news-inner
clock08:30 calendar-gray 08 Sentyabr 2015 view-gray43 dəfə oxunub
view-gray43 dəfə oxunub

Məni aldatdı, evli olduğunu bilmirdim – “HƏRB VƏ SÜLH”DƏN REPORTAJ

Dünya ədəbiyyatının ən ciddi əsərlərindən biri – “Hərb və sülh”. Rus cəmiyyətinin həyatını, münasibətlərini dərindən əks etdirən, amansız müharibədən söz açan roman. Sözü verək Lev Tolstoya: “Hər bir əsərin qayəsi gərək xeyirxahlıq olsun”.

Tolsoyun yazdığı müharibə

Tolstoy 1856-cı ildə yazmağa başladığı “Dekabristlər”i yarımçıq qoyur, Rusiyanın başının üstünü almış qara buludlar ona daha böyük əsərin ortaya çıxmasına yardımçı olur. 1805-1820-ci illər rus həyatındakı çalxantılı dövr “Hərb və sülh” epopeyasını yaradır.

“Mən bu romanın üzərində 6 il çalışmışam. Bu müddətdə Rusiyanın 15 illik tarixini bütün detalları ilə öyrənmişəm. Roman yalnız rus cəmiyyətinin təbəqələrini, siniflərini deyil, həm də 1805-1812-ci il müharibələrinin real təsvridir”.

Rus və fransız müharibəsi... Axıdılan qanlar, dağıdılan evlər, yandırılan Moskva. Müharibə dəhşətlə adamların, rus cəmiyyətinin üzərinə hücum çəkir. Tolstoy bu müharibəni ədalətsiz hesab etməklə bərabər, rusların səhvi olduğunu da dilə gətirir: “Avstriya ilə müttəfiq olub Napoleona qarşı vuruşan və Kutuzovu baş komandanlıqdan uzaqlaşdırıb I Aleksandrı gətirmək diplomatik səhv idi.” Romanda da görünür ki, I Aleksandr kefcil, ədabaz bir adamdır, günü bal-maskaradlarda qadınlarla vals oynamaqla keçir. Fransızların hücum xəbərini də elə belə ziyafətlərin birində eşidir...

Məğlubiyyət, daha sonra barışıq, Napoleonun təltif olunduğu orden... Müharibənin ilk həmləsi sona çatır...

İkinci mərhələdə - 1812-ci il vətəndaş müharibəsi... Rus xalqı Rusiyanın istiqlaliyyəti uğrunda vuruşur, başçı Kutuzov. Napoleonun işğalçı ordusu rus torpaqlarından qovulur... Müharibələr bitir, ancaq sülh dövründəki insanların həyatı, bir-birini aldatması, xəyanət etməsi, incitməsi, fırıldaq gəlməsi sona çatmır...

Roman çox böyükdür, obrazlar da nə qədər istəsən. Elə isə gəlin əsas qəhrəmanlarla tanış olaq...

Knyaz Andrey Bolkonski

Romanın qəhrəmanlarından biri – Bolkonski. İstefaya çıxmış general. Ömrünün son çağlarını malikanəsində keçirir, riyaziyyatla məşğul olur. Keçmiş xidmətlərinə görə Kutuzov onu çox istəyir, arada məktublaşırlar. Hərbçi olmağı onun xasiyyətini tündləşdirib, evdə oğluna, qızı Mariyaya sərt tələblər qoyur, onlarla əsgər kimi rəftar edir. Bununla belə, hər kəs ona hörmət edir, əl üstündə saxlayır. Müharibəni kənardan izləyir: ilk mərhələdəki məğlubiyyət onu özündən çıxarır. Müharibə onun üçün labüd bir şeydir: “İnsanların canından qanı çıxar, yerinə su doldur, o zaman müharibə olmaz”.

Əsas qəhrəman – Knyaz Andrey Bolkonski bu kişinin oğludur. O da atası kimi ciddi, tələbkar biridir. Cavanlığında hərbi qulluğa girmək üçün çalışıb-vuruşur. Onun üçün sərkərdə adı qazanmaq, dövlət xidmətində işləyib şöhrət qazanmaq hər şeydən üstündür: “Lakin mən saray aristokratiyasının, bu cəmiyyətin üzvlərinin iç üzünü görəndən sonra fikrimdən döndüm.”

- Bəs saraydakılarda nə gördünüz ki?

- Öz mənsəbləri üçün çalışırlar. Ver yeyim, ört yatım, gözlə canım çıxmasın.

Knyaz Andrey buna görə də bal-maskaradlarda çox darıxır, əzab çəkir, getmək üçün bəhanələr axtarır. Onun narahatçılığı təkcə ətrafı deyil, həm də ailəsidir. Liza adlı xanımla evlənib, di gəl, söhbətləri tutmur, anlaşa bilmirlər. Problem də budur: Andreyin uzaqlaşdığı mühit Lizaya xoş gəlir. Lizanı da qınamaq olmur: gözünü açandan belə ziyafətlərin iştirakçısı olub, belə yaşayıb, belə də davam etməlidir. “Bilirəm, - deyir Bolkonski, - onun bunlardan ayrılmağı çox çətin bir şeydir. Mən atama oxşadığımdan bəlkə də rəsmi və soyuq gəlirəm ona. Çünki bizim evdə ürəkaçan bir təntənə, məclis olmur.”

Liza hamilədir, Andrey boşana bilməsə də evlilikləri elə də uzun sürənə oxşamır. Yazıq Liza... Bircə Mariya, knyazın bacısı ona ürək yandırır...

Qəfil müharibə başlayır, Andrey döyüşə gedir. Orda şöhrət qazanır, fədakarlıq edir. Yüzlərlə ölənin içində qan itirən Andrey başını qaldıranda Napoleonu görür: “O, öz heyəti ilə qürur hissi keçirirdi, ölənlərə baxanda birdən məni gördü. Soyuqqanlı və amansız baxışları vardı. Gözümü açanda özümü xəstəxanada gördüm, yenə başımda Napoleon”.

Hər kəs knyazı öldü bilir, müharibənin ilkin mərhələsi müvəqqəti barışıqla nəticələnir. Andrey qayıdır, cəmiyyətdən uzaqlaşıb təsərrüfatçı kimi yaşamağa başlayır. “Lizanın ölüm xəbərini verəndə çox pis oldum, yazıq oğlum anasız böyüyəcəkdi. Ancaq özümü itirmədim, təhkimçi kəndlilərə kömək etdim və həyatımı qaydasına salmağa çalışdım. Rusiyanın vəziyyəti məni düşündürürdü. Mən hərbi sistemi dəyişmək üçün bir layihə hazırladım. Nazir isə buna əhəmiyyət vermədi. Hər şey üst-üstə gəlir.”

Bu vaxt Nataşa adlı bir qız peyda olur onun həyatında...

Nataşa

Nataşa Rostova dəyişkən xarakterli qızdır – pozğun deyil, sadəcə tez aldanır. Onun gözəlliyi hamını valeh edir və bu da qıza xoş gəlir. Knyaz Andrey Rostovlar ailəsi ilə dost olduğu üçün tez-tez ora gedib gəlir. Knyazın iztirablarını Nataşa hiss edir, onların arasında məhəbbət yaranır. Andrey evlənmə təklif edir, lakin atası razı deyil. Bunun üçün iki ay gözləmək lazımdır. Bu aylar Nataşanı dəli edir, yata bilmir, iztirab çəkir.

Knyaz Andrey: “Mən xoşbəxtəm. Hər şey çox gözəldir. Lakin bu qızın 16 yaşı var, mənimsə 32. Nə olacaq görən?”

- Nataşa Rostova, nəyə görə knyaz Andreyə xəyanət etdiniz?

- Xeyr. Nə xəyanət? Bu xəyanət deyil, aldanmadır. O əxlaqsız Anatoli mənim başımı bişirdi, gözəl sözlər dedi. Mən ona qaçacaqdım. Yaxşı ki, alınmadı. Öyrəndim ki, evliymiş. Ax, alçaq...

Nataşa - aldanmış, iki tərəfdən tərk edilmiş bir qız. Hələ təzə-təzə açmış çiçək qəfil solur. Nə acı tale, deyilmi?

Müharibə başlayır bu arada. Knyaz Andrey yaralı bir vəziyyətdə... Nataşa onu görür, darmadağın olur. Knyaz onu bağışlayır və sevdiyini anlayır. Ancaq ölüm hər şeyi qabaqlayır... Əlvida, knyaz...

Pyer Bezuxov

Ən varlı zadəganlardan biri Bezuxovun qeyri-qanuni, həm də yeganə övladı olan Pyer Bezuxov - əsərin ən qəribə və pak qəhrəmanı: “Atalığım ağır xəstə idi, bu gün-sabahlıqdır, onun xeyli gəliri var, amma o qədər göz baxır ki buna. Hamının fikri o puldadır. Onun ölümünü gözləyirlər. Mənə veriləndə isə ətrafımda fır-fır dolanmağa başladılar”.

Knyaz Vasili kimi murdar bir adamın əlinə düşür qəhrəmanımız. Nataşanı aldadıb, onu qaçırtmaq istəyən Anatolinin, alkaş, sərsəri İppolitin, gözəl-göyçək, lakin içi boş Elenin atası. Qızını tezbazar Pyerlə baş-göz edir, evləndirir, mirasa qonmaq üçün dəridən qabıqdan çıxır.

Təmiz, saf Pyer birdən-birə belə bir pozğun cəmiyyət arasına düşür. İçir, ona yaraşmayan hərəkətlər edir, adamları tanımadığından təsir altına tez düşür. Elenlə evlənməsi xoşbəxtlik gətirmir: faciə yaranır. Qısqanclıq axırda Pyeri ondan uzaqlaşdırır: “Arvadımdan inciyib Peterburqa gedərkən yolda qoca mason Bozdeyevin sözləri mənə əməlli-başlı təsir edir, öz daxilini təmizləmək söhbəti mənə maraqlı gəlir. Bütün insanları qardaş bildim özümə bu söhbətdən sonra”.

Pyer xeyirxah adama çevrilir, masonlara üzv olur, insanlara əlindən gələn yaxşılıqlar etməyə çalışır. Pyer həqiqət axtarışına çıxır, oxuyur, düşünür, özünə suallar verir. Moskva təhlükədə olanda şəhərdə qalır. Əvvəl Napoleona hörmət edən Pyer indi ona qəzəblidir, onu öldürmək istəyir. Lakin əsir düşür...

“Bir neçə əsirlə birlikdə güllənməyə apardılar bizi. Təsadüfən sağ qaldım, amma gözümün qabağında ölən adamların fəryadı hələ də qulaqlarımda cingildəyir. Amma əsirlikdə tanış olduğum Platon Karatey adlı adam mənə ruh yüksəkliyi verdi və mən dünyanı anlamağa başladım”.

- Sonra nə oldu, cənab Bezuxov?

- Bədbəxt Nataşa ilə evləndim. Onu xilas etməliydim. Çünki o, çox yaxşı bir qız idi. Yazığın həyatı alt-üst olmuşdu. İndi xoşbəxtik, üç qızımız və bir oğlumuz var. Bundan sonra xalqı əzənlərə qarşı vuruşacam və əlimdən gələni edəcəm. Tək idealım budur.

Nikolay Rostov

Bədbəxt Nataşanın qardaşı, müharibədə iştirak edən, ağıllı, tərbiyəli və evin ən böyük oğlu. Ailədə tərbiyə almış Sonyanı sevir, onunla evlənəcəyini qət edib. Sonya Nataşanın ən yaxın dostudur. Müharibə isə Rostovun xəyallarını alt-üst edir. Bəzən müharibə qazanc vasitəsi olur. Ordu işi Rostovu özünə çəkir, o da dostları kimi kef çəkmək fikrinə düşür. Məzuniyyətə gələndə hiss olunur ki, Sonyaya məhəbbəti azalır, dostlarla hər gün içki məclisində iştirak edir, başqa qadınlarla əylənir. Həmin gecələrin birində Rostov Denisov adlı bir gəncə qumarda uduzur. Rostovlar ailəsi elə də varlı deyildi, bu pulun yarısını verə bilirlər. Bu hadisə Rostova dərs olur, orduya qayıdanda başını aşağı salıb işləməyə və yığdığı pulla borcunun qalanını verməyə başlayır. Müharibə Bolkonskilər ailəsi kimi onların da ailəsində faciələr yaşadır. Nataşanı artıq bilirsiniz, Sonya bədbəxt Rostovla sevgisinə qarşılıq ala bilmir, tək qalır, ailənin kiçik oğlu Petruşa isə döyüşdə ölür. Müharibə bitdikdən sonra Knyaz Andreyin bacısı Mariyayla evlənən Nikolay Rostov gözəl günlərə yelkən açır. Mariya gözəl, incə ruhlu, sevimli bir qızdır. Knyaz Andreyin ölüm yatağında olmağı əvvəllər sözləri çəp gələn Nataşa ilə onu yaxınlaşdırır. Rostovla müharibədə tanış olur, oğlan qızı xilas edir, Moskvadan getməkləri üçün kömək əlini uzadır. Bu xeyirxahlığı knyazın bacısı unutmur və Rostovu yaddaşında saxlayır. Sonda isə onlar öz sevgilərini etiraf edirlər.

Son

“Hərb və sülh” haqqında çox danışmaq olar. Əsər illəri aşıb bu günümüzə qədər gəlib və hələ də aktualdır. Kitabı bitirəndən sonra düşündüm ki, müharibə deyil, insanların bir-birinə münasibətləri daha dəhşətlidir və hislərin yaralanması, ölməsi, bir adamın döyüşdə həlak olmasından daha dəhşətlidir.

Ayxan Ayvaz

news-inner-user

12548 məqalə

Paylaş

Oxşar xəbərlər