“Dəniz mənzərəsi” rəssamın ailəsini necə məhv etdi...

“Dəniz mənzərəsi” rəssamın ailəsini necə məhv etdi...
2 iyun 2015
# 12:31

Kulis Günel Natiqin “Doğma sahillər” hekayəsini təqdim edir

- Gözəl əsərdir, insanı həm kövrəldir, həm də sarsıdır, –tabloya baxa-baxa dedim.

Birdən nəyə görəsə ağlıma gəldi, soruşdum:

- Bu əsər orijinaldır?

- Əlbəttə, - bələdçi qız tez-tələsik dedi.

- Bilirsiz, niyə soruşdum? İndi ağlıma gəldi doğrusu, Rzazadənin muzeydəki bütün əsərləri orijinaldır?

- Əlbəttə, - qız yenə tez-tələsik dedi və uzaqlaşdı.

Heyranlıq dolu nəzərlərimi tablodan ayırmadan bir neçə saniyə yerimdə donub qaldım.

- Mənim işim qurtardı, - operatorumuzun səsi məni öz aləmimdəm ayırdı, - O sıradakı tabloları çəkdim, ayrı-ayrı və ümumi planda götürdüm. Mənlik bir iş qalmadı.

- Əla, gedə bilərik, - mən dedim.

- Bu nə əsərdir? – Aydın tablodan ayrıla bilmədiyimi duydu elə bil.

- Bu, mərhum rəssam Gündüz Rzazadənin məşhur “Dəniz mənzərəsi”dir. Sən doğrudan onun haqqında heç nə eşitməmisən?

- Ay Nərgiz, əsərlə qarın doyur? Əvvəllər maraqlanırdım, indi gözüm ancaq yemək şəkilləri axtarır.

Aydın bu sözləri elə təbii məyusluqla dedi ki, məni gülmək tutdu.

- Yaxşı getmirik? Görürəm, sən ayrıla bilmirsən buralardan, bəlkə muzeyi də götürüb gedək?

- Muzeyi yox, bu tablo bəsdir - mən tablonu göstərib güldüm.

- Yaxşı, çəkil kənara, bu tablonu da həkk eləyim ömür-gün yoldaşımın yaddaşına.

Aydın kamerasına “ömür-gün yoldaşım” deyirdi. Deyirdi, bunun üzündən evlənə bilmirəm.

Aydın “Dənizi” səliqəylə “ömür-gün yoldaşının” yaddaşına köçürdü.

- Vəssəlam. Gedə bilərik.

- Gedək, qara günün dostu, gedək. - Çətin çəkilişləri mən “qara gün” adlandırırdım.

Muzeyin direktorunu çəkiliş gedən salonda tapdıq. İşıqçı çəkilişdə istifadə etdiyimiz ləvazimatları çantasına yığır, həm də Kamilə xanımın suallarını cavablandırırdı.

- Yox, xanım, bağışlayın, amma verilişin diskini verə bilmərik. Bu yasaqdır, xahiş edirik, bizi də anlayın.

Mən və operatorumuz işıqçının sözlərini təsdiqlədikdən və növbəti çəkiliş üçün vaxt müəyyən etdikdən sonra yola düzəldik. Muzeyin bir neçə qadın əməkdaşı bizi qapıya qədər ötürdü. Yalnız bu anlarda fərqinə vardım ki, bizi tablolarla tanış edən bələdçi qız xeyli vaxtdır ki, gözə dəymir.

***

Montajdan qabaq televiziyanın baxış otağında çəkiliş kasetlərinə baxdım. Kadrlar pis alınmamışdı. Mən bu barədə düşünərkən Aydın da gəlib çıxdı.

- Necə alınıb?

- Əlbəttə ki, yaxşı.

- Bəs niyə sağa-sola fırlayırsan? Nə axtarırsan?

- “Dəniz mənzərəsini”. Ən axırda olmalı idi. Amma yerini tapa bilmirəm. Aha. Tapdım.

Bu, dünyanın ən gözəl dəniz mənzərəsi idi. Hər halda mən bu tabloya baxanda elə düşünürdüm. Rzazadə dahi idi. Ancaq dahilər dənizi bu cür görə bilərdi.

- Nərgiz, gözəl əsərdir, səninlə razıyam. Amma elə bil ki, bu tabloda çatışmayan nəsə var.

Aydın ali təhsillidir, institutu kino operatoru kimi bitirib. Onun çəkilişlərinə çox güvənirəm. Amma “Dəniz mənzərəsi” haqqında dediklərini təbəssümlə qarşıladım.

- Aydın, bu, dünyanın ən gözəl dəniz mənzərəsidir. Bu elə bir tablodur ki, burda...

Aydın köks ötürüb ayağa qalxdı.

- Yaxşı, sabah çəkilişin olacaq? Sən Allah, bir az tez vaxta sal, mən sabah...

Aydının son sözlərini eşidə bilmədim, çünki tablodakı dəniz uğuldayırdı...

***

- Kamilə xanım, anlaya bilmirəm, niyə imtina edirsiniz? Axı biz dünən danışdıq, verilişlər silsilə olmalıdır...

- Bəli, danışdıq, ancaq mən baş muzey idarəsindən icazə ala bilmədim, siz də məni anlamağa çalışın...

- Üzr istəyirəm, axı siz əvvəlcədən izn almışdınız... Nə baş verdi ki?

- Nə baş verməliydi ki? Deyirəm, mümkün deyil.

- Axı biz planlaşdırmışıq, dünənki çəkilişimiz də çox gözəl alındı, hətta muzeyi də gəzdik...

- Nərgiz xanım, siz nə demək istəyirsiniz?

Çaşıb qaldım.

- Demək istəyirəm ki, biz bu işi davam etdirməliyik.

- Yox, “muzeyi gəzərkən” dediniz...

- Bəli, muzeyi gəzərkən bir daha düşündüm ki, biz bu işi silsilə aparmalıyıq.

Televiziya işi məni israrlı olmağa öyrədib. Başqa vaxt olsaydı, sağollaşıb dəstəyi asardım. Belə çıxışçılara biz “nazlı” deyirdik. Nazlı çıxışçıların nazını çəkməyə hövsələm yoxdur. Amma işin xatirinə insan nələrə qatlaşmır ki.

Dəstəyin o biri tərəfində hələ də sükut hökm sürürdü. Razılaşdığını düşündüm.

- Kamilə xanım...

- Xahiş edirəm, bir də mənə zəng etməyin.

Dəstək asıldı.

***

Televiziyaya keçəndən yolda da “işləyirdim”. Düşünürdüm yəni. İşləyə-işləyə işə gəlib çıxdım.

- Nərgiz, veriliş nə yerdədir?

- Səfər müəllim, işlər yaxşı gedir...

- Hər zaman olduğu kimi.

- Amma...

- Sizə güvənirəm, Nərgiz, bilirsiz.

Səfər müəllim baş redaktorumuzdur. Kimə güvənəcəyini çox yaxşı bilir. Ona görə işlərimiz problemsiz davam edir. Hələ ki.

Mənə güvəndiyini bilirəm. Elə ona görə də yolda, liftdə, pilləkənləri qalxarkən, yolu keçərkən, yuxuya gedərkən də işləyirəm.

- Nərgiz, çəkilişə gedirik?

Aydının sözləri məni işdən ayırdı. Kamilə xanımın etiraz etdiyini xatırladım.

- Yox, hələ yox. Çıxışçımız nazlı çıxdı.

- Dünənki xanım? Ciddi adam təsiri bağışladı. Yəni mənə elə gəldi.

- Bilmirəm, Aydın, bilmirəm. Mənə də qaranlıq qaldı bu iş. Niyə imtina etsin ki? Axı qabaqcadan planlaşdırmışıq. Dəniz də məni özünə çəkirdi....

“Dəniz mənzərəsini” deyirdim. Əslində ona bir də tamaşa etmək istərdim. Gündüz Rzazadənin dəniz tabloları çoxdur. Ona dəniz rəssamı da demək olar. Onun dənizləri heç kiminkinə bənzəmir. Elə bil dalğalar səni özünə çəkir. Hansısa anda özündən uzaqlaşdırır. Hansısa anda kükrəyən dalğalar sakit ləpəyə çevrilib könlünü oxşayır. Və bütün bunlar bir tabloda baş verir. Sən dənizin bütün hallarının seyrçisinə çevrilirsən.

Mən dalğalarla “oynayarkən” Aydın üzümə baxıb gülümsəyirdi.

- Ay Nərgiz! Səni romantikandan ayırıb bəni insan edə bilmədik.

- Bəni insan? - az qala küsəcəkdim.

- Bu dünyanın adamı, yəni. Hardan gəlib çıxdın sən bura, ay Nərgiz.

Aydının gözlərində xəfif kədər vardı. Mən bilirdim ki, əslində o da “bəni adam” deyil.

***

Evdə məni pişiyimiz və anam qarşıladı.

- Yorğun görünürsən, Nərgiz.

- Yollar da bir az yordu məni. İsa İsmayılzadənin “Yolları”na bənzəmir bizim yollar. “Nağıl yollar” deyirdi ha şeirlərinin birində.

- Hə, bizim yollar əsl dastan yoludu! - anam mətbəxə keçə-keçə dedi.

Məni gülmək tutdu. Anamın yumor hissinin qabağında heç nə deyə bilmirəm.

- Afət zəng etmişdi, dedi, vacib işi var.

- Yox, mama, Afətlik halım yoxdur, qalsın gələn səfərə.

Ayaqlarımı sürüyə-sürüyə gedib divanda uzandım. Rzazadənin tablosu gözlərimin önündən getmirdi. Dalğalar şahə qalxmışdı, qeylü-qallı idi, sanki nədənsə xəbərdar edirdi. Bu dənizdə o qədər səfərə çıxmışam ki. Dalğalar da bələdçim olub. Məni insan ayağı dəyməyən yerlərə aparıblar. İndi, o yerlərin səssizliyini və qoxusunu duyunca, yenidən bu divana qayıdıb yorğunluğun acısını çıxarmaq məyusluq doğururdu. Yenə də mən cəhd elədim.

- Afa, salam. Zəng etmişdin?

- Salam, ay qız. Bu nədir belə, müstəntiq kimi danışdın.

- Yorğunam, səfərdən gəlirəm.

- Nə səfər, ay bacı? Bu gün işdə deyildin? Yaxşı, sən olduğun üçün təəccüblənmirəm... Sabah sərgi var İçərişəhərdə. Gənc rəssamdır, maraqlı işləri var.

- Adı nədir? Bilirsən ki, hər rəssamı çəkmirik. Gərək maraqlı olsun, istedadı-filan... Yaxşı, adını demədin?

- Orxan Yaşıltəpə. Əsl familiyasını bilmirəm, doğrusu. Tanıyan belə tanıyır. Hə, sabah gəlirsən?

- Çalışaram. – bu arada hiss etdim ki, nazlı çıxışçılarımıza oxşadım - yaxşı gələrəm, əzizim, hələlik.

Dəstəyi qoyub divana qayıtdım. Qulaqlarım hələ də uğuldayırdı. Elə bil hansısa uzaq dənizlərin birində sevimli mərcanımı salıb itirmişdim...

***

İçərişəhəri sevirəm. Burda özümü öz elimdə-obamda hiss edirəm. Qədim çağlar məni ağuşuna alır, özümü gah yaşmaqlı qarı kimi, gah da qızlar bulağından yeni-yeni su içmiş, yenicə çarşablanan gənc qız kimi hiss edirəm. Rəsm sərgisinin belə bir məkanda yerləşməsi lap yerinə düşüb.

Aydınla bizi sərgi salonunun əməkdaşı qarşıladı:

- Televiziya? Buyurun, media bu tərəfdə öz yerini alıb. Bir neçə dəqiqədən sonra Orxan bəy də yaxınlaşacaq.

Hiss olunurdu ki, əməkdaş öz işini yaxşı bilir. Sonda da növbətçi təbəssümlə gülümsəyib bizdən uzaqlaşdı.

- Aydın, vaxtı dəyərləndirmək lazımdır, rəssam gələnə qədər tabloları lentə köçürək.

- Ağa deyir, sür dərəyə, sür də, - Aydın kameranı işə saldı.

- Çəkiliş yerində ağa sənsən Aydın, - iş yoldaşımın zarafatına onun özü sayaq cavab verib tablolar olan salona keçdim.

***

Heminqueyin “Okeandakı adalar” romanında maraqlı bir epizod var. Rəssamlıqdan qətiyyən başı çıxmayan bir bazburutlu biznesmen zəncilərin, dəniz canlılarının təsvir olunduğu tabloya baxıb heyrətlə deyir: “Doğrudanmı, zəncilərin, ya hansısa tısbağanın olduğu tablo bu qədər bahalı ola bilər? Axı biz onları istənilən vaxt havayı da görə bilərik”.

Həmin heyvərə kişi obrazının sözlərini və bu sözlərin arxasınca gələn, əslində bəlkə də dahiyanə olan fikirləri xatırladım. Bu sözləri deyən adamın dahiyanə fikir deyəcəyinə inanmaq çətindir. Amma bu yekəqarın, yeyib-içməkdən başqa heç nə düşünməyən adamın arzuladığı tablonu təsvir etməsi qədər təbii bir şey ola bilməzdi...

Yaşıltəpənin tablolarının özəyi dəniz rəsmlərindən ibarət idi. Yalnız dənizdən ibarət olan tənha tablolar... Bir anlıq nəfəsimi çəkməyə qorxaraq tabloya diqqət kəsildim. Amma dalğaların səsini dinləyə bilmədim. Mənə elə gəldi ki, dəniz özü deyil, onun bənzəridir.

- Nərgiz xanım, xoş gördük. Sizi görməyimə çox şadam.

Qarşımda orta boylu, təxminən 35 yaşlarında bir adam dayanmışdı. “Baxışları dənizlərdən daha dərindir”, - deyə düşündüm, amma fikrimin sanki ucadan eşidiləcəyindən qorxaraq günahkar kimi gülümsündüm.

- Təbrik edirəm, gözəl sərgidir, amma mənə elə gəldi ki, siz dənizə xiffətlə böyümüsüz...

Rəssam gözlərini azca qıydı.

- Bəli, yaşadığım şəhər dənizdən uzaq idi. Dənizin səsini yuxularımda və xəyallarımda dinləyirdim... Maraqlıdır, siz bunu necə hiss eləyə bildiniz?

Mənim suallardan qaçmaq kimi bir vərdişim vardı.

- Orxan bəy, kiçik bir müsahibə mümkündür?

- Əlbəttə, buyurun.

Bayaqdan kənarda durub bizim söhbətimizin bitməsini gözləyən Aydın, Yaşıltəpənin köynəyinə mikrofonu sancdı.

- İlk sualımız. Orxan bəy, sizin tablolarınızda Rzazadənin təsiri duyulur. Bu barədə nə deyə bilərsiz?

- Hmm... Rzazadə böyük sənətkar idi, amma onun dənizlərinin bir hekayəsi, tarixi var. Mənim əsərlərimin hekayəsini isə tamaşaçılar yazır...

***

Müsahibə bitdi. Aydın mikrofonu çıxarana qədər ayaqüstü daha bir neçə dəqiqə söhbət edə bildik. Görünür, Yaşıltəpəyə mənim Rzazadənin dənizləri barədə fikirlərim maraqlı idi. Qəribədir, bu, qarşılıqlı müsahibəyə bənzəyirdi. Mütəxəssisin və sadəcə dənizi və tabloları hiss etməyə çalışan jurnalistin qarşılıqlı müsahibəsi...

Mən - əlimdə mikrofon, ətrafa nəzər yetirdim. Muzeyin direktoru Kamilə xanım tamaşaçıların arasındaydı. Yanında alçaqboy bir kişi vardı, nə barədəsə danışırdılar. Deyəsən Yaşıltəpənin dənizləri onları o qədər də maraqlandırmırdı.

Mən diqqət çəkmədən onlara yaxınlaşdım. Hər ikisi üzü tablolara tərəf dayanmışdı.

- Kamilə xanım, məncə siz hədər yerə belə düşünürsüz. Heç kim heç nə hiss etməyib, - alçaqboylu kişi onu inandırmağa çalışırdı.

- Siz o jurnalistin israrlı davranışını təbii hesab edirsiz? Əməkdaşımızı əməlli-başlı sorğu-suala çəkib. Bu əsər orijinaldır, ya yox? - deyə bir-birinin ardınca sual yağdırırmış.

- Məncə bu, adi maraq olub. Siz niyə belə təlaşlandınız ki?

- Məsələ burasındadır, bu qız nəyin bahasına olur-olsun muzeyə düşmək istəyir, həm də həmin o salona.

Söhbət çox güman ki, məndən gedirdi. Amma həm də məndən getmirdi. Çünki bu deyilənlərlə əslində mənim əlaqəm yox idi. Yaxşı, bəs onların gözünü qorxudan nə idi?

- Kamilə xanım, xoş gördük.

Xanım və alçaqboylu kişi eyni anda mənə tərəf döndülər.

- Aa Nərgiz xanım. Xoş gördük. Siz çoxdan burdasız?

- Elə indi yaxınlaşdım, - bacardığım qədər təbii görünməyə çalışaraq dedim.

- Muzeyin şöbə müdiri Dayandur müəllimlə tanış olun. Bu da bizim gözəl jurnalistimiz Nərgiz xanımdır - bunu deyərkən Kamilə xanım şöbə müdirinə bir az mənalı baxdı. Mən və Dayandur müəllim - ikimiz də bunu sezdik.

- Sərgi sizə necə təsir bağışladı? Gözəldir, deyilmi? – Onlar cavab verməyə macal tapmamış əlavə etdim - Dəniz tabloları isə... - Ani sükutdan sonra davam etdim, - Rzazadəni xatırladır.

Kamilə xanım və şöbə müdiri bir anlıq baxışdılar və bu, üçümüzün də nəzərindən yayınmadı.

- Kamilə xanım, sizinlə kiçik bir müsahibə mümkündür? -mən sükutu pozdum.

- Nərgiz xanım, məmnuniyyətlə! Amma mən indi getməliyəm - daha doğrusu, biz getməliyik. - Kamilə xanım Dayandur müəllimin qoluna yüngülcə toxundu.

- Bəli, heyif ki, vacib iclasımız var. Sonra görüşərik, olmazmı? - alçaqboylu kişi dedi.

- Əlbəttə olar, - mən gülümsədim, - buyurun.

***

Sərgidən gələn kimi ilk işim internetdə gəzişmək oldu. Gündüz Rzazadə haqqında xeyli bilgilər vardı; Abşeronda doğulub, səhərlər dənizin səsinə oyanıb və gecələr dənizlə uyuyub. Tablolarından görünür ki, bu adam dənizlə dərdləşib, insanlara demədiklərini dənizə danışıb. Onun tablolarını anlamaq üçün mütləq tərcümeyi-halını oxumaq lazımdır. Kim bilir, bəlkə dəniz sizi də özünə sirdaş seçdi?

Gözlərim yol çəkdi. Yenidən “uzaq yollardan qayıdıb” Google-da axtarışları davam etdirdim: “İlk nikahından dörd övladı olub: Əli, Aqil, Eldar və Xəzər. Amma heç biri haqqında məlumat yoxdur. ...Qeyd edək ki, Rzazadənin “Dəniz mənzərəsi” tablosu da oğurlanan tabloların arasındadır”... Həmin informasiyanın olduğu saytı açdım. Ürəyim qəribə bir həyəcanla döyünürdü. Elə bil oğurlananların içində mənim də doğmam vardı. Hadisə 4 il bundan qabaq olmuşdu. Mən dumanlı da olsa, xatırlayırdım. Bir neçə sənət əsərinin müəmmalı şəkildə qeyb olması... Muzeydəki tablo gözümün önünə gəldi; muzey əməkdaşının tez-tələsik cavabları, daha sonra isə Kamilə xanımın müəmmalı davranışı...

Telefon zəngi məni fikirlərdən ayırdı:

- Nərgiz xanım, bağışlayın narahat edirəm.

Orxan Yaşıltəpə idi.

- Buyurun, Orxan bəy, siz məni bağışlayın, tədbirdə sonacan iştiralk edə bilmədim...

- Sizin iş rejimi bilirəm ki, elə tələb edib... Tabloların hamısına baxa bildiniz?

- Demək olar ki, bəli.

- Elə isə mən sizi iş prosesini canlı olaraq izləməyə dəvət edirəm. Gələrsiniz?

- Haraya gəlməliyəm?

- Mən ünvanı sizə bildirərəm.

- Çox sağ olun, Orxan bəy, hələlik.

Müəmmalı tablonun sirri internetdə mənim müdaxiləmi gözləyirdi, amma yenə də telefon zəngi aramızda sərhəd qoydu:

- Bəli, Aydın, eşidirəm.

- Nərgiz, montaj nə vaxtdı?

- Sabah, nə olub ki?

- Mən də gəlib baxmaq istərdim.

- Aydın, mütləq xəbər edərik. Hələlik.

Yenə tablo ilə üz-üzə qaldıq. İnternetdə olan orijinal tablonun fotosu idi. Mənim doğmam, mənim sirdaş seçdiyim və məni sirdaş seçən dənizin. Bəs muzeydəki tablo? Mən mütəxəssis deyiləm, amma axırıncı görüşümüzdə elə bil doğmamın məndən “soyuduğunu” hiss etmişdim. Qəribə hiss idi. Kamilə xanımın nömrəsini yığdım.

- Alo, buyurun.

- Bağışlayın, mən Kamilə xanımla danışmaq istəyirdim.

- O, indi məşğuldur, sonra zəng edin.

- Axı....

Dud dud dud

Kamilə xanımın davranışını heç cür anlaya bilmirdim. Əslində, anlamadığım çox şey vardı. Görünür, tabloya maraq duyan yalnız mən deyildim. Aydın da bu sırada idi.

- Aydın, salam. Montaj 102-dədir. Gəlirsən?

- Aha bu dəqiqə.

Aydın gələndə biz Yaşıltəpənin söhbətini montaj edirdik.

- Nərgiz, Yaşıltəpənin işləri necə təsir bağışladı?

- Belə. Elə bil səmimiyyətdən uzaq kimidir. İşlərini deyirəm. Elə bil o dənizlər naturadan çəkilməyib.

- Sən buna əminsən?- Aydın təəccübləndi.

- Demək olar ki. Sən niyə montajda iştirak etmək istəyirdin?

- Yadımdan çıxdı deyim, orda bir işdən bir neçə dənə vardı.

- Necə yəni bir neçə dənə?

- Mənə elə gəldi - Aydın dedi, - Birdən səhv salarsız, eyni tablonu bir neçə dəfə göstərərsiz.

Aydın getdikdən sonra çəkilişlərə baxdıq, hər tablodan bircə dənə idi.

***

Kamilə xanımın qəbul otağında dolubədənli katibə qız həvəssiz-həvəssiz alma yeyirdi, hiss olunurdu ki, möhkəm darıxır. Məni görüb canlandı.

- Kamilə xanımın özüylə danışmısız? Gözləyir sizi?

- Bəli, gözləyir - mən mümkün qədər təbii olmağa çalışdım.

- Onda keçin.

İçəridə bir qapı da var idi. Bu qapını da dəf edib nəhayət ki, kabinetə daxil ola bildim. Kamilə xanım otağın yuxarı başında oturub təəccüblə mənə tərəf baxırdı. Mən gülümsəməyə çalışaraq ona doğru gedirdim. Otağa qırmızı xalı döşənmişdi. Bir anlıq mənə elə gəldi ki, xalının sonuna çatsam, sirr qapısını aça biləcəm. Budur, xalı bitib və mən Kamilə xanımın qarşısındayam.

- Nərgiz xanım, bizim bu görüş barədə danışdığımızı xatırlamıram.

- Mən də xatırlamıram, - yenə gülümsəməyə çalışdım, amma siz növbəti dəfə dəstəyi asdıqdan sonra mənim gəlməkdən başqa yolum qalmadı.

Kamilə xanım sarı saçlarını əliylə geri atdı. Əlinin azca əsməsi gözlərimdən qaçmadı.

- Madam ki, gəlmisiz, buyurun əyləşin. Sizi maraqlandıran suallara cavab verməyə çalışacam. Amma əvvəl bir sualıma cavab verin.

- Buyurun.

- Sizi kim göndərib?

Mən bir anlıq özümü itirdim.

- Buraya? Muzeyə?

- Ümumiyyətlə deyirəm, xanım, siz məni anladınız. Sizin muzeydəki jurnalist fəaliyyətiniz təsadüfi deyil məncə.

- Əlbəttə, təsadüfi deyil. Biz planlaşdırmışıq ki, silsilə olaraq, muzeydən...

- Yetər, Nərgiz xanım. Mən o barədə demirəm.

- Siz nədən qorxursunuz?

- Mən nədənsə qorxuram? – Direktor əsəbi-əsəbi güldü. Yaxşı, niyə gəlmisiz?

- Mən dünən internetdə bir məqaləyə rast gəldim. “Dəniz mənzərəsi” haqqında.

- Kimin “Dəniz mənzərəsi”?

- Gündüz Rzazadənin. Bir neçə il qabaq muzeydən oğurlanıb.

- Bəli, oğurlanıb, - direktor qıyqacı baxışlarını üzümdən çəkmədən dedi- Amma biz onu tapmışıq.

- Tapmısız?

- Bəli.

- Bəs o hardadır?

- Öz yerində. 4-cü salonda.

- Yəni biz gördüyümüz salonda?

- Bəli. Bu barədə rəsmi məlumat da verilib, oxumaq istəyirsiz?

Kamilə xanım yeşiyi açıb əliylə qoymuş kimi bir sənəd çıxardı və mənə uzatdı.

- Buyurun, oxuyun.

Rəsmi sənədə görə, hər şey qaydasında idi. Amma içimdəki bir səs heç də belə olmadığını söyləyirdi.

***

Muzeydən çıxanda bir nəfərlə toqquşdum. Elə etirazımı bildirmək istəyirdim ki, qarşımdakı adamın Aydın olduğunu gördüm.

- Aydın? Sən burda nə edirsən?

- Mən... Mən... O əsərə baxmaq istəyirdim.

- “Dəniz mənzərəsinə”?

- Hə, hə, ona.

- Onda sən salona keç. Sonra görüşərik.

- Yox, yox, onsuz da gecdir. Elə mən də səninlə gedim.

- Gedək, qara günün dostu. - Dostcasına Aydının qoluna girib gödəkcəsini dartdım.

- Sonra ömür-gün yoldaşım (kameranı deyirdi) qısqanmasın bizi.

Gülüşüb yola düzəldik.

***

Axşam Afətə zəng vurdum:

- Afacan, sabah mənə yoldaşlıq elə də, nolar.

- Hara belə?

- Yaşıltəpənin emalatxanasına getməliyəm. Montajqabağı bəzi şeylərlə də tanış olmaq istərdim. Görünür, özü də informasiyanı yetərli hesab etmədi. Çünki emalatxanaya dəvət etdi.

- Yaxşı, canım rəfiqəm, gedərik, amma bax ha, sonra aşiq olmayasan!

- Anlamadım, niyə aşiq olmalıyam ki?

- Yaxşı, yaxşı, zarafat elədim, sabah metronun yanında gözləyəcəm. Məni tanıyırsan da, hər ehtimala qarşı başıma şlyapa qoyacam.

Uğundum, rəfiqəmin az əvvəl dediyi yersiz söz yadımdan çıxdı.

***

Yaşıltəpənin emalatxanası 5-ci mərtəbədə yerləşirdi. Nə yaxşı, emalatxanada çəkiliş aparmadıq, yoxsa Aydın çiynindəki ağır kameraya işarə edib “görəsən biz nə vaxtsa birinci, ikinci mərtəbələrdə çəkiliş aparacayıq?” - deyə deyinəcəkdi.

Yaşıltəpə dama-dama köhnə kresloda oturub gözlərini məchulluğa zilləmişdi. Bu cür o dünyanın ən tənha rəssamına bənzəyirdi.

- Orxan, mərc gələrəm ki, fikirlərin intibah dövrünə qədər uzanıb, - Afət bərkdən güldü.

Yaşıltəpə diksinib cəld ayağa qalxdı.

- Bağışlayın, uşaqlıq illərimi xatırladım nədənsə. O qumlu sahili...

- Mən sizin dənizsiz bir yerdə böyüdüyünüzü düşünürdüm... - mən dedim.

- Hə, amma xəyallarım o sahildəydi.

“Hansı sahildə” deyə soruşmaq istədim, amma o, elə çarəsizliklə gülümsədi ki, mən sual verməkdən vaz keçdim. Gözlərinin yanında yaranan qırışlar mənə doğma göründü.

- Siz ancaq naturadan işləyirsiz?

- Naturasız gözəllik cansız bir gözəllikdir. Bəzən gözəllik yaratmaq istəyirsən, amma görürsən ki, yaratmaq istərkən onun ruhunu öldürmüsən. Ruhsuz, cansız bir şey mənim nəzərimdə heç bir zaman ali mərtəbəyə yüksələ bilməz.

Yazdığım və cırıb atdığım məqalələri xatırladım. Və ilk dəfə idi ki onlara yazığım gəlmədi.

Bir yerdə qərar tuta bilməyib emalatxananı dolaşan rəfiqəm yenidən yanımızda peyda oldu.

- Orxan obrazlarla yaşayır. Hətta mənə elə gəlir, gecələr durub tablolarına baxır, məsələn gün çıxıbmı, səhər açılıbmı və ya gecə düşübmü...

Rəfiqəm saçlarını arxaya atıb güldü. Amma bu ədalı gülüşün təsiri mənim düşündüyümdən də qısa oldu. Yaşıltəpə siqaret dumanının arasından ona ani bir nəzər salıb fikrə getdi.

- Mənə hərdən elə gəlir ki, Rzazadənin dənizi insanın içində olan ağrıları uda bilər, - bunu mən qəfildən söylədim.

Yaşıltəpə siqaretin külünü külqabıya boşaldıb mənə baxdı.

- Siz deyəsən Rzazadənin vurğunusuz, səhv etmirəmsə, sizi tanıdıqdan bəri üçüncü dəfədir ki, onun adını çəkirsiz.

- Bəli. Mən içimdəki bütün ağrıları o dənizə, o sulara daşımışam.

- Mənim içimdəki ağrılar o dənizlərə sığmır, - əzizim Nərgiz xanım, - Yaşıltəpə bunu xüsusi doğmalıqla dedi.

Biz bir-birimizə baxırdıq və sanki ağrılarla dəyiş-düyüş edirdik, mən özümünkünü ona, o isə mənə ötürürdü. Rəfiqəm bu təmasda öz yerini tapmayıb emalatxananı tərk etmişdi. Sonra mən öyrəndim ki, Yaşıltəpə onun qarşılıqsız böyük məhəbbətidir.

***

- Alo, Nərgiz....

- Bəli, Aydın, eşidirəm.

- Hardasan?

- Emalatxanaya getmişdim, bəzi məqamları dəqiqləşdirmək üçün. Nə olub ki məgər?

Sən... işdən çıxarılmısan, Nərgiz... Muzeydən şikayət ediblər... Tez gəl, bəlkə vəziyyəti düzəltmək mümkn oldu?

-...

- Nərgiz eşidirsən?

- Bəli.

- Gələcəksən?

- Yox.

- Nərgiz, tərslik etmə, bəlkə alındı.

- Hər şey üçün sağ ol, qara günün dostu. Ömür-gün yoldaşından muğayat ol.

- O sənsən qara günün dostu, röyalarımda isə ömür-gün yoldaşım. Son günlər mən elə bil bunu hiss edirdim və səni qorumaq istəyirdim. Axı mən hiss edirdim! Mən səni bütün bunlardan çəkindirməliydim!

- Aydın, biz öz röyalarımızda uçuruq, amma ayrı-ayrılıqda. Biz yalnız qara günün dostu ola bilərik, vəssalam. Biz o qədər oxşarıq ki, reallıq bizi yuxulu sanıb yanımızdan ötür, hər zaman da belə olacaq.

- Nərgiz....

***

Sonrakı 10 gün yuxu kimi keçdi. Reallıqla yuxu arasında qəribə günlər yaşayırdım. Heç nə reallıq, nə də yuxu idi. Amma hər şey həm reallıq, həm də yuxu idi. Mən düşünürdüm. Uşaqlıq çağlarım, nənəmin səsli-küylü evi, o evin tən ortasında divardan asılmış və mənə sevinc ötürən tablo - “Dəniz mənzərəsi” gözlərimin önündəydi. Bu, tablonun surətiydi.

Sonrakı yaşantılarım, qələbələrim, daha çox məğlubiyyətlərim və bütün bunların arasında ağrılarımı udan, mənə yol açan “Dəniz mənzərəsi”...

Hər şey qələbə olmadığı kimi, məğlubiyyət də deyil. Bu tablo mənə yaşamağı öyrədirdi. Həyatın tufanlı çağlarını, məsumiyyətini öyrədirdi.

11-ci gün mən qərarımı verdim. Evdən çıxanda anamın səsini eşitdim:

- Qızım, hara?

- Doğma sahilə, ana.

Mən yalan demirdim.

***

Yaşıltəpənin emalatxanası, yerləşdiyi məkanın son ucundaydı. Oraya çatana kimi insan fikirlərini səliqə-sahmana sala, onlara düzəliş verə bilərdi. Amma mən bunu etmədim.

Qapını astaca döydüm. Cavab gəlmədi. Yüngülcə qapını itələdim. Yaşıltəpə emalatxanada yox idi, amma otağı təlaşlı idi; lap Rzazadənin “Dəniz mənzərəsi” kimi. Sanki az sonra baş verəcək tufandan xəbər verirdi.

Yarımçıq tablolara baxa-baxa içəri otağa keçdim. Bu otaq o qədər balaca idi ki, güclə sığışmaq olurdu. Açıq qapıdan düşən günəş şüası qarşımdakı tablonu işıqlandırırdı. Məni heyrət bürümüşdü. Əslində bu otaqda indi ikimiz idik: mən və o - “Dəniz mənzərəsi”.

***

O, mənə indi qeylü-qallı, hikkəli görünürdü və mənə elə gəldi ki, o, dünyanın ən mərhəmətsiz dənizidir və bir daha heç kimə güzəştə getməyəcək.

Geri çevrildim. Qarşımda dayanıb heç nə ifadə etməyən nəzərlərlə baxan Yaşıltəpə də yəqin belə düşünürdü.

- Nərgiz... Mən sənə izah edərəm... Mən hər şeyi sənə izah edərəm.

- Lazım deyil, mən bilirəm.

- Mən onu oğurlamadım.

- Bilirəm, Orxan, bilirəm.

- O mənim haqqım idi, Nərgiz.

- Bilirəm, bilirəm.

- Yox o mənada deyil. O mənim qanuni haqqım idi.

- ...

- Mənim əsl adım Xəzərdir. Xəzər Rzazadə.

***

O, ailənin ən kiçik uşağıydı. Atasının gənclk illəri ehtiyac içində keçmişdi. O, rəssam idi. Dəniz sahilində kiçik evləri vardı. Evin divarlarını yalnız tablolar bəzəyirdi. Xalça yerinə də tablo vururdular. Onlar yarıac yaşayırdılar, çünki tabloları satın alan yox idi. Daha doğrusu onları anlayan yox idi. Qonum-qonşu onun boş yerə vaxt itirdiyini deyirdi. O, hər səhər fırça və boyalarla sahilə gedəndə, arxasınca baxıb gülürdülər: “Bir halda ki, dənizə və onun canlılarına pulsuz-parasız baxmaq mümkündür, niyə pul verib alaq ki”? Bəxtsiz rəssama yalnız bir adam inanırdı: ömür-gün yoldaşı. Bir də ən kiçik oğlu. Atasının tabloları ona həyata baxmağı, onu qavramağı öyrədirdi. O da atasına və dənizə baxıb rəssam olmağı öyrənirdi.

Bir gün rəssam sahildə su pərisinə rast gəlir. Tablolarını ona ithaf etməyə başlayır. Rəssamın həyatı dəyişir, su pərisinə çəkilən şəkillər uğurlu olur, tabloları bir-birinin ardınca satılır. Rəssam axırda o qədər məşhur olur ki, hətta dəniz tabloları da diqqəti cəlb edir. Onun tablolarını anladıqları üçün deyil, dəbdə olduğu üçün alırdılar. Gündüz Rzazadənin tablosunun asıldığı divar evlərdə hörmətə layiq idi.

Şöhrətlənmiş rəssam getdikcə sahildən soyuyurdu. Artıq onun günləri şəhərdə nüfuzlu tədbirlərdə, bahalı restoranlarda keçirdi. Uşaqlar böyümüş, genişlənmiş evlərində özlərini kiçilmiş, alçalmış hiss edirdilər. Günlərin birində sahil bir az da kimsəsizləşir. Ana uşaqları da götürüb başqa şəhərə yollanır. Rəssam bu gedişi heç hiss etmir də. Onun başı öz işlərinə və yeni xanımına qarışmışdı.

“Dəniz mənzərəsi” tablosu o illərin yeganə yadigarı idi. Çətin illər bir-birini əvəz edirdi, amma “Dəniz mənzərəsi” doğma ocaqdan ayrı düşmüş ailəni bir yerə sığmalayırdı. Rzazadə dünyasını dəyişəndə isə ondan ailəsinə qalan yeganə miras idi.

Gündüz Rzazadənin ad-sanı ölkənin hüdudlarını aşıb keçmişdi. Tabloları dünya muzeylərini və şəxsi kolleksiyaları bəzəyirdi. Xüsusilə dəniz rəsmləri Avropada çox sevilirdi. Danışırdılar ki, onun bir əsəri xüsusilə dəyərlidir. Amma onun harda olması barədə müxtəlif şayiələr dolaşırdı. Rəssamın rəsmi varisi, ikinci həyat yoldaşı tablo barədə bilgisiz idi.

Günlərin birində Xəzərgilin evinə bir xanım və qovluqlu kişi gəldi. Xanım “Dəniz mənzərəsi”nin yeganə varisi olduğunu söyləyirdi. Xəzər tablonun qarşısında durmuşdu, əllərini açaraq onu qorumaq istəyirdi. O, hər şey verməyə razı idi, təki “Dəniz mənzərəsi” onların evini tərk etməsin... Dəniz mənzərələrinin çəkildiyi anların şahidi olan ana şəklin müqabilində hətta yaşadıqları evi belə təklif edir. Bu təklifə xanım ancaq kinayə ilə gülür. Ana və dörd övlad ağlaya-ağlaya “Dəniz mənzərəsi”ni evlərindən yola salırlar.

Sonra ailədə vəziyyət bir az da qəlizləşir. Böyük oğlanlar içkiyə qurşanır. Biri həyatına qəsd edir, digəri gənc yaşda dünyasını dəyişir. Üçüncü oğlan isə həmişəlik evi tərk edir. Doğma sahillərin qoxusu onların yad şəhərdəki kiçik evlərində bir daha duyulmur.

***

O, başını əlləri arasına alıb oturmuşdu. Üzünü görməsəm də, əllərinin titrəyişini görür və sarsılırdım.

- Hərdənbir içimdə rəsmlərlə söz demək istəyini ağrı kimi hiss edir, amma tez də ona üstün gəlirdim. Lap güc gələndə isə oturub dəniz rəsmləri çəkirdim...

Yaşıltəpənin ağrı kimi doğulan tablolarını xatırladım. Və hər tablonun “Dəniz mənzərəsi”nə bir addım daha yaxın olduğunu...

- Mənim bütün əsərlərimdə “Dəniz mənzərəsi”ndən izlər var - mənim uşaqlıq çağlarım, anam, atam, qardaşlarım, yad şəhərdəki qəribliyim... Mənim hər bir əsərim doğma sahillərə qayıtmaq cəhdimdir... Sonra anam dünyasını dəyişdi. Onsuz da o, çoxdan ruhən bizi tərk eləmişdi... Cismən aramızda olsa da, xəyalən doğma sahillərdəydi... Anamı da itirdikdən sonra daha itirəcək heç nəyim qalmadı. Dostlarıma qoşulub Rusiyaya getdim. Onlar alver edir, mən isə heç nəyi bacarmadığımdan əllərim cibimdə gəzirdim. Bir müddət belə davam etdi. Sonra lənət şeytana deyib bir işin qulpundan yapışdım. Bəxtim gətirdi. Öz biznesimi qurdum. Heç nəyi xatırlamağa çalışmadan yaşayıb gedirdim. Ta ki, günlərin birində qəzetdə Azərbaycan muzeylərinin birindən qiymətli əsərlərin və o cümlədən “Dəniz mənzərəsi”nin oğurlandığını oxuduğum günə qədər.

Onu nəyin bahasına olursa-olsun qaytarmalıydım. Qeyri-leqal əlaqələrim vardı. Onlardan istifadə etdim. Tablonu satın aldım... Sonra... sən çıxdın qarşıma. Sən də mənə doğma olan nəsə vardı. Səni də doğma sahilə gətirən xatirələr vardı...

Yaşıltəpə bunu deyib ayağa durdu, var-gəl elədi, siqaret yandırdı, sonra tez-tələsik külqabıya basıb söndürdü və titrəyən əllərini gizləməyə çalışdı.

Mən ayağa qalxıb onunla qabaq-qənşər durdum.

- Bəs muzey? Kamilə xanım?

- Onlar olanlardan xəbərsizdirlər. Sadəcə məsələnin böyüməməsi üçün tabloların tapıldığını elan etdilər və surətini üzə çıxardılar. Sənin “Dəniz mənzərəsi”nə marağın onlarda şübhə oyadıb və bu barədə nəsə bildiyini güman ediblər. Amma mən belə olmasını istəməmişdim. Bu sənə baha başa gəldi. Sevimli işini itirdin... Sənin oraya alnıaçıq qayıtmağını istəyirəm. Bunun üçün hər şey edəcəm.

- Nə etmək fikrindəsən?

- Mən “Dəniz mənzərəsi”ni təhvil verəcəyəm.

- Bəs doğma sahillər?

- Mən artıq doğma sahilimdəyəm. Mən artıq Vətəndəyəm.

O, mənim əllərimi əllərinin içinə aldı. Ürəyimin dərinliyində hiss etdim ki, hara getsəm, yenə həmin doğma sahilə qayıdacam. Çünki dərin sahillərdə çoxdan itirdiyi sevimli mərcanını tapmış adam kimiydim... Bir də ona görə ki, onun və mənim ev-eşiyim, atam-anam olan doğma sahillər yolumuzu gözləyirdi.

Pəncərədən düşən xəfif işıq “Dəniz mənzərəsinin” üstündən vaxtın tozunu alır, onun ilk günkü məsumluğunu özünə qaytarırdı...

# 2294 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #