Elçin Əlibəyli reytinq şirkətlərini ifşa etdi MÜSAHİBƏ

Elçin Əlibəyli reytinq şirkətlərini ifşa etdi <span style="color:red;">MÜSAHİBƏ
26 fevral 2015
# 13:48

Kulis.az Elçin Əlibəyli ilə müsahibəni təqdim edir.

- Elçin, reytinqlə bağlı müzakirə olunan bir proqramda qeyd elədiniz ki, transmilli şirkətlər öz auditoriyalarını formalaşdırmaq üçün ailə-məişət tipli telelayihələr sifariş verirlər. Bu, realdır, yoxsa hansısa konsprioloji əsası var?

- Bunun real olub-olmadığını son illərdə Amerikada, Böyük Britaniyada qeyri-hökumət təşkilatlarının həmin şirkətləri reytinqlərlə bağlı məhkəməyə verməsi haqda məlumatlardan öyrənə bilərsiz. Hətta Amerikanın qeyri-hökumət təşkilatları bu şirkətləri tamaşaçının zövqünü korladığına, seksual azlıqları təbliğə görə ittiham ediblər. QHT-lər deyib ki, biz bu insanlara tolerant yanaşırıq, amma onların təbliğ olunması gənclər arasında buna xüsusi maraq yaradıb. Vikipediyada belə bu haqda məlumat var. Yəni bu göydən götürülmə bir şey deyil. Bir şeyi də nəzərə almaq lazımdır ki, transmilli şirkətlərin reklam yerləşdirmə siyasəti rəqəmlərin üzərində dayanır. Bu, əsas ofislərdə baş verir. Yəni baş ofislərdə bilmirlər ki, bu verilişin mahiyyəti nədir, əhatə dairəsi kimdir və s. Onların baxdığı əsas məsələ GRP (Gross Rating Point) deyilən ölçü vahididir. Onun faizi əsasında onlar reklam büdcələrini hazırlayırlar. Çox ciddi rəqəmlərdən söhbət gedir və bu, Azərbaycan televiziya reklam bazarının hardasa 70-80 faizini təşkil elədiyi üçün böyük təsir qüvvəsinə malikdir.

Məsələnin başqa tərəfi var. Azərbaycanda reytinqin hesablama mexanizmi 1998-ci ildən gəlib. Və 400 ailə arasında müqavilə imzalanıb. Necə olur ki, 1998-ci ildən üzübəri, mənim kimi tanınmış, bu qədər qohum-əqrəbası, tanışı olan insan hələ bir nəfərin də “bizim reytinq şirkəti ilə müqaviləmiz var” dediyini eşitməyib. İkinci məsələ... Piplmetr deyilən ölçü cihazı televizora qoşulur. Mexanizm belədir, məsələn, siz kanalı çevirdiz, X kanalında Y verilişinə. Gərək həmin vaxt analoji olaraq piplmetrdə həmin düyməni sıxasız ki, sizin bu verilişə baxmağınız haqda məlumat ötürülsün. Yadınızdan çıxıb sıxmasaz, onda necə olsun? Azərbaycanda reytinqi ölçən AGB şirkəti ki var, özü də transmillidir. Və bütün dünyada dediyim iki əsas şirkət var ki, onlardan əsası Prokterdir. Onların sıx əlaqəsi, əməkdaşlığı var və bir-birinin marağına qulluq edir. Burda mif yoxdur, hər şey aydındır. Müqayisə üçün əsas götürün 2000-ci illəri, onda Azərbaycan teleməkanında verilişlər rəngarəng, çeşidli idi, telejurnalistikanın yetişdirdiyi simalar vardı. Bu gün onların heç biri yoxdur.

- ANS də “Açıq söhbət” adlı ciddi verilişiniz vardı. Reytinqə görə bağlandı. İndi Space kanalında bununla müqayisədə qeyri-ciddi “Oturduğumuz yerdə”ni aparırsız. Sırf reytinqə görə yüngül formatlı veriliş aparırsız?

- Açıq deyim, Space kanalında “Oturduğumuz yerdə” verilişi sırf mənim kəşfim filanım deyil. Bu verilişin anonsundan tutmuş aparıcılıq qaydasına görə mən Rusiya televiziyasında Qordonun proqramından götürmüşəm. Ən çox sevdiyim aparıcıdır, onun dəsti-xəttini həmişə öyrənmişəm. Mənim üçün məktəbdir Qordon. Onun verilişinin əsasını götürmüşəm. Qordon Rusiya televiziyasının maraqlı simalarından biridir. Adam 1989-cu ildə Amerika ilə bağlı “Nyu-York, Nyu-York” kimi cəsarətli verilişi yaradan insanlardan biridir. Sərhədlər təzə açılanda Amerika haqda maraqlı verilişlər elədi. Onun səviyyəsi o qədər mükəmməldir ki, müzakirə oluna bilməz. Qordon çox maraqlı mövzular qoyurdu. Ardınca “Qordon Kixot” tok şousunu elədi. Burdakı müzakirələr də kifayət qədər intellektual idi. “Zakrıtıy pokaz”da Rusiya teleməkanına çıxan serialların, filmlərin müzakirəsi gedirdi. Və birdən-birə intellektual verilişlər edən bu adam qadın və kişi mövzusunda veriliş aparmağa başladı. Və mövzulardan biri belə idi ki, “döyürsə, demək sevir”. Bir gün efirə mayka ilə çıxıb salat hazırlamağa başladı ki, biz yeni ildə yeməyə daha çox vaxt sərf elədik, nəinki əylənməyə. Demək həmin problem təkcə Azərbaycan cəmiyyəti üçün yox, postsovet məkanı üçün də aktualdır. Mən də alternativ olaraq Space kanalında “Oturduğumuz yerdə” verilişi gedə-gedə kifayət qədər maraqlı “Kişi sözü” verilişini aparırdım. Amma “Kişi sözü”nün reytinqi az olduğu üçün bağlandı. Bu, o demək deyil ki, Azərbaycan tamaşaçısının hamısı yalnız yüngül şeyə baxmaq istəyir. Problem ondadır ki, reytinq ölçən şirkətlər o cihazları kimlərin mənzillərində qoşublar. Piplmetrin pultla sıxılması məsələsinə gəlincə, əgər siz televizora kabel televiziyası və ya peyk vasitəsilə baxırsızsa reytinq hesablamır onda. İndi maaşı 300-400 manat olan adam kabel televiziyası və ya peyk çəkdirir ki, əlavə başqa kanallara baxa bilsin. Sizcə sadə ev antenası ilə televizora kim baxır? Ən kasıb təbəqə. Deməli, o 400 ailə onlardan ibarətdir. Sizcə onların seçimi, zövqü, mən heç kəsi aşağılamaq istəmirəm, amma nə dərəcədə hakimi mütləqdir? Onların təhsili, müəyyən bacarığı olsaydı, daha yaxşı işdə çalışardılar, evinə ən azı ailə televiziyası çəkərdi. Demək, intellektual baxımdan da nisbətən aşağı təbəqədir. İndi bu necə bütün Azərbaycana aid edilir, maraqlıdır.

- Zeynal Məmmədlinin belə bir fikri ilə rastlaşdım ki, indi dünyada daha obyektiv nəticə almaq üçün 7000 tamaşaçı əsas götürülür. Üstəlik, reytinq ölçmə üçün bir yox, bir neçə metod kompleks həyata keçirilir.

- Ən son metod piplmetoddur. Türkiyədə bu, 2000 ailə arasında bölünüb. Azərbaycanda 400. Nisbətdə bu, çoxdur. Reytinq ölçən şirkətlərin arqumenti də budur. Amma hələ ki, biz bilmirik bu, 400 cihaz var, ya yox. Burda iki əsas məqam var. Biri odur ki, reytinq hesablanması zamanı təsnifləndirmə aparılmır. Yəni janr və məzmuna görə təsnifləndirmə olmalıdır. Hamıya məlumdur ki, analitik verilişlə əyləncəli veriliş arasında nisbət eyni ola bilməz. Məsələn, Rusiyada 2000-ci illərdən sonra “Telepark” jurnalı çıxırdı. Onlar hər həftə telereytinqlərin nəticələrini çap edirdilər. Və orda təsnifləndirmə gedirdi: xəbər, analitik, idman , bədii filmlər, seriallar və sairə. Orda janra və məzmuna görə verilişlərin rəqabəti gedirdi. Bizdə isə kolxoz yanaşması var. Bu yanaşma verilişlərin evini yıxmaqla məşğuldur. Bir var ki, xəbər verilişlərindən hansının reytinqli olmasını müəyyənləşdirəsən. Bir də var ki, xəbər verilişi ilə əyləncəli verilişini müqayisə edəsən. Düzgün metod deyil. Məsələnin digər tərəfi odur ki, reytinq hesablanmasında hansı cəhətlər əsas götürülür. Türkiyədə Kanal D ilə bağlı böyük skandal oldu. Kanal D-nin əməkdaşları reytinq şirkətlərində hələ sabah efirə getməyən proqramların reytinq cədvəlini tapdılar və böyük qalmaqal oldu. Məşhur AGB şirkətini məhkəməyə verdilər. Bir necə kanal rəsmən reytinqlərdən imtina elədi. Bu da var axı.

- Məqsəd nədir ki, əvvəlcədən reytinq nəticələri hazırlanır?

- Məqsəd budur ki, transmilli şirkətlə AGB şirkətinin konkret əlaqələri var. Və burda çox böyük maliyyədən söhbət gedir. Bir reytinq cədvəlinin hər hansı şirkətə satılmasının illik büdcəsi 30 minə yaxındır. Amma şirkətdən şirkətə fərq var, yəni reklam yerləşdirmə faizinə görə qiymətlər dəyişir. İndi siz baxın, transmilli şirkətlərin reklam bazarında əgər 70 faiz payı varsa, demək onun o şirkətə ödəyəcəyi pul da, başqa şirkətin ödəyəcəyi puldan çoxdur. Əgər digər şirkətlər cəmi 30 min manat ödəməklə reytinqləri alırsa, misal üçün Pokter şirkəti daha çox pul ödəyir. Reytinq ölçən şirkətlər onların marağına işləməyə məhkumdular. Onlara nə lazımdır? İnsan savadlı olmasın, oxumağı bacarmasın, reklamda gördüyü yuyucu tozu, sabunu alsın. Fərqinə varmadan ki, bu məhsul yaxşıdır ya yox. Onlara zombi lazımdır ki, efirdə görüb gedib alsın. Allah qədər inansın onlara.

- Sizcə, reytinqin nəticələri niyə açıqlanmır? Az qala dövlət sirri kimi qorunur. Halbuki, başqa ölkələrdə nəticələr şəffafdır.

- Bu sualı dəfələrlə reytinq hesablayan şirkətlərə vermişəm. Onlar deyirlər ki, bu, bizim kommersiya fəaliyyətimizdir. Biz məcbur deyilik bunu açıqlayaq. Əslində haqlıdırlar. Bu kommersiya fəaliyyətidir. Alternativ olaraq nəyi görürəm. Bunun xilas forması ictimai reytinqin formalaşdırılmasıdır. Bu məsələdə MTRŞ-ın da rolu olmalıdır. Verilişlərin baxımlılıq faizini açıqlamaq istəmirlərsə, tamam. Amma verilişlərin ictimai-sosial, bədii məzmununu əks etdirən qiymətləndirmə aparılmalıdır. Ən azı həftəlik, aylıq hesabatlar çıxmalıdır ki, məsələn, X kanalında Y verilişi uşaqların vətənpərvərlik tərbiyəsində böyük rol oynayıb. Biz alternativ sosial-ictimai reytinqi qursaq, balanslaşdıra bilərik. Yəni bütün gücümüzü verib onlarla mübarizə aparmaq lazım deyil. Biz həmin verilişlərin ictimai, sosial, mədəni mahiyyəti əsasında qiymətləndirməni yerinə yetirə bilsək, bu verilişlər efirdə qalar və istər milli, istər transmilli şirkətlər də layihələrdə sponsor kimi çıxış edər. Çünki imic məsələsidir. Nüfuzlu verilişdir, ölkənin ziyalı təbəqəsi buna baxır və bizim loqomuz orda olsun.

- Siz çıxış yolu kimi dövlət strukturlarının, yerli şirkətlərin dəstəyi ilə alternativ layihələr həyata keçirilməsini görürsüz. Konkret aparıcı kimi belə təşəbbüslə çıxış eləmisiz?

- Bəli eləmişəm. Beş-altı il bundan qabaq dünya şöhrətli bir şirkətlə ATV kanalında “LG Bilik Akademiyası” layihəsi elədik. İki il o verilişin aparıcısı oldum. Və o verilişin nəticəsi olaraq yuxarı sinif şagirdləri arasında bilik yarışması keçirildi. Şagirdlərə mükafatlar verildi, xaricə təhsilə göndərildi. Ardınca “Azərbaycan sirləri” adlı layihəyə başladım. Məqsəd Azərbaycanın tarixi, mədəni, etnoqrafik irsini tamaşaçılara çatdırmaq idi. Məşhur şirkətlərdən biri bu layihəyə sponsorluq elədi və onu uğurla həyata keçirdik. Normal reytinq verdi. Dəfələrlə sənədli filmlər eləmişəm. Mədəni-sosial layihələr eləmişəm və kommersiya şirkətləri sırf mənə olan inama görə bu layihələrə pul xərcləyiblər, pis də alınmayıb.

- Nəticə yaxşı olubsa niyə görə kanallar bu təşəbbüslə çıxış eləmirlər?

- Axı kommersiya şirkətlərini ictimai qınağa çəkmirlər. Onlardan heç kəs tələb eləmir. Yəni bu qədər pul qazanırsan, reklam verirsən, hansı mədəni layihədə iştirak eləmisən və ya niyə eləmirsən. Tələb olunmalıdır ki, sən illik gəlirinin müəyyən faizini ölkənin mədəni ictimai həyatına xərcləməlisən. Telelayihə də bunun tərkib hissəsi kimi gedir. Bu, yoxdur. Vaxtı ilə Qaradağ Sement Zavodu, BP böyük mədəniyyət layihələri edirdi, indi hansı şirkət bu cür layihələr edir? Yəni ictimai qınaq olmalıdır, bu ictimai qınağı da əsaslandıran reklam və sahibkarlıqla bağlı qanunda dəyişiklik olmalıdır. Konkret olaraq vergi növü kimi qoyulmalıdır ki, qazanırsansa ölkənin ictimai mədəni həyatında iştirak eləməlisən. Bu dünyada tətbiq olunan bir şeydir. Vergi güzəştləri edirlər ki, filan mədəniyyət layihələrində iştirak eləmisən. Dövlət büdcəsindən maliyyələşən qurumlar, nazirliklər komitələr hər biri profilinə uyğun təbliğat siyasətini qurmalıdır. Təbliğat vasitələrindən biri televiziyalarda öz sahələrini təbliğ edəcək layihələrə dəstək olmalarıdır. Rusiyada Aviasiya Nazirliyi gəncləri aviasiyaya həvəsləndirmək üçün pul buraxdı, Çkalov haqda serial çəkdilər. Bu cür onlarla nümunə var.

- Deyək ki, bu gün reytinq şou tələb edir, amma şou proqramlarını da normal işləmək olar. Bizim şoularda isə nə dramaturgiya var, televiziya rejissorluğu. Hər şeyi reytinqin üzərinə atmaq düz deyil bu mənada. Məsələn, sizin “El içində” verilişində ciddi mövzular qoyulurdu, eyni zamanda yaxşı mənada şou tərəfi vardı, intriqa qururduz, baxımlı idi.

- Razıyam. Televiziya dramaturgiyası deyilən anlayış var. 2011-ci ildə çıxan kitabımda bununla bağlı yazım var. Model də qoymuşam ki, neçənci dəqiqədə aparıcı hansı sualı verməlidir ki, intriqa başlasın. Bu təbiidir ki, dramaturgiya olmalıdır. Sadə cavab verim. Məhəbbət mövzusunda “Romeo və Cülyetta” da yaranıb, adi lətifələr də. Kimin nə yaratmağından asılıdır. Televiziya mahiyyətcə meydan tamaşası estetikasına daha yaxındır. Və burda performans çox vacibdir. Eyni zamanda gözlənilməzlik hər zaman olmalıdır. Buna ingiliscə xepping deyilir. Əslində bu gözlənilməzlik deyil, çünki əvvəlcədən düşünülür. Televiziya layihələrində xeppinq olmayanda yeknəsəq, solğun olur. Qordonun verilişində siqaretlə bağlı mövzu qoyulmuşdu. Dedi, nümunə göstərin ki, siqaretdən kimsə ölüb, ölüm kağızında belə yazılıb. Mübahisə getdi. Verilişin sonunda siqaret yandırdı ki, mən çəkəcəm, bu, mənim hüququmdur. Bu, xeppinq idi. Ona görə Qordonun verilişi maraqlıdır. Hamı gözləyir ki, növbəti verilişində Qordon hansı addımı atacaq. Hər verilişə xüsusi yaradıcı yanaşmalıdırlar ki, burda neyləməliyəm. Mən ötən verilişlərdən birində oturdum tamaşaçıların yanında, ordan danışdım. Rejissor düz anlamayıb montajda çıxardıb. Deyirəm niyə çıxarmsan. Dedi, elə bildim yorulmusuz. Mən, bu çəkidə adam həftəlik bir saatıq verilişdə bir saat ayaqda dayana bilmirəm ki, gedib oturum? Bu mənim əvvəldən hazırladığım, amma zahirən ekspromt görünən xeppingim idi. Bəli, bizdə çox ciddi rejissor problemi də var.

# 2399 dəfə oxunub

Oxşar xəbərlər

"Miu Miu"nun yeni siması - Foto

"Miu Miu"nun yeni siması - Foto

18:00 16 aprel 2024
Cinadan "Bitlcus" filmi haqqında açıqlama

Cinadan "Bitlcus" filmi haqqında açıqlama

17:30 16 aprel 2024
"Rust"  faciəsinin məhkəməsi başa çatdı - Foto

"Rust" faciəsinin məhkəməsi başa çatdı - Foto

17:00 16 aprel 2024
Adəmin atası niyə həbs olundu? - Adamların sevincinin səbəbi

Adəmin atası niyə həbs olundu? - Adamların sevincinin səbəbi

17:00 16 aprel 2024
93 yaşlı rejissor son filmini çəkəcək

93 yaşlı rejissor son filmini çəkəcək

16:30 16 aprel 2024
Colinin yeni döyməsinin mənası - Foto

Colinin yeni döyməsinin mənası - Foto

16:00 16 aprel 2024
#
#
# # #