Anama soyuqdu eee, eşidirsən, soyuqdu

Anama soyuqdu eee, eşidirsən, soyuqdu
3 fevral 2015
# 16:00

Qohumlarıma baş çəkmək üçün kəndimizə getmişdim. Yerlibazlıq kimi yozmasınlar deyə, Abşeronun bu qədim kəndinin adını yazmıram. Şəhərdə doğulub böyüsəm də, adət-ənənəyə bağlılığı, doğmalığı ilə hər zaman kəndimiz məni özünə çəkib.

Avtobusun orta sırasında, pəncərə önündə oturmuşdum. Birdən nəzərimi üzü tüklü, nimdaş gödəkcəli bir oğlan cəlb etdi. O, nə isə axtarırmış kimi ciblərini eşir, qəribə bir tərzdə dırnaqlarını gəmirirdi. Gözləri civə kimi oynayırdı. Asta səslə kiminsə qarasına donquldanır, arada gizlin-gizlin ətrafa baxırdı. Ani olaraq baxışlarımız toqquşdu. Dəvə dodaq ağzının iki tərəfindən selik axırdı. Birdən o, sakit addımlarla mənə tərəf gəlməyə başladı. Düzü qorxdum, istər-istəməz yerimdə büzüşdüm. Oğlanda açıq-aydın dəliliyin əlamətləri görünürdü. Özümü qınadım: “Axı, sənə deyən vardı ki, ona tərəf baxasan?” Avtobusda seyrəklik idi. İki-üç cavan ortada ayaq üstə dayanmışdı. Oğlanın fikrini yayındırmaq üçün, tez üzümü pəncərəyə sarı çevirdim.

- Ey, ey, səninlə deyiləm,- qolumdan tutub dartmağa başladı.

Qorxudan ürəyim düşsə də, özümü əla alıb, sakit səslə:

- Sizə nə lazımdı? –deyə soruşdum.

- Çıxart anamın paltosunu, ver, ver bura. Bu sənin deyil, onu oğurlamısan, anamındı ver! Anama soyuqdu eee, eşidirsən, soyuqdu. Səninləyəm, tez ol də, çıxart, çıxart!

O, ayaqlarını cığal uşaqlar kimi, yerə döyməyə başladı. Ətrafdan baxışlarımla kömək istədim. Yəni, məni bunun əlindən xilas edin! Arxadan ona yaxınlaşan orta yaşlı kişi, oğlanı geri çəkmək istəyəndə, o, bir andaca vəhşi pələngə döndü. Kişinin boğazından yapışıb onu boğmağa başladı. Avtobusda qışqıran, araya girən, kənardan gülən bir-birinə qarışdı.

Bu zaman qabaq oturacaqdan ahıl bir qadın oğlana yaxınlaşdı. Və doğma oğlu kimi başına sığal çəkərək, “Bismillah”, deyib, avazla bir dua oxumağa başladı. Oğlan artıq kişinin yaxasından əl çəkmişdi. Ancaq onun üst-başı pis gündə idi. Köynəyinin yuxarı düymələri qırılmış, pencəyi qoltuq tərəfdən sökülmüş, ağ astarı üzə çıxmışdı. Belə qəfil hücumu gözləməyən kişi əməlli-başlı sarsılmışdı.

Özümü günahkar sayırdım:

“Xalxın kişisini heç nədən qana salacaqdım”.

Bayaqdan sükut içində olan avtobusda indi hamı yüz ilin doğmaları kimi danışıb gülürdülər. Elə bil bu qalmaqal insanları doğmalaşdırmışdı. Qara çarşablı qadın yanındakı gəlinə sakit-sakit bu oğlan haqqında danışırdı:

- Mən bu yetim oğlanı uşaqlıqdan tanıyıram. Bizdən bir neçə tin aralıda yaşayırdılar. O, hələ körpə olanda atası dünyasını dəyişmişdi. Sonra da kasıblıq və xəstəlikdən anası öldü. Bu da bu binəvaya yeniyetmə vaxtından böyük dərd oldu. Tənhalıqdan ruhi sarsıntılar keçirdi. İndi arada belə tutmaları olur. Heç kimi yoxdu deyə, qonum-qonşu dolandırır.

Oğlan isə, arxa oturacaqda özünə yer tapıb, pəncərədən çölə baxırdı.

21.01.2015

# 480 dəfə oxunub

Oxşar xəbərlər

# # #