Yazar Sankt-Peterburqda Azərbaycan sinfi açdı MÜSAHİBƏ

Yazar Sankt-Peterburqda Azərbaycan sinfi açdı <span style="color:red;">MÜSAHİBƏ
29 sentyabr 2014
# 11:24

Rusiyanın Sankt-Peterburq şәhәrindә yaşayan azərbaycanlı gənclərə doğma dilimiz və tariximizi tədris ediləcək. Dərslər hәftәdә bir dәfә, bazar günü Nevskiy prospekt, 32-34 ünvanında olacaq. Kulis.az kursun təşkilatçısı, Sankt-Peterburq Dövlәt Universitetinin şərqşünaslıq fakültəsinin aspirantı, yazıçı Şahnaz Kamalla bu barədə söhbəti təqdim edir.

- İdeya nece yarandı?

- Bildiyiniz kimi, Peterburqda yaşayıram və o üzdən də uşaqlarım rus bölməsində təhsil alırlar. Evdə Azərbaycan türkcəsində danışsaq da, bu, doğma dilimizin bütün incəliklərinə bələd olmağa imkan vermir. Həm də, evdə adətən ləhcədə danışırıq. Peterburqda yaşayan bütün azərbaycanlı ailələrdə bu belədir. Uşaqlar ədəbi dildə danışa bilmirlər. Hiss edirdim ki, ana dilini öyrətmək məsələsinə ciddi yanaşmaq lazımdır. Evdə öz uşaqlarıma Azərbaycan dilində yazmağı, oxumağı öyrətdim. Ancaq etiraf edim ki, bu, davamlı şəkildə olmurdu. Daha sonra Azərbaycanın Sankt-Peterburq şəhərində yerləşən Milli Mədəni Muxtariyyətinin təşkil etdiyi Azərbaycan dili məktəbində bir müddət işlədim. Onda da gördüm ki, Peterburqda yaşayan azərbaycanlı balalarının dilimizi öyrənmələrinə ehtiyac var. Sonra aspiranturaya qəbul imtahanlarına hazırlaşdığım üçün o məktəbdən ayrıldım. Bu yay Azərbaycanda olarkən uşaqların öz dilimizdə səlis danışa bilmədiyini görəndə, çox utandım və qərara gəldim ki, dilimizi öyrədəcək kurs açım.

- Formatı necə düşünürsünüz? Yeri icarə götürmüsünüz?

- Artıq yer götürmüşəm. Bu, şəhərin mərkəzində, Nevski prospektində yerləşir. Ora mərkəzdir deyə, gəlmək asandır. Hələlik bir sinifdən ibarət olacaq. Hər biri 45 dəqiqə olmaqla iki dərs keçəcəm - Azərbaycan türkcəsi və ədəbiyyatı... Ədəbiyyat dərslərində Azərbaycan tarixindən də məlumat veriləcək.

Dərslərdən əlavə bədii qiraət, Azərbaycan cizgi filmlərinə, bədii filmlərə baxış saatı da olacaq. Daha sonra, şagirdlərin sayı artdıqca yaş həddinə görə uşaqları ayırmaq, bir neçə qrup yaratmağı düşünürəm.

- Sizcə Bakıda çoxunun uşağını rus məktəbinə qoyduğu bir məqamda orda buna nə dərəcədə ehtiyac vardı?

- Bizim uşaqlar burada rus dilində təhsil alır, rus mühitində böyüyürlər. İstər-istəməz yadlaşırlar, soy-köklərindən, dillərindən, ənənələrindən uzaq düşürlər. Tariximizi bilmirlər. Mən hər bir insanın, uşağın bir neçə dil bilməsinin əleyhinə deyiləm, əksinə, alqışlayıram. Ancaq insan ilk növbədə öz ana dilini bilməlidir.

Bakıda uşaqlar rusca təhsil alsalar da, mühit azərbaycanlı mühitidir. Bizdə belə deyil axı. Ona görə də, məncə, xarici ölkələrdə belə məktəb və kursların olması vacibdir.

- Sənə kimsə kömək edirmi? Konsulluq, diaspora, sadə insanlar, qohumlar və s.

- Bəli. Kömək edirlər. Ailəm, burada yaşayan rəfiqələrim, Azərbaycandakı dostlar. Yeri icarə etməkdə Nuray Məmmədovanın yardımı əvəzsiz oldu. Burada, ələlxüsus da mərkəzdə yer tapmaq elə də asan deyil.

Həyat yoldaşım dəstək verir. Mən facebookda bu barədə yazandan sonra, xeyli ismarış aldım. Hər kəs məni dəstəklədiyini yazırdı, köməyini təklif edirdi. Buna çox sevindim. Hamınızın köməyinə ehtiyacım var. Böyük və lazımlı bir işdir. Gəlin, birlikdə öhdəsindən gələk.

- Əsas çətinlik nədir?

- Hələlik bir otaqdan ibarət yerim var. Sonra, düşünürəm ki, bu azlıq edəcək. Bəzi kitabları almışam. Ancaq yenə də Azərbaycandan kitablar gətirtmək lazımdır. Bu sahədə də dostların yardımına ehtiyacım olacaq. Bir də, dostların şagird toplamama yardımçı olmalarını istərdim.

- Təhsil ödənişlidir?

- Hələlik cüzi miqdarda ödəniş olacaq. Bu ödəniş yalnız icarə haqqına veriləcək. Özüm dediyim dərsin müqabilində heç bir şey almayacam. İcarə haqqını özüm verə bilsəm bu ödəniş də ləğv olunacaq.

Ümumiyyətlə, bu, böyük bir layihənin ilk addımıdır. Layihə barədə ətraflı indidən bir şey demək istəməzdim. Ancaq bacaracağıma, bacaracağımıza inanıram.

Başqa xalqlar özlərini Peterburqda kifayət qədər təmsil edə bilirlər. Onların dil kursları, mərkəzləri, rəqs qrupları və s. var. Bizdə azdır, cəmi bir-iki dənə. İstərdim ki, sayı artsın. Biz də xalqımızı, mədəniyyətimizi kifayət qədər təbliğ edə bilək. Rusiya-Türkiyə Mədəniyyət Mərkəzinin gördüyü işlərlə tanış olanda, sözün yaxşı mənasında, qibtə edirəm. Bizim də elə olmağımızı istərdim. Azərbaycanı konkret Peterburqda qoy konsulluq da, muxtariyyət də, ayrı-ayrı şəxslər də təmsil etsin, təbliğ etsin. Burada çoxlu azərbaycanlı yaşayır. Sizin təxmin etdiyinizdən də çox. Onların övladlarında, gələcək nəsildə milli ruhu ölməyə qoymamalıyıq.

# 1237 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #