Homoseksualizm və Azərbaycan ədəbiyyatı SORĞU

Homoseksualizm və Azərbaycan ədəbiyyatı  SORĞU
26 noyabr 2014
# 13:37

Bu yaxınlarda Kulis.az - da türk yazar Uğur İzzət Qaraqoçun “Belə gəlib, belə gedəcəyik” adlı hekayəsi yayımlandı.

Homoseksual gəncin intiharından bəhs edən hekayədə bu ilin əvvəlində intihar edən Azad LGBT sədri İsa Şahmarlının son məktubundan istifadə olunmuşdu. Mövzunun maraqlılığını nəzərə alaraq yazarlara aşağıdakı sualla müraciət etdik:

Bu mövzuda yazmağa necə baxırsınız?

Cavabları təqdim edirik.

Natiq Rəsulzadə:

- Mən düşünürəm ki, ədəbiyyatda, incəsənətdə qapalı, qadağa qoyulmuş mövzu yoxdur. Ədəbiyyatda hər mövzudan yazmaq olar. Amma bir şərt var: müəllifin daxili senzurası olmalıdır. Avropada, Amerikada olduğu kimi, bizim ölkədə də senzura yoxdur. Amma yazıçı əsl sənətkardırsa, daxili senzurası olmalıdır. O senzura ki, yazıçı həddini aşanda onu saxlasın. Olmasa, gözəl bir erotika dönüb eybəcər bir pornoqrafiya olur. Yaratdığın xarakter də korlanır, iyrəncləşir. Yəni, ölçü hissi olan müəllif hər mövzudan yaza bilər. Çexovun məşhur bir sözü var: “Külqabını verin, ondan əsər yazım”. Hər predmetdən, hər hadisədən istedadlı əsər yazmaq olar. Daxili senzura istedadın tərkibində olan böyük bir amildir.

Mənim sovet senzurası dövründə çap olunan “Gecə süvarisi” əsərimdə erotika var idi, sovet milyonçuları-filan var idi. O əsəri tənqid etdilər, gözümçıxdıya saldılar, amma sonra kitab qəbul olundu.

Homoseksual da insandır. Onlar da görürsünüz haqlarını tələb edirlər. Amma çətin ki, nə vaxtsa əsərimin qəhrəmanı homoseksual ola. Çünki mən qadınları çox sevirəm. Hər yazıçı birinci növbədə özündən, öz xarakterindən yazır. Jorj Sandın belə bir ifadəsi var: “Yazıçı qələmi mürəkkəbə yox, öz ürəyinə batırır”. Yəni, özündən yazır, öz qanı ilə yazır. Lakin əks proqnoz vermək də çətindir. Maraqlı bir süjet xətti tələb etsə ki, mütləq əsərdə homoseksual olmalıdır, mən yazmaqdan çəkinmərəm. Məsələ yenə də ölçünü itirməməkdədir.

İlqar Fəhmi

- Əvvəllər yazardım. Çünki belə bir fikirdəydim ki, istənilən mövzunu əgər ədəbiyyatlaşdırmaq mümkündürsə, yazılmasında qəbahət yoxdur. Təki sən o mövzunu adi həyat hadisəsindən qopardıb ədəbiyyat hadisəsinə çevirə biləsən. Bu baxımdan, dediyimiz mövzuda dünya ədəbiyyatında bədii keyfiyyətlərinə, estetikasına, poetikasına görə ən yüksəkdə dayanan əsər zənnimcə məşhur yapon yazıçısı Yukio Misimanın «Maskanın etirafı» romanıdır. Yoxsa «Artuş və Zaur»lar yazmağa nə var ki?

O ki qaldı özümə, bu mövzuda bir-iki cızma qaram vardı, «Atvyorka söhbəti» hekayəm bu mövzuya parodik yanaşma üstündə qurulub, «Pəncərə» kinoekspressiyam da eyni mövzuya estetizm janrında müraciətdir…

Amma indi fikirləşirəm ki, yazılmasa daha yaxşıdır. Çünki bu saat Avropadan tutmuş Yaponiyaya qədər hər yerdə insan xislətindəki qeyri-təbiiliklərin qəribə bir təbliğatı gedir. Elə bil ki, yazmağa mövzuları, təbliğ etməyə ideyaları qalmayıb deyənə, bu məsələləri qlobal həddə qaldırıblar. Kənardan belə görünür ki, dünyanın bütün problemləri beş-on dənə xəstə homoseksualın, lezbiyanın cəmiyyətdə özünə yer tapa bilməməsindən və psixi sarsıntılar keçirməsindən doğur.

Əslində bu yanaşmanın özündə də ədalətsizlik var. Dünyada xeyli sayda seksual və qeyri-seksual anormallıqlar mövcuddur. Əgər eynicinsli sevgi bu cür şişirdilirsə, onda sabah zoofillərin, nekrofillərin, pedofillərin, fetişistlərin, eksqibisionistlərin xətrinə dəyə bilər, onlar qiyam qaldırar, cəmiyyətdə öz yerlərini tələb edər. Bu halda gərək Qərbin azad cəmiyyət təbliğatçıları zoofillərin sevgilərini təmin etməkçün xüsusi heyvanxanalar yaratsınlar, qəşəng-qəşəng qoyunları, keçiləri bəzəyib tumarlayıb orda yerləşdirsinlər, yaxud nekrofillərin ehtirasını ödəməkçün məxsusi qəbiristanlıq –bordellər düzəldilsin ki, təp-təzə meyitlər orda xüsusi qayğıyla qorunsun… Və sair və ilaxır…

Dediyim odur ki, məhz indiki dövrdə, bu cür təbliğatların ifrat həddə çatdığı dövrdə bu mövzuları hələ üstəlik ədəbiyyatımıza da gətirməyin əleyhinəyəm. Elə bircə «Artuş və Zaur» bəsimizdir…

Şərif Ağayar

- Bütün mürəkkəb məsələlərdə olduğu kimi homoseksuallara cəmiyyətdə, eyni zamanda ədəbiyyatda münasibət məsələsində də bizdən qat-qat irəlidə olan, bizdən qat-qat gözəl cəmiyyətlər quran, böyük əsərlər yaradan, uzaq məsafələr qət edən ölkələrin təcrübəsindən bəhrələnmək gərəkdir. Ağıllı adamlara qulaq asmaq lazımdır. Çünki əvvəl-axır onlar deyən olur. Yüz il bundan əvvəl qadın paltarı geyindiyi üçün aktyorları öldürürdülər... Yaxud çadrasını atdığına görə neçə qadın vəhşicəsinə qətlə yetirildi. Zamanla fərqliliklərə öyrəşəcək cəmiyyət. Bu qaçılmazdır. Əgər biz Avropa yolunu, demokratik cəmiyyət yolunu tutmuşuqsa həmin prinsipləri mümkün qədər qəbul etməliyik. Gizləməklə deyil. Azərbaycanda homoseksuallarla bağlı problem narahatedici səviyyədədir. Məlum intihar faktı bunu bir daha sübut etdi. “Mənim kimi olmayanlar pisdir!” məntiqi vəhşilikdir, totalitarlıqdır. Bir ədəbiyyat adamının belə düşünməsi isə sadəcə biabırçılıqdır. Ədəbiyyatda heç bir qadağa yoxdur! Həyatda nə varsa hamısından yazmaq olar və lazımdır. Yazıçının yeganə öhdəliyi yaxşı yazmaqdır. Mövzu qadağası, mövzuya görə ittiham gülüncdür. İnsan bütün halıyla, bütün fərqlilikləri ilə dəyərlidir. Bunu sözün həqiqi mənasında anlamayan yazıçı gedib aşığını atsın.

Səidə Haqverdiyeva:

- Homoseksuallar cəmiyyətdə birmənalı qarşılanmırlar. Onlar ya hansısa dəhşətli virusun daşıyıcısı kimi, ya da sadəcə əxlaqsız kimi lənətlənir, əksər hallarda inkar olunurlar. Təbii ki, bu da bizim milli-mental xüsusiyyətimizdən, məsələlərə çərçivəli yanaşma şakərimizdən irəli gəlir. Biz bu reallığı qəbul etməyib, problemi görməzdən gəldikcə, onun miqyasını daha da genişləndirdiyini unuduruq. Hə, burda başqa bir məqam da o qəbil insanların cəmiyyət tərəfindən həm də fərqli maraqlarla izlənməsidir. Yəni onları nə qəbul edirik, nə də inkar. Etiraf edək ki, eyni zamanda onların həyatı, yaşam tərzi bəzi adamlar üçün sadəcə maraqlıdır. Bu maraqlı zümrəyə də münasibət təxmini eynidir. Ona görə də yazıçılarımız homoseksuallardan yazmır, onların cəmiyyət tərəfindən qəbul olunmamağını özlərinin yazıçı kimi inkar edilə biləcəyi kimi bir qorxu, daha doğrusu, ehtiyatla nəzərdən keçirirlər.

“Cəmiyyətdəki çirkinliyi ədəbiyyata gətirməyin” deyimini tam qəbul etmir və bu mövzunun ədəbiyyata gətirilməsinə pis baxmıram. Çünki bu insanlar olub, var və olacaq... Deməli, onları inkar etməklə biz heç nəyə nail olmayacağıq. Həm də düşünürəm ki, biz bu məqamda həyat tərzi, orientasiyası və düşüncəsindən asılı olmayaraq əlahəzrət insan amilini, onun yaşamaq haqqı faktorunu əsas götürməli və bir anlıq o prizmadan obyektiv düşünməyi bacarmalıyıq. Bununla kimsə mənim o fərdləri təbliğ etməyə çalışdığımı düşünməsin. Sadəcə mən fərdlərə deyil, problemlərə diqqət çəkmək istəyirəm.

Alpay Azər

- Belə deyim, ümumiyyətlə “homosevgi” mənim ruhuma və təbiətimə o qədər zidd bir şeydir ki, sənətin istənilən sahəsində buna aid olan əsəri qəbul edə bilmirəm.

Yox, təbii yazmazdım. Mən erotik hekayə yazanda yüz dəfə fikirləşirəm ki, hansı yerini qısaldım, ədəbsizlik olmasın-filan, o ki qala homoseksual mövzuya aid nəsə yazam.

Bu, sırf mentalitetlə bağlıdır. Daha doğrusu, az yazılır. Çünki bildiyimcə Əli Əkbər "Artuş və Zaur" romanında bu mövzuya toxunub. Bizdə iki səbəbdən bu mövzuya toxunmurlar. Daxili senzura, mentalitet, bir də, çox yaxşı ki, buna qarşı ictimai qınaq var. İkincisi, görünür, bizdə yazıçılar arasında təbiətən homoseksual olanların sayı çox azdır.

Bir şey deyim, bunun bəlkə də, sorğuya aidiyyəti yoxdur. Amma məndə deyək ki, homoseksual olub, amma bunu bəyan, demonstasiya etməyən sənətkarlara qarşı fobiya filan yoxdur. Məsələn, homoseksual aktyor Yuri Boqatıryovun sənətini sevirəm. Bu adam, təsəvvür et, o həyatından utanc keçirirmiş, daha sinəsinə vurub fəxr etmirmiş Ya homoseksual Marsel Prustun əsərlərini sevirəm. O da heç vaxt bununla fəxr etməyib.

Rüfət Əhmədzadə

- Kimsə homoseksuallar barədə əsər yazmaq istəyirsə, bunu normal qarşılayıram. Lakin düşünürəm ki, homofobiyanı ən çox qızışdıranlar elə yerli-yersiz LGBT söhbəti edənlərdir. Dünyada bu mövzuda çox danışılıb, film və əsərlər də var. Amma hansısa süjet xətti və ideya yükü olmazsa, sırf "homoseksuallardan kitab yazaq" çağırışı gülüncdür. Cəmiyyətimizdə homoseksuallar normal həyat sürür, seksual həyatlarına senzura yoxdur. Amma başqa vacib ictimai problemlərimiz var ki, onları qabartsaydıq, daha yaxşı olardı.

# 2422 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
# # #