news-inner
clock09:00 calendar-gray 31 Avqust 2015 view-gray86 dəfə oxunub
view-gray86 dəfə oxunub

Lermontovun yaşatdığını Allah necə öldürdü

Yazının birinci hissəsini burdan oxuya bilərsiz.

Bax insanın faniliyə qalib gəldiyi,

zamana dirəniş göstərdiyi yeganə an budur.

Yaxın ruhların öz enerjisini

hətta iki əsr sonra belə bir-birinə ötürə bilməsi.

“Bir orman kimi qardaşcasına

Və bir ağac kimi tək və hürr”

yaşamaq üçün bu, çox vacibdi.

Bir–birinin təcrübəsini və həyat tərzini,

stimulunu və yaşamaq eşqini,

sevgisini və nifrətini, ən əsası isə

ironiyasını anlaya bilmək.

Damarlarında şotland generallarının qanı axan, aristokrat rus ailəsində böyümüş, yaxşı tərbiyə almış, Moskva Dövlət Universitetini yunkerlik məktəbinə dəyişərək taleyini səhv getmiş bu döyüşçü xarakterli zadəgan, şotland əsilli rus, hərbi mundirli dahi cəmiyyətə və həyata ironik münasibətinə rəğmən, həm də güclü yaşamaq eşqi olan gənc yazıçıydı və özünü ön cəbhədə, Qafqaz ordusu zabiti kimi öz yerində hiss edə bilməzdi. Ona görə də, nənəsinə yazdığı məktubda ordudan tərxis olunarsa, ədəbiyyat jurnalı təsis edəcəyini və qalan ömrünü ədəbiyyata həsr edəcəyini yazırdı. Tale isə onun üçün başqa – yenə də Pyatiqorskda - öz sevimli Maşukunun qoynunda tamamilə gözlənilməz ssenari hazırlayırdı.

***

1841-ci ildə həmişəlik olmasa da, iki aylıq məzuniyyətlə Peterburqa gələn şair ordan dayısı Stolıpinlə birlikdə geri - hərbi hissəyə qayıdarkən növbəti və sonuncu dəfə Sularda müvəqqəti dayanmalı olur. Dayısıyla “Müalicə, yoxsa döyüş?” şərtiylə püşk atan şairə bəxti Sularda qalmağı işarə edir.

Bir neçə gün sonra hərbi məktəb yoldaşı, həmişə söz atıb cırnatdığı Martıinovla rastlaşır və “Baho, bu çərkəz də burdadıymış ki”, - deyə sevincək köhnə zarafatlarını davam etməyə başlayır. Bu iynəli atmacalardan bezmiş köhnə məktəb yoldaşı etiraz edəndə Lermontov ondan zarafatla “Nədi, yoxsa buna görə məni duelə çağıracaqsan?”- deyə soruşur və gözlənilmədən təsdiq cavabı alır.

Çox maraqlıdı, Lermontov bu duelə necə reaksiya verir, “Proşşay, Rossiya nemıtaya”- deyib, paytaxtdan üz döndərmiş, mərkəzdən uzaqlaşdırılıb oyundan çıxarılmış, istedadı və cığal uşaq inadkarlığıyla dostdan çox düşmən qazanmış, hərbi tribunal, həbs, duel, sürgün yaşamış və bu qədər keşməkeşlər içində həyatı dişinə vurmağa vaxt tapıb, iyirmi yeddi yaşında bütöv bir yaradıcılıq ortaya qoymuş düşüncə adamı, yoxsa ön cəbhə görmüş adi Qafqaz ordusu zabiti kimi… bax, biz bunu heç zaman bilməyəcəyik. Onun mürəkkəb xarakterində keçdiyi hansı məktəbin - hərbi, ədəbi, yoxsa həyati məktəbin rolu daha böyük idi, dəqiq demək çətindi. Aydın görünən bircə odu ki, təkcə həmsöhbətləriylə deyil, həm də öz şəxsi həyatıyla zarafat edən şair bu atışmaya da barmaqarası yanaşır. Bu, onun duelə getməmişdən qabaq qayıtdıqdan sonra qəbul etmək üçün altı vanna sifariş etməsindən də bəllidir.

Duel Maşukda baş tutur. Bəxti üzünə gülsə də, dayısı Stolıpinə “Mən bu axmağı güllələmək istəmirəm”, - deyən Lermontov elə bu fikirlə də ilk atəş şansını dəyərləndirmir. Bu duel eynilə onun dörd il əvvəl bu yerlərdə yazdığı “Knyajna Meri” əsərindəki Peçorinlə Qruşnitskinin duelini xatırladır. Bunun həyat təcrübəsindən doğan ustalıq, yoxsa öz ölümüylə bağlı dəhşətli şair öncəgörməsi olduğunu dəqiqləşdirmək mümkün deyil. Amma göz qabağındadı ki, hər şey necə üst-üstə düşür, eyni dağlar, həyata və rəqibə eyni ironik münasibət, eyni yaxın sekundant, qarşı-qarşıya dayanmış zabit mundirli iki eyni köhnə “dost” və eyni mənasız səbəb. Yalnız bir fərq var, Lermontov öz prototipini, baş qəhrəmanını, öz ideyasının daşıyıcısı olan Peçorini sağ saxlayır. Allah isə Lermontovu - öz baş qəhrəmanını yardımçı obrazın-Martınovun gülləsinə tuş gətirir.

Dərindən düşünəndə bunun da səbəbini anlamaq mümkündü, onda Lermontovun Pecorini sağ saxladığı 37-ci il deyildi, 41-ci il idi. Lermontov Peçorini müvəqqəti, iki-üç il sonra hansısa qeyri-müəyyən bir ölümə məhkum etmək şərtiylə salamat saxlamışdı. Yazıçıya bu dueldə mənəvi qələbə lazım idi. Bestujev-Marlinskinin romantik qəhrəmanlarına ironiya olaraq yaratdığı Qruşnitski obrazını öz prototipinə məğlub etməkdə onun bir məqsədi vardı, bununla o, sanki özünə qədərki rus ədəbiyyatının ənənəvi fanatik romantizmini duelə çağırır və öz acı realizminə uduzdururdu. Peçorini isə tezliklə hansısa güllə və ya qılınc zərbəsiylə ölümə məhkum edərək azad edirdi.

“Ölmək ölməkdir, xırıldamaq nə deməkdir? Dünya üçün bu, böyük bir itki olmaz, elə mən özüm də darıxdığımı hiss etməkdəyəm. Mən balda əsnəyən və yalnız karetası hələ gəlmədiyi üçün evinə yatmağa getməyən adama bənzəyirəm. Lakin kareta artıq hazırdır… Salamat qalın!”

Bu, məhz Lermontovun özü üçün istədiyi ölüm idi və bəlkə də elə bu ölümün dalınca dueldən duelə, sürgündən sürgünə sürüklənirdi.

Tale isə ona başqa, öz sevimli Maşukunda duel səhnəsi hazırlamışdı, onu həmişəlik bu yerlərdə saxlamaq üçün hansısa dağlı gülləsi ilə yox, ironiyasına cavab olaraq öz keçmiş məktəb yoldaşının gülləsinə tuş eləmişdi. Bir vaxtlar Puşkini dueldə öldürən Danteslə eyni şərtlərlə atışmaq istəyən şair özü də eyni ölümlə “mükafatlandırılırdı”.

Martınovun açdığı atəş onun sol böyrəyini zədələdikdən sonra kəmərinə dəyib geri qayıdır, sağ böyrəyinə, sonra isə ürəyinə doğru hərəkət edir. Lermontovun həkimi Vasilkov deyirdi: “Rusiyada mənim kimi üç yüz həkim də olsaydı, Lermontovu xilas etmək mümkün deyildi”.

Lermontovu xilas eləmək olmazdı, çünki onu öldürən, əslində Martınovun gülləsi yox, öz daxili gücüydü. Tolstoyu sərgərdan həyata məcbur edən, Qoqola əsərlərinin əlyazmasını yandırtdıran, Puşkini otuz doqquz yaşında öldürən həmin daxili güc Lermontvu cəmi iyirmi yeddi il yaşamağa imkan vermişdi. O güc ki, bütün xarici aləmlə vuruşmağa qadir deyil və arxaya açılan atəş kimin öz sahibini öldürməyə məhkumdu.

Nənəsi sevimli nəvəsinin təkcə şəxsi əşyalarını deyil, cənazəsini də səkkiz ay sonra Qafqazdan apartdırsa da, onun ruhunu bu yerlərdən qopara bilməmişdi. Çünki gənc şairin ən gözəl xatirələri və ən yaxşı əsərləri ömrünün çox hissəsini yaşadığı yerlərlə yox, məhz Qafqazla bağlıdı.

Sizdə xoşbəxtdim, a dağlar, kahalar, gen düzlər!

Keçdibeşil, yenə könlüm sizi həsrət izlər.

İki göz gördüm o yerlərdə, ilahi gözlər

Yada düşdükcə pıçıldar ürəyim min yerdən

Sevirəm Qafqazı mən!

***

Tərənnümünə Puşkinin başladığı Qafqaz haqqında ən yaxşı romanın müəllifi məhz Lermontov olur. Ayrı-ayrı vaxtlarda bir çox dahi rus yazıçıları-Tolstoy, Çexov, Turgenev bu yerlərdə olsa da Qafqazın haqqını vermək Lermontova nəsib olur. 1937-ci ildə Sularda olan Belinski “Cənnətdə belə müalicə darıxdırıcıdır” fikriylə Pyatiqorskı “iyrənc şəhər” adlandırır. Əlbəttə, Belinskini anlamaq olar, paytaxtın qaynar ədəbi mühitinə alışmış, maraqlı insanlarla ünsiyyətdən zövq alan, ali cəmiyyətdə hörmət sahibi olan məşhur tənqidçi üçün yerli əhalisi ayrı-ayrı azlıqlardan, qonaqları müalicəyə gəlmiş adamların yığma komandasından ibarət olan bu şəhər Belinskini maraqlandırmazdı. Öz növbəsində paytaxtın dəmir qayda-qanunlarından sıxılmış Lermontv üçün isə dərəbəyliyin hökm sürdüyü “Vəhşi Qafqaz” ruhunu və ilhamını yalın çərkəz atı kimi səyirdə biləcəyi yer idi. Ona görə də Lermontovla Belinskinin, həyata iki əks baxışlı adamın Sular haqqında fikirlərinin bu qədər zidd olması təbiidi.

Əslən bir kənddən olan, bir-birlərini hələ eyni universitetdə oxuduqları zamandan üzdən tanıyan, sonradan bir-birləri haqda qiyabi çox şey bilən bu iki məşhur adamın şəxsi münasibətləri ilk dəfədən alınmır. Lermontovun şeirlərini oxuyub “rus ədəbiyyatına şair gəlir”- deyən Belinski şairin özüylə tanışlıqdan çoxları kimi məmnun qalmır. Lermontovun hər şeyə etiraz edən üsyançı halından, müsahibinə müharibə elan edirmiş kimi nümayişkaranə davranışından qıcıqlanan tənqidçi onu “tərbiyəsiz” adlandırır. Lermontov idə öz növbəsində məşhur tənqidçini “kütbeyin” təyini ilə mükafatlandırır. Amma buna baxmayaraq, Pyatiqorskdan qayıtdıqdan və “Knyajna Meri”ni oxuduqdan sonra Belinski Lermontovu təkcə incə ruhlu şair kimi yox, bir nasir kimi realistlik və dəqiqlik baxımından təqdir etdiyini yazır.

Məndən olsa, Belinskini vicdanına görə alqışlamaqdan başqa xəsislikdə suçlayardım. Çünki bu, təkcə təhkiyəçi reallığı və təsvir dəqiqliyi deyil, nəsə daha mistik məsələdi, Lermontov bu yerlərə ruh verib. Ona görə mən indi sevimli yazıçımı öz yanımda hiss edirdim. Onun ironiyayla pərdələdiyi anasından küsmüş uşaq incikliyini, laqeyd tövrünün altında gizlətdiyi həyat eşqiylə vuran ürəyini. Bax insanın faniliyə qalib gəldiyi, zamana dirəniş göstərdiyi yeganə an budur. Yaxın ruhların öz enerjisini hətta iki əsr sonra belə bir-birinə ötürə bilməsi. “Bir orman kimi qardaşcasına Və bir ağac kimi tək və hürr” yaşamaq üçün bu, çox vacibdi. Bir –birinin təcrübəsini və həyat tərzini, stimulunu və yaşamaq eşqini, sevgisini və nifrətini, ən əsası isə ironiyasını anlaya bilmək.

***

…Sonra mən Yenə Yessentukidəki otağımın pəncərəsindən baxırdım. Günəş Beştaudan uzaqlaşıb Maşuk tərəfə batmağa gedirdi. Düşməkdə olan axşamın sükutunu ara-bir uzaqda hürüşən itlərin və tez-tez yaxınlıqdan keçən qatarın səsi pozurdu. Mən yenə də Lermontovun sözlərini xatırlayırdım:

“İnsan ruhunun, hətta ən xırda bir insan ruhunun tarixi bütün bir xalqın tarixindən çətin ki, az maraqlı və xeyirli olsun, bu tarix bilxassə yetkin bir zəkanın özü üzərində apardığı müşahidələrin nəticəsi olduqda daha maraqlı və xeyirlidir ”. Sanki bu sözləri nə vaxtsa, hansısa kitabdan oxumamışdım, sanki indi onları mənə bir tablo kimi qarşımda dayanmış Qafqaz təbiəti pıçıldayırdı. İnsan düşüncələri təkcə sözə çevrilib əbədiləşmir, həm də bir buxar kimi kainata hopur. Təbiətdən insana, insandan təbiətə keçir. Eynən enerjinin itməməsi qanunu kimi. Yağışın buxara, buxarın yağışa çevrilib göydən yerə, yerdən göyə qayıtması kimi.

Rəvayətə görə, Beştau ilə Maşuk (Məşuqə) sevgili olublar, Maşuka gözü düşən gənc knyaz Elbrus isə Beştauya beş zərbə endirib. Lermantova görə isə: “Maşukun yamacında başlayan bütün romanlar Kislovodskda sona çatır”.

Mən indi bu məcaranın ərazi cəhətdən tam ortasındaydım, Pyatiqorskdan sonra, Kislovodskidən əvvəldə. Maşukun yamaclarından başlayıb Kislovodskiyə-sevimli yazıçıma olan sevgimin razvyazkasına qədər getmişdim. On beş gün öncə -Yessentukidən Pyatoqorska gedəcəyim o ilk səhərdə başladığım bu yazını on beş gün sonra Kislovodskidən Yessentukiyə qayıtdığım bu gecə tamamlayırdım. Beləcə bu torpaqlarda yazdığım birinci və kim bilir, bəlkə də sonuncu yazımı bitirib tarix qoyurdum:

avqust, 2015, Yessentuki.

news-inner-user
Səhər Əhməd

169 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti