Toy faciəsi

Toy faciəsi
21 oktyabr 2014
# 11:16

İlyarım idi rayonda işləyirdim. Dost çevrəm yaranmışdı. Arada görüşüb çay içirdik, çörək yeyirdik. Bu yoldaşlardan tez-tez belə bir dialoqvarı şikayət eşidirdim:

- Ala, filankəs səni toya çağırıb?

- Hə çağırıb.

- Məni də.

- Ala, özüm ölüm biabırçılıqdı, məəttəlsən kiməsə salam verəsən, o dəqiqə dəvətnaməni uzadır. Uje adam-adamla salamlaşmaq istəmir.

- Bir ay deyil səni tanıyır, o dəqiqə dəvətnamə verir.

Bakıya baxma, əyalətdə toydan yayınmaq, çətindir. Hamı hamını tanıyır, hamı hamıya dəvətnamə verir. İki gün sonra mütləq rastlaşırsan, üz-üzdən utanır.

Toyum olanda mən bu dostlara dəvətnamə vermədim. Toydan sonra görüşəndə onların birinci iradı bu oldu: “Yekə kişisən, niyə toya çağırmadın?” Mən də dedim ki, a kişi, gözümün qabağında sizə dəvətnamə verən haqqında görmürdüm nə danışırsız? Gərək mənim də arxamca danışasız? Sizi bu əziyyətdən xilas elədim.

Toyuma çox az adamı dəvət etmişdim. 27 yaşım vardı, xeyli dostum-tanışımın arasından heç 27 dostumu toya çağırmamışdım. Niyə?

Çox sadə. Qonaqların siyahısını hazırlayanda fikirləşdim ki, kimləri toya çağırım? Lap tutalım bu qədər dost-tanışı yığıb doldurdum şadlıq evinə. Sabah bunların toyuna getmək var. Biri rayonda, o biri Bakıda, digəri Gəncədə. Bu gündən sabaha ümid yoxdu, bilmək olmaz sabah nə olacaq, nə üçün özümü belə çətinə salmalıyam. Hərəsinə 50 manatdan hesablasan, sabah-biri gün üçün üstünə gör nə qədər borc yığırsan

Üstəgəl, mən bu qədər adam çağırsam deməli, sabahı vaxtım elə toylara xərclənəcək. Sabahın, birisi günün hesabından zamanımı xərcləməyin nə mənası?

Bütün bunları hesaba aldım və toyuma ən yaxın dostlarımı çağırdım.

İndi də o “sərmayə”min gəlirini yeyirəm, yəni demək olar ki, hər ay toya çağırılmaq qorxusu ilə yaşamıram.

Qorxu demişkən, toya dəvətnamə almaq həqiqətən qorxuya çevrilib. Ölkə əhalisinin böyük hissəsinin aylıq gəliri 400-500 (2014-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 434,3 manat təşkil edib) manat civarındadır. Bu gəlirlə bəlkə aya bir toya getmək olar. Amma bəs daha çox toya dəvət olunsan onda necə? Bu da əhalinin aylıq büdcələrində ciddi çətinlik yaradır. Adamlar borca düşürlər. Toydan imtina edə bilmirlər, hardansa borc tapıb gedirlər. Adamlar var toya getmək üçün kredit götürür.

Əlbəttə, borc-xərclə toya gedən adamlar bu pulları havaya sovurmadıqlarını anlayırlar, sabah-biri gün o pullar yenidən özünə qayıdacaq. Beləcə toy adəti iki gəncin nikah mərasimi, xeyir işi olmaq prosesindən çıxıb maliyyə əməliyyatına çevrilir. Bu gün toylara pul xərcləyən adam ilk fürsətdə uşağına toy edib o pulları geri qaytarmaq istəyir. Bəziləri bilir ki, uşağı kiçikdir. Bu gün toyuna pul yazdırdığı adamı bir də 15-20 il sonra hardan tapacaq? Çarə nədir? Uşağa sünnət toyu etdirmək. Baxın, maraqlıdır, sünnət toylarından hamı şikayətlənir, di gəl ki, sünnət toyu etdirməyən yoxdu. Niyə? Çünki sünnət toyu maliyyə aktivlərinin qısa zamanda geri qaytarılmasının ən uyğun yoludur.

Toy prosesi çox geniş bir şəbəkəyə malikdir. Bu nəhəng mexanizmi birdən-birə dayandırmaq, ləğv etmək çox çətindir. Təsəvvür edin burdan nə qədər adam gəlir əldə edir. Nə qədər sahələr bir-birilə əlaqədardır.

Şadlıq evləri

Ofisiantlar

Aşpazlar

Fotoqraflar

Operatorlar

Müğənnilər (şou-biznes müğənniləri)

Musiqiçilər

Tamadalar

Gözəllik salonları

Taksi sürücüləri

Xınayaxdı salonları

Gəlin maşını sifarişi

Gül mağazaları

Toyla əlaqədar xırda-xuruş satan mağazalar

Bir ölkədə ki şou-biznes sahəsi sırf toylar üzərində qurulub, müğənnilər sırf toylar üçün mahnı yazdırıb-oxuyurlar (“Maral” mahnısını xatırlayaq) o ölkədə toyların ləğvindən danışmaq çox çətindi. Özü də müğənnilər bu sistemin yalnız bir elementdir.

Toy sistemi getdikcə daha çox oturuşur, daha da genişlənir, başqa-başqa sahələrlə əlaqəyə girir. Özünə daha çox sahə cəlb edir. Misal üçün, beş il əvvəl toylarda bəy-gəlinin fotosessiya etdirmək adəti yayğın deyildi. Ancaq hazırda bunun üçün ixtisaslaşmış fotoqraflar var.

Toy adəti, onun hazırlıqları artıq çox geniş bir instituta çevrilib. Bu sahədə nə qədər qazanc əldə edənlər var. Yuxarıda sadaladığımız sahələrdə nə qədər adam çalışır, dolanışığı toydan çıxır. Məhərrəmlikdə, Ramazanda gəlirlərinin azalmasından şikayətlənən taksi şoferləri, gözəllik, gül salonları işçilərini azmı görmüşük?

Toy institutu nə qədər geniş sahəyə malik olsa da burda ən çox gəlir əldə edənlər şadlıq evləri olur. Onlar demək olar ki, xalis gəlir əldə edirlər. Şadlıq evləri bütün prosesi nəzarətə götürərək toyların gedişatını müəyyənləşdirirlər. Buna görə də Azərbaycan toylarının bu cür, birrəng, yeknəsək, oxşar keçməsinin təqsiri onlardadır. Çünki toy sahiblərinə sərbəst hərəkət etməyə imkan vermirlər.

Gəlin görək toylarla, şadlıq evləri ilə bağlı adətən hansı şikayətlər olur?

1. Toylarda masanın qiymətinin dəyişkən olması

Toylardan masaların qiyməti olduqca dəyişkəndir. Əgər bir restoranda masa orta qiymətlə 30 manatdırsa başqa bir şadlıq evində qiymət 50-80 manat ola bilir. Bu da toya çağırılanlar arasında narazılıq yaradır. Təsəvvür edin, mən səni toyuma çağırmışam, 30 manatlıq yer üçün 50 manat yazdırıb getmisən. İndi sən yerin birinin qiymətinin 80 manat olduğu şadlıq evində toy edirsən. Mən sənin toyuna nə qədər atmalıyam? Bu zaman narazılıq yaranır. Bu qiymətləri də şadlıq evləri müəyyənləşdirir. Əgər toylar şadlıq evlərində standart şəkildə keçirilməsəydi bu cür qiymət müxtəlifliyi də olmazdı.

2. Toy sahibinin toydan gəlir götürə bilməməsi

Adamlar dəm-dəsgah qururlar, toy edirlər, bəylə-gəlinin gələcək həyatını dəyişə biləcək qədər məbləğ yığılır, amma nəticədə pul toy sahibinə çatmır. Ev sahibi toydan yığılan bütün pulu elə şadlıq evindəcə qoyub çıxır. Azmı şadlıq evlərinin pul çatmadığına görə bəylə-gəlini girov götürdüyünü görmüşük? Əsl mafiya qanunlarıdır.

Toya nəmər yazdırmağın məqsədi toy sahibinə kömək etməkdir. Toy sahibi də elə zənn edir ki, neçə illərdir toylara sərf etdiyi pulları yığacaq, onunla öz xeyir işinə kömək etmiş olacaq. Amma nəticə nə olur? Yığılan pullar sadəcə şadlıq evlərinin sahiblərinin ciblərində toplanır. Biz hər dəfə toya xərclədiyimiz pulların yarıdan çox hissəsini hansısa şadlıq evi sahibinin cibinə qoyuruq. Əgər bir toya 50 manat atmısansa əmin ol, onun 25 manatı xalis şəkildə toy sahibinə çatır. Qalan 25 manatı toyun xərclərinə gedir. Bəs toy sahibi nə qazanır: sıfır.

3. Şadlıq evlərinin diktəsi

Heç şadlıq evinə toy danışmağa getmisizmi? Adətən menyunu onlar diktə edirlər və menyudan hansısa təamı çıxartmağa imkan vermirlər. Bu da masanın qiymətinin bahalaşmasına gətirib çıxarır. Şadlıq evləri manipulyasiya edir, qiymətləri istədikləri kimi qaldırır. Nəticədə toyların qiyməti süni şəkildə bahalaşır. Toy yiyəsi istədiyi menyunu verə bilsə ən azı qiymətlər bu qədər yüksək olmaz.

3. Yeməklərdən şikayət

Çox az adam olar ki, toyda verilən yeməklərdən şikayətlənməsin. Cəmiyyətdə toy yeməkləri haqqında müxtəlif rəylər var: şadlıq evləri əvvəlki toydan qalma yeməkləri verir, yeməklər keyfiyyətsiz ərzaqlardan hazırlanır, araqları şadlıq evləri öz “padval”larında düzəldir.

Şadlıq evləri yeməklərin masalara verilməsində də “oyun” qururlar. Əvvəl salatları verib isti yeməkləri, ət xörəklərini gecikdirirlər. Spirtli içkiləri soyutmurlar ki, az içilsin. Bir sözlə qonaqların az yemələri üçün müxtəlif əngəllər yaradırlar.

Çox adam toyda mənbəyini bilmədiyi yeməklərdən yemir. Süfrədə lap istəyir 100 cür yemək olsun, yenə də çoxu kələfuru, kababı, plovu gözləyir. Bəzi adamlar isə yemək barəsində daha həssaslıq edib, qəti sürətdə heç nə yemir, elə çərəzlə-suyla başlarını qatırlar.

4. Musiqidən şikayət

Şadlıq evlərində keyfiyyətsiz akustika, musiqi səsinin hədsiz yüksək olması diskomfort yaradır. Bu bəlkə cavanlar, yeyib-içib əylənənlər üçün ciddi təhlükə yaratmır. Amma yaşlı adamlar bundan daha çox əziyyət çəkirlər.

Musiqiçilərin repertuarı da ciddi problemdir. Xüsusən hansısa mahnının dəbə mindiyi vaxtı belə olur. Bəzən bir toyda demək olar ki, ancaq “Can-cana”, ya da “Maral-maral” çalınır. Bu da adamları yorur.

Ümumiyyətlə Azərbaycan toylarının əksəriyyəti standart şəkildə keçirilir. Toyda olan fərqlilik isə sırf fraqmental səviyyədə baş tutur və toyun axarına təsiri olmur.

Dəyişikliyə isə adətən gənclər can atırlar. Yaşlılar, ana-atalar üçün əsas odur ki, toy baş tutsun, şadlıq evinə borclu qalmasınlar, vaxtında toylara yazdırdıqları pulları yığa bilsinlər, cehizə, qır-qızıla çəkilən xərcləri ödəyə bilsinlər, kiməsə borclu qalmasınlar.

Nəticədə belə çıxır ki, nə toylara gələnlər sevinirlər, nə də toy edənlər. Toya sevinən yalnız şadlıq evləri olur.

Belə olan halda zamanımızı, enerjimizi, pulumuzu toylara niyə xərcləməliyik? Niyə dəvətnamə aldığımız bir tanış toyuna getməməkdən utanıb çəkinməliyik? Niyə toya dəvət təklifini rədd etmək kimi bir lüksümüz olmasın? Bir halda ki, TOY adəti yalnız şadlıq evlərinin qazanc mənbəyinə çevrilib, onda gəlin, gedəcəyimiz toyları özümüz seçək, özümüz müəyyənləşdirək. Hər tanıdığımız adama dəvətnamə verməyək və hər salam verdiyimiz adamın toyuna getməyək. O toylara gedək ki, orda özümüzü “50 manat” kimi deyil, yaxının xeyir işinə sevinən, bu şənliyə könül xoşluğu ilə gələn adam kimi iştirak edək. Daha borc alıb toya yazdırdığı pulu necə qaytarmaq haqqında fikirləşən biri kimi yox.

Onda toyu olan gənclər də həqiqətən XOŞBƏXT olarlar!

# 9449 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #