news-inner
clock16:14 calendar-gray 05 İyun 2015 view-gray318 dəfə oxunub
view-gray318 dəfə oxunub

Süleyman Rüstəm Müşfiq haqqında nə yazıb?

Kulis Seyfəddin Hüseynlinin “Xatirə xətrinə...” məqaləsini təqdim edir.

“Yaxın qələm dostu haqqında vəfatından sonra söz demək dostu üçün çox ağır olur. Özü də əsərlərilə yaşayan, həmişə sənin gözlərinin qarşısında durub sənə baxan, gülümsəyən bir şair haqqında...”

Belə-belə cümlələri (azacıq fərqli biçimlərdə) nə vaxtsa yaxından-uzaqdan tanımış, dostluq-yoldaşlıq eləmiş olduğun kimsələr haqqında, hərdən-hərdən dilə, arada-bərədə yazıya gətirmək... Uzun ömür yaşamağa fürsəti olan qələm adamının çiyinlərinə düşən, kürəyindən asılan bir vəzifə də budur.

Yaşamaq – həm də ömür deyilənin bir ucundan o biri ucuna, dünya adlı mənzilin bu başından o başına yaddaş yükü, xatirələr barxanası daşımaqdır.

“Müşfiqin yaxın dostlarından biri də mən idim. Sağlığında bu dostluğun 12 il, indi isə 40 ildən artıq bir tarixi vardır. Tanış olduğumuz zaman Müşfiqin 18 yaşı olardı. Bizim gənclik illərimiz çox qaynar bir dövrdə keçdi. Qızıl Qələmlər İttifaqı sıralarına Müşfiq Sabir Kitabxanası yanındakı ədəbi dərnəkdən gəldi. Bu gəlişə hamımız sevindik. Cərgəmizdə gözəl bir istedad idi. O, ilk addımlarından öz şeirləriylə gənclərin məhəbbətini qazana bilmişdi...”

Ömür uzun olduqca yük də artır, adam dünyada çox ləngidikcə yaddaşı, xatirələri də ağırlaşır.

Yaddaş baxım istəyir, xatirələr diqqət-qayğı, səliqə-sahman tələb edir axı, çətindir onlarla başa çıxmaq. Orda, o xatirələrin içərisində özün də olmalısan, özgələr də, dost da, düşmən də... Ancaq hamı özü kimi olmalı, əslinə uyğun xatırlanmalıdır. Özün də elə özün kimi çıxıb görünməlisən o yaddaş mənzilinin qapı-pəncərəsindən. Ən çətini də budur. Nədən ki, bəzən baxırsan, hamı var, amma hərə bir ögey cilvədə, yad görkəmdədir. Elə özün də onlar kimi. Ya da hər kəs özüdür, bircə sən özgəsən – heç vaxt olmadığın qədər özgə...

“Müşfiq doğrudan da gözəl insan, gözəl dost, gözəl şairdi. Hərəkətləri, insanlarla rəftarı şairanə idi desək, yanılmarıq. Müşfiqin ürəyindəki dilindəydi, dilinə yalan söz gəlməzdi. Yalan danışanlarla da dostluq etməzdi. Bir haqsızlıq gördümü, tez coşub özündən çıxardı. Dostunun, yoldaşının eybini, nöqsanını üzünə deyərdi. Şair dostlarının sevincinə sevinər, dərdinə ürəkdən şərik olardı. Özü bir səhv etdikdə dərhal “səhv etmişəm” deməzdi. O, bunu ancaq öz səhvini dərindən dərk etdikdən sonra etiraf edib üzr istərdi...

Yadımdadır, gənclik illərimizdə mən Müşfiqi tənqid etmişəm, Müşfiq də məni. Hətta bu, öz əksini o illərin mətbuat səhifələrində də tapmışdır. Bununla belə, Müşfiqlə bir süfrədə duz-çörək kəsməkdən heç vaxt uzaq olmamışıq...

Mikayıl Müşfiq kiçik yaşlarından yetim qalmışdı. Hamımız çalışırdıq ki, o, bunu hiss etməsin. Bizim analarımız ona analıq edirdilər. Onu öz övladları qədər sevirdilər. Müşfiq isə bizim analarımızın dilini bizdən yaxşı bilirdi”.

Kompüterlərin yaddaşı üçün az qala hər gün növbənöv viruslar tapılıb-yayılır. İnsan insan olandan bəri isə, onun hafizəsi, xatirələri üçün bircə öldürücü virus bilinir: Yalan! Bir başqa adı – Qeyri-səmimilik; bir ayrı tanınma nişanı – Saxtalıq! Zərrə qədəri yaddaşa yol tapdısa, vəssalam, içəridən söküb-yeyir, didib-dağıdır, axırına çıxır xatirələrin. Yaddaşın içini, xatirələrin yerini boşda qoymur: qurama yaddaş yaradır, psevdoxatirələr törədib çoxaldır orda. Amma bu, daha Yaddaş deyil: Yadlaşıb, Daşlaşıb artıq.

“Qaynar gəncliyimizin romantik çağları xoş, şirin arzularla keçdi. Keçdiyimiz şərəfli yollarda birimiz az, birimiz çox, hər birimiz büdrəmişik. Lakin yenə qalxıb əzmlə yolumuza davam etmişik. Gənclik illərimizdə biz Kommunist partiyamızın, komsomolumuzun qayğısını, köməyini həmişə duyurduq...

O illərdə vaxtımız restoranlarda sağlıqlar deməklə yox, ədəbi yığıncaqlarda və evlərdə poeziyamızın inkişafı haqqında düşünməklə, qızğın ədəbi mübahisələrlə keçmişdir.

Onu da deyim ki, bizim müəllimlərimizə böyük, dərin hörmətimiz vardı. Özümüzdən yaşlı yazıçı və şairlərə hörmətimiz sonsuzdu. Onların söhbətlərindən həmişə zövq alardıq. Onlar üçün həmişə ayağa qalxardıq...”

Saxlayıb-gizlətməyi sevdiyi kimi, özü gizlənməyi, daldalanmağı da xoşlayır yaddaş. İstəyir ki, vaxtaşırı künc-bucağını eşib-tökənlər, xatirə sorağıyla ora-burasını qurtdalayanlar olsun. Ordan nələrsə tapdıqca özlərini də tapsınlar adamlar; xatirələrin ucu-qulağı gözə dəydikcə hərdən özləri kimi görünsünlər o künc-bucaqdan.

“1933-cü ilin yayı idi. Mil düzündəki qədim “Örənqala” şəhərinin qalıqlarını axtarmaq üçün oraya akademiya tərəfindən alimlər getməli idi. Bu dəstəyə Leninqraddan gəlmiş akademik Meşşaninov rəhbərlik edirdi. Dəstədə alimlərdən Poxomov, Əzizbəyov və qeyriləri vardı.

Mən və Rəsul Rza bu dəstəyə qoşulduq...

Yoxa çıxmış şəhərin yeri vəhşi bitkilərdən, kol-kosdan ibarətdir. Şəhərin ərazisini qədim təsərrüfat alətlərinin, əşyasının, pulların, bəzəklərin qalıqları üçün gəzirdik.

Biz cavan idik. Alimlər bizdən yaşlı adamlar idi. Bizim gözlərimiz iti idi. Mən kol-koslar arasından qadın bilərziklərinin, sırğalarının qırıqlarını, paslanmış pulları tapıb cibimə qoyurdum. Bundan alimlərin xəbəri olmurdu...

Onlar müayinəni qurtarandan sonra mən öz tapdıqlarımı bir-bir onlara göstərirdim.

Alimlərin qanı qaralırdı, gözləri dörd olurdu. Mənim bu növbəti zarafatımı ciddi bilib, məzəmmətə başlayırdılar:

– Belə də iş olar... Bu, tarixdir, elmdir. Bunları gizlətmək cinayətdir, cinayət! Bundan sonra gözünə nə görünsə, nə tapsan, mütləq bizə təhvil verərsən.

Əlbəttə, zarafatımı başa düşəndən sonra özləri də gülüşürdülər...”

Uzun ömür sonda yaddaşsızlıq gətirdiyi kimi, bəlkə yaddaşsızlıq da ömrü uzada bilir. Yaddaşın məzmununun, xatirələrin çeşidinin ömrün uzun-qısalığında rol oynaması da bir növ ehtimaldır. Bunlar arasında hansısa sirli əlaqə, mübhəm bağlılıq, hər halda, yox deyil. Yükü yüngül olanın yolda müşkülü az olar. O da ola yaddaş yükü...

“Örənqala” sahəsində ehtiyatsız gəzib-dolaşmaq olmazdı. Dəstəmizdə olan Əzizbəyov çox maraqlı adamdı. Öz işini çox yaxşı bilirdi. Gözünə harda bir daş göründümü, qədim yazını dərhal oxumağa başlar və uzun izahata girişərdi. O, danışdıqca gözləri işıqlanar, ağzı köpüklənərdi. Sözünü isə, nəhayət, Füzuli, Sədi və ya Seyid Əzimin qəzəlləri ilə tamamlardı.

Bir gün Əzizbəyovun dalbadal dediyi qəzəllər az qalmışdı başımıza əngəl açsın. “Örənqala”da gəzdiyimiz zaman şəxsən mənə o qədər maraqlı söhbət elədi, o qədər gözəl qəzəllər oxudu ki, fikrim çox uzaqlara getdi. Az qaldı ki, bir kolun dibində qıvrılmış gürzəni tapdayım. İlanı görən kimi bağırdım. Köhnə ovçu olan Əzizbəyov tüfəngi çiynindən aşırıb cəld ilanı başından vurdu...”

Yaddaş yükündən can qurtarmaq bəzən çox asan olur. İnsan iradəsinin səlahiyyət dairəsini aşır, ağlın idarəsindən çıxır, kənarlaşır yaddaş. Ömrün onsuz da uzun olan yolu heç “yetdim, bitdim” demir, yaddaşa qida daşıyan yolları da düyünləyib özünə calayır, huş-baş itib-getdikcə, xatirələrin ağırlığı da çiyinlərdən qalxır. Xatırlamağın, yada salmağın özü də unudulur, yaddan, yaddaşdan çıxır.

Bir də var, yaddaş yükünü yarı yolda atıb getmək, xatirələri aldadıb başdan eləmək. Yaddaşın ağrısı, xatirələrin ağırlığı dözülməz olanda onlarla “üzülüşmək lazım gəlir”. Başdangetdi danışıb-bölüşürsən, necə gəldi yazıb-paylaşırsan, atırsan üstündən xatirələri, yükün yüngülləyir, tez də çevrilib gedirsən. Özünü uzun ömrə “hesablamısan” axı...

“Mil düzündən Bakıya alimlər öz saxsı qablarıyla, pas atmış pullarıyla, mən isə bir əsərin mövzusu ilə qayıtdım...

“Yaxşı yoldaş” poemasını on günün müddətində, demək olar ki, biroturuma yazdım... Poemamı ilk dəfə mərhum şairimiz Mikayıl Müşfiqə oxudum. Müşfiq əruz vəznini çox gözəl bilən şairdi. Mən oxuduqca hərdənbir ona baxırdım. Müşfiqin gözlərində bir uşaq sevinci görürdüm. Müşfiqdə qısqanclıq, həsəd yoxdu. Əsəri oxuyub qurtaran kimi, Müşfiq məni qucaqlayıb qalın qara dodaqlarıyla bərk-bərk dodaqlarımdan öpdü...”

Müşfiqin isə Süleyman Rüstəm haqqında xatirə yazmağa, ümumiyyətlə, neçə-neçə onillikdən sonra qayıdıb keçmişə boylanmağa macalı olmadı. Çünki ömür yolu heç düz-əməlli 3 onillik də davam eləmədi. Amma bir vaxt tərənnüm, çağırış ruhlu şeirlərindən birinin yığcam sonluğunu “Yaxşı yoldaş”ın – bu dünyada 9-cu onilliyini xırdalayana qədər duruş gətirəcək – müəllifinə xitabən yazmışdı Müşfiq:

Dinlə, qəlbimdə, Süleyman Rüstəm,

Sənə dair kiçicik bir nəğməm,

Kiçicik – dağ kimi bir dalğam var,

Bir dənizdir ki o dalğam, çağlar...

Haydı, Rüstəm, çıxalım gəl yarışa,

Çıxalım mövzu üçün axtarışa!

Aləmə vəlvələ salmaq lazım,

Quruluş şairi olmaq lazım.

Çapar atlar kimi çapmaqda həyat,

Bizi keçməkdə bu dövran, heyhat!

Yataraq uyquya dalsan bir də,

Bizi varlıq qoyacaqdır geridə.

“Yarışa çıxmağ”ına, çıxacaqdılar, ancaq “axtarış”a çıxmağa ehtiyac qalmayacaqdı, “axtarış” özü gələcəkdi: Müşfiqin həm qapısını kəsəcəkdi, həm də amanını, ömrünü. “Aləmə vəlvələ salmaqda” günahlandıracaqdılar onu. Rüstəm isə doğrudan-doğruya “quruluş şairi” olacaqdı: “çapar atlarla çapdıqca çapacaq”, “gələcək günlərin əlindən sevinc qapacaqdı”... Ortalıq səngiyib, toz-duman seyrələndə, çox adamın, çox söz-söhbətin arasında, hərdənbir o da Müşfiq haqqında xatirələr danışacaq, şeir adınatək bircə misraya da yer vermədən, xatirə yazacaqdı: Şairliyi qədər yaddaşıyla da məşhur olan Müşfiq haqqında! Yaddaşı ən çox şeirə yatan, hafizəsi ən çox şeiri çəkən, xatirində şeirdən savayı nəyəsə yer saxlamayan, hər şeyi, hər kəsi şeir kimi xatırlayan Müşfiq haqqında!

Ötən günlərimi vərəqləyərkən,

Sevdalı dillərin yadıma düşdü.

Xəyalın qarşımda canlandı birdən,

Göyərçin əllərin yadıma düşdü...

O da bir gün idi, ay üzü dönmüş,

Sandım, içində bir qaplan döyünmüş.

Bir anda köpürmüş, bir anda sönmüş

Xırçın əməllərin yadıma düşdü...

oxuzali.az

news-inner-user

16034 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020
“Qarabağ şikəstəsi”nin şikəst Qarabağıyıq - Qardaşxan Əzizxanlının şeiri
15:09 01 Avqust 2020