writer1

Seymur Baycan

Məqalə sayı

114
clock11:37 calendar-gray 05 Noyabr 2014 view-gray5579 dəfə oxunub
view-gray5579 dəfə oxunub

Sevgiylə bişirilən yemək zad - Seymur Baycan yazır...

Nəyəsə görə, hansısa maraqları əldə əsas tutub, bir çox əsaslı və əsassız səbəblərə söykənib pis romana yaxşı roman, pis insana yaxşı insan deyə bilərəm, amma əsla dadsız yeməyə dadlı yemək deyə bilmərəm. Bu prinsip məsələsidi. Ona görə də çox adamla düşmən olmuşam. Hansı formada deyilməyindən asılı olmayaraq qadının bişirdiyi yeməyə tənqidi münasibət göstərdinsə oldun ömürlük onun düşməni. Bağışlanılmaq şansı yoxdu. Gec-tez hərlədib-fırladıb qisasını alacaq. Əgər istəyirsənsə səni bir evdə yaxşı qarşılasınlar, üzünə yaxşı baxsınlar, gərək o evdə yediyin yeməyi layiq oldu-olmadı tərifləyəsən. Bu mənada dilimi dinc saxlaya bilmirəm. Obyektiv rəyimi bildirirəm və nəticədə düşmən qazanıram.

İş və tale elə gətirib ki, lap erkən yaşlarımdan kafelərdə, restoranlarda, pavilyonlarda, yeməkxanalarda, stolovoylarda sözün həqiqi və məcazi mənasında sülənmişəm. Özümü yeməkdən başı çıxan adam kimi tanıyıram. Görüntüyə, restoranın adına deyil, həmişə dada üstünlük vermişəm.

Bir dəfə bir məclisdə kababın incəliklərindən danışdım. Bəzi adamlar elə bilir kabab əti şişə taxıb közün üstünə qoymaqdır. Xeyr. Ətin hansı bölgədən olmasından tutmuş, ətin doğranmasına, közün hansı ağacın odunundan hazırlanmasına qədər bir xeyli nüanslar kababın hansı keyfiyyətdə hazırlanmasına təbii ki, öz təsirini göstərir. Bekarçılıqdan bel-belə danışırdım. Bir nəfər dedi: “ Müəllim, filan yerdə mükəmməl kabab verirlər. Gedək yeyək, qiymət ver”.

Ərinmədik. Oturduq maşına, getdik həmin yerə. Restoranda adamın qarşılanmasından başa düşdüm ki, o bu məkanın hörmətli qonaqlarından biridi. Adam ofisianta dedi ki, bizə yaxşı kabab ver, qonağım var, məni pərt etməyin, buranın kababını tərifləyib gətirmişəm zad...

Nağıl dili yüyrək olar. Kabab gəldi masaya. Dadına baxdım. Adam sual verdi: “Müəllim, necədi?”

Dedim:

“Yüz ballıq şkalayla səksən qiyməti vermək olar.”

Adam ofisantı çağırdı və bir az özünü əsəbi göstərərək dedi ki, kababçı filankəsə denən bizə yaxşı kabab versin, dedim axı qonağım var. Ofisiant da yüngülvarı günah iş görmüş adam kimi dedi ki, filankəs müəllim, kababçı filankəsi bu gün filan yerə toya aparıblar. Yerində köməkçisidi...

Təəssüf ki, bir çox insanlar dada deyil, görüntüyə, restoranın adına üstünlük verirlər. Belə adamları başa düşə bilmirəm. Bir çox hallarda restoran və kafelərdə əla xidmət təşkil olunur. Səliqə-sahmana da fikir verilir. Kloun, müğənni adamın zəhləsini tökür, lakin dad yaddan çıxır.

Dadlı təamlar yemək hər bir insanın hüququdu. Hər ələ keçəni, masanın üstünə qoyulan hər şeyi qarına doldurmaq olmaz. Elə insan var ki, yeməkdən heç bir anlayışı yoxdur. Qabağına silos da qoysan qaşıqlayıb, çəngəlləyib yeyir. Belə adamlara yazığım gəlir. Dadlı yemək bişirən qadına urcah olmaq əlavə bir xoşbəxtlikdi. Bəzi restoranlarda olduğu kimi bir çox qadınlar da masaya cürbəcür şamdan zaddan düzürlər. Guya romantik masa düzəldiblər. Müxtəlif otları qarışdırıb guya salat düzəldirlər. Guya bunlar müasirdilər. Kişi də təkərə düşüb şam işığında bu ot-ələfi yeyir və özünü xoşbəxt hiss edir. Yazıqlar. Daha doğrusu bədbəxtlər.

Bəzi adamlar öz evlərində bişirilən yeməyə öyrəşir və elə hesab edir ki, onların evində bişirilən yemək bütün yeməklərdən dadlıdı. Orijinalı belə olmalıdı. Amma bir müdrik insanın dediyi kimi, həyat hind kinosu deyil. Reallıq reallıqdı. Yaxşı yemək bişirilən evdə böyüyüb sonra da heç nə bişirə bilməyən qadınla evlənmək əsl bədbəxtlikdi.

Bir yaxın qohumum belə bir aqibət yaşadı. Anası həqiqətdən də çox gözəl yemək bişirən qadın idi. O, isə heç yemək bişirə bilməyən bir qıza urcah olmuşdu. Yazıq rəsmən əzab çəkirdi. Bəzən dadlı bir təam yemək arzusuyla axşamlar qorxa-qorxa anası gilə gəlirdi. Bacıları isə heç nə bişirə bilməyən gəlindən qisas almaq üçün əllərinə düşən fürsəti qaçırmırdılar, qardaşı yola salanda balaca bir qazanda ona yemək verirdilər. O bədbəxt bunu bacılarının bir qayğısı kimi dəyərləndirirdi. Amma qarşı tərəf təbii ki, pası tuturdu. Bu balaca qazanda göndərilən yeməklə nəyə işarə vurulduğunu yaxşı başa düşürdü. Somerset Moem demişkən: “Yalnız bir qadın başqa qadının nəyə qadir olduğunu anlaya bilər”. Gəlin ancaq broyler toyuğu qızartmağı bacarırdı. Kənd toyuğunu heç sevmirdi. Deyirdi: “Kənd toyuğundan iy gəlir, bərk olur...”

Hər axşam broyler toyuğu qızardırdı. Qohumumun anası və bacıları isə qardaşları haqqında deyirdilər: “Toyuq yeməkdən axırda onun qanadları çıxacaq.” İndi təsəvvür edin, bir adam hər axşam toyuq qızardır. Onu da necə qızardır allah bilir və sən hər gün bu toyuğu yeməlisən. Söz desən dava düşəcək. Yeməlisən, vəssalam. Səbəb isə sadədi. Sevirsən. Əgər sevirsənsə sevdiyin adam nə bişirirsə bişirsin, o yemək sənin üçün dünyanın ən dadlı yeməyi olmalıdı. Guya sevgiylə bişirilən yemək daha dadlı olur zad...

Nə sevgi, nə məhəbbət. Axı yuxarıda bir müdrikin kəlamını xatırladıq. Həyat hind kinosu deyil. Adam yemək bişirməyi bacarmır, sevgi gəlib onun əvəzinə yemək bişirəcək? Ola bilsin sevgi metafizik ədviyyat növü kimi yeməyə əlavə bir dad versin, lakin bütün hallarda bişirən əllərin özündə kəramət olmalıdı. Sevgi sehrli süfrə deyil ki, “Açıl süfrəm, açıl” deyəndə adamın qabağında cürbəcür dadlı yeməklər düzülsün... Məsuliyyətdən yaxa qurtarmaqdan ötrü gör bu sevgi sözünün üstünə nə qədər yük vurublar. Sevirsənsə guya bütün çatışmazlıqları xoşbəxtlik kimi qəbul etməlisən.

Qadınlar elə bilir ki, kişilər keflərindən kafelərə, restoranlara gedirlər.

“Fizuli dərd əlindən dağa çıxdı,

Dedilər bəxtəvər yaylağa çıxdı”

Düzdü, dostlarla görüşmək, dərdləşmək, paylaşmaq, stress atmaq kimi niyyətlə kafelərə, restoranlara axışan xeyli kişilər var. Bu öz yerində. Evdə belə görüşlər alınmır. Arvadlar öz zəhərlərini istər-istəməz tökürlər masanın üstünə. Bu var və heç kim bunu inkar edə bilməz. Avaralar və avaraçılıq da öz yerində. Bunu da heç kim inkar edə bilməz. Amma bir çox kişilər də evdə düz-əməlli yemək tapa bilmədiklərinə görə kafelərə qaçırlar. Bunu da heç kim inkar edə bilməz.

Conatan Svift “Qulliverin səyahəti” əsərində yazır: “Bizim ölkədə bədənin zəif və xəstə olması, arıqlıq və üzün torpaq rəngində olması nəcabətli nəslə mənsub olmağın ən doğru əlamətləridir”.

İndi hal-hazırda bizim ölkədə də təxminən buna oxşar bir vəziyyət yaranıb. Yekə-yekə qızlar fəxrlə, sevinə-sevinə, heç utanmadan, heç qızarmadan deyirlər: “Mən yemək bişirə bilmirəm eeeeeeeeee…. hahaha...” Əlacları olsa hələ bu sözü deyəndən sonra qalxıb ayağa bir partiya da oynayarlar. “Mən yemək bişirə bilmirəm” sözünü elə fəxrlə, elə qürurla deyirlər ki, guya yemək bişirməyi bacarmaq böyük bir naqislik, geridəqalmışlıq, yemək bişirməyi bacarmamaq isə müasirlik, aristokratlıq göstəricisidi. Soruşsan ki, yaxşı yemək bişirməyi bacarmırsan, ola bilsin yemək bişirməyi öyrənməyə vaxtın olmayıb. Bəs nəyi bacarırsan? Hər halda insan haqqında yüksək fikirdə olmağımız lazımdı. Bəlkə bir neçə xarici dil öyrənib, nəsə bir sənət öyrənib, oxuyub və nəticədə yemək bişirməyi öyrənməyə vaxt tapmayıb. Məlum olur ki, heç nə öyrənməyib. Baş boş, savad yox, heç bir sənəti də duz-əməlli bilmir...

Seriallara baxmaqdan ağılları buxarlanıb. Reallıq hisini itiriblər. Elə bilirlər ki, hər axşam restoranda yemək yeyəcəklər, ya da zəng edəcəklər hər axşam bunlara qablarda yeməklər gələcək. Daha bilmirlər ki, həyat ağzını əjdaha kimi açıb öz qurbanlarını gözləyir. Udur, udur, udur və heç cürə doymaq bilmir ki, bilmir...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub
17:10 20 Yanvar 2021
Eynşteyn əsrin ixtirasına görə bu romanlara borcludur - Ən sevdiyi 5 kitab
16:20 20 Yanvar 2021
146 nəfərin bir hekayəti...
15:10 20 Yanvar 2021
Larisa adını niyə dəyişmək istəyirdi, anasının yuxusuna girib nə dedi? - 13 yaşlı şəhidimiz
14:00 20 Yanvar 2021
“Harri Potter” filminin ulduzu kinodan getdi
12:45 20 Yanvar 2021
Tanıdığım ilk şəhid
11:30 20 Yanvar 2021
Məşhur serialın aktyoru vəfat etdi
10:20 20 Yanvar 2021
Müstəqillik tarixinin ən möhtəşəm 20 Yanvarı - Şərif Ağayar yazır...
09:01 20 Yanvar 2021
"Sənin bu “qadın travmandan” xeyli həzz aldım" - Seymurla Aygün Aslanlının söhbəti
18:40 19 Yanvar 2021
"Simpsonlar"ın ssenaristi öldü
17:56 19 Yanvar 2021
Orxanı yenə polis apardı – Əsgərlikdəki şairlə söhbət
17:12 19 Yanvar 2021
Balacalar üçün onlayn tamaşa
16:31 19 Yanvar 2021
“Qarabağ hekayələri” qırğız dilinə tərcümə olundu
15:53 19 Yanvar 2021
“Mən xəbərləri oxuyanda qarşımda avtomatlı əsgər dayanmışdı” - Məşhur diktor 19 yanvar gecəsi AzTV-də baş verənlərdən danışır – Müsahibə
15:11 19 Yanvar 2021
“Arşın mal alan” Düşənbədə təqdim olundu
14:38 19 Yanvar 2021
Xalq artisti dünyasını dəyişdi
14:00 19 Yanvar 2021
Məşhur tarzən müğənnini qınadı: "Şəhid verdiyimiz dövrdə toy oxumusan"
13:17 19 Yanvar 2021
Leonardo da Vinçinin itmiş əsəri tapıldı
12:39 19 Yanvar 2021
Şair-əsgər anası: “Gizlində oğlumun çəkmələrini öpürdüm” – Müsahibə
12:01 19 Yanvar 2021
Məşhur prodüser həbsxanda vəfat etdi
11:25 19 Yanvar 2021