Əzbər şeir deyən həkimlər

Əzbər şeir deyən həkimlər
2 fevral 2015
# 16:16

Bir dəfə nevropatoloqun masasının üstündə müxalifət qəzetləri görüb sevinc və təəccüb qarışıq bir hiss keçirmişdim. Sonra da öz heyrətlənməyimə heyrətlənmişdim. Düşünmüşdüm ki, gör nə günə qalmışıq ki, əlində qəzet olan müəllim, həkim görəndə sevinirik. Çünki bizdə güclü “ixtisaslaşma” gedir, insanlar müasir siyasi, ədəbi, mədəni prosesdən kənarda, hərə öz sahəsində küllənməklə məşğuldu.

Buna görə mənim ən az qınadığım sənət sahibləri həkimlərdi. Burda həkimlərə güclü rəğbətimin rolu var. Mənim fikrimcə, onlar cəmiyyətin hər hansı problemindən daha önəmli işlə-insan həyatıyla məşğuldurlar.

Bu yaxınlarda dərc olunan sanatoriya hekayələrimdə bir neçə həkim obrazı vardı. Yazının üslubuna uyğun zarafatyana yanaşdığım prototiplərdən biri hekayəni oxuyub zəng eləmişdi. Onun məni-prototipi olduğu hekayənin müəllifini anlayacağına əmin idim, amma düzü, bu qədərini gözləmirdim.

Ümumən, o, məni tanışlığımızın ilk günündən heyrətləndirməyi bacarmışdı. Nəzərə alsaq ki, mənim qonşu ölkədəkilər də daxil olmaqla xeyli həkim tanışım var, tanıdığım ilk həkim idi ki, təkcə təbabətlə deyil, ədəbiyyatla, siyasətlə, incəsənətlə də eyni dərəcədə maraqlanırdı. Onunla romandan, operadan, Çexovdan, Kamyudan saatlarla danışmaq olardı. Hətta xəstəlikdən söz açanda da olduqca orijinal, obrazlı ifadələr işlədirdi.

Əslində, mənim tibbə marağım kimi onun şeirə sevgisində də təəccüblü heç nə yox idi. Təbabət də, ədəbiyyat da, siyasət də, sənət də həyatı daha yaxşı anlamaq üçündü. Pifaqor demişkən: “Riyaziyyatın əsas vəzifəsi bizi əhatə edən qarışıqlıqlar içində gizlənmiş nizamı tapıb aşkara çıxarmaqdı”. Burda riyaziyyat əvəzinə hansı fəaliyyət növünü yazsaq, nəticə dəyişməz. Yəni, bütün ixtisas sahələri dolayısyla elə həmin o nizamı tapıb aşkara çıxarmağa xidmət eləməlidi.

Ona görə də Vahid həkimin xəstəliklər haqdakı suallarımı cavabsız qoyub şeirlərimi əzbərdən deməsi xoşuma gəlirdi.

Həə, əzizlərim, hekayədə bir az ərk qarışıq zarafatla yanaşdığım həmin həkim bu günlərdə zəng elədi və rəyini əsl doktor diaqnozu kimi konkret, ədəbiyyat adamı kimi lakonik şəkildə bircə cümləylə belə ifadə elədi: “Sən bir rejissor kimi hər şeyi çox gözəl, dəqiqliklə səhnələşdirmisən”.

Düzünü deyim ki, heç bir tənqidçinin heç bir fikri bu qədər xoşuma gəlməzdi. Bu özünü əsl yazar kimi hiss eləməyin sevinci deyildi, doktoru əsl oxucu kimi kəşf etməyin məmnunluğu idi. Bütün ömrünü bir əyalət şəhərində xəstəliklərlə vuruşmağa həsr etmiş yorğun bir can həkiminin içindəki müsbət enerjini hiss etməyin məmnunluğu.

Demək ki, bütün ixtisaslara rəğmən, insanlar bircə təsnifatla ikicə yerə bölünürlər-həyatı dərk etməyə çalışan və onu anlamamaqda israrlı olanlar. Birinci təsnifata uyğun, həyatın dilini bilən adamların hamısı əslində yazıçıdırlar. Böyük bir əsər, yoxsa kiçik bir resept yazmağından asılı olmayaraq.

# 966 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #