Əsəd Qaraqaplan: “Oxucular mənə dolma, dovğa gətirir”

Əsəd Qaraqaplan: “Oxucular mənə dolma, dovğa gətirir”
10 iyun 2015
# 15:44

Kulis “Yeni Ədəbiyyat” layihəsindən, “Sonralar daha çox yalnız” adlı yeni kitabı çap olunmuş Əsəd Qaraqaplanla müsahibəni təqdim edir.

- Yeni kitabın çıxdı, təbrik edirəm.

- Sağ ol, təşəkkürlər.

- Səncə bu romandı, yoxsa?

- Əslində bu romandı, amma həm də roman deyil.

- Kitaba baxdım, açığı baş açmadım. Üstünə, “Şeir, roman, esse” yazılmış, içində isə hamısı bir-birinə qarışmışdı.

- Hə. Deməli məsələ nədir. 2007-ci ildən bu yana yazdığım balaca-balaca yazılar vardı - iç mətnləri - onları bir yerə yığıb bir süjet yaratdım. Uşaqlığımdan otuz yaşıma qədər olan dövrü əhatə edən süjetli mətn alındı. Bu romanın içindəki əksər yazılar mətbuatda dərc olunub. Bəzisi köşə kimi, bəzisi esse kimi. Kitaba dörd şeir də daxildir. Onlar da süjetə uyğun gəlirdi. Bu kitabı hazırlayanda gördüm ki, yazdıqlarım həm də bir romandı. Yəni konkret süjeti var, qəhrəmanları var, hadisələrin inkişafı var, sonluğu var. Bu romanın baş qəhrəmanı isə özüməm.

- Bütün romanlarında deyəsən baş qəhrəman özünsən.

- Yox. Mənim içimdə bir insan var ki, çox vaxt çalışıram o olum, amma ola bilmirəm. Buna görə də çox vaxt ona acığım tutur.

- O necə oğlandır? Oxucularımızla tanış elə mümkünsə.

- O oğlan indiyə qədər yazdığım romanlarda var. Bir romanımda Mendi, o birində Xaqandı, digərində Əziz Dostdur. O birində ümumiyyətlə adı yoxdu. Ancaq ümumilikdə bunlar hamısı eyni adamdı.

- Qəhrəmanında nə var ki, səndə yoxdu? O olmaq istəyirsən, amma ola bilmirsən.

- Məsələn, mən ondan daha çox qorxağam, ondan daha az azadam. O, çox azaddı, çox vəhşidi.

- Bəlkə, o, sənin təxəyyülündədi deyə başlı-başına buraxmısan, nə istədiyini edir, gerçəkdə olsaydı səndən də qorxaq olardı?

- Sadəcə, onun çatdığı səviyyəyə çatmağım üçün mənim şəraitim yoxdu. Məsələn, mən maddiyyata görə çox sıxıntı çəkirəm. O, isə çəkmir, onun heç bir problemi yoxdur.

- Onun pula ehtiyacı olan kimi, əlində qələmin var də, dərhal süjeti dəyişib ona pul təşkil edirsən, bank-zad soydurursan və ya Rusiyadan varlı atası gəlib çıxır və sair.

- Bu insan bir az da mənim içimdə gizlənmiş, heç kəsin görə bilmədiyi Əsəddir. O Əsəd ki, bəlkə mən onu real həyatda göstərmirəm və yaxud göstərməkdən qorxuram. Şərait ona imkan vermir və yaxud imkanlar məhdud olur, mən onu ifadə edə bilmirəm. Bir az fərqli şəraitdə olsaydım bəlkə də daha çətin, daha dözülməz insan ola bilərdim. Bəlkə də əksinə ola bilərdi. Bax mənim əsas sualım da budur; təxəyyülümdə olan o insan real həyatda necə davranardı?

- Sənin bütün romanların o qəhrəmanın macəralarıdır.

- Macəralarıdır, yaşantılarıdır. İki cür qəhrəman var da; biri onu yaşayıb yazanlardır, digəri də təxəyyüldə olanı kağıza köçürəndir. Yəni bir növ şüuraltında olanları yazmaqdır.

- Gəl dəqiqləşdirək görək sən necə eləmək istəyirsən: həyatda edə bilmədiklərini daha sonra qəhrəmanına yaşadırsan, yoxsa qəhrəmanının təxəyyülündə yaşadıqlarını sonra həyatda özün yaşayırsan?

- Əslində, öz yaşadıqlarımı qəhrəmanımın üzərində tətbiq edirəm. Çox vaxt bu onun etirazları ilə qarşılanır. O da bəzən bunu eləmək istəmir. Nəticədə mənim başlanğıcda düşündüyüm süjet xəttini dəyişir, hər şeyi özü eləmək istəyir. Romanı yazmağa başlayanda elə bilirəm hər şeyi özüm yazacam, özüm diktə edəcəm, amma bir neçə səhifə yazandan sonra artıq o müəllifə çevrilir.

- O da dalaşqandı?

- Çox.

- Səndən çox?

- Məndən də çox. Evin axırıncı uşağıyam. Mənə babamın adını qoyublar. Ona görə nəsildə də ərköyün olmuşam. Amma sonralar maddi sıxıntılarımız oldu deyə işləyib evə kömək eləməyə məcbur idim. O zaman nəinki ərköyünlükdən əsər qalmadı, heç uşaqlıq eləmək imkanım da olmadı. Amma onu deyə bilərəm ki, ərköyünlük insanın özü ilə birlikdə doğulur, ölənəcən də davam edir, ailənin sonuncu uşağı olmaqla deyil. Məsələn, təfəkkürün şuüraltına qədər olan qatları var ki, onu biliklə, öyrənməklə dəyişmək, inkişaf etdirmək, yönləndirmək olar.

- Bəs niyə görə ədəbi mühitdə hamı ilə sözün çəp gəlir?

- 2007-ci ildə universiteti bitirəndə ilk dəfə bəzi suallarla qarşı-qarşıya qaldım. İnsanlar niyə belədir? İnsanlar niyə oynayırlar? İnsanlar niyə artistlik edirlər? Halbuki buna ehtiyac yoxdu. 22 yaşıma qədər elə bilirdim ki, insanlar nadirən artistlik edirlər. Xüsusən oxumuş insanlar heç vaxt artistlik eləmirlər, heç vaxt maskalanmırlar, saxtakarlıq eləmirlər. Onlar oxuyub öyrəndikcə daha da gözəlləşirlər, daha da mehriban olurlar. Universiteti bitirən gün mən ilk dəfə bunları dərk etdim.

Mənim dalaşqanlığım bir növ o oyunbazlıqlara, saxtakarlıqlara, ədalətsizliyə görə olub. Artıq elə məqam çatıb ki, söz orda işləməyib. Əsəblərim dağılmaq həddinə gəlib. Və mən özümü tuta bilməmişəm. Əsəbiləşib dalaşanda nə elədiyimi bilmirəm.

- Yazanda necə olursan?

- Mən “Savaşroman”ı yazanda təxminən on səhifəni bir saata yazırdım. İndi də eləyəm. Oturdumsa bir bölməni yazmasam durmuram, durdumsa, yarıda qırıldısa o bölməni atıram getsin, saxlamıram. Həmin andakı ruhani vəziyyətimi yazıda ifadə edə bildimmi, masadan qalxıram, olmasa həmin bölməni pozuram. Bütün o ruh halını, o ankı psixoloji vəziyyəti şüuraltının ifadə etmək istədiyi şeyləri verə bilsəm yazıram, yoxsa yazmıram. Bir bölməni ikinci dəfə heç vaxt yazmıram. Və yazıb bitirəndən sonra yalan olmasın, üzüqoylu hardasa iki-üç saat düşüb qalıram.

- İçib yazırsan?

- Çoxunu ayıq başla yazıram. Çox vaxt da yazandan sonra o vəziyyəti yüngülləşdirmək üçün içirəm.

- Köşələrinin birində yazmışdın ki, yazanda özümü ibtidai insan kimi hiss edirəm.

- Yazmaq mamont qovmağa bənzəyir. Gecədi, oturmusan tonqalın qırağında, böyük bir heyvanın qızarmağına baxırsan.

- Niyə o qədər qədimə gedib çıxmısan? Orta əsrlərdə bir şey tapa bilmirdin?

- Mən bunun sirrini çox axtardım. Yunqun və Freydin əsərlərini oxuyandan sonra başa düşdüm ki, şüuraltı ibtidai təfəkkürün məhsuludur. Bəs niyə quldarlıq, feodalizm, kapitalizm yox, məhz ibtidai icma quruluşunun məhsuludur? Çünki insan yalnız ibtidai icma quruluşunda azad olub. Qalan quruluşlarda quldar-qul, ağa-kəndli, kapitalist-fəhlə münasibətləri hakim olub.

O vaxtı ən güclü olan adam qəbilə başçısı idi, insan istədiyi vaxtı çıxıb gedib özü üçün qəbilə yarada bilərdi. Özü sərbəst ov edib yaşaya bilərdi. Amma sonrakı dövrlərdə münasibət dəyişdi. Çox qəribədir ki, sonralar azadlığa getmək adı ilə müxtəlif terminlər yaratdılar; demokratiya, sosializm, nə bilim nə. Bu əslində insanın kölə olduğunu gizlətmək üçün ortaya atılan terminlərdir. Onların dediyinə gedib çıxa bildikmi? Çıxa bilmədik. Və Mopassanın “Əziz Dost” romanında dediyi kimi, gələcək fırıldaqçılarındır.

- Əsəd, indiyə qədər neçə kitabın çıxıb?

- Səkkiz. Birinci kitabım 20 yaşında çıxıb.

- Çox deyil? On ilə səkkiz kitab... İl yarıma hardasa bir kitab düşür.

- Mən deyərdim ki, azdır. Əgər bir ildə 365 gün varsa və ümumilikdə götürsək yazıçı gündə hardasa bir səhifə yazırsa bu da ilə 365 səhifə edir. Normalda iki kitabın həcmi qədərdir.

- Günə bir səhifə yazırsan ki?

- Xeyr. Çox nadirən yazsam da yazanda 10-20 səhifə birdən yazıram.

- Yazdıqlarını da silmirsən.

- Qətiyyən. Redaktədə xoşuma gəlməyən cümləni çıxara bilərəm, amma ümumilikdə hansısa bölməni silmək, abzasları pozmaq məndə yoxdu. Hətta bir ara istədim ki, romanı ilk əlyazmadakı kimi çap edim.

- Mənə elə gəlir ki, sənin məqsədin insanın şüuraltına enmək və orda olduğu kimi hərəkət etməkdir.

- Mən orda daha azadam. Həmin məqamda daha sərbəstəm, həmin məqamda heç nə gözümə görünmür, həmin məqamda hər şey edə biləcəyimi hiss edirəm.

- O məqamda peyğəmbərik edə bilərsən?

- Bəli. O məqamda Allahlıq da edərəm. Əslində orda mən elə peyğəmbərlik, allahlıq edirəm. Ən azın özümün Allahım oluram. Hər kəs özünün Allahı, peyğəmbəri ola bilmir. Çünki kompleksləri var, qorxuları var, batil inancları var. Amma şüuraltı məqamında artıq özü özünün Allahı, peyğəmbəri olur. İlk romanımı yazanda nədən başlayacağımı bilmirdim. Bir də gördüm ki, artıq yazmışam. Hiss edirdim ki, yazdıqca məndə təmizlənmə yaranır. Özümdən asılı olmayaraq yaşantılar da üst-üstə düşdü. Sanki əvvəlcədən qurulmuş bir ssenari var idi. Halbuki nə yazacağımı bilmirdim.

- Hamısı öz yaşadığındır. Başqalarının həyatları, eşitdiyin, gördüyün hadisələr deyil.

- Qətiyyən, heç vaxt taleyimi başqasının umuduna buraxmamışam. Taleyimi heç Allahın da umuduna buraxmamışam. Çünki mənim yeganə sahib olduğum şey taleyimdir.

- Bəs niyə evlənmirsən?

- Elə təxminən bu səbəblərə görə. Düzdür bunun maddi tərəfləri də var, evsizlik filan.

- Bəlkə düşünürsən ki, evlənmək yazıçılığa mane olar?

- Belə bir qorxum olmasa da, bilirəm ki, mane olacaq. Bəlkə də elə bir insan çıxar, mən hiss edərəm ki, mane olmayacaq.

- Facebookda qadın dostların çoxdur.

- Mən qadınlarla kişilərdən daha yaxşı yola gedirəm. Qadınlardan həddindən artıq səmimiyyət görmüşəm.

- Sənə də Facebook dostların dolma gətirir?

- O dəbi mən yaratmışam da. Bəzən mənə qazan dolusu dolma, dovğa və başqa yeməklər gətirirlər. Məsələ burasındadır ki, bunu o qədər səmimiyyətlə, qarşılıqsız edirlər ki... Mən qadınlarda gördüyüm səmimiyyətin bir faizini hər hansı bir kişi dostumda görsəm onun əlindən öpərəm.

- Özünü Azərbaycan ədəbiyyatında harda görürsən, şeirdəmi, nəsrdəmi?

- Mənim şeirlərim ortaq türkcədə yazılmış şeirlər olduğu üçün Azərbaycanın sərhədlərini aşır. Özümü türk ədəbiyyatına daha yaxın hiss edirəm. Azərbaycan ədəbiyyatında isə özümü bənzərsiz bir şair hesab edirəm. Azərbaycan şeirində elə bir şair yoxdur ki, Əsəd Qaraqaplan ona bənzəsin. Çünki Azərbaycanda mənim təsirləndiyim şair yoxdur. Əli Kərim çox sevdiyim şairdir. Çox istəyərdim ondan təsirlənim, amma alınmayıb.

- Bəs Ramiz Rövşən? O gün də bir toyda deyib ki, son 30 ildə Azərbaycanda şair yoxdur.

- Ramiz yalnız cavan vaxtı yazdığı babat, dünyanın heç bir yerinə çıxarılmağı mümkün olmayan, yalnız Azərbaycanda oxuna biləcək şeirlərini 30 il bundan qabaq yazdı bitdi və 30 ildir dünyadan xəbəri yoxdur. And içərəm ki, Ramiz Rövşən bu 30 il ərzində bir dənə başqa şeir kitabı oxumayıb. Onun şeirləri özünə qarşı o qədər vurğunluq yaratdı ki, artıq heç kəsi oxuya bilmədi. Belə adamlarla çox uğraşmaq lazım deyil.

- AYB üzvü də deyilsən.

- Yox.

- Niyə?

- Mənim adımı Gənc Ədiblər Məktəbinə rəhmətlik Zərdüşt Şəfi yazmışdı. Getdim, gördüm oyunbazlıq, artistlik edirlər. Ordan gələndən sonra kafedə oturmuşduq. Uşaqlarla dalaşıb dedim ora getməyəcəm. Mənə AYB-yə üzv olmaq, prezident təqaüdü almaq lazım deyil. O əlli nəfər Gənc Ədiblər Məktəbinin üzvləri içərisində bircə mən imtina elədim. İnsan niyə təqaüd almalıdır? Əgər bu sevgiylə verilirsə başqa, yox əgər arxasında hər hansı bir təmənna durursa bu ümumiyyətlə yolverilməz bir şeydi. Bəlkə də onların arasında pula ən çox ehtiyacı olan mən idim. Həmin vaxt da fikirləşdim ki, insan niyə bir təşkilatın üzvü olmalıdır? Yazıçı heç bir ədəbi qurumun, təşkilatın üzvü olmadan da yazıb-yarada bilər. Ona görə də kitablarımın üstünə “Ən Özgür Ədəbiyyat” etiketini vurmağa başladım. Əgər hər hansı bir ev, mükafat bacarığıma görə deyil, hansısa təşkilatın üzvü olduğuma görə veriləcəksə, o mükafatı istəmirəm. Bu günə qədər küçələrdə qalmamışıq, bu gündən sonra da küçələrdə qalmayacağıq. Bu günə qədər acından ölməmişik, bu gündən sonra da ölməyəcəyik. Əlavə nələrsə istəyən adamlardan da deyilik. Bizə rahatlığımızı təmin etmək üçün çox xırda otaqlar da, çox balaca məbləğlər də yetə bilir.

# 1242 dəfə oxunub

Oxşar xəbərlər

Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #