gəlmir. Məsələn, mən Georgi Tovstonoqovun sinfini bitirmişəm. O, “Sakit Don”u səhnəyə hazırlayanda mən orda oxuyurdum. Təsəvvür edin, yalnız səhnələşməyə beş il vaxt sərf etmişdilər, çox adi bir tamaşa alınmışdı. Sonradan Tovstonoqov da, digər rejissorlar da qərar gəldilər ki, nəsr əsərlərinə müraciət etməsinlər. Bu gün dünyada nəsr əsərlərinə müraciət demək olar ki, yoxdur. Çünki onlardan müvəffəqiyyət gözləmək çox çətindir. Beş il əvvəl “Neft və milyonlar səltənətində” əsərini səhnələşdirmək istəyirdim. Hər şey hazır olandan sonra oxudum ki, nə qədər zəif bir şey alınıb. Bir var əsəri müəllifin təsvirləri ilə oxuyursan, bir də var dram əsəri kimi. Hətta teatrdan mənə demişdilər ki, əsəri hazırla, sponsor da tapılıb. Amma gördüm yox, “Qızıl uçurum” adı ilə çəkilən film daha yaxşıdır, nəinki mənim səhnələşdirdiyim əsər.

- Akademik Milli Dram Teatrı Emmanuel Şmitin roman kimi yazdığı “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasının premyerasını keçirdi. Məncə, tamaşa yaxşı qarşılandı. Yəni müvəffəqiyyət gözləmək çətin olmadı...

- Bilirsiniz, Emmanuel Şmit Fransanın məşhur yazıçısıdır. Amma unutmaq lazım deyil ki, o, dramaturqdur və onun çoxsaylı pyesləri var. Üstəlik, özü rejissordur, film çəkir. “Müsyo İbrahim və Quran çiçəyi” əsərinin kinematoqrafik tərəfləri daha çoxdur. Bu, Şmitin həm də Qurana, İslama sevgisi idi. Ona görə bu əsər çox pak əsərdir. Əlbəttə, bu əsərin səhnəyə gəlməsi çox yaxşı haldır. Amma yenə o fikrimdə qalıram ki, Şmitin yaxşı pyesləri var və mən onu tamaşa qoysaydım, onun pyeslərindən birinə müraciət edərdim. Məsələn, onun çox gözəl bir əsəri var: “Don Juanın son gecəsi”. Axır, bütün qadınlar yığılır ki, Don Juanı cəzalandırıb, evləndirsinlər. Amma yenə deyirəm, “Müsyo İbrahim və Quran çiçəyi” əsərinin Akademik Milli Dram Teatrında səhnəyə qoyulmasını alqışlayıram. Elə bir əsəri Azərbaycan tamaşaçısı tanıyırsa, bu, gözəl hadisədir.

- Mərahim müəllim, teatrda son vaxtlar baş verən hadisələrə münasibətiniz necədir?

- Teatrlarda söz-söhbət hər zaman olub. Elə vaxt olub aktyorlar baş rejissoru, elə vaxt olub müdiriyyəti bəyənməyiblər. Teatr islahatları başlayanda Akademik Milli Dram Teatrının direktoru dəyişdi və bu vəzifəyə teatr işini bilən bir insan kimi İsrafil İsrafilov təyin olundu və beş il teatrı idarə etdi.

Teatrda belə bir qruplar var idi ki, onlar baş rejissor tələb edirdilər. Fikir ayrılığı bundan ibarət idi. Qalmaqallar baş rejissor təyinatı gecikdiyi üçün uzandı. Amma artıq bizim görkəmli rejissorumuz Azərpaşa Nemət baş rejissor-bədii rəhbər vəzifəsinə təyin olunub. Mənə elə gəlir artıq bütün söhbətlər səngiyib, daha heç kim heç nə deyə bilməz. Çünki teatrda baş rejissor var, işlər öz məcrasında davam edir, yaxşı əsərlər tamaşaya qoyulacaq. İsrafil müəllim yeni rejissorları dəvət etmişdi, onlar tamaşa hazırladılar. Milli Teatrın tarixində bu qədər tamaşa hazırlayan rejissorlar olmayıb. Əlbəttə, bu böyük risk idi və bu riskə getmək lazım idi. Bəlkə onların içində parlayan imzalar olacaqdı? Özündən əmin olan rejissorlar tamaşa, əsər qoydular və çox adi şəkildə qarşılandılar. O tamaşalar nə rejissor sənətində, nə dramaturgiyanın özündə sıçrayış yaratmadı.

- Amma iddiaları böyük idi?

- Bəli. Akademik Milli Dram Teatrından böyük teatr yoxdur və o rejissorlar burda tamaşa hazırladılar. Artıq bilindi ki, teatr hansı rejissorlarla işləyəcək. Bilirsiniz, bu teatra lazım idi. Bu, ələk və risk idi. Bundan sonra teatra lazım olan rejissorlar dəvət olunacaq. Bu, hər yerdə belədir. Mənə elə gəlir, iki-üç tamaşaya quruluş verən və adi tamaşası adi qarşılanan rejissorlara əsər verməyəcəklər. Mənə elə gəlir o rejissorların özü də bilir ki, tamaşaları alınmayıb. Amma mən onları inkar etmirəm, onların da haqqı var idi ki, tamaşa hazırlasınlar. İntəhası, bir var mən sizdən soruşam ki, əsər necədir, deyəsən, belə də. Bir də var deyəsən ki, nə gözəldir. “Belə də” tamaşasını qoyan rejissorun özü də bilir ki, işi alınmayıb. Tamaşanı təkcə aktyorun bəyənməsi şərt deyil, gərək ictimaiyyət bəyənsin. Elə mən öz tamaşalarımı da onların gözünə qatıram. Demirəm ki, mən yaxşı əsər hazırlamışam. Teatrda sorğular keçirilib. Ən çox səs iki əsərə verilirdi: Azərpaşa Nemətin “Şah Qacar” və mənim “Qürbətdən gələn məktublar” tamaşama.

- Sualımı qəribə qəbul etməyin: Sizin hansı tamaşanıza “belə də, tamaşadır” deyiblər?

- Çalışmışam ki, hər zaman özümə sadiq qalım. Səhnə üçün nə bacarıramsa, etmişəm. Çalışmışam, başıma öz həmfikirlərimi yığım. Son tamaşam olan “Mənim günahım”da elə səhnələr oldu ki, çox adam bəyənmədi. Amma elə səhnələr oldu ki, əksinə çox bəyənildi. Məsələn, Elçin müəllimlə söhbət edəndə dedi ki, teatr səhnəsi və Sahibin gözünün qabağına gələn səhnələri yaxşı tapmısan, amma istərdim, o biri səhnələr də dinamik olsun.

- Yeni tamaşanıza nə vaxt baxa biləcəyik?

- Nəcəf bəy Vəzirovun əsərləri üzərində işləyirəm. Çox istəyirdim ki, bizim mərhum aktyorumuz İlham Əsgərov Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” əsərində Nəcəf bəyi oynasın. Bu fikirlə getdim teatrın direktoru İsrafil İsrafilovun yanına. İlham Əsgərov da mənim yanımda idi. İsrafil müəllim dedi, mən çox sevinərəm ki, sən bizim belə gözəl aktyorumuzla bu əsəri səhnəyə hazırlayasan. Təəssüf ki, ölüm vəfa etmədi və mən də fikrimi dəyişdim: “Dağılan tifaq”ı İlhamdan Əsgərovdan sonra hazırlamayacağam.

# 847 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #