Rəssamlıqla 1 milyonu necə qazanmalı?

Rəssamlıqla 1 milyonu necə qazanmalı?
28 iyul 2015
# 15:00

Bir neçə ay əvvəl Amerikan avanqard rəssamı Mark Rotkonun “Sarı və göy” adlı əsəri Sotheby hərrac evində fantastik qiymətə satıldı. Xəbər bir anda sosial şəbəkələrdə lağ mövzusuna çevrildi. Bir çoxları dedi ki, nə var onun çəkdiyini çəkməyə, mən də çəkərəm və sair. İnsanları hiddətləndirən daha çox rəsmin qiyməti idi-46 milyon dollar.

Rotkonun yaradıcılığını bilməyənlər üçün deyək ki, o daha çox iki və üç rəng çalarlarından istifadə edib düzbucaqlılar, dördbucaqlar çəkməsi ilə məşhurdur. Bu minimalist yanaşma bir az da bayraqların formasını yada salır. Ötən əsrin ortalarında yaşayan rəssam həyatı boyu birmənalı olaraq qəbul olunmasa da tabloları hazırda dünyanın bahalı əsərlərindən hesab olunur.

Rəssamlıq sənətinə hələ də “Mona Liza”nın gözləri ilə baxanlar üçün əlbəttə Rotko yaradıcılığı mənasız boyaçılıqdı. Hətta onun və digər abstarksionistlər haqqında guya Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin üzvü olmaları fikri də var. Rotko məhz SSRİ-də rus abstraksionist rəssamlarının “bunt”unu yaratmaq üçün hazırlanan layihənin bir hissəsi idi. Xruşşovun rus abstraksionits rəssamları ilə məşhur görüşünü də yada salaq. SSRİ-nin rəhbəri sərgidə onların işini bəyənməmiş, kəskin tənqid etmişdi. Deyilənə görə bundan sonra MKİ işə başlamış və məsələni körükləmək üçün Amerikada abstraksionistlərə yatırım eləməyə başlamışdı.

Yenə də qeyd edək ki, bir çoxları hələ də Van Eyk, Botiçelli, Da Vinçi, Van Qoq, Pikasso kimi rəssamların adları ilə yanaşı Mark Rotko, Cekson Pollok, Endi Uarhol kimi sənətkarların adlarının çəkilməsini istəmir, onların yaradıcılığını gerçək rəssamlıq kimi sinirə bilmirlər. Halbuki, Rotko, Pollok, Uarhol kimi ənənəvi rəssamlıqdan uzaq sənətkarlar hazırda ən bahalı rəssamlardan hesab olunur. Onların əsərləri milyonçuların, milyarderlərin evlərini bəzəməkdədir.

Bəs məsələ nə yerdədir? Bəlkə həqiqətən də bu kimi rəssamların əsərləri çox şişirdilib? Axı Rotko kimi bayraqvarı, Pollok kimi boyanı kətanın üzərinə çiləməklə rəsm çəkməyə nə var? Təbii ki, Rotko, Pollok yaradıcılığına bu cür obıvatelcəsinə yanaşmaq olmaz. Rotkonun məqsədi rəng çalarlarının vəhdətini, onların yaratdığı harmoniyanı bir mənzərənin, portretin canından çəkib onu bütün çılpaqlığı, ilkinliyi ilə vermək idi.

Rotko, Pollok, eləcə də Uarhol yaradıcılığı qəribə bir ziddiyyət, axın əmələ gətirdi. Əlbəttə ki, rəssamlıqdan anlamayanlar üçün Rotko, Pollok, Uarhol yaradıcılığı olduqca banal, hamının başara biləcəyi bir iş kimi göründü. Və bu “rəssamlıqdan anlamayanlar ordusu” cəmiyyətdə çoxluq təşkil etdikcə öz zövqlərini diqtə etməyə başladılar. Çünki onlar cibi dolu, başı boş olanlar idi. Beləliklə hər “zibil”ə pul verməyə hazır olanlar ordusunun özlərinin rəssamları da törəməyə başladı. Rəssamlıqda Rotko, Pollok, Uarhol inqilabını yanlış başa düşənlər öz əsərlərini yaratmağa, bunları kütləyə ixrac eləməyə başladılar. Eynilə hazırda bizim poeziyada yaranmış vəziyyət kimi. Cümlələri alt-alta düzməklə sərbəst şeir yazdıqlarını zənn edənlər özlərini şair hesab edirlər. Çünki onlar da mahiyyətə varmırlar, elə formadaca ilişib qalırlar. Rotkonun, Pollokun Uarholun yaradıcılığı formaca bəsit, sadə olsa da mahiyyət etibarı ilə dərin idi. O əsərlər asan başa gəlsələr də ideyaları heç də asan yaranmamışdı. Somerset Moem demiş: “Asan oxunan əsərlər heç də asanlıqla yazılmayıb”.

2010-cu ildə ABŞ-da “Suvenir mağazasından çıxış” adlı sənədli film çəkilib. Maraqlıdır ki, cəmi 87 min dollar büdcəsi olan film prokatda 5.3 milyon dollar gəlir əldə etdi. Bir sıra beynəlxalq mükafatlara sahib olan filmin rejissoru və ssenari müəllifi məşhur küçə rəssamı Benksi idi.

Filmin əvvəlində həmişəki kimi üzünü gizlədərək, səsini dəyişərək danışan Benksi deyir ki, “Suvenir mağazasından çıxış” əslində onun haqqında olmalı idi, nədənsə Terri Qetta və ya başqa adıyla Cənab Beyinyuyan haqqında oldu.

Bəs Cənab Beyinyuyan kimdir? Filmin qəhrəmanlarının təbiri ilə desək bizim bu Cənab Beyinyuyan nə vaxtsa Fransadan Los-Ancelesə köçübmüş (küçə rəssamları öz haqlarında konfidensiallığa əməl etdikləri üçün doğum və hər cür tarixçələrini bildirmirlər). Onun ikinci əl paltarlar satan mağazası varmış. Bir gün kimsə ona kamera hədiyyə edir. Kameranı bəyənən Terri bundan sonra heç vaxt cihazdan ayrılmır. Ayıb olmasın, hətta tualetdə belə çəkiliş edir. Dünyaya kameranın gözü ilə baxmağa başlayan Terri nə görürsə kameranın lentinə köçürür. Beləliklə onun evi çəkilişdən sonra bir dəfə də baxılmamış kasetlərlə dolmağa başlayır.

Bir dəfə Fransaya gedən Terri orda da kamerasından əl çəkmir. Necə olursa, Fransada küçə rəssamlığı edən qohumuna qoşulub onun və dostlarının iş prosesi ilə tanış olur. Onların polisdən və digər kənar gözlərdən gizlənərək körpülərə, küçə divarlarına, reklam lövhələrinə, asfalta öz “iz”lərini qoymaqlarını lentə köçürür. Bundan sonra o, qohumu olan küçə rəssamı vasitəsilə Benskini tanıyır. Onun haqqında film çəkmək eşqinə düşür. Benski üzünün və səsinin gizli qalması şərti ilə çəkilişə razı olur.

Bundan sonra Los-Ancelesə qayıdan Terri qərara gəlir ki, özü də küçə rəssamı ola bilər. O, böyük yeri icarəyə götürür, internetdə, jurnallarda sərgi olacağı barədə reklam verir. Terri özünə küçə rəssamlarından ibarət qrup yaradır. Terrinin iş prosesi necədir? O, rəssamlıq əsərləri haqqında bir kitab götürüb. Buradan “Mona Liza” və başqa əsərləri seçib işçilərə təqdim edir. Onlar əsəri böyütdükdən sonra fotoşopda onun istədiyi formaya salırlar. Formaları da Terri tamamilə təsadüfi şəkildə seçir. O, print olunmuş “Mona Liza”ya dəniz qulduru fason göz sarğısı çəkməklə, ştirx-kod formasında zolaq-zolaq eləməklə, Elvis Preslinin gitarasını alıb əlinə avtomat verməklə, Merlin Mansonun, Mister Binin portretinin götürüb saçlarını saraltmaqla, başqa bir məşhur əsərin üzərinə rəng çiləməklə bunu öz əsərinə çevirir. Terri təyin olunan günə qədər özünün küçə rəssamlarından ibarət qrupu ilə yüzlərlə “sənət əsərləri” yaradır. Və sərgi baş tutur.

Rəssamlıq barədə heç bir anlayışı olmayan Terri Cənab Beyinyuyan ləqəbini də təsadüfən seçməyib. O deyir: “Sərgilərə gələnlər beyni yuyulmuş, zombilərdir. Ona görə də mən özümü Cənab Beyinyuyan adlandırıram.”

Deməli rəssamlıqdan başı çıxmayan istənilən adamın, çağdaş insanın incəsənət bilgisizliyindən, məlumatsızlığından, reklam olunan hər şeyi, parlayan hər şeyi dəyərli hesab eləməyindən istifadə edib ona hər cür “zir-zibil”i satmaq olarmış.

Yəqin ki, müasir rəssamlığın hara gəlib çıxmağının mənzərəsini göstərmək üçün yazımızı elə burdaca saxlamaq olardı. Amma Cənab Beyinyuyanın həmin sərgidən nə qədər gəlir əldə etdiyini söyləməyə mənzərəni daha aydın şəkildə təqdim etmiş olarıq. Üzlərində heç bir ifadə olmayan, əllərində pivə bankaları sərgi salonunun qapısında növbə gözləyən bu zombilər ordusu bir həftə ərzində Cənab Beyinyuyandan 1 milyon dollar həcmində rəsm əsəri aldılar. Cənab Beyinyuyanın da istədiyi bu deyildimi, yetirdi zombilər.

# 1714 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #