Rəfiqə toyundan imtina üçün səbəb

Rəfiqə toyundan imtina üçün səbəb
5 yanvar 2015
# 12:27

Qırmızı don

Mən rəngin insana düşərli olub-olmadığına inanmıram. Heç vaxt hansısa bir uğurumu həmin gün geyindiyim köynəyin və ya corabın rəngi ilə əlaqələndirməmişəm. Amma tanıdığım belə bir insan var.

10 gün sonra ən yaxın rəfiqəsi olan Leylanın toyu idi. Ona görə Günel bugünkü istirahət günündən istifadə edərək don seçmək üçün alış-verişə çıxmışdı. Səhərdən günün ikinci yarısına qədər mağazaları ələk-vələk elədi. Nəhayət istədiyini donu tapıb ala bildi. Qırmızı rəngdə olan donun ətəyi topuğundan belə aşağı düşürdü. Təbii ki, dikdaban ayaqqabı ilə geyinəcəkdi. Ayaqqabı isə çantasına uyğun qara rəngdə olacaqdı. Amma çətin ki, ayaqqabıları görünərdi.

Rəngin qırmızı olması isə Günel üçün, demək olar ki, ən vacib şərt idi. Təkcə ona görə yox ki, bu rəng ona çox yaraşırdı və ağ bənizini əvəzolunmaz şəkildə tamamlayırdı. Həm də ona görə ki, Günel qırmızı rəngin ona düşərli olduğuna inanırdı. Bu inanc illərin, hadisələrin sınağından keçmişdi. Birinci sinifdə kürəyinə taxdığı balaca çanta, qəbul imtahanına gedən zaman geydiyi kofta, diplom müdafiə zamanı taxdığı aksessuarlar və dırnaqlarının boyası, işlə bağlı müsahibəyə gedərkən geydiyi çəkmə və sairə... Nə olursa olsun, qırmızı bir element olmalıydı Günelin üzərində.

Ən yaxın rəfiqəsi olan Leylanın özü kimi, ömrünün ən əziz günü də Günel üçün dəyərli idi. Toyda diqqət mərkəzində olmalı, hamının xoşuna gəlməli, sürəkli gəlinin yanında olmalı, lazım gəlsə bütün toy boyunca oturmamalı və gecəyə qədər hündür topuqlarda olsa belə, buna dözməli idi.

Toy günü çatanda az qala Leyla qədər həyəcanlı idi. Günorta saat 3-də artıq üzü və saç düzümü hazır idi. Saçını sadə formada yığmışdı. Amma bu, bəlkə də heç kimə yaraşmayan kimi ona yaraşırdı. Yarım saat sonra artıq donu da əynində idi. Gözlərinin işıltısı ilə dodaqlarının qırmızı rəngi isə bir-birini əla tamamlayırdı.

Artıq Leylagilə yola düşməyin vaxtı gəlib çatmışdı. Rəfiqəsi 5 dəqiqədən bir zəng edir, “ay qız, harda qaldın?” kimi cavabı məlum olan suallarla onun başını qatırdı. Günel Leyladan gələn sonuncu zəngə “məşğul” düyməsi ilə cavab verdi, son dəfə güzgüdə özünə baxdı, dodaqlarının bir-birinə sürtdü və “getdik” deyib qapıdan çıxdı.

Sentyabr ayının ortaları olmasına baxmayaraq hava buludlu idi. Hətta dünən yağmurlu hava proqnozunu eşidən Günel Leylanı tənbehləmişdi:

- Ay qız, nə vacib idi axı qazmaq yemək? Nə görmüsən axı bu qazmaqda? Taqqanaq şeydi. Düyüsünü yeyərdin bəsdi də.

- Ay qız neyniyim, mən də qazmaq xəstəsiyəm... Qazmaq yeməsən aşın dadını çıxara bilmirəm. Keç günahımdan.

- Bax deyirəm sənə. Əgər donum islansa, təzəsini aldıracam sənə...

- Qurbandır sənə donların ən gözəli.

Günel gözünə dəyən ilk taksiya yaxınlaşdı. Arxa qapını açıb oturmadan göyə baxdı, “yaman yağacaq” – ifadəsi ilə köks ötürüb maşına oturdu. Gənc taksi sürücüsünə yolu başa saldı və üzünü pəncərəyə tərəf çevirdi. Çox keçməmiş sürücü şirinliyindən qalmadı:

- Həmişə toyda...

- Çox sağ olun.

- Sizin üçün olsun...

Günel hiss elətdirmədən gülümsədi. Leylagilin binasına yaxınlığında maşın dayandı. Günel pulu verib maşından düşməyə hazırlaşanda sürücü axşama taksi lazım olub-olmayacağını soruşdu. Günel isə ehtiyac olmadığını bildirdi.

Maşından düşəndə artıq yağış atırdı. Nə hikmətdirsə, qəribə bir külək də özünü göstərməyə başlamışdı. Günel dərhal maşının qapısını bağlayıb islanmamaq üçün binaya tərəf addımlayanda “günün hadisəsi” baş verdi. Qapının arasında qalan qırmızı don elə möhkəm dartıldı ki, hamıya tanış olan vahiməli cırılma səsi Günelin qulaqlarında cingildədi. Çönüb paltarına baxanda artıq onun üçün hər şey bitmişdi. Don geyiləcək vəziyyətdə deyildi.

Günel nə qədər özünü ələ almağa çalışsa da, alınmadı və əlini üzünə tutub səssizcə ağlamağa başladı. Evə qayıdıb başqa don geyinmək fikri də mənasız gəlirdi ona. Maşına söykənib qalmışdı. Taksi sürücüsü onun yanına gəldi və müxtəlif sözlərlə təsəlli verməyə başladı. Amma Günel onu eşitmirdi.

Günelin düşdüyü duruma istəyirsiz qərarsızlıq deyin, istəyirsiz çarəsizlik, istəyirsiz bəxtsizlik, istəyirsiz axmaqlıq - amma kənardan ürəkaçan bir mənzərə görünmürdü.

Hər şey bir yana, Günel artıq qırmızı rəngə nifrət edirdi. İnancını itirmişdi. Artıq heç vaxt qırmızı rəngdə heç nə geyməyəcəkdi. Əlacı olsa paltarı elə əynindəcə cırıb tullayardı.

Özünə gələndə avtomobilin arxa oturacağında oturub pəncərədən yola baxırdı. Telefonuna ötəri nəzər saldı. Leyladan 37 zəng və 14 mesaj gəlmişdi. Heç bir reaksiya vermədi. Hətta sürücüdən onu haraya apardığını da soruşmadı. Pəncərənin şüşəsindən süzülən damlaları saymaq deyəsən, onun üçün ən yaxşı təsəlli olmuşdu.

Taksi yenidən evin qabağına gələndə hava qaralmışdı. Sürücü özü düşüb qapını açdı. Günelin sadəcə “sağ ol” deməyə gücü çatdı. Evə çatdı, çantasını divana tulladı. (Atası, anası və balaca qardaşı ad gününə getmişdilər.) Təxminən 15 dəqiqə ərzində bir fincan çay içdi, bir qədər pəncərənin qarşısında dayandı və yerinə uzandı.

Bu hadisənin üstündən 3 il keçib. Günel və Leyla yenə əvvəlki kimi rəfiqədirlər. Günel bütün olanları Leylaya danışanda onun da gözləri yaşarmışdı, amma nə olur-olsun, toya gəlməli idin deməyi də unutmamışdı.

İndi Günel də ailəldir. Sevdiyi insanla evləndi. Fərhadla. 3 il əvvəl taksi sürücüsü olan Fərhad indi özəl şirkətlərdən birində mühasib işləyir. Günel qırmızı rəngin onun üçün düşərli olduğuna yenə inanır. Hətta 1 yaşlı qızı Fatiməyə hamı “qırmızıpapaq” deyir.

# 396 dəfə oxunub

Oxşar xəbərlər

# # #