news-inner
clock16:02 calendar-gray 11 İyun 2015 view-gray57 dəfə oxunub
view-gray57 dəfə oxunub

Bəsti Cəfərova: “Həsən Turabov ölənə qədər mənimlə danışmadı”

Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərovanın APA -ya müsahibəsi

- Bəsti xanım, doğum günü, yubileylərin qadın üçün qanqaralığı da var...

- Mən hər şeylə barışmış adamam. Belə qanqaralıqları özümə dərd etmək mərhələsini çoxdan keçmişəm. Yəni daxilən çox rahatam. İndiki dövrümə yaşlılıq mərhələsi demək olarsa, bunu işdə-gücdə, teatrda, universitetdə doyunca yaşayıram, yorulmuram. Ona görə, qorxulu olan heç nə yoxdur. Mən həmişə gözəl xamım olmuşam, indi də kifir deyirəm. (Gülür). Yəni bu tərəfdən də özümə arxayınam. 80-ci ildən ta bu günə kimi - 37 ildir fasiləsiz “Azdrama”da çalışıram və bu illərin hər gününü dolu, mənalı yaşamışam. Məni bu gözəl məbədin məhbusu saymaq olar.

- Bu gözəl məbədin intriqalarından, söz-söhbətlərindən necə çıxmısınız?

- Elə keçmişəm ki... O illərə baxanda özümə də qəribə gəlir. Bu illər ərzində çox gözəl rollar oynamışam. Mane olmasaydılar, daha gözəl rollar oynaya bilərdim. Özündənrazılıq saymayın, oynadığım rolların vergülünü də, nöqtəsini də özüm qoymuşam. Rollarımın ikinci ifaçısını düşünən olmayıb. Təəssüf ki, kino karyeram alınmayıb. Bizim nəsli kinoya qoymayıblar. Üstümüzdən xətt çəkiblər ki, olmaz. Cavanlığım ekranda qalmayıb. Biz təzə teatra gələndə birdən-birə məşhurlaşdıq. Filmlərə dəvət edirdilər, amma sınaqdan keçə bilmirdik. Ola bilməz ki, Azərbaycan kinosunda Bəsti Cəfərovaya aid rol tapılmasın. “Babamın babasının babası”, “Yol əhvalatı” filmlərində sınağa çəkilmişəm, amma alınmayıb, çəkilməmişəm. Əvvəl-əvvəl ümidim vardı. Əməkdar artist olandan sonra özüm filmlərdən imtina etmişəm. Getmirdim ona görə ki, bilirdim, çəkməyəcəklər. Teatr yaradıcılığı isə uğurlu olub və özümü heç vaxt rejissorun diktəsi ilə tamaşa oynayan aktrisa saymamışam. Rejissorun dediklərinin içində belə, öz mizanımı qurmağa çalışmışam.

- Bu, gələcəkdə rejissorluğa iddia kimi də yozula bilərdi. O mənada ki, artıq teatrda tamaşa hazırlayırsınız...

- Sözün düzü, iddiam böyük deyil. Mən aktrisayam və rejissorluğa böyük mənada nə isə gətirəcəyimə inanmıram. 2004-cü ildə İlyas Əfəndiyevin “Büllur sarayda” əsərini tamaşaya hazırlamaq istəyirdim. O vaxtkı müdiriyyət bunu çox pis qarşıladı. Dedilər, gül kimi aktrisasan, nə istəyirsən, tamaşanı oyna.

- Söhbət Əlabbas Qədirovdan gedir...

- Hə. Əlabbas müəllim məni çox istəyirdi, görünür, istəmirdi təhlükə ilə üz-üzə qalım. Onun sözünə qulaq asdım, fikrimdən daşındım. Amma o dövrdə ki, gözəl tərkib var idi, tamaşanın yozumunu başqa cür görürdüm. O illərdə İlyas Əfəndiyevin 90 illik yubileyi idi. İlyas müəllimin mənə yaxşılıqları çox dəyib, ona görə boynumun borcu kimi “Büllur sarayda”nı hazırlamaq istəyirdim. Bir işi başlayanda axıra çatdırmağı xoşlayıram. Nəyin bahasına olur olsun, məqsədimə nail olmaq mənim üçün çox vacibdir. 96-cı ildə Mədəniyyət və İncəsənət Universitetinə dəvət etdilər, qızım balaca olduğu üçün mümkün olmadı. Qızımın 9 yaşı olanda dəvəti qəbul elədim, pedaqoji fəaliyyətə başladım. Kiçik tamaşalardan başladım və gördüm ki, hə, məndə alınır.

- Belə başa düşdüm ki, nağıllar əsasında quruluş verdiyiniz bu tamaşa sizə həm də ad günü hədiyyəsidir...

- Yox, sadəcə, bu mənim ad günümlə üst-üstə düşdü. Əslində, məşqlərə fevral ayında başlamışıq. İsrafil müəllim deyir, nağıllar əsasında tamaşa hazırlamaq daha çətindir. Ad günümə görə kimdənsə nə isə xahiş edim, istifadə edim, yox, bu, mənim xarakterimə ziddir. Sevinirəm ki, jurnalistlər, tamaşaçılar özləri nə isə etmək üçün təşəbbüs göstərirlər. Ömrümdə hansısa telekanal rəhbərindən xahiş etmərəm ki, bəlkə mənim ad günüm münasibəti ilə tamaşamı verəsiniz. Yox, ola bilməz! Cəmil Quliyevdən başqa kim hansı kanalın rəhbəridir, tanımıram, heç mənə maraqlı da deyil. Çünki onların qapısını döyüb, özüm üçün veriliş çəkdirən deyiləm.

- Kimi də tanımasanız, Vaqif Mustafayevi yaxşı tanıyarsınız...

- Hə, əlbəttə, Mustafayevi tanıyıram. Mən Vaqif müəllimin “Yaramaz” filmində çəkilmişəm, amma lazım olmadığına görə həmin kadrlar filmə daxil edilməyib. Ona görə yox ki, Vaqif Mustafayev mənim düşmənimdir, yox, sadəcə, o kadr lazım olmayıb. Buna normal baxıram.

- Özü sonra nə dedi?

- Sonra söhbətimiz olmadı. O vaxt hay düşdü ki, Bəsti xanım kinoya çəkilir, nümayişdə gördüm ki, filmdə yoxam. Sadəcə, titrdə yazmışdılar ki, “B. Cəfərova”.

- Bir qızınız var...

- Hə, indi rejissorluğun 4-cü kursunda oxuyur. Mənim tamaşamda da oynayır. Amma aktrisa olmayacaq. İsrafil müəllim məsləhət gördü ki, teatr gəlib-getsin, mühiti, ab-havanı öyrənsin. Onun rejissor praktikası üçün çox yaxşıdır.

- Təəssübkeşliyini çəkməmək şərti ilə: istedadı və potensialı necədir? Yəni orta-statistik rejissor olmayacaq ki?

- İstedadlı, bacarıqlı qızdır. Onu əlimin içində böyütmüşəm. “Space”nin yanında yaşayıram, uşaq da evin yanındakı gimnaziyada oxuyub. Onuncu sinfə qədər məktəbə özüm aparıb-gətirmişəm. Elə bilirdim, o da mənim kimi qapalı yaşayacaq. Amma gördüm yox, məndən tamam fərqli, qaynayıb-qarışan uşaqdır. “No Smoking” filmini çəkmək üçün özəl klinikalardan biri ilə özü təkbaşına danışdı, dublyaja getdi, montaj etməyi öyrəndi. Hətta bir dəfə filminə görə diplom və pul mükafatı da alıb.

- Siz universitetin professorusunuzsa, deməli, dərslərində problemi olmaz. Yəni qiymət yazdırmaq mənasında deyirəm...

- Lazım olanda qiymətini də yazdırıram. Niyə yazdırmayım ki? (Gülür). Qızım bizim universitet üçün yaxşı balla qəbul olub. Dünyagörüşü, intellekti yaxşıdır. Bir neçə semestr əlaçı, sonra zərbəçi oldu. Mülki müdafiə fənnindən aşağı qiymət almışdı, ona görə təqaüdü 50 manat oldu. Sözün düzü, heç bilmədim, müəllimi kim idi, niyə aşağı bal yazıb. Məncə, əsl tələbənin kəsiri də olmalıdır, aşağı da qiymət almalıdır. Mən tələbə olanda Niyazi Mehdi mənə fəlsəfədən 2 yazmışdı. Vaqif İbrahimoğlunun dostu idi, Vaqif müəllim tapşıranda demişdi, o qız mənim dərsimdə gülürdü.

- Universitetin rektoru Fərəh Əliyeva ilə münasibətiniz necədir?

- Normal. Mən universitetin müəlliməsi kimi işimi vaxtında, məsuliyyətlə yerinə yetirirəm. Belə olanda necə münasibət olmalıdır? Bir işi öhdəmə götürürəmsə, onu axıra qədər yerinə yetirirəm. Bütün dekanlar bilir, dərslərimi saat 9-a salıram ki, tələbələrin beyni aydın olsun, qavramağa çətinlik çəkməsinlər.

- Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin çox ciddi intellekt problemi var. Bir adam öz ixtisasını yaxşı mənimsəyə bilər, istedadlı aktyor ola bilər, amma dünya görüşünə gələndə həddən artıq kasaddırlar. Bu yaxınlarda aktyorluq kursunu bitirən tələbədən soruşublar ki, bundan əvvəl hansı tamaşada oynamısan, deyib, Axundovun əsərində I katib rolunda.

- Yox, deyib, “Lənkəran xanının vəziri”ndə professor rolunda oynamışam.

- Universitetin rektoru dəyişəndən sonra nə dəyişib?

- Hələlik kadr dəyişikliyi olub. Məsələn, estrada fakültəsi bağlandı. İslahatlar yenə davam edir. Mən əsas teatrın işçisiyəm, İsrafil müəllimdən icazə alıb əvəzçiliklə gedib dərs deyirəm. Ona görə, universitetin işlərinə birbaşa müdaxilə etmək səlahiyyətim yoxdur. Hər halda universitetin yaxşı tələbəsi də var, zəif tələbəsi də. 700 balla qəbul olan tələbənin istedadı yoxdursa, onda necə olsun? Amma əlbəttə, könül istər ki, aktyorun istedadı ilə yanaşı intellekti, dünyagörüşü də yüksək olsun.

-Mərahim Fərzəlibəyovla aranız necədir? Münasibətinizdə sərinlik vardı...

- Mərahim müəllim gözəl sənətkardır, gözəl tamaşaları olub. Biz on iki il bir yerdə çalışmışıq. Sonra uzun müddət fasilə yarandı.

- Vaxtilə böyük söz-söhbət yaşadığınız aktrisaların adını mən çəkim, yoxsa özünüz deyirsiniz?

- Ad günümdə onların adını çəkmək istəmirəm. Nə siz çəkin, nə də mən. Problemlər həmişə var, olacaq da. Hər kəsən öz işini görsə, öz yerini bilsə, söz-söhbət də olmaz. Onlar mənim oynadığım rolları oynaya bilməzlər. Mən fəxri adı hamıdan tez almışam. İndi gedib onlardan üzr istəməliyəm ki, bağışlayın, mənim istedadım sizinkindən parlaqdır? Yoxsa deyim ki, üzr istəyirəm, mənim istedadım sizinkindən çoxdur? Çoxdur da! Allah mənə emosiyanı bir az çox, sənə az verib. Sən komediya oynaya bilmirsən, mən komediya da oynaya bilirəm, faciə də. Ümumiyyətlə, aktrisalar arasında istilik gözləmək lazım deyil. İsti görünən şey də hərdən buz kimi olur.

- Ad gününüzdə teatrın akademik yaradıcı problemlərindən danışmaq istəmirəm...

- Mən aktrisayam, teatrın direktoru deyiləm axı. 90-cı ildə teatrımız təmirə gedəndə altı il kimsə gedib orda-burda kef edəndə, mən dayanmadan işlədim. Altı il, cavanlıq vaxtı bir aktrisanın ən yaxşı mərhələsidir. Teatr bağlananda başqa yerlərdə oynayırdıq, dayanmırdım. Heç vaxt güdməmişəm ki, görüm, direktor kimdir, görüm, mənə münasibəti necədir? Həsən Turabov direktor olanda məni onunla düşmən etmişdilər. Gedib nə demişdilər, nə deməmişdilər, zalda məni görəndə qapını çırpıb girirdi içəri. Amma o, mənim ilk partnyorum olub. Özüm də təklikdə münasibətləri aydınlaşdırmağa cəhd etmirdim, çünki pərdəli adamam. Bir dəfə Vaqif İbrahimoğlu dedi, gedib Turabova belə-belə sözlər deyiblər, xəbərin var? Dedim yox, vallah, heç nədən xəbərim yoxdur. Halbuki, başqalarının dediyi sözü mənim adımdan çatdırmışdılar.

- Sonra münasibətlər düzəldi?

- Yox, Turabov ölənə qədər mənimlə danışmadı. Onun dövründə səkkiz tamaşa oynanılırdı, birində mən yox idim. Polad Bülbüloğlu Həsən Turabovdan soruşmuşdu ki, Bəsti niyə rol almır? Demişdi, rollardan imtina edir. Amma mən dublyor məsələsinə görə cəmi bir roldan imtina etmişdim. Elə adamı dublyor verirdilər ki, mən əməkdar aktrisa idim, o burda ona-buna kofe daşıyırdı. Belə şeyi sənətimə yaxın buraxa bilmərəm. Turabova deyəndə ki, Bəstiyə rol verək, deyirmiş, başqa adam tanımırsınız? O dövrdə mənə rol verən yeganə adam Mərahim Fərzəlibəyov olub. Mərahim deyirdi, baş rolda Bəsti oynayırsa, tamaşanı hazırlayıram, oynamırsa, imtina edirəm. O dövrdə Mərahim indiki kimi dəvətlə tamaşa qoymurdu, teatrın işçisi kimi tamaşa qoysa da maaş alırdı, qoymasa da. İndi deyirlər filan tamaşanı hazırla, hazırlayır. Nəyi desələr, onu hazırlayır.

- Hər halda Turabova incikliyiniz keçib gedər...

- İncikliyim qəti qalmayıb. Mən başa düşürəm ki, bu intriqaları yaradan adamlar olub. İndi də Turabov haqqında veriliş hazırlayanda gedib danışıram, ən gözəl sözləri deyirəm. Allah o insanlara lənət eləsin ki, ortalığı qarışdırmaqla məşğul idilər. İndi o insanlar haradadırlar, nə ilə məşğul olurlar?

- Onu siz daha yaxşı bilirsiniz...

- Mən bilirəm haradadırlar. Mən bu teatrda heç kimə badalaq gəlməmişəm. Açıq açığına deyirəm ki, dublyorla oynamaq istəmirəm. Rol mənimdirsə, onun dalında kişi qızı kimi durmuşam. 42 dərəcə qızdırma ilə səhnəyə çıxmışam. Mən həyatda hər çətinliyi görmüşəm. Bazarlığımı da özüm edirəm, övladımın da hər qayğısını özüm çəkirəm.

-Hələ maşın da sürürsünüz...

- (Gülür). 50-dən o tərəfə sürməyə qorxuram. İsrafil müəllim deyir, sənin qəza təhlükən yoxdur. On il əvvəl “Hyundai Accent” almışam, cəmi 20 min kilometr sürmüşəm. “Elmlər Akademiyası” – “Nizami”dən başqa heç yerə çıxmıram. Ən uzaq getdiyim yer Binəqədidir. İndi mənə deyirlər ki, maşını satası olsanız, xəbər edin.

-Mən biləni prezident təqaüdü alırsınız...

- Mükafat alıram. Prezident təqaüdü ayda min manatdır, mən beş yüz manat alıram. Prezident təqaüdünü də alsam, yaxşı olar. Demirəm, böyük mənada sıxıntım olur, amma hər halda təminat yetərincə olanda yaxşı olur. Mən ölçü-biçi ilə yaşayan adamam. Ömründə kreditə maşın, ev almaram. Pulum olubsa, paltar almışam, olmayıbsa, kreditlə şuba geyinən adamlardan deyiləm.

- Ad gününüzdə nə gözləyirsiniz?

- Heç nə gözləmirəm. Çox kədərli oldu, hə?

news-inner-user

13147 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Gənc yazar Toppuşbacı ilə veriliş aparacaq
01:11 13 Noyabr 2019
Bomj - Xalid Kazımlının hekayəsi
21:00 12 Noyabr 2019
"Ustad" dərgisinin 31-ci sayı nəşr olundu
20:11 12 Noyabr 2019
Bakıda müasir incəsənət biennalesi keçiriləcək
19:28 12 Noyabr 2019
Jerar Depardye Özbəkistanın səfiri təyin edilib
19:21 12 Noyabr 2019
Bakı Dövlət Sirki köçürüləcək
18:45 12 Noyabr 2019
Azərbaycanlılardan bəhs edən film Türkiyədə qətliam yaratdı
18:12 12 Noyabr 2019
Seymur Baycanın hekayəsi fransız dilində - Foto
17:40 12 Noyabr 2019
Kəramət Böyükçöl: "Deputat olmaq üçün küçədə kitab satıram" - Fotolar
17:03 12 Noyabr 2019
Ankarada azərbaycanlı yazarın kitabı təqdim edildi
16:15 12 Noyabr 2019
Müğənni Vəfa Şərifovanı aşağılamaq cəhdi – Sevda Sultanova “Günün yarısı” verilişindən yazır
15:41 12 Noyabr 2019
Azərbaycanlı kinotənqidçi "Leyla ile Mecnun"un rejissorunu danışdırdı - Video
15:20 12 Noyabr 2019
"Oskar"a namizədlər açıqlandı
15:00 12 Noyabr 2019
Zahid Sarıtorpaqdan yeni roman
14:30 12 Noyabr 2019
Mahsun Kırmızıgülün bu hərəkəti alqışlandı
14:02 12 Noyabr 2019
Təcavüzdə suçlanan müğənni istefa verdi
13:21 12 Noyabr 2019
Məşhur rejissorun yeni filmi təqdim edildi
12:50 12 Noyabr 2019
13 yaşlı məşhur aktrisa qəflətən öldü
12:20 12 Noyabr 2019
Azərbaycanlı yazarlar bu maraqlı aksiyaya qoşuldular - Fotolar
11:41 12 Noyabr 2019
Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi
11:14 12 Noyabr 2019