Tanınmış uşaq yazarı: “Yolpulu dərdindən beynəlxalq ordeni ala bilmirəm”

Tanınmış uşaq yazarı: “Yolpulu dərdindən beynəlxalq ordeni ala bilmirəm”
8 sentyabr 2015
# 15:38

Kulis Şərif Ağayarla tanınmış uşaq yazıçısı Aygün Bünyadzadənin söhbətini təqdim edir.

- Bizdə bəzən uşaq ədəbiyyatı ilə uşaqlardan bəhs edən ədəbiyyatı qarışıq salırlar...

- Uşaq ədəbiyyatı başqa, uşaqlardan bəhs edən ədəbiyyat başqa. Əgər uşaqlardan bəhs edən əsər uşaq ədəbiyyatı sayılsaydı, onda, dünyada yaradılan ədəbi əsərlərin çoxu uşaq ədəbiyyatı olardı ki!

- Bizdə uşaq ədəbiyyatı sahəsindəki vəziyyəti necə xarakterizə edərdiniz?

- Biz, müasir dövrün uşaq yazarları əlimizdən gələni edirik. AYB-dən fərqli olaraq, F.Köçərli adına respublika uşaq kitabxanasının rəhbərliyi mümkün olduqca, tez-tez bir uşaq yazarlarını bir yerə toplamağa, iştirakımızla müxtəlif tədbirlər keçirməyə çalışır. Bu sahədə kitabxananın direktoru Şəhla xanım Qəmbərovanın əvəzsiz xidmətləri var. Məhz onun sayəsində dövrün üzdə olan uşaq yazarları bir-biri ilə mütəmadi görüşür, bu günün uşaq ədəbiyyatı problemlərini aramızda müzakirə edir və maraqlı tədbirlərə qatılırıq. Amma, kaş ki, bu qayğı dövlət səviyyəsində olsaydı…

- Türkiyə və digər ölkələrdə analoji vəziyyət necədir?

- Türkiyədə mənim məhz nağıl yazarı olduğumu bilən hər kəs hörmətlə “Hocam” deyə xitab edirdi. Elə xoş idi ki! Eşitdiyimə görə, Skandinaviyada uşaq yazarlarına çox böyük hörmət var və onlara gözəl şərait yaradılır.

- Bizdə uşaq ədəbiyyatının vacibliyi barədə nə deyə bilərsiniz? “Böyüklər oxudu, qaldı balacalar?” - Bəzən belə düşünənlər olur.

- Əslində, böyük ədəbiyyatının taleyi uşaqlara kiçik yaşlarından kitabı, mütaliəni, ədəbiyyatı sevdirən uşaq ədəbiyyatından asılıdır. Çünki, hər şey uşaq yaşlarından aşılanır insana. Vətənə məhəbbət də, böyüyə hörmət də, mütaliəyə məhəbbət də. Uşaq yaşlarında kitab oxumayan, kitabı sevməyən çətin ki, böyüyəndə əlinə kitab ala, ziyalı ola. Uşağa kitabı da məhz uşaq psixologiyasını gözəl bilən professional yazarların yazdığı kitablar sevdirir. Odur ki, əslində, uşaq ədəbiyyatı daha vacibdir, nəinki böyük.

- Bəlkə bizə heç lazım deyil bu ədəbiyyat. Ümumiyyətlə ədəbiyyat...

- Ədəbiyyat bütün dövrlərdə olub və olmalıdır. Əgər lazım olmasaydı, min illər boyu yaşamazdı. Tarixdə kimlər qalır əsasən? Yazıçı-şairlər, prezidentlər, hərbçilər və sənətkarlar: rəssam, heykəltəraş və aktyorlar. Deməli, ədəbiyyatın yaranması tarixi bir zərurətdir.

- Tez-tez belə şikayət eşidirik: Azərbaycanda uşaq ədəbiyyatıyla məşğul olan yazıçılar azdır. Hətta yoxdur deyənlər də var. Bəziləri də deyir ki, əvvəlki uşaq yazarları daha yaxşı yazırdılar.

- İnanın, elə istedadlı yazarlarımız var, ortaya elə əsərlər qoya bilərik ki! Amma, nə maddi, nə mənəvi maraq var. İnsan istər-istəməz ruhdan düşür. Əvvəlki yazarlara dövlət qayğısı vardı – kitablarını çap edir, satdırır, gərəksə, yazıçı istirahət etməyə müxtəlif kurortlara göndərilir, evi olmayanlar evlə təmin olunurdu. Yazıçıya qalırdı bircə yazıb-yaratmaq ki, bunu da o, vicdanla edirdi. İndi vəziyyət başqadır. Bilmirsən maddiyyat dərdi çəkəsən, bilmirsən kitabın dərcinin dərdini. Tutaq ki, kitab dərc olundu – bu dəfə də onun satış dərdini. Və ya əsər yazırsan – bu dəfə də “qonorar yoxdur” problemi. Uşaq ədəbiyyatının bu problemləri həll olunmasa, biz, bugünkü uşaq yazarları bu sahə ilə məşğul olan son yazarlar olacağıq – kimsə bu sahəyə gəlməyəcək. Necə ki, gəlmək istəmirlər!

- Belə fikirlər də var ki, uşaqlar üçün yerli müəlliflərin canfəşanlıq etməsinə gərək yoxdur. Elə xarici müəlliflərin əsərlərini tərcümə eləsək bəsimizdir...

- Belə bir reklam çarxı vardı: “Öz pomidorumuz, öz musiqimiz!” Nədən öz uşaq ədəbiyyatı nümunələrimiz olmasın? Tərcümə əsərləri başqa, öz müəlliflərimiz başqa. Elə isə, yerli cizgi filmləri çəkilməsin, teatrlar da yerli müəlliflərin əsərlərini oynamasın, ümumiyyətlə, yerli heç nə olmasın, çünki, bu gün yerli müəllifi oxumayan uşaq böyüyəndən sonra da yerli heç nəyi bəyənməyəcək. Bir də, maraqlıdır, sizin dediyiniz kimi fikirləşənlər, görəsən, yerli müəlliflərin böyüklər üçün yazdığı kitabları oxuyurlar?

- Yerli müəlliflər uşaqlar üçün əlahiddə, spesifik hansı mövzularda yaza bilərlər ki, xarici ədəbiyyat nümunələri bunun yerini doldura bilməz?

- Əgər uşaqlar üçün yazılırsa, həmin əsərdə, məncə, mövzu üstünlüyü olmamalıdır. Əsas olan həmin əsərin maraqlılığı, dinamikliyi və elə ilk cümlələrdən uşağı “tuta bilməsidir”. Əgər uşaq ilk 2-3 cümlədən sonra kitabı bir tərəfə atmadısa, demək, yazıçını ədəbiyyata daha bir oxucu qazandırdığı üçün təbrik etmək olar.

- Müasir cizgi filmlərinin qəhrəmanları çox dinamikdir. Ağlasığmaz obrazlarla doludur. Bu cizgi filmləriylə müasir uşaq ədəbiyyatımızın ayaqlaşması üçün bir uşaq yazıçısı kimi cəhdlər edirsinizmi? Ümumiyyətlə, belə cəhdlərə ehtiyac varmı?

- “Cırtdan” uşaq jurnalında baş redaktor olduğum dövrdə Cırtdanın bugünkü sərgüzəştlərini yaratmışdım – eyni dinamika və siz deyən “ağlasığmaz obrazlarla” dolu... Uşaqlarla yanaşı valideynlər də bu macəraları maraqla qarşılamışdılar. Gələcəkdə, imkan olarsa, çox maraqlı və dediyiniz kimi, dinamik bir cizgi filmi də çəkilsə, inanıram ki, uğurlu olacaq. Amma, təəssüf ki, yuxarıda söylədiyim səbəblərdən – maddi sıxıntıdan bu jurnal dərcini dayandırıb.

- İndi nəsə yazırsınız?

- 2000-ci ildən başlayaraq, nağıllar, nağıl-pyes və nağıl-povestlər yazır, dünya xalqlarının nağıl və əfsanələrini rus və alman dillərindən dilimizə tərcümə edib müntəzəm olaraq dövrü mətbuatda, xüsusilə uşaq mətbuatında çıxış edirəm.

- Maraqlıdır, niyə bu sahəylə məşğul oldunuz? Sizi çəkən nə idi?

- Məhz bu sahəyə məni çəkən hələ də daxilən “böyük uşaq” olmağımdır. Hər halda, iki kəlmə söhbət edən hər kəs bunu mənə deyir. Bu günə qədər də gündəlik olaraq, roman, şeir deyil, məhz uşaq nəsr əsərləri, dünya xalqlarının nağıl və əfsanələrini, eyni zamanda dünyaca məşhur uşaq yazarlarının həyat yollarını böyük maraqla oxuyuram. Bu həvəsi isə məndə, bu yaxınlarda dünyasını dəyişmiş atam – Telman Bünyadzadə hələ kiçik yaşlarımdan yaratmışdı. Özümü dərk edəndən mənə maraqlı nağıllar danışar, birgə nağıl kitabları oxuyardıq. Nağılları bir də niyə sevdim – burda mümkünsüzlər sehr vasitəsilə mümkün olur. Maraqlı bir fakt da var – bütün dünyada nağıl yazarlarının əksəriyyəti, o cümlədən Astrid Lindqren, Samuil Marşak, Nikolay Nosov, Vilhelm Hauf, Mark Tven, Conatan Svift, Lazar Laqin və digərləri mənim kimi, məhz noyabr ayında dünyaya gəliblər. Bəlkə də bu, alın yazım idi.

- Bizim kukla və uşaq teatrları ilə bağlı nə deyərdiniz?

- Özümə qardaş qədər yaxın bildiyim Ələkbər əminin vəfatından sonra, uzun müddət, bir neçə il Kukla Teatrına getməyə, sadəcə, ürək etmirdim. Ən nəhayət, təxminən 2 il əvvəl getdim və… yeni direktor - Rəşad Əhmədzadənin gəlişindən sonra burda kifayət qədər müsbət dəyişikliklər olduğunun şahidi oldum. O dəyişikliklər hazırda da böyük uğurla davam edir və mən buna təbii ki, ürəkdən sevinirəm. Bakı Uşaq Teatrında bir neçə tamaşa izləmişəm – o vaxt onlar Bakı bulvarında yerləşirdilər və tamaşalarında gedib izləmək çox rahat idi. Üstəlik, şahidi olmuşam – tamaşadan sonra zala enən aktyorlar ordakı balaca tamaşaçıların hər birinə xırda hədiyyələr də paylayırdılar – konkret olaraq diyircəkli qələm paylamaları yadıma gəlir ki, bu da mənim üçün aktyor-tamaşaçı arasında yaranan yeni bir isti münasibət idi. O hədiyyələri alan uşaqların sevincini görmək lazım idi! Daha sonra isə, bu teatrı, deyəsən, bir neçə dəfə yerini dəyişdilər və mən buna bir tamaşaçı kimi çox heyfsiləndim. Çünki, bununla, məncə, “teatrı daim bulvara gələn və bu teatrı sevən balaca tamaşaçılarından bilərəkdən ayrı saldılar” kimi təəssürat yarandı məndə.

- AYB-də uşaq ədəbiyyatı ilə bağlı seksiya filan da var deyəsən... Bu barədə nə bilirsən...

- Heç bir şey deyə bilmərəm, çünki, 2000-ci ildən o qurumla yolum ayrılıb. Səbəbi də çox gülüncdür – məhkəmənin qərarı əsasında bir şəxsə borcum var idi və AYB-də mənə bəyan etdilər ki, get o kişiyə borcunu ödə, ondan sonra səni birliyin sıralarına qəbul edərik. Baxmayaraq ki, AYB Anarın imzası ilə mənə elə həmin il “İlin ən yaxşı uşaq əsərlərinə görə” Tofiq Mahmud adına mükafatı verib, istedadlı olduğumu təsdiq etmişdi. Deməli, AYB-yə qəbul zamanı istedadla yanaşı, kiməsə borcunun olub-olmaması da əsas meyar imiş. Amma, nizamnaməyə bunu qeyd etməyi, nədənsə, unudublar.

- Uşaq mətbuatıyla bağlı nə deyərdin...

- Dövlətdən maliyyələşənlər istisna olmaqla, uşaq mətbuatı beşikdəcə boğulmaq təhlükəsi ilə üz-üzədir. Səyyar satış qadağan oldu, məktəblərdə satış qadağan oldu, metroda satış ləğv oldu – bu bədbəxt jurnal təsisçisi jurnalını harda satsın? O səbəbdən baş redaktoru olduğum “Cobi və dostları”, əməkdaşlıq etdiyim “Oyuncaq”, “Banu” və daha bir neçə uşaq mətbuatı nəşrini dayandırdı. Halbuki, burda çalışanlar kifayət qədər professional insanlar idi və balalarımıza hələ kiçik yaşlarından mütaliəyə maraq oyatmaq üçün əllərindən gələni edirdilər. Elə dövlətdən maliyyələşənlərin də vəziyyəti ürəkaçan deyil, mən bilən. Çünki, tirajları min nüsxəyə çatmayanları var deyəsən.

- Bildiyimə görə, Siz vaxtilə “Uşaqlar qarşısında xidmətə” görə Polşanın və BMT-nin beynəlxalq “Təbəssüm Ordeni”nə layiq görülmüsünüz...

- Görülməyimə görüldüm, amma... Bu barədə əmr 2010-cu ildə verildi, o vaxt mən Türkiyədə idim, Bakıya gələndən sonra dəfələrlə Polşa səfirliyinə müraciət etdim ki, Bakıdayam. Keçmiş səfir özü mənə zəng edib bildirdi ki, ordenimi almaq üçün Varşavaya getməliyəm. Daha sonra Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevə məktub yazıb vurğuladım ki, qazandığım bu ordenlə dünya üzrə müxtəlif illərdə Çingiz Aytmatov, Stiven Spilberq, Tereza ana, Səudiyyə Ərəbistanının kralı 2-ci Abdullah, İsveç kraliçası Silviya, Marqret Tetçer, Dalay Lama, rus Kukla Teatrının nəhəngi Sergey Obraztsov, “Nu poqodi” cizgi filminin rəssamı V.Kotyonoçkin, o cümlədən dünya uşaq ədəbiyyatının məşhur nümayəndələri Astrid Lindqren, Tuve Yansson, Coan Roulinq, Sergey Mixalkov, Aqniya Barto və digərləri təltif olunmuşlar. Təsis edildiyi 1968-ci ildən bu günədək isə dünyada cəmi 8 müsəlman bu mükafata layiq görülüb. Maddi imkansızlıq ucbatından 5 il olar ki, Polşaya – Varşavaya getməməyim, təqdimat mərasiminin baş tutmaması, bu nüfuzlu mükafatın qazanıldığı halda, hələ də Azərbaycana gətirilməməsi, zənnimcə, Azərbaycan mədəniyyəti üçün görünməmiş xüsusi bir vəziyyət hesab edilə bilər. Mən Azərbaycana geri döndüyüm andan bu günədək hələ ki, iş tapa bilmirəm. Eyni zamanda, şəkərli diabet xəstəsi olduğum üçün qorxuram, çox qorxuram ki, qəfildən səhhətimdə ciddi bir problem yaranar və ümumiyyətlə, Polşaya gedə bilmərəm. Sizdən Polşaya, Varşavaya gedib, təltif olunduğum “Uşaqlar qarşısında xidmətə görə” beynəlxalq “Təbəssüm Ordeni”nin təqdimatında iştirak edə bilməmə maddi yardım ayrılmasına göstəriş vermənizii xahiş edirəm. Mənə belə bir cavab məktubu gəldi: “Mədəniyyət və Turizm Nazirliyinin büdcə vəsaitində maddi yardım nəzərdə tutulmayıb”. Vəssalam! Orden-filan, Varşavada təşkil olunacaq təqdimat mərasimi aldı bir tərəfə, “Maddi yardım nəzərdə tutulmayıb” deyə cavab yazdılar... Siz də sual verirsiniz ki, uşaq ədəbiyyatına niyə gələn yoxdur?

# 876 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #