news-inner
clock09:45 calendar-gray 16 Dekabr 2014 view-gray484 dəfə oxunub
view-gray484 dəfə oxunub

Uğursuz inqilabçı, Siyasi İdarə rəisi, tarixi romanlar ustası-ARAŞDIRMA

İnqilabçının şair oğlu

1923-cü ildə Tiflisdə ərəb əlifbasından latın əlifbasına keçid problemi müzakirə edilən məclisdə gənc şairlərdən biri özünün "Yeni türk əlifbası" adlı şeirini oxuyur. Onun şeiri iştirakçıların, xüsusilə də məclisin sədri Böyükağa Talıblının xoşuna gəlir. 1905-1911-ci illərdə İranda baş verən Səttarxan hərəkatında öncüllərdən biri olan Hacı Ələkbərin “Xeyriyyə” məktəbində təhsil almış və o dövrlər Tiflisdə yaşayan oğlu Abbas 15 yaşından şeirlər yazsa da, ədəbi məclislərdə iştirak etmirdi. Atası Qərbi Azərbaycanın Xoy, Salmas, Maku şəhərlərindəki demokratik hərəkatda yaxından iştirak etmiş, Səttərxanın silahdaşlarından olmuşdu. Abbas Hacı Ələkbər oğlu Pənahi Makuli 1900-cü ildə Maku şəhərində ziyalı ailəsində doğulmuşdur. İlk təhsilini Xoy şəhər mədrəsəsində, sonra müasir tipli "Xeyriyyə" məktəbində almışdır. Atası Hacı Ələkbər dövrünün mütərəqqi adamlarından biri olmuş, bədii ədəbiyyat və tarix sahəsində olan əsərləri mütaliə edən şəxs kimi tanınmış, 1905-1911-ci illərdə İranda baş verən Səttarxan hərəkatında öncüllərdən olmaqla Qərbi Azərbaycanın Xoy, Salmas, Maku şəhərlərindəki demokratik hərəkatda yaxından iştirak edib. Atasının zəngin dünyagörüşü, mütərəqqi ziyalı olması, ədəbiyyata, şeirə rəğbət bəsləməsi təbiidir ki, Abbasa təsirsiz ötüşməmişdi və onun ədəbiyyata marağının yaranmasında atasının böyük təsiri vardı. On beş yaşından ana dilində satirik şeirlər yazmağa başlayan Abbas Hacı Ələkbər oğlu, sonradan tarixi romanları ilə məşhurlaşan Pənahi Makulu idi…

Şeirdən nəsrə keçid və ilk uğurlar

Abbas Hacı Ələkbər oğlu Pənahi Makuli 1900-cü ildə Maku şəhərində ziyalı ailəsində doğulmuşdur. İlk təhsilini Xoy şəhər mədrəsəsində tamamladıqdan sonra müasir tipli "Xeyriyyə" məktəbində təhsilini davam etdirmişdi. Atası Hacı Ələkbər inqilabçı olmaqla yanaşı, dövrünün mütərəqqi adamlarından biri hesab olunur, bədii ədəbiyyat və tarix sahəsində olan bilgiləri ilə, zəngin mütaliəsi ilə tanınırmış. Onun yaradıcılığa istiqamətlənməsində atasıyla yanaşı dövrünün tanınmış ziyalılarının da böyük təsiri olur.

Tiflisdə nəşr olunan "Yeni fikir" qəzetinin redaktoru Rzaqulu Nəcəfovun təklifi ilə Abbas öz istedadını nəsr sahəsində də yoxlayır. Onun "Pərişan" adlanan, sonralar "Sirli çoban" adı altında 1948, 1950-ci illərdə çap olunan ilk nəsr əsəri "Yeni fikir" qəzetinin keçirdiyi müsabiqədə ikinci yeri tutur. Abbas qazandığı uğurlardan həvəslənərək bir-birinin ardınca İrandakı ictimai-siyasi prosesləri çoxlu hekayələr, povestlər, romanlar, felyetonlar yazır. 1950-ci ildə onun Bakıda müxtəlif illərdə yazdığı "Təbriz gecələri" adlı hekayələr kitabı çapdan çıxır. Kitabdakı "Sirli çoban" hekayəsi İrandakı demokratik-inqilabi hərəkatdan öncə Maku mahalında baş verən hadisələrdən, kəndlilərin həyatından, qəbilə başçıları arasındakı şəxsi ədavətlərin nəsillərə keçməklə böyük bədbəxtliklərə səbəb olmasından bəhs edir.

Kitabda yer alan, sonralar genişləndirilərək roman şəklinə salınan "Gizli zindan" povestində yazıçı Rza şah və onun nəslinin zülmkarlığını, istibdada qarşı mübarizə aparan Kazım ağa həyatını qələmə alır.

Yaradıcılıqdan siyasətə

Atası Hacı Ələkbərin 1928-ci ildə ağır xəstələnməsi ilə əlaqədar İrana qayıdan Abbas ciddi təzyiqlərlə və çətinliklərlə qarşılaşır, bu səbəbdən də onun ədəbi yaradıcılığında bir müddət fasilə yaranır. İrandakı gərgin siyasi proseslər onu ağuşuna alır və yazıçı siyasi fəaliyyətlə məşğul olmağa başlayır. 1936-cı ildə siyasi fəaliyyətinə görə həbs olunur və Zəncana sürgün edilir. 1941-ci ildən yazıçının ədəbi fəaliyyətində yeni mərhələ başlanır. "Azərbaycan" qəzetinin fəal əməkdaşlarından biri kimi yazıçı o dövrün hadisələrini əks etdirən çoxlu felyetonlar, tənqidi məqalələr yazır. 1945-ci ildə yaranan, lideri Seyid Cəfər Pişəvəri olan Azərbaycan Demokratik firqəsinə üzv olur. Abbas Pənahi firqənin 1945-1946-cı illərdə keçirilən hər iki qurultayında iştirak edir, partiyanın rəhbər orqanlarına seçilir. Milli hökumətdə Siyasi İdarənin rəisi olan Abbas bu dövrdə daha çox ictimai-siyasi xadim kimi tanınır və fəaliyyətini bu istiqamətdə qurur. 1946-cı ilin dekabrında Milli Hökumət devrildikdən sonra Bakıya gələn yazıçı bundan sonra bütün ömrünü Şimali Azərbaycanda yaşayır. 1950-ci illərdən başlayaraq bir-birinin ardınca romanlar, povestlər yazır.

Tarixi romanlar ustası

Cənubi Azərbaycan yazıçıları arasında tarixi romanların müəllifi kimi məşhur olan yazıçı bir-birinin ardınca "Mübarizlər", "Səttarxan", "Gizli zindan", "Xiyabani", "Heydər Əmioğlu", "Xacələr" tarixi romanlarını yazır. Yazıçının ilk irihəcimli əsəri olan "Səttarxan" romanı, Azərbaycan xalqının mübariz oğlu, böyük tarixi şəxsiyyət, bacarıqlı sərkərdə, təcrübəli diplomat Səttarxana həsr olunmuşdur. Romanda Səttarxanın yaxın silahdaşları, Bağırxan, Əli Səhlanlı, Hacı Əli Davaçı, Mirzə İbrahim ağa, Mahmud, Qasım, Sabir, bağban Hüseyn inqilabi obrazlarla yanaşı, Məmmədəli Mirzə, Eynuddövlə, Şücanizam, Mir Haşım, Hacı Samsam kimi mürtəce obrazlar da dəqiqliklə işlənmişdir. Makulunun "Gizli zindan" romanı bir növ "Səttarxan"ın davamıdır. Burada bir çox obrazlar olduğu kimi (məsələn, Mahmud və Sənubər) saxlanılmış, demokratik hərəkatın iştirakçılarının apardıqları mübarizə təsvir edilib. "Gizli zindan" romanında tarixi hadisələrə sadiq qalan yazıçı bəzən baş vermiş hadisələrin ilini, gününü belə dəqiqliklə göstərir. "Səttarxan", "Xiyabani", "Heydər Əmioğlu", "Xacələr" əsərlərində İranda müxtəlif dövrlərdə baş verən milli-azadlıq hərəkatı, saray çəkişmələri, xalqın mübarizəsi ilə bağlı çoxlu zəngin tarixi faktlar vardır. Bu baxımdan Pənahi Makulunu XX əsr İran tarixinin müəyyən dönəminin salnaməçisi də adlandırmaq olar.

Pənahi Makulunun elmi fəaliyyəti

Pənahi Makulu həm də alim kimi elmi fəaliyyətlə məşğul olmuş, filologiya elmimizə də töhfələrini vermişdir. Filoloqlar üçün əvəzsiz vəsait olan sinxronik "Ədəbi məlumat cədvəli" tərtib etmişdir. Həmin cədvəl Azərbaycan Elmlər Akademiyası nəşriyyatı tərəfindən 1962-ci ildə Bakıda nəşr olunub. Pənahi Makulu Azərbaycan, ərəb və fars əlifbasında yazılan təzkirələrin oxunmasını asanlaşdırmaq üçün on əsas qaynağı bir kiril əlifbasında verməklə ayrı-ayrı alim, ədib, şair, sənətşünaslar üçün əvəzsiz bir mənbə hazırlayıb. O öz "Ədəbi məlumat cədvəli"ndə Dövlətşah Səmərqəndinin "Təzkirətüş-şüəra" (1486), Lütfəli bəy Azər Bəkdilinin "Təzkireyi-Atəşkədə" (XVII yüzilliyin sonu), Əmir Əhməd Razinin "Təzkireyi-həft iqlim" (1593), Əmir Qulaməlixan Belkraminin "Təzkireyi-xəzaneyi-amirə" (1763), Rzaqulu xan Hidayətin "Məcməül-füsəha", Məhəmmədəli Tərbiyətın "Daneşməndani-Azərbaycan" (1937-ci ildə ilk dəfə çap olunub), eləcə də Şəmsəddin Sami bəyin "Qamysül-elam", Mir Möhsün Nəvvabın "Təzkireyi-nəvvab", Məhəmmədağa Müctəhuzadənin "Riyazül-aşiqin" və Firudin bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları" (1925-ci ildə çap olunub) kimi mənbələri götürərək pərakəndə halda adları çəkilən ədib, şair və alimlər haqqında məlumat materiallarını vahid bir prinsipdə, cədvəl şəklində tərtib edib. Hədsiz böyük əhəmiyyətə və əvəzsiz qiymətə malik olan bu cədvəldə şair və nasirin tam adı, atasının adı, əsərlərinin dili, təvəllüdü və vəfat illəri, yaşadığı əsr və bunların hansı mənbələrdən alındığı, hansı əsərləri olduğu barədə məlumatlar olduğundan ona çox qiymətli mənbədir.

Abbas Pənahi (Makulu) 1971-ci il sentyabrın 29-da vəfat edib. Yazıçının oğlu Kavus Pənahi tanınmış alim, geologiya-mineralogiya üzrə fəlsəfə doktorudur. Kavus Pənahi geoloq olsa da, qardaşı rejissor Məsud Pənahi ilə birlikdə Azərbaycan yazıçısı Əsəd bəyin XX əsrin əvvəllərində erməni daşnakların Bakıda və respublikamızın digər bölgələrində törətdikləri vəhşiliklərdən bəhs edən, 1930-cu ildə Berlin şəhərində çapdan çıxmış “Şərqdə neft və qan” əsərini almancadan Azərbaycan dilinə tərcümə etmişdir.

Bir vacib məqamı da qeyd etməklə, yazımı tamamlamaq istəyirəm. Bildiyim qədər Pənahi Makulunu əsərləri latın qrafikası ilə nəşr olunmayıb. Düşünürəm ki, “Səttarxan”, “Xiyabani”, “Heydər Əmioğlu” kimi romanların yenidən nəşr olunması oxucularımıza da gözəl töhfə olar.

Oxşar xəbərlər

Xəbər lenti

"Altın Koza"nın keçirilmə tarixi bəlli oldu
12:14 05 Avqust 2020
Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020