news-inner
clock13:34 calendar-gray 14 Yanvar 2015 view-gray325 dəfə oxunub
view-gray325 dəfə oxunub

Azərbaycanlı müxbirin faciəvi ölümü

Kulis.az Cavid Zeynallının “Səttar Nisgil” hekayəsini təqdim edir.

Səttar Nisgil

(hekayə)

- Ay qızım, qadan alım, bir az gecikmişəm də, burax keçim. Yazı verməliyəm e, başına dönüm, yazı. Gecikdirsəm, üzüm yenə danlanacaq, mən də qoca kişiyəm də, utandığımdan gedib bir tərəfdə uşaq kimi... həə, keçim, nə deyirsən?! Eşit məni, bala canı, mən də sənin əmin, axırıncıdır, olmayacaq hey, olmayacaq...

Səttar Nisgilin səsidir, qapının ağzında duran qıza yenə yalvarır.

Sənin qadan alım, Səttar əmi, bu dəqiqə özümü yetirirəm. Bax, bu iki pillə, bu beş, bu yeddi...

- Dayı, vallah, olmaz, qapılar bağlanıb, səs küy salsanız, mənə nə deyərlər?! Hə, nə deyərlər, dayı?! Keçən dəfə bir söz demədim, sakitlik idi, sən də, məni başa düş də!

Üzümdə təbəssüm birdəncə peyda oluram. Qızla uzaqdan-uzağa salam-kalamımız var, Səttar Nisgil mərhəmət uman baxışlarını üzümə zilləyir. Qız qapının ağzından çəkilir, kürəyimdə əzgin səsini hiss edirəm: nəsə deyir, içəri sakit girin-filan, səs-küy qopmasın.

Qalstuku yenə şeyinin başına, tfu, kəmərinin üstünə düşüb Səttar əminin. Nimdaş pencəyi əynində, bozarmış ayaqqabıları ayağında. Pencəyinin qolu da ki, heç, az qala barmaqlarının ucuna çatsın. Şalvar həminki qara şalvardır, torbalanıb tökülür. Üzündəki qırışları bir az dərinləşib, gözlərində min ilin kədəri var, tez-tez bığlarını çeynəyir. Ustufca içəri giririk, yerimizi tutanda Səttar kişi qulağıma əyilib əvvəl mənə dua eləyir, alqış deyir, sonra səsini bir az da qısır:

- Görərsən, bu tədbirin xəbərini, nə bilim, açıqlamalarını zadı birinci mən verəcəm.

- Mən də kömək edərəm, Səttar əmi.

- Orxan...

- ...

- Ay Orxan, Orxan...

- Nədi, Səttar əmi?!

- Baxarsan, sənə söz deyirəm ha, gülüb eləmə, sabah məni çağırıb deyəcəklər ki, Səttar kişi, day yaşın keçib, ora-bura qaçan vaxtın deyil, səni redaktor qoyuruq.

- Olar, Səttar əmi, olar.

- Əmi sənə qurban olsun, ay Orxan!

İkimiz də müxbirik. O qoca, mən sütül! Bir də görürəm, əyilə-əyilə girir içəri, səsini qısıb camaatdan soruşur ki, ay qızım, qadan alım, əvvəl kim danışdı, nə dedi?! Telekanalların hüştürüm qızları üz göstərməyəndə yetim-yetim ora-bura boylanır, gözü məni axtarır.

Qadan alım, Səttar əmi, ölməmişəm ha, canım çıxar, lap xəbəri sənin əvəzinə də yazaram. Əmi-bala baş-başa verib, yaşayarıq, dolanarıq. Bizim bir-birimizdən savayı kimimiz var?! Mənim atam yox, sənin arvadın! Mənim anam gözümdən iraq, sənin qızın, nəvələrin. Sən də tək, mən də! Yetim-yetimə!

* * *

Onu iki ilə yaxındır tanıyıram. Hansısa mənasız tədbir idi, ortalıq da yaman tünlük. Görürəm, bir kişi ləhlək-tövşərək qabağına çıxandan nəsə soruşur, bərk narahatdır. Sonra nəsə olur, kişi eynəyini gözünə taxıb, əlinə keçən kağızdan sevincək nəsə oxuyur, kənara çəkilib kiməsə zəng vurur, üyüdüb-tökür. Səhəri məlum olur, ciddi bir xəbəri bəzəyib ona çatdırıblar, yazı çıxandan sonra qırğın-qiyamat qopub. Həmin gün Səttar kişini işdən çıxarmaq istəyirmişlər, yalvar-yaxar, müdiri birtəhər yola gətirib. Sonra Səttar əmi hamıya incik-inamsız yanaşdı. Ta məni tanıyana qədər...

- Əmi canı, həmin gün elə bil, ölüb-dirildim. Müdir ağzına gələni dedi, əsdi-kükrədi, aləmi vurdu bir-birinə. Tfu, işin tərsdiyinnən, həmin günün səhəri qoca aktyorlardan birini maşın vurdu, bilirsən də, kimi deyirəm, hə, ay sağ ol, lap axırda xəbər tutub yazan mən oldum. Bunun da dəm-dəsgahı ayrı.

Hə, əsas məsələni demək tamam huşumdan çıxıb. Səttar Nisgil bizim yazıçılardan birinin uşaqlıq dostudur, məktəb illəri, gənclik macəraları bir yerdə keçib, anaları bacılıq olublar. Sonra Səttarın istedadsızlığı başına bəla olub, doğmaca dostunun ətrafı genişləndimi, məclislərdə ona yer olmayıb, elə o qəzet sənin, bu jurnal mənim, başını girriyib. Sinninin bu çağında yazıçı dostu müdirinə onu tapşırıb. Ki, əti mənim, sümüyü sizin, adamdır də, birtəhər yola verin. O səbəbdən müdir əfəndi Nisgil əmini işdən çıxara bilmir.

...Sonrası mənim gözümün qabağında oldu. Səttar əmi qoluma girib ustufca dedi, əmi sənə qurban, Orxan, bura bax, gör nə var?! Baxıram. Çantadan başı xamırrı tut arağı butulkasının “qulağı” görünür. Nisgil bic-bic göz basır: yəni axşam bunu gillədək. Mən özümü utancaqlığa vururam, guya ağsaqqal, böyük-kiçik filan. Nisgilin belə şey qulağına girməz, əlinə başı xamırrı düşdüsə, curunu mütləq tapmalıdır. Nə cavan, nə qoca, əsas odu, gözünə-könlünə yatan adam olsun! O gün içib əməlli-başlı kefləndik, Nisgil şeirlərindən döşədi, mən təriflədim. İşə təzə başlayanda xəbərləri də Səttar Nisgil imzası ilə yazmaq istəyib. Redaktor yanına çağırıb ki, a kişi, bizim kədərlə işimiz yoxdur, nisgilini özünə saxla. Yəni ay evi tikilənin oğlu, xəbərə soyadını yaz, ad-familin necədirsə, heylə!

- Sənə gülməli gəlir, amma mənim ayrı məqsədim yox idi ha, vallah. İstəyirdim, xəbərləri də “Nisgil”lə yazım, imzam lap çox tanınsın, şeirlərimi harda görsələr, oxusunlar.

Sonra Səttar əmi beş il əvvəl itirdiyi arvadından danışdı, kövrəldi. Ofisiantı yanına çağırıb dedi, oynamaq istəyirəm, qadan alım, arvadım yadıma düşüb, oynayıb dərdi üstümdən atmaq istəyirəm. Mən kafenin sahibinə dil tökdüm, bir az artıq pul boyun oldum, maqnitafona səs verdi, Səttar kişi içib qol götürdü, doyunca oynadı, doyunca oynayıb, içdi nə içdi.

- O gün müdir mənə deyir, redaktor olmaq üçün əvvəl xəbəri tez yazmağı öyrənmək lazımdır. Yalançının atasına lənət! Ağsaqqal kişiyəm, gündə adamı dörd tədbirə göndərərlər?!

Həmin gecə Nisgili kafedən birtəhər dartıb çıxardım, Neft Akademiyasının yanından keçəndə məndən ayrılıb işıqforda dayanan maşınlardan birinin üstünə cumdu. Lap yaxşı tanıdım: sürücünün yanında qoca rejissorlardan biri oturmuşdu. Nisgil, evin tikilsin, yaxınlaşıb rejissora nə desə yaxşıdır: bağışlayın, olar ki, siz burda, elə mənim ayağımın altında uzanıb öləsiniz, xəbərini birinci mən yazım?!

* * *

Keçən həftə möhkəm xəstələnmişdi. Zəng vurdum, səsimi eşidən kimi kövrəldi, nə kövrəldi. Elə zəng vurmuşkən, dedi, əlüstü iki təzə şeirimi sənə oxuyum. İkisinə boyun oldu, dördünü guppuldatdı, köhnə vaxtlardan, cavanlığında sovet qəzetlərində müxbirlik etməyindən danışdı. Ürəyi soyumayıb məni evə çağırdı, üst-üstə qalaqlanan şeir dəftərlərini fəxrlə göstərdi, külliyatının çap arzusundan dəm vurdu.

- Sən, - dedi, - Səttar əmini zəif adam bilirsən?!

- Niyə elə deyirsən ki?

- Şeir oxuyanda, görürəm, bezirsən, qulaq asmaq istəmirsən.

- Yox, Səttar əmi, vallah, yox.

- Heç olmasa, sən belə eləmə, Orxan...

- ...

- Mən neçə gündü bilirsən nə işlə məşğulam?

- Nə?

- Nə qədər ölməli qoca yazıçı, rəssam, bəstəkar, nə bilim, rejissor var, hamısının xəbərini yazmışam, hazırdır. İçinə pox, o zəhrimarın adı nədi, hə, fləşkartdı, nədi, ondan almışam, cibimdə gəzdirirəm. Adını da qoymuşam, ölüm qovluğu.

Üzümə nəhlət, sonra mən gülürəm, o acıqlanır. Bilmirəm, niyə gülürəm, hansı günümə dişlərimi ağardıram. Nisgil qəddini dikəldib mənnən qabaq-qənşər dayanır, əvvəl nəsə demək istəyir, sonra mətbəxə keçib çaynikə dəm atır.

- Səttar əmi, külliyyatını nə vaxt çap eləmək istəyirsən?! – Dərdim odu ki, ortalığa yüngülllük düşsün.

- Kim çap edəcək ee, bilirəm, heç kim yaxın durmayacaq.

- Gəl, bir şey fikirləşək də...

- Məni bu günə qoyan istedadsızlığımdır. – Nisgilin sözü alnıma güllə kimi dəyir - Nolardı, Allah bir az da o zəhrimardan mənə verərdi də! O qədər oğraşa-qəhbəyə verib ki...

Səttar əmi içini çəkə-çəkə, əli əsə-əsə mənə çay süzürdü...

* * *

O gün bir ayrı gündü, ayrı gün. Dekabr küləyi, bir-birinə dartınan ağaclar, göy üzünün zəhər-zəqqum qaş-qabağı; yol qırağındakı tikilidə haray-həşir salan fəhlələrin baş aparan küyü, özünü daşa-divara çırpan o balaca uşağın çığırtısı... Əvvəl selləmə yağış tökdü, şəhərin hər tini-dalanı qüsullandı, oldu anadangəlmə pak; sonra günəş üzünü göstərdi, adamlar göyqurşağının tamaşasına dayandı.

Metrodan çıxıb üzü aşağı yorturam. Əynim nazikdi, başım açıq, əlimi cibimə dürtüb ürəyimdə o fəhlələri söyürəm, uşağı tutub babat çığnayaram. Nə isə, hamısı aclıqdandır, aclıqdan. Bir dönər belə getdi, üstündən ayran, axırda nazik “kent”. Səttar əmiyə zəng vururam ki, görüm hardadır, gələcəkmi?!

- Gəlirəm, qadan alım, Orxan, yoldayam.

- Sənə dönər alım?

Toxdu, istəmir. Yağış yuyan pilləkənlərdə görüşüb min il ayrısı dədə-bala kimi bir-birimizə qısılırıq. Quran haqqı, Nisgilin bu günü mənim gələcəyimdir. Şəkkim yoxdu: mən də qocalanda bu fağır adam sayaq “qadan alım”a dönüb, ondan-bundan mərhəmət umacam, istedadsız qoca əbləhə çevriləcəm.

Səttar əmi köhnə tanışlarına rast gəlir, xoş-beş, dərdləşirlər. Mən darıxıb içəri keçirəm, tanış qızlarla dilucu salamlaşıb ora-bura vurnuxuram, gəzişirəm. Birdən küy qopur, hamı özünü bayıra atır.

“Səttara heç nə olmasın, Allah” – Adamları yarıb çıxış qapısına şığıyıram. Pilləkənlərdən aşağıda bir dəstə adam yığışıb hay-həşirlə kimisə yerdən qaldırmağa çalışır. Nisgildi, Nisgil. Ayağı sürüşüb, yıxılıb... ölüb. Hə, ölüb, ölüb Nisgil. Elə yerindəcə keçinib bədbaxt! Ayağı sürüşüb ey, deyirəm, ayağı sürüşüb. Yağışın yuduğu mərmər pilləkənləri qalxanda tir-tap gedib, qolundan yapışmağa adam olmayıb. Təcili yardım gəldi, nə xeyri?! Desəm, hönkürdüm, yalan olar. İsti-isti bilinmir axı.

Çantasından başı xamırrı araq butulkası, şeir dəftərləri, bir də fləşkart çıxmışdı. Kartı mən götürdüm, dəfnə gedəndə özümü internet kluba verib, Nisgilin “ölüm qovluğu”nu tapdım. Lap başda özü haqqında yazdığı xəbər idi: “İstedadlı şair, görkəmli jurnalist Səttar Nisgil dünyasını dəyişib".

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur aktrisa vəfat etdi
13:57 25 Noyabr 2020
“Qırmızı papaq” tamaşası onlayn nümayiş etdiriləcək
13:15 25 Noyabr 2020
“Qapımıza dizin-dizin gedəcəm” – Kəlbəcərlilər Qələbə sevincini bölüşür
12:34 25 Noyabr 2020
Tərəf müqabili ilə üçaylıq sevgi yaşadı, evi olmadığı üçün qarajda qaldı, iki dəfə intihara cəhd etdi – Ötən gün vəfat edən Xalq artisti
12:08 25 Noyabr 2020
Məşhur rəssam 101 yaşında vəfat edib
11:30 25 Noyabr 2020
Mıxı mismara döndərən Kəlbəcər – Şərif Ağayar yazır...
11:04 25 Noyabr 2020
Hadisə koronavirusa yoluxdu
10:21 25 Noyabr 2020
Elşən Xəzər: “Anam dedi, südümü sənə halal eləmərəm” – Müsahibə
09:00 25 Noyabr 2020
Tank lüləsində striptiz- Dahiyanə filmlər
21:00 24 Noyabr 2020
“Zorla erməniləşdirmə” sənədli filmi təqdim olunub
19:40 24 Noyabr 2020
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
19:37 24 Noyabr 2020
Xalq artisti Əjdər Həmidov vəfat etdi
18:50 24 Noyabr 2020
Xocalı haqda film Tehran festivalının əsas müsabiqəsində
18:21 24 Noyabr 2020
Azərbaycandakı dini rəhbərlər dağıdılan abidələrimizlə bağlı bəyanat verib
17:33 24 Noyabr 2020
Ermənilərin "əl gəzdirdiyi" Əsgəran qalası
17:05 24 Noyabr 2020
48-ci Beynəlxalq "Emmi" mükafatının qalibləri açıqlandı
16:23 24 Noyabr 2020
İbrahim İlyaslının yeni kitabı nəşr edildi - Foto
15:57 24 Noyabr 2020
Rəssamlar İttifaqı beynəlxalq müsabiqə elan etdi
15:21 24 Noyabr 2020
Rus qadınla gizlin evləndi, anasının ölümünə səbəb oldu, otel otağında huşsuz tapıldı– Kinomuzun Əhmədinin faciəvi həyatı
14:42 24 Noyabr 2020
Ağam şəhərim! Adam şəhərim! - Qulu Ağsəsdən Ağdam şeiri
14:01 24 Noyabr 2020