Yüz aşiqin olsa da

Yüz aşiqin olsa da
4 avqust 2015
# 16:23

Səni illər dəyişdi

Bilmirəm necə oldu,

Bilmirəm bu nə işdi?

Səni beləcə yaman

Aylar, illər dəyişdi.

Bilmədin bu sevginin,

Sən bilmədin qədrini.

Çiçəklərdən alıram,

Gülüm, sənin ətrini.

Ömür boyu, hər zaman,

Gözüm gəzəcək səni.

Bilirəm ki, vaxt gələr,

Həsrət üzəcək səni.

Keçər ömürdən illər,

Səni unutmaz ürək.

Yüz aşiqin olsa da,

Sevən olmaz mənimtək.

Bilmirəm necə oldu,

Bilmirəm bu nə işdi?

Səni beləcə yaman

Aylar, illər dəyişdi.

Səhərə ümid

Ay yaralı ürəyim,

Gecəni döz birtəhər.

Sabaha nə qalıb ki?

Gələcəkdir gün-səhər.

Səhər doğacaq günəş,

Hər yana nur saçacaq.

Günəş işıq saçanda,

Qüssə, qəm də qaçacaq.

Gecələr yoldaş olur,

Səhər açılanadək.

Səhərə az qalıbdır,

Döz bir təhər, ay ürək.

Hər açılan sabahlar,

Ümid, inam deməkdir.

Ümidi üzmə ürək,

Gecə tez keçəcəkdir.

Görüşərik, qismət olsa

Ayrılığın vermir aman,

Mən bir dəniz, sən bir liman,

Görüşməyə vardır güman,

Görüşərik, qismət olsa.

Biz deyəni həyat demir,

Tanrıdandır belə əmr.

Bitməyibdir hələ ömür,

Görüşərik, qismət olsa.

Gələcəkdir bizim səhər,

Yox olacaq daha kədər.

Xoşbəxt olur görüşənlər,

Görüşərik, qismət olsa.

Qaytaracaq bahar səni,

Axan çaylar, sular səni.

Unutmaz bu Anar səni,

Görüşərik, qismət olsa.

# 418 dəfə oxunub

Oxşar xəbərlər

# # #