Hürməyi öyrənmək

Hürməyi öyrənmək
8 oktyabr 2014
# 11:36

Orxan İsmayıl

Cahil adamlar qapalı su hövzələrinə aid olan yarımadalar kimidirlər. Onlar, yarı bulanıq ağılları ilə dənizlərə çıxış əldə edə bilsələr də, dünya okeanından xəbərsizdirlər.

Bu halda, ekvatoru 2 dəfə kəsib keçən çayda yuyunmaqla, yaxud, Qrinviçdəki restoranların birində qarın dolusu nahar etməklə inqilabi aşınma təamlarından dada bilməyin mümkün olduğunu söyləmək cəfəngiyat olardı. Nağıllara inanmasanız da, onları oxumaqdan imtina etməyin.

Nəhəng alt paltarlı qadınların ədəbiyyatı tərli ağuşlarında saxladığı, şizofrenik konstruksiyalardan ibarət tikililərin olduğu, qara pencəkli qumarbazların, fürsətcil funksionerlərin, zövq verməyən fahişələrin, əhalinin az qala yarısını təşkil edən saxta təqaüdçülərin cəmləşdiyi ölkə, təbii ki, Azərbaycan ola bilərdi.

Odlar yurdunun rəşadətli vətəndaşı sehrli Şollar suyundan dadmaqla, "Dollar Mamed"in davamçısı olmaq şansında bulunur.

Nüfuzlu ədəbi mükafatın qoxusunu və qaranlıqda parıldayan siluetini hiss etdikcə, çox axmaq göründüyümü, eyforiyalı qarabasmaların yorğunluq və ifrat fikirləşmənin nəticəsindən başqa bir şey olmadığını anlayıram. Soyuq suyu üz-gözümə çırparaq astadan "mən azərbaycanlıyam" sehrli sözlərini bir neçə dəfə təkrarladıqdan sonra hər şey tədricən qaydasına düşür. Milli mənsubiyyət fərqinin qrafitlə almaz arasındakı fərqə necə də bənzədiyini dırnaqlarımı acgözlüklə yeməklə qəbul etməyə çalışıram.

Tam əminliklə söyləyə bilərəm ki, bu ölkədə sahibsiz küçə itlərinin sayı bircə otağa möhtac səfillərin sayından xeyli azdır. Yəqin ki, itlər mövhumatçı olmalı, ya da insanlar hürməyi bacarmalıdırlar. Bəli, hürmək əslində misilsiz bacarıqdır və itlər onlara məxsus olan əraziyə vahiməli səsləri ilə nəzarət edirlər. Bəlkə də susmaq lazımdır, həmişəlik. Susmaq, heç də danışmamaq deyil, səsləndirməməkdir. O qədər sözlər deyilir ki, gün ərzində. Bu yeganə ədalətli bölgüdür ki, istifadə imkanları potensial olaraq eynidir. Hətta lallarda da belədir. İstənilən hərəkətə özünü ifadə kimi yanaşmaq olar. Yazdıqlarımızla özümüzü ifadə edirik, amma tualetdə oturmaq da ifadə tərzidir.

Biz insanlardan gülüşlərini dəyişməyi tələb edə bilmərik. Heç, nəyə gülmələrini də. Gülməyin hər zaman ağlamaqla tərs olmadığını anlamaq, vicdan tərəzisindəki çəki daşları qədər olmasa da, adətgərdəliklərini yaxşı mənada laxlatmalarını istəyirik. Nə vaxtsa düşünə bilərsinizmi ki, ağ ciyəriniz sizə mane olur? Xeyr, bu intihar siqnalı deyil, yaradıcılığa yaşıl işıqdır.

Elə buradaca qələmimə istirahət vermək istəyirəm. Konstitusiya qanunlarına sərxoş ərləri ilə yatmağa sürükləndiyi tərzdə yanaşan qadınlar, kitabxana xaric, bütün xanələrdə tuluqlarına tüstü, pivə, araq dürtən kişilər - mənim gic-gici yazımdan onlara nə?

# 969 dəfə oxunub

Oxşar xəbərlər

# # #