writer1

Gülnaz Məmmədli

Məqalə sayı

9
clock13:47 calendar-gray 05 Fevral 2015 view-gray259 dəfə oxunub
view-gray259 dəfə oxunub

Mən Elgizi sevirdim...

O Azərbaycan televiziyasında işə başlayanda ondan xoşum gəlmişdi. Görünüşü öyrəşdiyimiz teleaparıcılardan fərqli idi... Davranışı, ən əsası səsləndirdiyi fikirləri. Təzə qan, yeni nəfəs idi. Bu səbəbdən onun haqda xəbərləri izləməyə başladım. Bir müsahibəsini oxudum və ona qarsı rəğbətim daha da artdı. Söhbət Elgiz Əkbərdən gedir. Müsahibəsindən belə hiss edilirdi fərqliliyi, yenilikçiliyi, azadlıq sevərliyi, axının əksinə getməyi. Ona nədənsə böyük ümid bəslədim, inandım, hətta simpatiya duydum. Düşünürdüm ki, Azərbaycan teleefirinin Malaxovu gəldi. Əmin idim ki, o digər aparıcılara da nümunə olacaq, yeni bir axın yaradacaq. İntellektli, sözün düzünü deyən aparıcı axını.

Bir gün onu yolda gördüm, istədim, gedim yanına salamlaşım, deyim, Elgiz bəy, sükanı belə saxlayın, amma getmədim. Düşündüm ki, o tanınmış insandır, yəqin mənim kimi yaxınlaşanlar çoxdu, biz çoxuq o isə tək, bezdirməyim. O zamandan bir necə il keçib və Elgiz Əkbərin sadəcə görüntüsü qalıb, sanki onun beynini dəyişiblər. O yenilikçi, innovativ insandan əsər-əlamət qalmayıb. Mən artıq ondan həmin pozitiv enerjini almıram, onu efirdə görəndə sevinmirəm.

Müsahibəsində “Mən mentaliteti qəbul etmirəm” deyən adamdan əsər-əlamət qalmayıb.

“Təbii, mən Qərb tərəfdarıyam. Mən ümumiyyətlə mentalitet sözünü qəbul etmirəm” deyən Elgiz, müsahibəsində tənqid etdiyi digər aparıcılar kimi indi özü mentaliteti əlində bayraq edib düşüb ortalığa. “Mən o insanlardanam ki, ürəyim istəyən kimi yaşamaq istəyirəm. Və heç kimin sözü məni maraqlandırmır” deyən Elgiz indi verilişinə pənah buyuranları efirdə “ağ yuyub qara sərir”, geyiminə, sac düzümünə lağ edir.

O Elgiz gedib, sadəcə görüntü qalıb, bu görüntü də Afətlə xanımla əlbir olub ekrandan terror əsdirir. Mən hələ ekspertləri demirəm, çünki o başqa mövzudu. Düşünürəm ki Ulvira Elgizə daha yaxşı təsir edirdi. Efirə tamaşa edəndə sadə millətlə şou-biz nümayəndələri arasında fərq qoyulduğu aydınca seçilir.

Futbolçu Paskal Noumadan hamilə qaldığı haqda söhbətlər gəzən bir müğənnini “Adam içində” verilişinə dəvət edən Elgiz onunla çox mehriban davranır. Amma vay o günə verilişə pənah gətirən xanımlardan biri desin ki, əriylə vətəndaş nikahında yaşayıb. Studiyada bir vay-şivən qalxır, Elgiz bir tərəfdən, Afət xanım digər tərəfdən bu xanımı təhqir edirlər. Özlərini ağıllı, şərəfli göstərməyə çalışan ekspertlər başqa bir tərəfdən şığıyırlar qadının üstünə.

Xalq artistləri və ya onların qohumları haqda xəbərlər çıxdıqda onları ört-basdır edirlər, ad çəkmirlər, amma vətəndaşın paxırını acıb-tökürlər ortaya.

Bu yaxınlarda bir yaşlı xanım efirə imdad diləyirdi: ayağımdakı mili çıxartmaqda yardım edin, həkimlər pul istəyir, imkanım yoxdu. Siz görəsiz o xanımı necə borclu çıxartdılar: “Nə danışırsız siz, bizdə səhiyyə pulsuzdu”.

“Adam içində” verilişi sosial talk-şoudu, bu kimi verilişlər həm türk və rus kanallarında var. Rusiyada Malaxovun illərdir aparıcısı olduğu “Pust qovoryat”, Ukraynada Suxanovun aparıcısı olduğu “Qovorit Ukraina” verilişinə baxanlar fərqi daha aydın görə bilərlər.

Elgiz isə öz verilişinin sosial tərəfini öldürüb, qalıb şousu.

Elgiz ekrana təzə çıxanda çox ümidli idim, ona inanırdım, Elmin Həsənli ilə müsahibəsindən sonra rəğbətim artmışdı ona...

Mən Elgizi sevirdim...

REKLAM

Yazarın digər yazıları