Tanrı da kitabı seçdi

Tanrı da kitabı seçdi
29 aprel 2015
# 11:06

Kitabın kəşfini təkərin kəşfi ilə müqayisə eləmək olar.

Təkərin ixtirası bəşəriyyətin zamana meydan oxuması idi. Artıq saatda 5 km gedən insan bir saatda ata qoşulmuş araba ilə öz yükü də daxil 20-30 km gedə bildi.

Təkərin kəşfi dairənin, dairənin kəşfi çevrə anlayışının, cevrə və dairə kürə anlayışının özülündə dururdu.

Təsəvvür edin, çevrə anlayışımız olmadan kainatın quruluşu haqqında düşünürük.

Çevrə anlayışı makroaləmdən mikroaləmə - atomun kəşfinəcən irəlilədi: müsbət yüklü nüvə və ətrafında çevrə cızan mənfi yüklü elektronlar.

Çevrə (Kürə) həm də “Yerin ucu” haqqındakı uydurmalara son qoydu.

Markesin “Yüzillik yalnızlıq” romanında insanın ən böyük əlacsızlığı yerin ucunu tapa bilməməsidir. İnsan doğulduğu, yaşadığı və öldüyü bir məkan haqqında ən primitiv şeyləri bilmir. Hardan başlayır, harda qurtarır, quruluşu necədir?

Öz yuvasını – evini tanımayan adam yazıqdır, acizdir. əlacsızdır, miskindir.

Çevrənin kəşfi insanlara zaman qazandırdı – doğrudur.

Amma kitabın kəşfi ilə 2 min il bundan əvvəl yaşamış Platon bizimlə danışa bilir.

Təkər saatlara, kitab minilliklərə meydan oxudu.

Oxudu və oxuyacaq!

Tanrı da kitabla danışdı.

Tanrı da kitabı seçdi.

...Dinə inansaq, insan qanıyla xalqının, geniylə valideynlərinin, ruhuyla allahının övladıdır.

Kamil insan qohum, millət sevgisini keçib həqiqətin böyüklüyünü anlamağı bacaran və həyatını buna görə quran insandır.

Loru desək, böyük insan üçün həqiqət ata və övladdan da, vətən və millətdən də irəlidir.

Və təbii ki dünya cifəsindən, vəzifə, pul, şöhrət sevdasından.

İnsan həqiqətə valideyn və millət, pul və şöhrət üçün xəyanət etdiyi qədər naqisdir və cılızdır.

İnsan ruhani varlığını unutduğu qədər heyvanidir.

Yəni, yalnız bədən istəkləri ilə yaşayandır.

İnsana Tanrıyla bağlı olduğunu kitab qədər xatırladan, bu yaddaşı əbədi olaraq diri saxlayan ikinci bir vasitə yoxdur.

İnsanın ruhunu heç nə kitab qədər qidalandıra bilmir.

Yoxsa ruh ölür, bədən və dünyəvi istəklər ön plana keçir, adamlıq və mənəvi dəyərlilik iflasa uğrayır.

Ruhu göyərçinə, bədəni timsaha bənzətmək olar.

Kitab oxumamaq timsahı bəsləyib göyərçini acından və susuzluqdan öldürməyə bənzəyir.

Kitab oxumaq bütün yaxşılıqların anası deyil, əlbəttə, amma, inanın mənə, kitab oxumamaq bütün pisliklərin anasıdır.

Bir adamın doğru yoldan tamamilə azdığını onun kitaba əməli münasibətiylə müəyyən edin.

Danışığında yox, konkret əməlində: kitab oxuyurmu?

Bəlkə kitab ona vəzifəyə gəlincə, istədiyi pul-paranı qazanınca lazım imiş?

Bir adamı tanımaq üsulu çox sadədir. Bircə sual verirsən: “Axırıncı dəfə nə vaxt, hansı bədii kitabı oxumusan?”

İnanın, vəzifəsindən, pulundan, şöhrətindən, geyimindən, mindiyi maşından və çəkdiyi siqaretdən asılı olmayaraq bu sualın qarşısında darmadağın olmayan azərbaycanlıları barmaqla saymaq olar.

O adamlar ki, elə yaxşı əməllərinə görə də barmaqla sayılırlar.

Kitab sizi yaxşı eləməyi bacarmasa belə pis olmağınıza mane olacaq, pis əməllərinizi azaldacaq.

Ona görə, günün 23 saatını timsahınıza həsr etdiyiniz halda, bircə saatını göyərçinə sərf edəcək qədər gücünüzü saxlayın.

Həmişə!

Hər yerdə!

Bütün şərtlər altında.

Kitab oxumaq ibadət kimidir – bəhanə yeri yoxdur.

Hətta kor adamlar üçün audio kitablar var.

Yatmazdan əvvəl yarımca saat kitaba vaxt ayırmaq imkansız deyil.

Zira insanlığınızı şərtləndirən o bircə saat olacaq.

Əks halda harda nə danışır, nə yazırsınızsa ağzınızdan və düşüncənizdən bataqlıq qoxusu gəlir.

Və adam iyrənir...

Özünüzü buna layiq bilməyin.

# 1845 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #