"Həyatımın ən xoşbəxt günü"

"Həyatımın ən xoşbəxt günü"
18 noyabr 2014
# 17:43

Elə kinolar, musiqilər kitablar var ki, onlara baxdıqdan, dinlədikdən, oxuduqdan sonra özümüz özümüzə sual veririk: bəs əgər tale, qismət yaxud sadəcə bədbəxtlik bu əsərin qarşıma çıxmasına imkan verməmiş ölsəydim necə olardı?..

Anlayacağınız “Həyatımın ən xoşbəxt günü“ kitabı bu çoxdan özümə ünvanlamadığım sualla məni qarşı-qarşıya qoydu. İlahi, bir kitabda nə qədər ağrı, əzab, məşəqqət toplana bilər. Və ən təsirlisi də budur ki, müəllif bunları elə sadə, mənimsənilməsi asan cümlələrlə ifadə edir ki, nə qədər kobud səslənsə də adamın tükləri biz-biz olur sadəcə. Axı necə olur ki, bəsit cümlələr insan qəlbində belə dərin iz sala, kök ata bilir.

Ümumiyyətlə Seymur Baycanın əsərini oxumaq (fərqi yoxdur sən bunu ac, ya tox vaxtında oxuyursan, yaxud qışda, ya yayda oxuyursan, oxuyarkən cibində pul var, ya yox) hərşeyin olduqdan sonra, sənə bütün sahib olduqlarını dəyərləndirəcək həyat yoldaşı tapmağa bənzəyir. Belə ki, sən sahib olduqlarından miqdarından asılı olmadan elə zövq alırsan ki sanki dünyanın ən xoşbəxt adamısan. Bu qədər əzab çəkmiş, həyatın hər üzünü görmüş şəxsin eyni zamanda əsərlərinin baş qəhrəmanının bütün bunlara rəğmən yediyi yeməklərdən iştahla yazması, səyahətdən, təbiətdən olmazın zövq alması, qadınlardan şəhvətlə bəhs etməsi belə adamda o qədər həyat eşqi yaşamaq həvəsi yaradır ki…

Kitab ayrı-ayrı hekayələrdən ibarətdir və hər biri haqda kiçik təəsüratlarımı bölüşmək istəyirəm:

“Məktub yetişmədi” hekayəsində bütün doğmalarından küsüb Beslana çəkilən və kimsəsiz yaşayan qocanın göndərdiyi məktubun doğmalarına yetişəcəyi halda nələr dəyişə bilərdi, yaxud heçnə dəyişməzdimi fikri adamı maraqda saxlayır. Görən bu tənha, kimsəsiz, həyatdan heç nə gözləməyən qoca ümumiyyətlə, o məktubu verməklə nəyə nail olmaq istəyirdi? Maraqlıdır.

***

“…bu dünyanın sadəcə bir qanununu unutmuşdu - unutmuşdu ki, bu dünyada heç bir qadına axıra qədər inanmaq olmaz.”

“ölüm gətirən qulaq” hekayəsindəndir bu cümlə… Adətən qadın xəyanəti haqda yazılmış əsəri kişi oxuyarkən dərin hiss edir, kişi xəyanəti haqda kitabı da ancaq qadın bütün hissiyatıyla duya bilər. O an ki, gözlərim yuxarıdakı cümləyə tuşlandı, mən qadın olmama rəğmən bir kişi iztirabını dərindən anladım. Cümlə məni çox sarsıtdı.

Bundan başqa hekayədə Sergeyin televizorda kərgədanın qulaqlarına baxma səhnəsi elə təsvir olunub ki, bütün varlığınla bu nisgili yaşayırsan. Sergeyin ən xoşbəxt gününü xatırlaması, eləcə də uşaqlıqda anasının da bir gün öləcəyini dərk edərkən ağlaması insanda sırf uşaqlara məxsus çoxdan illərlə yatmış olan hissləri oyadır. Bu cür notlara “Babam haqda hər şey” hekayəsində də rast gəlirik.

***

“... bu əl artıq mənim gözümdə bir əl kimi deyil, xilaskar bir mələyin qanadı kimi görünürdü.”

Bir mənəvi tənəzzül yaşayan gəncə qadın tərəfindən bir parça özünəinam bəxş edilməsi nə böyük lütf imiş! Bir tərəfdə mübarizə aparmaqçün səbəb axtaran gənc, digər tərəfdə ona edilən bir qadın lütfkarlığı... bu iki komponent əsərdə çox gözəl uyuşub. Əsər məni - nə qədər gülməli səslənsə də - xalq hərəkatı lideriylə Selcanı müqayisəyə vadar etdi. Milyonların əzmini qıran ona olan ümidləri, xilas tapmaq həsrətiylə zillənən gözləri yolda qoyaraq kəndə qaçan lider və bu milyonların içindən ümidi sönmüş gələcəyə kor gözlərlə baxan bir gəncin ona dogru uzadılan əlini nə qədər ağır qorxulu zaman olsa da geri çevirməyən zərif qız... bu hədsiz uyğun vəhdəti təsvir etməkdə belə hallarda istifadə etdiyim bütün ifadələr gücsüzdür.

***

Ad qoya bilmədiyim hekayə

Bütün ömrünü ailəyə həsr etmiş fədakar bir qadın haqqındadır. müəllif dərin müşahidə qabliyyəti sayəsində bu qadının ağrı-acılarını dərindən hiss etmişdir, bu ağrılar müəllifdə o qədər dərin və silinməz iz buraxmış ki, bu əzab əziyyəti aciz, ürkək, həssas qadına yaşatdığı üçün babasını bağışlaya bilmir. Bu isə növbəti hekayənin mövzusudur.

***

"... çünki mən başa düşməzdən əvvəl hiss etməyə başlamışdım.”

Ədəbiyyata dalmış yeniyetmə çətin yaş dövründə iki baba surəti arasında qalır. Seçim qarşısında qaldıqdan sonra babasının qəddar sürətini həkk etmə qənaətinə gələn yeniyetmə sonralar çox peşmanlıq çəkir. Əslində çox adam uşaqlığında bu və ya digər seçim qarşısında qalır, sadəcə bu hisslər elə uzaq keçmişdə qalır ki, xatırlamırsan, çünki beyninin tutumu gündəlik qayğılar və topladığın məlumatları informasiya şəklində saxlamağa ancaq yetir. Buna rəğmən kitabı oxuyarkən yuxarıda da qeyd etdiyim kimi həmin kövrək yaş dövrünə qayıtdım ve istər-istəməz məndə sual yarandı: bu qədər hadisələri, onların yaratdığı hissləri detallarıyla özündə gəzdirən şəxs necə olur ki, iki ayaq üstə gəzə bilir?

***

Köhnə kişi

Belə başa düşdüm ki, yazar bu hekayəylə onun yadında qalmağa cəhd edən kişini yad etmək yaxud oxucuya fasilə vermək istəmişdir. Belə ki, bu ağır hekayələrin içində bu hekayəni oxuduqdan sonra oxucu boşluğa düşür.

***

Bir gözəlliyin qürubu

Qoca və qəlbi olduqca kövrək bir qadın haqqında hekayədir. Bu hekayə məni özümü də qocalmış təsəvvür etməyə məcbur etdi. Gözümün qarşısında yaranan mənzərədən depressiyaya düşdüm. Elə şeylər var ki, onları həzm etmək üçun sadəcə yaşamaq lazımdır.

***

Puşkin haqqında xatirə

Bu hekayəni kor hücumçunun qapıya dəqiq zərbə endirməsi kimi qiymətləndirirəm. Belə ki, sən sadəlövhcəsinə son dörd-beş cümləyədək mümkün olan variantları yığıb gözləyirsən ki, görüm hansı düz çıxacaq. Heç biri olmur, elə gözbağlayıcı yazılıb ki, həqiqəti öyrəndikdən sonra ağzıaçıq baxmaqdan başqa yolun qalmır.

***

“...İlahi, mən orda nələr gördüm!...”Salam, ölüm gülləsi” şeirini yazan, hamının azadlıq aşiqi kimi tanıdığı şairin şəhər merinin itinə şeir dediyini gördüm. Televiziyada daim ailənin müqəddəsliyindən, sədaqətdən, milli mənəvi dəyərlərdən danışan, ifrat vətənpərvər qadınları masa üstünə çıxıb pullu kişilərin önündə yarı-çılpaq rəqs edən gördüm. Özünü dissident adlandıran ədabaz yazıçının bir nazir müavininin qəhbəsini necə vəsf etməsini, onu ölkənin ən əxlaqlı qadını kimi qiymətləndirməsini gördüm. Özü də, yazıçı nazir müavininin qəhbəsini ölkənin ən əxlaqlı bir qadını kimi tərif edərkən qəlyan çəkməyi də unutmurdu. Müxalifət partiyalarının funksionerlərinin iqtidar partiyasından olan deputatların şərəfinə necə sağlıqlar deməsini gördüm. Bu səhnələri gördükcə mayorun sözlərinin həqiqi mənasını dərk etməkdə idim.”

Reallıq, həqiqətlər yəni bu qədərmi iyrəncdir? Bu iyrəncliklər içərisində bəs mən nə qədər davam gətirəcəm? kim bilir bəlkə də bu yazdıqlarımı bir zaman qarşıma qoysalar indiki saflığıma, sadəlövhlüyümə qəhqəhə çəkib güləcəm, bəlkə də darıxıb için-için ağlayacam, bilmirəm. Hər halda bu suallar, düşüncələr bir gənc kimi məni depressiyaya saldı. Mayorun heyatını danışması və onun başqaları üçün açdığı haqq davasında haqqını müdafiə etdiklərindən heç kimsənin onun arxasında durmaması adamda kütləyə qarşı qəribə qəzəb, nifrət yaradır. Bilmirəm bu hal tək bizəmi məxsusdur ya bütün xalqlaramı, fərqi yoxdur, hər halda hazırda da sürən, adamın damarında qanını donduran sükunət haqq-ədalət savaşçılarını rejim qarşısında boyun eymeye mecbur edir ki, biz də buna da canlı şahidik.

Keçmişdə universitetdə tarix müəllimliyi etmiş şəxslə olan səhnə isə adamda vahimə yaradır: necə olur ki, digər kişilər əsgərlik haqqında danəşarkən belə həqiqətlər əvəzinə guya vurub, yıxıb, döyübmüş kimi təəssüratlar yaratmağa çalışdığı halda yazar iş üçun üz tutduğu restoranda başına gələnləri yaza bilib. Həyatda utancaq, çəkingən olan bir şəxs bu yazıya nə qədər cəsarət, nə qədər qəlb qoyub... necə böyük fədakarlıq edib... bütün bunlar adamı sadəcə dəhşətə gətirir. Çox hekayələr yazılar oxumuşuq hadisələr görmüşük, eşitmişik, amma, bu yazılar ya ikinci şəxsin dilindən danışılıb, ya danışılan tam təkmilləşməmək nəticəsində effektsiz olub, ya bu cür hadisələri yaşayanlar ümumiyyətlə bu haqda danışmayıb birtəhər ömür gün keçirib torpağa qarışıblar. Bu qədər dəhşəti yaşayaraq müəllif yenidən və yenidən haqq-ədalətdən, ülvi hisslərdən bəhs edən kitabları oxumağa, köşələr yazmağa, maariflənmə işləri aparmağa necə güc tapıb görəsən?

Və kostyum alma səhnəsindəki cümlə: “ağacın altında əldə qayırma skamyada oturmuşduq. Anam ağlayırdı, mən isə siqaret çəkirdim. Onu ovundurmaq üçün bir söz belə tapa bilmirdim.” Bu məni göz yaşlarına qərq edən bir cümlə oldu. Bu ağır iztirablı hekayələr kitabı nə qədər ağır notlarla bitsə də son cümləsində ümid işığı parlayır: “doğurdan da o vaxtlar hardan bilə bilərdim ki, başıma gələcək bu fəlakətləri bir zaman gələcək yazacağam”. Cümlə dil açıb sanki deyir: “hər acı, hər sevinc, hər hokmranlıq, hər köləlik, hər müharibə hər dostluq bir gün bitəcək, hamıya ən sonda həqiqətləri qalacaq.”

Kultura.az

# 1134 dəfə oxunub

Oxşar xəbərlər

# # #