news-inner
clock10:46 calendar-gray 02 İyun 2015 view-gray752 dəfə oxunub
view-gray752 dəfə oxunub

İlham pərisi varmı? - SORĞU

“İlham pərisi” olmasa nə gözəl şeir, nə ürəyəyatımlı musiqi, nə füsunkar rəsm əsəri, nə də mükəmməl elmi işlər yaranar. “İlham pərisi” küsdüsə, yaradıcı adam nə illah etsə də heç nə alınmır” - deyə səslənən və qədim qaynaqlardan bəri gələn fikirlərə inananlar çoxdur. Amma yunan mifologiyasından günümüzə gəlib çatan bu “himayəçi”ni yaradıcı insanların uydurması hesab edənlər də var. Üstəlik ən gözəl poeziya nümunələrinin məhz “İlham pərisi”nin köməyi ilə yazıldığını mübahisə predmetinə çevirənlər də. Əgər “İlham pərisi” mifdirsə, gerçəkdən yaradıcı adamları iş görməyə, məsələn şairləri yazmağa həvəsləndirən hansı qüvvədir? Tanrımı, insanmı, təbiətmi: Yoxsa, “ilham pəriləri”ndən biri olan Şeytanmı? “Kaspi” bu mövzuda apardığı müzakirələr zamanı poeziya adamlarının dilindən fərqli fikirlər ortaya çıxardı.

Xalq şairi Sabir Rüstəmxanlı hesab edir ki, “ilham pərisi” ifadəsinə qeyri-ciddi yanaşmaq olmaz. Yəni bu, çox ciddi məsələdir və qətiyyən şairlərin uydurması deyil: “Bu, bir vəhy məsələsidir və dünya yaranandan mövcuddur. Peyğəmbərlərə vəhy gəlib, öncəgörənlərin vəhy qabiliyyəti var. Bütün müqəddəs kitablar da o vəhylə yazılb. Ona görə də “ilham pərisi” uydurma deyil”. S.Rüstəmxanlı hesab edir ki, əslində başqa sahələrdə də ilhamsız, insan ruhunun yüksəlişi, yaradıcılıq çağırışı olmadan iş görmək çətindir. Belə ki, şairlər də buna “ilham pərisi” deyirlər. Şairin firkincə “ilham pərisi” seçilmiş adamlara qismət olur: “İlham pərisi” hər kəsi sevmir. Kimi sevirsə də ömrünün sonuna qədər sevir. “İlham pərisi” şairlərdən daha etibarlıdır. O, birinə ürək verdisə, ömrünün axırına qədər onunla ünsiyyətini, sevgisini üzmür. Şairlər münasibətlərini dəyişə, həyatlarını yükləyə, “ilham pərisi”ni incidən çox şeylərlə məşğul ola bilərlər, amma “ilham pərisi” davamlı olaraq onların yanındadır. Tanrının istedad verdiyi insanlarla müəyyən fasilələrlə də olsa ünsiyyətini qoruyub saxlayır”. S.Rüstəmxanlı deyir ki, ədəbiyyatın tarixi ilə yaşıd olan bu simvol – “ilham pərisi” ona çox tanış və doğmadır: “İlham pərisi” müəyyən seçilmiş insanların ruhunun ən yüksək, ən qanadlı və ən güclü çağında gələn və şairin yanında dayanan, ona nə yaratmaq lazım olduğunu pıçıldayan ilahi bir gücdür”.

Şair-jurnalist Elçin Mirzəbəyli hesab edir ki, klassik Şərq ədəbiyyatında, o cümlədən Azərbaycan ədəbiyyatında “ilham pərisi” anlayışı heç zaman olmayıb. Belə ki, bu anlayış son 70-80-ci illərin məhsuludur: “Bu ifadə ədəbiyyatımıza qədim Yunan mifologiyasından gəlib və “Muza” (“Muse” – İncəsənət İlahəsi) sözünün Azərbaycan dilinə və mental xüsusiyyətlərimizə uyğunlaşdırılmış formasıdır. Muzalar – incəsənət ilahələri Zevsin və Mnemosinanın qızlarıdır. “Kalliopa epik poeziyanı, Evterpa lirik poeziyanı, Erato sevgi poeziyasını, Taliya komediyanı, Melpomena faciəni, Terpsixora rəqsi, Uraniya astronomiyanı, Polihimniya himn yaradıcılığını himayə edən ilahələrdir. Biz isə bütün bu ilahələri ümumiləşdirərək “ilham pərisi” adı vermişik”. Şirin fikrincə, “ilham pərisi” müxtəlif zamanlarda müxtəlif şəxslərin, yaxud konkret təbiət hadisəsinin, ətrafımızda cərəyan edən proseslərin, gündəlik həyatımızda qarşılaşdığımız ən kiçik, ilk baxışda nəzərə çarpmayan olaydan başlamış ictimai formasiya dəyişikliyinə səbəb ola biləcək kataklizmlərədək yaradıcı insanları, indiki halda şairləri təsirləndirən qıcıqlandırıcı faktor - poeziya açarıdır: “Payız vaxtı adi bir yarpağın öz budağından qopması bəlkə bəşəriyyət üçün ayrılığın rəmzinə çevrilə biləcək bir poeziya nümunəsinin yaranmasına səbəb ola bilər”. E.Mirzəbəyli hesab edir ki, şeirin yarandığı şəraitdən, ovqatdan, şairin düşüncələrinin axarından, emosional vəziyyətindən çox şey asılıdır: “Uşaqlıq illərimdə Səməd Vurğunun “Göylərə baş çəkir Göyəzən dağı” misrasını oxuyanda, yaxud eşidəndə mənə elə gəlirdi ki, dünyanın ən uca dağı Göyəzəndir. Amma sonra bildim ki, Göyəzən dağının Yer səthindən hündürlüyü cəmi 250 metrdir. Ola bilsin ki, Göyəzən dağına Səməd Vurğunun gözü ilə baxa bilsəm, tamamilə başqa bir qənaətə gələ bilərəm”. E.Mirzəbəylinin sözlərinə görə, şairi gerçək poeziya nümunəsinin yaranmasına kökləyən vəziyyəti müxtəlif adlarla adlandırmaq olar: “Məsələn, “təb”... Sufi düşüncəsində və poeziyasında təbin gəlməsi anı bütünləşmə - Vəhdət-əl-vücud kimi təqdim olunur. Digər tərəfdən, ədəbiyyatın resepti olmadığı kimi poeziya nümunələrinin yaranmasına təsir göstərən nəsnələrin də resepti yoxdur. Söhbət təbli şairlərdən, ruhu ilə vəhdətdə olmağı bacaranlardan, şeir yazmaq üçün özünü zorlamayanlardan gedir. Nəzərə alsaq ki, Azərbaycan ədəbiyyatında mirzə səfərlərin sayı mütləq çoxluq təşkil edir, o zaman “ilham pərisi” anlayışının əksər hallarda şeirquraşdıranların, yaxud şeirqayıranların əlində öz cızma-qaralarını mifləşdirmək məqsədilə dəfələrlə istifadə etdikləri vasitə olduğu qənaətinə gəlmək olar”. Şairə görə, gerçək poeziya sevgidən, estetik düşüncələrdən doğan hisslərin səmimi etirafıdır: “Məndə sevgi oyadacaq, tamamilə yeni, çeynənilməmiş, incə, zərif, estetik düşüncələr formalaşdıra biləcək kim, yaxud nə varsa adı “ilham pərisi” olsun ya olmasın, “qapım” hər zaman üzünə açıqdır”. E.Mirzəbəyli hesab edir ki “ilham pərisi” olmadan da yazmaq olar: “Mən istədiyim an özümü poetik ovqata kökləyə bilirəm. Yetər ki, yeni bir obraz, yaxud baxış, yanaşma, ifadə və deyim tərzi sərgiləmək üçün tutarğac olsun. Sevgini, ayrılığı, mərhəməti, işığı, qaranlığı və digər təbiət hadisələrini tamamilə fərqli, mənim özümə xas olan bir şəkildə ifadə etməyim üçün 2 kəlməlik açar söz yetərlidir”. Şairə görə, sözlər onun üçün palitra üzərindəki rənglər kimidir. Belə ki, o, heç vaxt şeirin eskizini çəkmir: “Fırça”nı əlimə alıb ruhumun seçdiyi rənglərlə sözlərdən ibarət portret yaratmağa çalışıram. Amma bütün bunlar olmadan da şeir yazmaq olar”. E.Mirzəbəylinin fikrincə, poetik ovqat olmadan yaranan şeir kriminal hadisə barədə yazılan xəbərdən fərqlənmir: “Məsələn, mən sosial şəbəkədə 1 bəndlik şeir paylaşıram, üstündən 1 gün keçməmiş mənim 4 misraya sığışdırdığım ovqatın, fikirlərin 10-12 bəndlik “dublikat”ları yaranır. Yəqin ki, kimlərsə 10-12 bəndlik “dublikat”lardan təsirlənib 20-25 bəndlik “dubl-dublikat”lar “yaradırlar”. Yəni, Molla Nəsrəddinin məşhur lətifələrindən birində deyildiyi kimi, “suyunun suyunun suyu...” Bu və ya digər şairin özünəxas, fərqli, yeni, səmimi, estetik hisslərlə zəngin yaratdığı poeziya nümunəsindən kənarda nə varsa “suyunun suyunun suyudur”. Yəqin belə “şeir” yazanların da qapısını “ilham pərisi”nin köməkçiləri döyür...” Şair ümumilikdə düşünür ki, ədəbiyyat da, musiqi də, incəsənətin digər bütün növləri də insanın öz yaradıcı mənini sübuta yetirmək, tanıtmaq, qəbul etdirmək üçün bir bəhanə olduğundan, “ilham pərisi” yaradıcılıq üçün bir bəhanə ola bilər: “Amma gözəl və səmimi bəhanə daha inandırıcı olur...”

Yaradıcılığı yaradıcı ağıl və yaradıcı məntiq işi hesab edən yazar Rəbiqə Nazimqızı şeirə vəhy kimi baxmır: “Belə olsa, Allah bütün şairləri peyğəmbər elan edərdi. Onun nəfəsindən hamımızda var. Yəni ən nadan adam da əlinə qələm götürüb, beş qrankalıq mətn yazsa, orada poeziya üçün üç-beş maraqlı detal tapmaq olar. Amma bu adam o detaları necə qiymətləndirir, anlayırmı, təcrübəsi varmı, mətn duyumu necə işləyir, onları şeir halına sala bilirmi? Ola bilsin, hansısa misra sənə “gəlsin”. Hərçənd, məncə, bu nə vaxtsa alt-şüurda ilişib qalan detallardan doğur. Amma o misradan sonrakı yolu sən cizirsən, konstruksiya qurursan, bitkin mətn yaradırsan. Hər bir mətni niyə yazdığını, hansı siqnalları ötürmək istədiyini mütləq bilirsən. Bir də necə yazmağı, vəssalam”. R.Nazimqızı “ilham pərisi”ni bir az da şairlərin uydurması sayır: “Niyə adətən bütün şairlərin ilk şeirləri zəif olur? Vəhydirsə, elə birincidən yaxşı olsun da. Çünki deyil. Təcrübə, bilik-bacarıq, şüur məsələsidir...”

Image result for aqşin yenisey

Gənc şair Aqşin Yenisey isə “ilham pərisi”nin mövcudluğuna inanmağı ümumiyyətlə absurd hesab edir. Ona görə, bütün pərilər, əcinnələr kimi “ilham pərisi” də uydurma personajdır: “Mənə görə istedad – uzun dövrlər ərzində nəsillərin, xalqların yaşamaq uğrunda mübarizə nəticəsində “öz başında” öyrəndikləri ustalıqların irsiləşmiş kodlarla ötürülməsi və genetik yaddaş kimi nəslin, soyun sonrakı nümayəndələrinə də zəruri qanunauyğunluqlara əsasən, gözlənilmədən müxtəlif formalarda üzə çıxmasıdır. İstedad xalqın öz övladının şüuraltısına əmanət etdiyi mənəvi-təcrübi mirasıdır. Nə qədər materilaistcəsinə səslənsə də, istedadın fitri qaynağı Tanrı yox, tarixdir. Onun mövhumiliyinin kökü izaholunmaz ilahi möcüzəvilik yox, unudulmuş tarixi gerçəkliklərdir. İstedadlı insanlar isə sadəcə, öz şüurları və şüuraltıları arasında rahat get-gəl edə bilən fərdlərdir”. Şair hesab edir ki, bizi incəsənətdə heyrətləndirən, düşündürən, heyran edən nə varsa, fərdin öz şüuraltısından tapıb gətirdikləridir, unudulmuş tarixi gerçəkliklərdir, daşlaşmış emosiyalardır: “Göydən gələn hər şey hallüsinasiyadır, qarabasmadır”.

Kaspi

news-inner-user

18115 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Qadınlar bayramı faciədən doğuldu – 8 Mart haqqında 8 fakt
12:30 08 Mart 2021
Gülay Hüseynova: “Mənə seksist suallar verirsən” - Müsahibə
09:00 08 Mart 2021
Qızı tərəfindən tərk edildi, kirayələrdə yaşadı, küçədə dünyasını dəyişdi – Xalq artistindən maraqlı faktlar
15:30 07 Mart 2021
Bəzənib, qurşanıb sеyrə çıxan yar... – Aşıq Ələsgərdən qoşma çələngi
11:00 07 Mart 2021
Məşhur müğənni kitabxanada striptiz klip çəkdi – Video
18:00 06 Mart 2021
Xalq artisti “Ay laçın” mahnısına klip çəkdirdi - Video
17:05 06 Mart 2021
Papaq - Cəfər Cabbarlının hekayəsi
16:32 06 Mart 2021
“Digitalart-lab” layihəsi çərçivəsində ustad dərsi keçirilib
16:10 06 Mart 2021
Oğuruq əşyalar Luvr muzeyinə qaytarıldı
15:02 06 Mart 2021
Qocalar evində yaşayan aktrisa vəfat etdi
13:45 06 Mart 2021
Tez öləcəyini bildiyi üçün evlənməyən aktyorumuz - Maraqlı faktlar
12:30 06 Mart 2021
Berlin Film Festivalının qalibləri açıqlandı
11:13 06 Mart 2021
Xalq rəssamı haqqında tədbir keçirilib
10:12 06 Mart 2021
Kişilərə qarşı terror törədən feministlər – Sevda Sultanova yazır...
09:01 06 Mart 2021
“Baku” jurnalı “Yandeks dzen” platformasında təqdim olunur
18:55 05 Mart 2021
Qadınlar Gününə həsr olunmuş sərgi keçiriləcək
18:01 05 Mart 2021
Qadına görə özünü yandıran məşhur meyxanaçı - Məşədibaba Elçini niyə öldürmüşdü? - Video
17:09 05 Mart 2021
“Oyaq gözəl” tamaşası onlayn nümayiş ediləcək
16:22 05 Mart 2021
Yanlış tanıdığımız Amerika – Cavid Ramazanov yazır
15:30 05 Mart 2021
Qodar kinodan gedir
14:40 05 Mart 2021